Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-388/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin 255 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2-1(118)-5/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdehnə qarşı cavabdehin 217 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək cavabdehin 255 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkün düşərək Bakı şəhərinə köçmüş, uzun müddət ayrı-ayrı ünvanlarda yaşamış və 03.03.2014-cü il tarixdə iş üzrə maraqlı tərəf onu ailəsi ilə birgə yuxarıda ünvanı göstərilən - ünvan 2ylı mənzilə köçürərək məskunlaşdırmışdır. Həmin ilin may-iyun aylarından başlayaraq yaşayış massivinin girişində ümumi sahəsi 30 kv.m olan torpaq sahəsində dəmir konstruksiyadan uşaqların əyləncəsi üçün xırda obyekt quraşdırıb istifadə edir. İstifadə etdiyi ərazi “Qarant” yaşayış massivinin inzibati torpaq sahəsidir və iş üzrə maraqlı tərəf - Qaçqınların və X2 üzrə Dövlət Komitəsi onun ərazidən istifadə etməyinə etiraz etməmişdir. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti 20.08.2019-cu il tarixdə onunla torpaq sahəsinin 5 illik icarə müqaviləsini bağlamışdır. Bununla belə Cavabdeh 29.12.2017-ci il tarixdə X1 217 saylı sərəncamla Mehdiabad qəsəbəsi ərazisində 79,50 kv.m torpaq sahəsi ayırmışdır. Lakin torpaq sahəsinin heç bir koordinatı (döngə nöqtələri) göstərilmədiyinə, plan və ölçüsü sərəncama əlavə edilmədiyinə görə Ə.İmranova əvvəlcə “Qarant” yaşayış massivi ilə “Gənclər” şəhərciyi arasında olan yüksək təzyiqli qaz xətlərinin arasında vətəndaşların gediş-gəliş yolunu hasarlamışdır. Piyada yolu tam bağlandığına və ərazidən istifadə edənlər etirazlar etdiyinə görə yol icra başçısının şəxsi müdaxiləsi ilə açılmış və tikili sökülmüşdür. Bundan sonra, Ə.İmranova sərəncama heç bir cizgi planı və ölçüsü əlavə edilməyinə görə onun istifadəsində olan torpaq sahəsinə soxulmağa cəhd etmiş, onun istifadəsində olan torpaq sahəsindən çıxarmaq üçün bir neçə dəfə dava-dalaş salmış, polis orqanlarına əsassız şikayətlər vermişdir. Cavabdeh sərəncamı və icazəsi saxtadır, çünki tarix qrafasında düzəliş edilmişdir. Sərəncamda və icazədə “imza” sözündən əvvəlki imzalar qətiyyən birbirinə uyğun deyildir və eyni şəxs tərəfindən icra edilməmişdir. Ona görə də, 11.07.2019cu il tarixdə cavabdehə rəsmi sorğu verərək 29.12.2017-ci il tarixli sərəncam və icazənin, eləcə də sərəncamın verilməsinə əsas olmuş sənədlərin surətinin ona verilməsini xahiş etmiş, lakin rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri A.Əliyevin sorğuya cavab olaraq göndərdiyi məktubla cavab verməkdən imtina etmiş, cavabı hüquq mühafizə orqanının sorğusu əsasında verilə biləcəyini göstərmişdir. Məhkəmə hüquqmühafizə orqanıdır, ona görə də bu məsələnin, eləcədə sərəncam və icazənin verilməsinin qanunlara uyğun olub-olmaması araşdırılmalı və hüquqi qiymət verilməlidir. Hesab edir ki, rayon icra hakimiyyətinin sərəncam- icazə iki əsasa və səbəbə görə etibarsız hesab olunmalıdır. 29.12.2017-ci il tarixli, 217 saylı sərəncamın verilmə tarixində düzəliş edilmişdir. 29.12.2107-ci il tarixli 217 saylı sərəncam və 15.03.2018 saylı, 038 saylı icazə və sərəncamda eyni şəxsin adı və soyadı göstərilsə də, açıq-aydın görünür ki, eyni şəxs tərəfindən icra edilməmişdir, yəni saxtadır. 29.12.2017-ci il tarixli, 217 saylı sərəncama torpaq sahəsinin ölçü-planı qoşulmadığına və döngə nöqtələri göstərilmədiyinə görə həmin torpaq sahəsi hesab oluna bilməz. Cavabdeh Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin balansında olan torpaq sahəsinə dair sərəncam vermək səlahiyyəti yoxdur və həmin torpaq sahəsinə dair Qaçqınların və X2 üzrə Dövlət Komitəsi onunla 20.08.2019-cu il tarixli icarə müqaviləsi bağlamışdır.
4. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının qeyd etdiyi sərəncam qanunauyğun şəkildə verilmiş və iddiaçının nəzərdə tutduğu Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin sözügedən 20.08.2019-cu il tarixli icarə müqaviləsi Cavabdeh başçısının 255 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamından sonra verilmişdir. Hal-hazırda da Dövlət Komitəsinin 20.08.2019-cu il tarixli icarə müqaviləsi də qüvvədən düşmüşdür. Belə olan halda rayon icra hakimiyyəti başçısının 255 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi tələbinə görə iddiaçının heç bir subyektiv hüququ və əsası yoxdur. Ona görə də, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2-1(118)-5/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov)
6. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə inzibati iş üzrə sübutetmə vəzifəsinin inzibati orqanın üzərinə düşdüyünü unudaraq ondan subyektiv hüququnun mövcud olduğunu sübut etməli olduğunu tələb edir. Halbuki, onun subyektiv hüququnun yarandığını, hal-hazırda da mövcud olaraq davam etdiyini təsdiq edən qanuni qüvəyə minmiş məhkəmə qərarı var və həmin toprpaq sahəsinin uzun müddət və fasiləsiz onun sahibliyində və istifadəsində olduğu işin təkzibedilməz və mübahisəsiz faktiki halıdır. İnzibati orqan onunla icarə müqaviləsini yalnız məhkəmə qaydasında ləğv etdikdən və həmin iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra həmin müqavilənin ləğv edildiyinə dair məktubu verə bilərdi. Məhkəmə mübahisələndirilən müqavilənin qanuna və ya həmin müqavilənin özünə əsasən, necə, hansı qaydada ləğv edilməli olduğunu və buna əməl edilmədiyini bildiyi və ya bilməli olduğu halda, müqavilənin qanunsuz və əsassız olaraq birtərəfli qaydada ləğv edildiyini qəbul etmişdir və bunu da öz qərardadında etiraf etmişdir. Belə ki, məhkəmənin müvafiq qərardadında deyilir ki, “...Başqa sözlə desək, müqavilənin bir tərəfi olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi 20 avqust 2019-cu il tarixli icarə müqaviləsində olan öhdəliklərindən və hüquqlarından imtina etmişdir...” Bu da məhkəmənin mövqeyinin, gəldiyi nəticələrin və irəli sürdüyü dəlillərin ziddiyyətli, qeyri-müəyyən, qanunsuz və əsassız olduğunu təsdiq edir. Məhkəmə onun subyektiv hüququnun mövcud olmamasını yalnız o halda müəyyən edə bilərdi ki, müqavilənin birtərəfli qaydada ləğvi qanuna və ya müqaviləyə uyğun həyata keçirilmiş olsun və bu ləğv etmənin qanuni və əsaslı olması təkzibedilməz, açıq-aşkar və mübahisəsiz faktlarla və hallarla bağlı olsun və həmin faktiki hallar biri-digərini təsdiq edən mötəbər sübutların məcmusu ilə təsdiq edilsin və ya tərəflərin arasında bu barədə mübahisə mövcud olmasın və ya mübahisə mövcud olduğu halda isə həmin mübahisə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həll edilmiş olsun. Digər tərəfdən, subyektiv hüququnu təsdiq edən digər əsasa - torpaq sahəsinin uzun müddət və fasiləsiz onun faktiki sahibliyində və istifadəsində olmasına və hal-hazırkı günədək də davam etməsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, “Qarant” məcburi köçkünlər şəhərciyi istifadəyə verildiyi gündən bu günədək qeyd edilən torpaq sahəsi onun fasiləsiz faktiki sahibliyində və istifadəsindədir və icarə müqaviləsi də qanuna və müqaviləyə uyğun olaraq məhkəmə qaydasında ləğv edilmədiyi üçün həmin hüququ mövcud olmaqda davam edir. Bu da həmin torpaq sahəsi üzərində Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşan və mövcud olan təcrübəsinə əsasən mülkiyyət hüququnun mövcud olduğunu və davam etdiyini təsdiq edir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi.
9. İş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 35. İddianın mümkünlüyü
35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80. Məhkəmə qərardadları
80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat
87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.04.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.
15. İşdən görünür ki, iddiaçı inzibati orqan olan icra hakimiyyətinin sərəncamını mübahisələndirərək onun etibarsız hesab edilməsini xahiş edir. Həmin sərəncam isə X1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0,0080 ha torpaq sahəsində birmərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi barədədir.
16. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Mehdiababd qəsəbəsi, “Qarant” yaşayış massivinin girişində ümumi sahəsi 30 kv.m olan torpaq sahəsində dəmir konstruksiyadan obyekt quraşdırıb istifadə edir. İstifadə etdiyi ərazi “Qarant” yaşayış massivinin inzibati torpaq sahəsidir. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti 20.08.2019-cu il tarixdə onunla torpaq sahəsinin 5 illik icarə müqaviləsini bağlamışdır. Buna baxmayaraq, Cavabdeh 29.12.2017-ci il tarixdə X1 255 saylı sərəncamla Mehdiabad qəsəbəsi ərazisində 79,50 kv.m torpaq sahəsi ayırmışdır. Ə.İmranova sərəncama heç bir cizgi planı və ölçüsü əlavə edilmədiyinə görə onun istifadəsində olan torpaq sahəsinə girməyə cəhd edir.
18. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin icarə müqaviləsi ilə ona ayrıldığını və torpaq sahəsində dəmir konstruksiyadan obyektin olduğunu əsas gətirərək, həmin torpağın X1 ayrılmasına dair icra hakimiyyətinin qərarının qanuniliyini mübahisələndirmişdir.
19. İddia tələbinin əsasını təşkil edən hüquqmüəyyənedici sənəd kimi icarə müqaviləsi təqdim edilmişdir.
20. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2135 nömrəli 09.09.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı ilə Mənzil İstismar Departamenti arasında 20.08.2019-cu il tarixində bağlanmış müqavilə 10 iyun 2020-ci il tarixində ləğv edilmişdir. Bu səbəbdən müqavilə qüvvədən düşmüş hesab edilir.
21. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 54 nömrəli 07.02.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı ilə Mənzil İstismar Departamenti arasında 20.08.2019-cu il tarixində bağlanmış müqavilə qüvvədən düşmüşdür. İddiaçı həmin torpaq sahəsinin Qaradağ-Dilgah yüksək təziqli qaz xəttinin və yüksək gərginlikli elektrik xəttinin (220.0 kvt) mühafizə zolağında yerləşdiyi bildirilməklə ona mövcud tikinti normalarını pozması barədə yazılı və şifahi xəbərdarlıq edilmişdir.
22. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 20.08.2019-cu il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsini və qüvvədən düşmüş hesab edilməsi barədə cavabdehin müvafiq qərarının etibarsız hesab edilməsini xahiş etmişdir.
23. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-530/2021 nömrəli, 25.11.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbi mümkün sayılmamışdır.
24. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-530/2021 nömrəli, 25.11.2021-ci il tarixli qərardadında iddia tələbinin mümkünsüz hesab edilməsinə səbəb kimi iddiaçının müqavilənin birtərəfli qaydada ləğv edilməsi haqqında Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin müvafiq qərarının mövcud olmaması göstərilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-530/2021 nömrəli iddia tələbinin araşdırlması zamanı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin icarə müqaviləsinin ləğv edilməsi haqqında qərarı mövcud deyil, lakin həmin icarə müqaviləsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ləğv edilmişdir. Başqa sözlə desək, müqavilənin bir tərəfi olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi 20 avqust 2019-cu il tarixli icarə müqaviləsində olan öhdəliklərindən və hüquqlarından imtina etmişdir.
25. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ 20 avqust 2019-cu il tarixli icarə müqaviləsi əsasında yaranmışdır, lakin sonradan həmin müqavilənin balansaxlayıcı tərəfindən ləğv edilməsi iddiaçının subyektiv hüququnu istisna edir.
26. Beləliklə, mübahisələndirilən sərəncam üzrə Ə.İmranovanın istifadəsində olan torpaq sahəsinə dair iddiaçının hər hansı subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. İddiaçı ərizəsində torpaq sahəsinin Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağladığı 20.08.2019-cu il tarixli icarə müqaviləsi əsasında onun istifadəsində olduğunu göstərsə də, bu barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, əksinə qeyd edilən icarə müqaviləsinin faktiki olaraq hazırda ləğv edildiyi müəyyən olunmuşdur.
27. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçını subyektiv hüquq sahibi kimi qəbul etmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə, torpaq sahəsinin üçüncü şəxsə ayrılması zamanı onun hər hansı hüququnun pozulmasına dair sübutların iddia verilərkən təqdim olunması tələb olunur, lakin iş üzrə belə sübutların verilməsi müəyyən olunmur.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2-1(118)-5/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.