Məhkəmə qərarları › İş №2-1(105)-388/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-388/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-388/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarının ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2-1(118)-188/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ X2 (bundan sonra iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 3 saylı Ərazi Vergilər İdarəsinin 06 may 2020-ci il tarixli, **********857400 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması 06 may 2020-ci il tarixli, **********867400 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində 2019-cu il hesabat dövrü üzrə əlavə gəlir vergisi hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən 10.03.2020-ci il tarixində 2019-cu il vergi hesabatı dövrü üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanı 10.03.2020-ci il tarixində **********553500 saylı və 05.05.2020-ci il tarixində **********680500 saylı uyğunsuzluq məktubları göndərərək, zəruri sənədlərin təqdim edilməsinə zərurət yarandığını bildirmişdir. Halbuki, bəyannamədə qeyd olunan məlumatlar təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Lazımi sənədləri və izahatları təqdim etmələrinə baxmayaraq, vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə gəlir vergisi bəyannaməsinin xərclər bölməsində sənədlərlə təsdiq olunan məbləğ və işçilərə verilən əmək haqqı dəfələrlə azaldılmış və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. 06 may 2020-ci il tarixli, **********867400 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat qrafasında göstərilmişdir ki, Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Buradan belə anlaşılır ki, hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi isə vergi orqanının qərəzli mövqeyidir. Həmin əlaqəli məlumatın hansı sənədlə təsdiq edildiyi isə məlum deyildir. Hesablanan vergi məbləği vergi orqanı tərəfindən qanunsuz və əsassız hesablanmış və iddiaçının təqdim etdiyi sənədlər tam şəkildə araşdırılmamışdır. Vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyinə görə həmin qərar ləğv olunmalıdır. Cavabdehin iddia tələbinə etirazı Vergi ödəyicisi İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 10.03.2020-ci il tarixli 2019-cu ilin gəlir vergisinin bəyannaməsində dövriyyə məbləğinin (ümumi gəlirin) həmin dövr ərzində çəkdiyi xərclərlərin məbləğindən dəfələrlə az olduğu bəyan edilmişdir. Aparılan araşdırmalar zamanı anoloji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri tərəfindən həmin dövr üzrə vergi orqanına təqdim edilmiş bəyannamələrində qeyd edilmiş enerji xərclərinə mütənasib olaraq daha yüksək dövriyyə məbləğlərinin bəyan edildiyi müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisinin son 5 ilin iqtisadi göstəriciləri araşdırılmış və nəticədə onun 96.231,99 manat zərərlə işlədiyi müəyyən olunmuşdur. Vergi ödəyicisinin əldə etdiyi əlavə maliyyə vəsaitinin olmadığını nəzərə alsaq bu illər ərzində çəkdiyi xərclərinin ödənildiyini əsas götürərək zərərlə işləməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş və vergi ödəyicisinə 05.05.2020-ci il tarixli **********680500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” Məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən həmin məktuba cavab verilmədiyinə görə, 06.05.2020-ci tarixli **********867400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarına əsasən 2019-cu il üçün 18.075,90 manat gəlir vergisi hesablanmışdır. Aparılmış kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisinin fəaliyyətinə anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlardan istifadə edilmişdir. Anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN **********) 2019-cu ilin mənfəət vergisi bəyannaməsində qeyd edilən dövriyyə 1.440.431,18 manat, enerji xərclərinin məbləği 70.380,78 manat olmasını əsas götürərək, İddiaçı 2019-cu il ərzində "xxxx" ASC-dən aldığı enerji xərclərinin məbləğinin 26.496,16 manat olmasını nəzərə alaraq anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi ilə müqayisəsi nəticəsində iddiaçının 2019-cu il üzrə 542.277,23 manat dövriyyənin olduğu müəyyən edilmişdir: (26.496,16*1.440.431,18=38.165.895.014,26/70.380,78=542.277,23). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş 'Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən vergi orqanı şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə etməklə vergi ödəyicisinin gəlirlərini müəyyən etmiş və vergilər hesablanmışdır. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəətin məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. Vergi ödəyicisinin 2019-cu il üzrə dövriyyəsi (ümumi gəlirləri) 542.277,23 manat, xərcləri 451.897,69 manat (542.277,23-90.379,54 (542.277,23/6)) müəyyən olunduğuna görə həmin il üzrə hesablanmış gəlir vergisinin məbləği aşağıdakı kimi olmuşdur. G (2019-ci il) = 542.277,23 x 20 / 120 = 90.379,54* 20% = 18.075,90 manat Göründüyü kimi, vergi ödəyicisinin 2019-cu il üzrə vergiyə cəlb olunan gəliri 90.379,54 manat məbləğində olduğuna görə həmin gəlirdən hesablanmış gəlir vergisinin məbləği 18.075,90 manat təşkil etmişdir. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi, vergilər iddiaçının faktiki dövriyyəsi nəzərə alınaraq hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən vergi tutulan əməliyyatlar aparılmasına baxmayaraq, qanunvericiliyin tələbləri pozularaq dövlət büdcəsinə ödənilməli olan vergiləri tam bəyan etməmiş və dövlət büdcəsinə ödənilməmişdir. Buna görə də hesab edirik ki, iddia ərizəsi tamamilə əsassızdır və onun təmin edilməsi üçün heç bir əsas yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2-1(118)-188/2021 saylı qərarı ilə (hakim İ.Quliyev) iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflərindən 10.03.2020-ci il tarixində 2019-cu il vergi hesabatı dövrü üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanı 10.03.2020-ci il tarixində **********553500 saylı və 05.05.2020-ci il tarixində **********680500 saylı uyğunsuzluq məktubları göndərərək, zəruri sənədlərin təqdim edilməsinə zərurət yarandığını bildirmişdir. Halbuki bəyannamədə qeyd olunan məlumatlar təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Lazımi sənədləri və izahatları təqdim etmələrinə baxmayaraq, vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə gəlir vergisi bəyannaməsinin xərclər bölməsində sənədlərlə təsdiq olunan məbləğ və işçilərə verilən əməkhaqqı dəfələrlə azaldılmış və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. 06 may 2020-ci il tarixli, **********867400 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında göstərilmişdir ki, Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Buradan belə anlaşılır ki, hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi isə vergi orqanının qərəzli mövqeyidir. Həmin əlaqəli məlumatın hansı sənədlə təsdiq edildiyi isə məlum deyildir. Məhkəmə qərarında göstərilmişdir ki, “Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi cavabdeh inzibati orqan tərəfindən vergi ödəyicisinin son 5 ilin iqtisadı göstəricilərini araşdırması və nəticədə onun 96.231,99 manat zərərlə işlədiyinin müəyyən olunması halı ilə bağlı tutarlı izah verə bilməmişdir.” Halbuki iddiaçının nümayəndəsi nəinki tutarlı izah vermiş, lıətta qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını da məhkəmənin diqqətinə çatdırmışdır ki, sahibkarın zərərlə işləməsi onun vergidən yayınmasına dəlalət etmir və sahibkar nə vaxtsa, gəlir əldə etmək ümidi ilə bütün çətinliklərə baxmayaraq, fəaliyyətini davam etdirmişdir. Çünki sahibkar fəaliyyət göstərmək üçün həmin obyektə külli miqdarda investisiya vəsaiti qoymuşdur. Məhkəmənin bu hala əsaslanaraq, iddianın rədd etməsini əsassız hesab edirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək izahatında bildirdi ki, aparılan araşdırmalar zamanı analoji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri tərəfindən həmin dövr üzrə enerji xərclərinə mütənasib olaraq daha yüksək dövriyyə məbləğlərinin bəyan edildiyi müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisinin son 5 ilin iqtisadi göstəriciləri araşdırılmış və nəticədə onun 96.231,99 manat zərərlə işlədiyi müəyyən olunmuşdur. Belə ki, analoji fəaliyyətlə məşğul olan "xxxx" MMC-nin (VÖEN **********) 2019-cu il mənfəət vergisi bəyannaməsi üzrə 70.380,78 manat enerji xərcləri müqabilində 1440.431,18 gəlir əldə etdiyi müəyyən olunmasına baxmayaraq, İddiaçı 26.496,16 manat enerji xərci müqabilində hətta bundan da az cəmi 7.309,32 manat gəlir bəyan etmişdir. Burada həmçinin sual doğuran məsələ ondan ibarət olmuşdur ki, iddiaçı enerji xərci ödəmək üçün 26.496,16 manat vəsaiti hardan əldə etmişdir. Bu barədə 1-ci instansiya məhkəməsində iddiaçı sorğu olunsa da, o bu suala cavab verə bilməmişdir. Beləliklə, anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlardan istifadə edilməklə, iddiaçının 26.496,16 manat enerji xərcləri müqabilində 2019-cu il üzrə 542.277,23 (26.496,16 x 1.440.431,18 / 70.380,78) gəlir əldə etdiyi müəyyən edilmişdir. Şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə 18.075,91 manat gəlir vergisi (2019) hesablanmışdır. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi, vergilər iddiaçı ilə analoji fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməklə hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən vergi tutulan əməliyyatlar aparılmasına baxmayaraq, qanunvericiliyin tələbləri pozularaq, dövlət büdcəsinə ödənilməli olan vergilər tam bəyan edilməmiş və dövlət büdcəsinə ödənilməmişdir. Buna görə də hesab edirlər ki, apellyasiya şikayəti tamamilə əsassızdır və onun təmin edilməsi üçün heç bir əsas yoxdur. İddiaçı şikayətində bildirir ki, guya vergi orqanı onun sənədlərlə təsdiq olunan xərclərini dəfələrlə azaltmış və əlavə vergi hesablanmışdır. Bununla bağlı bildirmişlər ki, yoxlama zamanı iddiaçının xərclərinə hər hansı bir müdaxilə edilməmiş, analoji fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməklə gəliri müəyyən edilmiş və ona şərti rentabellik norması tətbiq edilməklə gəlir vergisi hesablanmışdır. Əgər iddiaçının qeyd etdiyi xərclər nəzərə alınsaydı o zaman iddiaçıya daha yüksək məbləğdə vergi hesablanmış olardı. Belə ki, hazırki metodla iddiaçıya 18.075,91 gəlir vergisi hesablandığı halda, iddiaçının xərcləri nəzərə alınsaydı, o zaman 99.303,74 manat (542.277,23-45.758.54)x20%) gəlir vergisi hesablanacaqdı. Göründüyü kimi kameral vergi yoxlaması ilə iddiaçının mənafeləri nəzərə alınmış, xeyrinə olaraq daha az vergi hesablanmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, edərək iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2-1(118)-188/2021 saylı qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği barədədir. Belə ki, iş materiallarına əlavə edilmiş 3 saylı Ərazi Vergilər İdarəsinin 06 may 2020ci il tarixli, **********857400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarına əsasən cavabdeh tərəfindən iddiaçıya 18.075,90 manat məbləğində gəlir vergisi hesablanmışdır. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək ləğv olunmasını xahiş edir. İşə baxan məhkəmə iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamış, əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Məlumdur ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. (VM 37.1) Göründüyü kameral vergi yoxlamasının keçirilməsi üçün iki əsas olmalıdır: 1) vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər; 2) mənbəyi məlum olan məlumatlar. Cavabdeh bildirir ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 10.03.2020-ci il tarixli 2019-cu ilin gəlir vergisinin bəyannaməsində dövriyyə məbləğinin (ümumi gəlirin) həmin dövr ərzində çəkdiyi xərclərlərin məbləğindən dəfələrlə az olduğu bəyan edilmişdir. Bu da vergidən yayınma halı kimi qiymətləndirilmiş və vergi ödəyicisinə 05.05.2020-ci il tarixli **********680500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” Məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən həmin məktuba cavab verilmədiyinə görə, məlum qərarı qəbul etmişdir. Vergi Məcəlləsinin 37.3-cü maddəsində deyilir ki, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin normanın 4-cü bəndinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə də təhlil olunan normalardan aydın olur ki, vergi orqanı vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə hər hansı ziddiyyət və ya səhv aşkar etdikdə, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Əgər sənədlər üzrlü əsas olmadan təqdim edilmədikdə vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67-ci maddəsi vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarına həsr olunmuşdur. Həmin maddənin 1-ci bəndində deyilir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: -67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; -67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; -67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; -67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; -67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; -67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; -67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; -67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; -67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Göründüyü kimi qanunverici kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ vermişdir. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh əlaqəli məlumatların əldə edilməsinin mümkünlüyünü araşdırmadan iddiaçı barəsində birbaşa analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatı əsasında hesablama aparmışdır. Halbuki Vergi Məcəlləsinin 67.4-cü maddəsində deyilir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Göründüyü kimi qanunverici analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarına istinadən vergi hesablanmasını yalnız əlaqəli məlumatlarla bağlı mümkün araşdırma mexanizmləri tükəndikdə icazə vermişdir. Hazırda isə cavabdeh iddiaçı barəsində digər araşdırma aparılmasını, lakin hər hansı nəticə əldə edilə bilməməsini və son olaraq mübahisələndirilən qərarın qəbuluna əsas olmuş hala yönəldiyini göstərməmişdir. Yəni ki, ən azından iddiaçının istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi, bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatların alınması üçün sorğu verilməsinin və ya xronometraj metodu ilə müşahidə aparılmasının mümkünlüyü müzakirə edilə bilərdi. Məlumdur ki, vergi qanunvericiliyinə əsasən, xronometraj metodu ilə aparılan müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas kimi çıxış edir. Belə ki, Vergi Məcəlləsinin 50-1.1-ci maddəsinə əsasən, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda. Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Lakin bunların heç biri həyata keçirilmədən cavabdeh inzibati orqan birbaşa keçid etməklə anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin vergi orqanına təqdim etdikləri göstəricilərə əsasən iddiaçıya vergi məbləği hesablamışdır. Bundan əlavə, Vergi Məcəlləsinin 67.2-ci maddəsində deyilir ki, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: -67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; -67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; -67.2.3. fəaliyyət göstərilən ərazi. Göründüyü kimi vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan istənilən vergi ödəyicisinin deyil, yalnız eyni ərazidə fəaliyyət göstərən eyni xüsusiyyətli işlərin görülməsi və xidmətlərin göstərilməsi, malların istehsalı və təqdim edilməsi ilə məşğul olan vergi ödəyicisinin məlumatlarına istinad oluna bilər. Hazırki işin hallarından görünür ki, iddiaçı çınqıl və qumun hasilatı ilə məşğuldur, fəaliyyət göstərdiyi ərazi isə Quba rayonu, Talabıqışlaq kəndidir. Cavabdehin bildirdiyinə görə iddiaçıya anoloji fəaliyyətlə məşğul olan "xxxx" MMCnin məlumatları əsasında vergi məbləği hesablanmışdır. Cavabeh tərəfindən iş materiallarının 62-ci səhifəsinə əlavə edilmiş anoloji vergi ödəyiciləri barədə məlumat cədvəlindən isə görünür ki, "xxxx" MMC Quba rayonu, 1-ci Nügədi kəndində fəaliyyət göstərir. Başqa sözlə, iddiaçı ilə, tətbiq olunmuş analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi eyni ərazidə fəaliyyət göstərmir, aralarında təxminən 15-ə km yaxın məsafə vardır. Adətən, bu tipli mübahisələrdə cavabdeh inzibati orqan bu hala münasibətdə (yəni, fərqli ərazidə fəaliyyət göstərən vergi ödəyicisinin məlumatlarına istinad zamanı) bunun ən yaxın olan vergi ödəyicisi olması ilə əsaslandırır. Lakin istinad olunan həmin cədvəldə Quba rayonu, Talabıqışlaq kəndində, yəni iddiaçının fəaliyyət göstərdiyi ərazidə daha bir vergi ödəyicisinin olduğu görünür. Belə ki, istinad olunan cədvələ əsasən müəyyən olunur ki, V.V.N MMC də Quba rayonu, Talabıqışlaq kəndində fəaliyyət göstərir. Belə olan halda müəyyən olunur ki, cavabdeh eyni ərazidə vergi ödəyicisi olduğu halda, başqa ərazidən olan vergi ödəyicisinin məlumatları əsasında iddiaçıya vergi məbləği hesablamışdır. Halbuki ərazinin eyni olmasının zərurliyi qanunverici tərəfindən təsbit olunması təsadüfi deyil. Ona görə ki, ərazilərin eyni olmaması fərqli göstəricilərin əldə edilməsinə əsas ola bilər. Belə ki, torpaq sahəsinin yerləşmə yeri, keyfiyyət göstəriciləri, relyef xüsusiyyətləri həmin ərazidə görüləcək işlərə mühüm təsir edir. Nəzərə alanda ki, iddiaçı da çınqıl və qum hasilatı ilə məşğuldur, yerin təkinin vəziyyəti və həmin ərazinin yerləşmə xüsusiyyəti mühüm rol oynayır. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.(Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasın inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, iddiaçıya kameral qaydada gəlir vergisi hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2-1(118)-188/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edlsin. İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 06 may 2020-ci il tarixli, **********867400 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar