Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-387/2023 04.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının onlara qarşı təzyiqlərin dayandırılması, pozulmuş hüquqlarının təmin olunması və onlara 4.242.000 manat dəyərində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(118)-1518/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Quba Rayon İcra Hakimiyyətinə və digərlərinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının onlara qarşı təzyiqlərin dayandırılması, pozulmuş hüquqlarının təmin olunması və onlara 4.242.000 manat dəyərində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması”nı xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 7, 14, 24, 26, 35, 38, 57, 71-ci maddələrinə əsasən Azərbaycan Respublikası hüquqi dövlətdir, təbii sərvətlərdən xalqın rihafı üçün istifadə olunmalıdır, hər kəsin doğulduğu andan pozulmaz və ayrılmaz hüquq və azadlıqları, əmək, sosial təminat, müraciət etmək hüququ vardır, hüquqların müdafiəsinə dövlət təminat verir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır, qanun qarşısında hamı bərabərdir, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxs toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, mənzil, şərəf və ləyaqətinin qorunması, seçki, müraciət hüququ vardır, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, heç kəs qanunsuz təqib edilə bilməz, cinayət, habelə hakimiyyətdən suiistifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur, zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödnilməsini tələb etmək hüququ vardır, konstitusiyada təsbit edilmiş insan hüquq və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, lakin bunların heç birinə əməl olunmur. Belə ki, onların müraciətlərinə Quba rayon icra hakimiyyəti və digər orqanlar konstitusiyanın maddələrənə məhəl qoymur, onları pozur, onlara qarşı ərizə ilə məhkəməyə müracət etmiş, onların hərəkətlərinə qanuni qiymət verilmir, onların nəticəsində əmələ gəlmiş qanunsuzluqlar qəbul edilmiş qərarların ləğv etməyinin onların üzərinə qoyulmalı, qanunsuz hərəkətləri nəticəsində onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsini barədə qərar qəbul olunmalıdır. Hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yardım edilərək iddia tələbinin hər bir cavabdehə qarşı dəqiqləşdirilməsi, tələblərinə dair subyektiv hüquqlarını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi ilə iş üzrə əsas cavabdeh kimi Quba rayon İcra Hakimiyyətinin qəbul edilməsini, qalan cavabdehlərin də üçüncü şəxs qismində məhkəməyə cəlb edilməsini xahiş etmişdir. Ərizədə daha sonra göstərilmişdir ki, Quba rayon İcra Hakimiyyətinin göstərişi ilə təqib və təzyiqlərə məruz qalmışdır, DTX da ona bildirib ki, icra hakimiyyətindən şikayətdən əl çəkməsə heç bir hüququmuz təmin olunmayacaq, qanuni qüvvəsini almış qətnamənin icrasına imkan verilməyəcək, müharibə veteranı olan oğluna əlillik alınmasına da imkan verilməyəcək, əksinə bizi həbs etdirəcəklər. Bundan sonra qətnamə ləğv olunmuş, kiçik oğlum işdən çıxarılmış, verteran oğluma da nəinki əlillik, hətta sığortanı da vermirlər. Göstərilənlər nəzərə alınmaqla ərizənin qanuni araşdırılması, iddiaların təmin olunması və ziyanın ödənilməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10962/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən cavabdeh qismində Quba Rayon İcra Hakimiyyəti tanınmış və inzibati iş aidiyyəti üzrə Sumqayıt inzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, iddiaçını subyektiv hüquq sahibi kimi qəbul etmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dair sübutlar mövcud olmalıdır. İddiaçı Quba Rayon İcra Hakimiyyəti tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyi bildirsə də belə bir pozuntunun baş verməsi öz təsdiqini tapmamışdır. Etirzada iddia tələbini mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(118)-1518/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçıya Quba Rayon İcra Hakimiyyəti tərəfindən maddi və mənəvi zərərin vurulması, yəni iddiaçıya məxsus əmlakın məhv edilməsi nəticəsində maddi zərərə düşməsi, o cümlədən əmlakın məhv edilməsi ilə bağlı mənəvi istirabların çəkməsi öz təsdiqini tapmamış, cavabdeh təşkilatların hərəkət və hərəkətsizliyinin nədən ibarət olması göstərilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərir ki, qanuna görə inzibati məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilir, sərəncam çıxarılaraq cavabdehdən iddia üzrə tələbləri yerinə yetirməyi tələb edir, onun məhkəmədə iştirakını təmin edir, məhkəmə iclasında faktlar araşdırılmamış, sübutlara hüquqi qiymət verilməmiş, iddianın təmini barədə ərizə onların iştirakı olmadan qəbul edilmiş, məhkəmənin qərarı məhkəmə zalında elan edilməmiş, onların xəbəri olmadan qəbul edilmişdir. Bütün sadaladığı faktların araşdırılması barədə müraciət etsə də,nəticəsi olmayıb, sorğuların verilməsi ilə bağlı vəsatəti də təmin olunmayıb, əksinə qərar qəbul olunması cinayətkarların və onların himayədarlarının korrupsiya faktlarını sübut edir, sübutlar araşdırılmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(118)-1518/2023 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işin hallarından görünür ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən hüquqlarının pozulmasına dair hər hansı konkret hala istinad etməmiş, yalnız özünün və ailə üzvlərinin müxtəlif sosial məsələlərlə bağlı müraciətlərinə istinad etməklə pozulmuş hüquqlarının təmin olunması və onlara 4.242.000 manat dəyərində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının iddia ərizəsində cavabdeh Quba Rayon İcra Hakimiyyətindən “onlara 4.242.000 manat dəyərində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi“ni tələb etməkdən ibarət subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yardım edilərək subyektiv hüquqlarını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi mücərrəd xarakter daşımaqla, konkret faktlara və cavabdeh tərəfindən hansı hüququnun pozulmasına istinad edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.7-ci maddələrinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda qeyd edilən halları, iddiaçının müvafiq dəlilləri və təqdim olunmuş ilkin sübutlar baxımından cavabdeh tərəfindən iddiaçının hüququnun pozulması halı, o cümlədən onun hüquqlarına aşkar şəkildə müdaxilənin baş verməsi nəzərə çarpmır. Nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində göstərdiyi özünün hüquqlarının məhdudlaşdırılması, habelə onun oğlu da işdən çıxarılması, əlillik təyin edilməməsi, sığorta haqqının ödənilməməsi ilə bağlı inzibati orqanların hər bir inzibati aktını, hərəkət və hərəkətsizliyini ayrı-ayrılıqda mübahisələndirmək və nəticəsindən asılı olaraq hüquqlarının pozulduğu müəyyən edildiyi halda pozulmuş hüquqlarının müdafiəsi, o cümldən həmin qərarlar nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar qaldırmaq imkanına malik olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyəti tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından və beləliklə də hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(118)-1518/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-387/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-387/2023
04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver