Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-386/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması, öhdəliyin icrası barədə iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən, sahəsi 400 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin adına memarlıqplanlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2- 1(118)-882/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Sumqayıt bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən, sahəsi 400 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsinin adına memarlıqplanlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, vətəndaş X3 10-cu mikrorayon ərazisində, Babək küçəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 400 kv.m torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət etmiş, onun müraciətinə bələdiyyədə baxılmış, torpaq sahəsinə baxış keçirilmiş, yerində ilkin ölçmə işləri aparılmış və sənədlər hazırlanaraq müvafiq rəyin alınması üçün Memarlıq və Şəhərsalma idarəsinə göndərilmişdir. Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 24 avqust 2015-ci il tarixdə 191 saylı rəy verilərək qeyd olunan torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə Sumqayıt Bələdiyyəsinin iclası 12 yanvar 2018-ci il tarixdə qərar qəbul etmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC Bakı Layihə-Tədqiqat İdarəsindən 1:500 miqyasında torpaq sahəsinin plan və coğrafi kordinatları, sonra isə həmin təşkilatdan torpaq sahəsinin yerquruluşu planı Sumqayıt Bələdiyyəsinə daxil olmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq rəyin alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də rəy tələb edildiyi səbəbindən 400 kvadrat metr torpaq sahəsinin memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət olunmuş, lakin cavabdeh təşkilat tərəfindən rəyin verilməsindən imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, 400 kvadrat metr torpaq sahəsi çoxmərtəbəli və çoxmənzillı yaşayış binaları sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən həmin sahədə həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi mümkün deyildir. Halbu ki, cavabdeh təşkilat qeyd olunan torpaq sahəsinin çoxmərtəbəli binanın arxa tərəfində və binadan 20 metr aralıda yerləşməsinə, ümumiyyətlə həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olmadığına əhəmiyyət verməmişdir. Bundan əlavə onu da qeyd etmək istəyirlər ki, qeyd olunan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olsa belə yenə də cavabdeh təşkilatın rəy verilməsindən imtina etməsi əsassızdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olunmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir. Qeyd olunan qanunun normasından da göründüyü kimi ümumi istifadədə olan torpaq sahələrində vətəndaşların ictimai tələbatlarının ödənilməsi məqsədi ilə və bu kimi məqsədlərə xidmət edən obyektlərin tikintisinə icazə verilir.Bu səbəbdən hesab edirik ki,cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədləri verməkdən imtinası üçün göstərdiyi dəlillərin hüquqi əsası mövcud deyildir.Sözügedən torpaq sahəsi "Torpaq islahatı haqqında' Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş,müvafiq qaydada xəritələşdirilmiş və hal-hazırda da bələdiyyə mülkiyyətindədir.Bu səbəbdən cavabdehin Sumqayıt Bələdiyyəsinin tələb etdiyi sənədləri verməkdən imtina etməsini əsassız sayırlar. cavabdehin hərəkətləri qanunazidd və əsassızdır.Yuxarıda göstərilmiş maddi hüquq normalarından aydın olur ki,torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Bələdiyyənin müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına,ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğunluğunu, həmçinin bələdiyyə mülkiyyətində olduğunu təsdiq etmişdir. Bu halın özü bir daha mübahisəli torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğunu sübuta yetirir və cavabdeh təşkilatın qeyd olunan torpaq sahəsinin vətəndaşların ümumi istifadəsində olan sahədə yerləşməsinin əsassız olduğunu özündə əks etdirir. Buna baxmayaraq cavabdeh bələdiyyə mülkiyyətində olduğu torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədi verməkdən imtina etməklə həm qanunvericilik normalarının pozuntusuna.həm də torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin yuxarıda göstərilən mülkiyyət hüququnun pozulmasına yol vermişdir.Bu səbəbdən hesab edirik ki,cavabdehin torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnu təsdiq edən sənədlərini verməkdən imtina etməsi qanunsuz və hüquqazidd hesab edilməlidir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı Sumqayıt şəhəri Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı Sumqayıt şəhəri. 10-cu mikrorayon ərazisində yerləşən, sahəsi 400 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsinin adına memarlıqplanlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsinə dair məktubu Komitə tərəfindən araşdırılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında’’ Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə (yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir) istinad edərək 400 kvadrat metr torpaq sahəsində ticarət obyektinin tikintisini əsaslandırması aşağıdakı hallara görə əsassızdır: Komitənin xx.xx.2019-cu il tarixli məktubunda 400 kvadrat metr torpaq sahəsinin çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən tikinti niyyətinin ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsini məqsədəuyğun hesab etməmişdir. Halbuki Qanunun 13.4-cü maddəsində isə qeyd edilir ki. yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət obyekti tikilə bilər. Yəni Komitə çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində ticarət obyektinin tikintisini məqsədəuyğun hesab etmir. Bunlar isə bir-birindən fərqli anlayışlardır. Belə ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində yaşayış məntəqəsi dedikdə - əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu (bundan sonra - daimi yaşadığı), onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsi (şəhər, qəsəbə, kənd) başa düşülür. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(118)-882/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yaranmış mübahisənin Sumqayıt Bələdiyyəsinin inzibati fəaliyyəti ilə bağlı olduğunu qeyd etsə də, müvafiq qanunvericilik aktlarının normalarını səhv təfsir edərək iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə istinad edərək hazırki mübahisənin həmin qanun normasına əsasən yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiyanın həll etməli olduğu və bu səbəbdən məhkəmə qaydasında baxılmalı olmadığı qənaətinə gəlmişdir. Məhkəmənin bu qənaəti kökündən səhvdir, çünki məhkəmənin istinad etdiyi maddi hüquq normanısnda inzibati orqanlar arasında yaranan bütün mübahisələrin məhkəmədənkənar qaydada həlli nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göründüyü kimi, qanunvericilik inzibati orqanlar arasında bütün mübahislərin deyil, yalnız aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələrin müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həlli qaydasını müəyyən etmişdir. Hal-hazırki mübahisə isə nə səlahiyyətlərlə, nə də aidiyyətlə bağlı inzibati orqanlar arasında yaranmış mübahisə deyildir. Bu mübahisə bələdiyyənin inzibati fəaliyyəti ilə bağlı cavabdehin yaratdığı maneə səbəbindən yaranmış mübahisədir ki, həmin mübahisənin məhkəmə qaydasında həlli birbaşa inzibati-prosessual qanunvericiliklə təsbit edilmişdir. Belə ki, cavabdehin verməkdən imtina etdiyi rəy olmadan Sumqayıt Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşmə işlərini, o cümlədən həmin torpağın öz mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilməsini həyata keçirə bilmir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 548 nömrəli 9 avqust 2001-ci il tarixli Fərmanının 2-ci maddəsində müəyyən edilmişdir ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, yaranmış mübahisə məhkəmənin göstərdiyi kimi, inzibati orqanlar arasında səlahiyyət və ya aidiyyətlə bağlı əmələ gəlmədiyindən, əksinə bələdiyyənin inzibati fəaliyyətinə cavabdehin süni şəkildə yaratdığı maneə ilə qanunsuz müdaxiləsi səbəbindən Sumqayıt Bələdiyyəsinin hüquqlarını və qanunla qorunan maraqlarını pozduğu üçün əmələ gəldiyindən, bələdiyyənin hazırki iddia tələblərinin mümkün saylmaması üçün hüquqi əsaslar mövcud deyildir. Təəssüf ki, məhkəmə bu hallara düzgün hüquqi qiymət verə bilməyərək əsassız və ədalətsiz qərara imza atmışdır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsini də səhv təfsir etmiş, Sumqayıt Bələdiyyəsinin verilməsini tələb etdiyi rəyin inzibati akt olmadığını bildirərək iddia tələblərinin mümkün sayılmaması üçün bu qənaətini də əsas gətirmişdir. Halbuki, Sumqayıt Bələdiyyəsinin iddia tələbi mübahisələndirmə və ya məcburetmə barədə iddia kimi deyil, öhdəliyin icrası haqqında iddiadır ki,həmin iddia növündə olan tələblərə də Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılması mümkün sayılmışdır. Göründüyü kimi, məhkəmənin mübahisələndirilən qərardadının qanuniliyi sadalanan qanun normaları ilə təkzib olunur. Buradan da belə bir nəticə hasil olur ki, məhkəmə müvafiq qanun normasını düzgün tətbiq etməmiş və əsassız şəkildə iddianı mümkün saymamışdır. Bütün bunlar məhkəmə qərardadının qanunsuz və qeyri-obyektiv olduğu tam açıqlığı ilə sübuta yetirir. Bu səbəbdən həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını tələb etməyi zəruri sayır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etmiş, izahat vermiş, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09 avqut 2001ci il tarixli 548 nömrəli Fərmanında qeyd edilmişdir ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin (15 mart 2002-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmişdir) 7-ci bəndində qeyd edilmişdir ki, ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırki mübahisə üzrə iddia tələbi öhdəliyin icrası haqqında haqqında iddia növünə aiddir. Belə ki, qeyd olunmalıdır ki, hazırki inzibati iş üzrə mübahisə predmetini cavabdeh inzibati orqanın müvafiq rəyin verilməsindən imtina olunması ilə bağlı hərəkəti təşkil edir. İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqan tərəfindən müvafiq rəyin verilməsinin tələb olunduğundan, bununla bağlı ona müraciət edildiyini, lakin həmin rəyin verilməsindən imtina olunduğundan, hüquqlarının həyata keçirilməsinə maneçilik yaradıldığını, bununla da hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüşdür. Həmçinin, qeyd olunmalıdır ki, birinci insytansiya məhkəməsi iddianın mümkün sayılmaması qənaətinə gəlməsinin əsası kimi iddiaçı bələdiyyə orqanı və cavabdeh inzibati orqan çıxış etdiyindən, İPM-nin 4-cü maddəsinin tələblərinə əsasən inzibati orqanlar arasına mübahisə yolverilməz olması halına istinad etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin dispozitiv şərtlərinin təhlilindən görünür ki, inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisələrin həlli qaydası müəyyən edilmişdir. İndiki halda isə bələdiyyə orqanı ilə cavabdeh inzibati orqan arasında yaranmış inzibati mübahisənin predmeti aidiyyət və səlahiyytələr bağlı olmamış, mübahisənin predmeti qismində cavabdeh inzibati orqanın müvafiq rəyin verilməsindən imtina olunması ilə bağlı hərəkəti təşkil etmişdir. Göründüyü kimi, indiki halda tərəflər arasında mövcud olan mübahisənin predmeti qeyd olunan normanın dispozitiv şərtləri ilə uzlaşmır. Belə olan halda isə həmin normanın tətbiq edilməsi və bu əsasla iddianın mümkün sayılmaması qanunvericiliyin tələbinə zidd olmuşdur. Bu baxımından qeyd olunamlıdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması nəticəsinə gələrkən, tərəflər arasında mübahisəli hüquq münasibətinin xarakterinə düzgün hüquqi qiymət verilməmiş və iddianın mümkünlük məsələsinin həlli ilə bağlı istinad etdiyi maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olmaqla, təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Sumqayıt inzibati məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(118)-882/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən, sahəsi 400 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin adına memarlıqplanlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-386/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-386/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver