Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-388/2023 04.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınan sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(118)-428/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019cu il tarixədək olan dövr üzrə qeydə alınan sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ona yaşa görə əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxs, ona pensiya təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işləmişdir. Onun hal-hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sona fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək onun əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, lakin müraciəti, aldığı cavab məktubundan görünür ki, təmin edilmişdir, lakin hesablanma səhv aparılmışdır. Bildirir ki, o aidiyyəti üzrə cavabdehə müraciət edəndə məqsədi sığorta kapitalı əsasında pensiyasının məbləğinin artırılmasına nail olmaq idi. Lakin Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı qəbul edildi, həmin Qərarla hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun müvafiq müddəaları şərh edildi, nəticədə hazırda qüvvədə olan qanunvericiliyə görə pensiyasının məbləği sığorta kapitalı əsasında artmayacaq, pensiyasının məbləği sabit qalacaq. Eyni zamanda həmin Qərarla təsdiq edildi ki, ona “Əmək pensiyaları haqqında” Qanunun 29.2, 37.3.1, 45-ci maddələri şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən, həmin maddə yalnız “xx.xx.2017-ci ildən etibarən pensiyaya çıxmış şəxslərə” tətbiq olunur. O, xx.xx.2017-ci ildən öncə pensiyaya çıxmış, Qanunun 32.1-1-ci maddəsinə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətim davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasım müəyyən edir. Konstitusiya Məhkəməsinin Qərarı “müraciət edildiyi gündən” ifadəsini yalnız 9.6-cı maddəyə münasibətdə hərbi xidmətini davam etdirən hərbi pensiyaçılara şamil edir. Eyni zamanda həmin Qərarın təsviri əsaslandırıcı hissəsində də eyni məzmunlu ifadə məhz 9.6-ci maddəyə münasibətdə şamil edilir. Konstitusiya Məhkəməsinin Qərarında 37.3.1-ci maddəyə münasibətdə müraciət edildiyi gündən ifadəsi yoxdur. Hüququ yarandığı gün 29.2-ci maddə ona şamil edilmirdi, həmçinin Konstitusiya Məhkəməsinin Qərarı yox idi.Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 8327,91 manat pensiya sığorta kapitalı qeydə alınıb. İddiaçı 8327,91 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (8327,91:72=115,67 manat) əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 358,97 (243,30+115,67) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (1135,30 manat) həmin artım qədər (115,67 manat) azaldılıb. Nəticədə, adıçəkilən şəxsin hazırda əmək pensiyasının sığorta hissəsi 358,97 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1019,63 (1135,30-115,67) manat təşkil edir. 01 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-137,86 manat maddi yardım ödənilir. Yuxarıda qeyd olunanlardan başqa, Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022- ci il tarixnədək qüvvədə olmuş redaksiyasına əsasən sözügedən Qərarın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 nömrəli misalların tələblərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38- ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub.Göstərilənlərə əsasən iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin Mərkəzi Filiala müraciət etdiyi tarixdə qüvvədə olan qanunun tələblərinə uyğun qaydada,yəni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği sığorta hissəsindəki artımlar qədər azaldılmaqla yenidən hesablanıb.
5. Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(118)-428/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı yaşa görə əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindn 09 iyun 1993-cü il tarixdən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarının Dövlət Sosial Müdafiə Fondu həyata keçirildiyindən iddiaçının əmək pensiyasının həmin tarixdən Fondun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 1378,60 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-243,30 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi-1135,30 manat. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 8327,91 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq 8327,91 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (8327,91:72=115,67 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla iddiaçının pensiyasının sığorta hissəsi 358,97 (243,30+115,67) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələblərinəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (1135,30 manat) həmin artım qədər (115,67 manat) azaldılıb. Nəticədə hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 358,97 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsinin məbləği isə 1019,63 (1135,35-115,67) manat təşkil edir. əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-137,86 manat maddi yardım ödənilir. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarı 15.5ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. ...15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır.
14. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir.
15. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
16. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən, həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Hazırki mübahisəyə münasibətdə iddianın mümkün sayılmamasını şərtləndirən səbəb, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur hüquqi baxımdan etibarlıdır, yəni qüvvəsini saxlamaqdadır.
17. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
18. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 629/2022 nömrəli, 28 mart 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
19. Göründüyü kimi, iddiaçı ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, daha əvvəl ona yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürciət etmiş və tələbi təmin edilmişdir. İddiaçının hazırkı iş üzrə qaldırdığı iddia tələbi isə yuxarıda qeyd edilən məhkəmə qərarından sonra cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiya üzrə hesablamanın yenidən səhv aparılması olmuşdur.
20. İddiaçının adından məhkəmənin elektron poçt ünvanına göndərilmiş xx.xx.2023cü il tarixli ərizədə də iddianın mümkünszlüyünə səbəb olan yuxarıda qeyd edilən halların iddiaçıya məlum olması qeyd edilmişdir. İddiaçı qeyd edilən ərizənin onun xahişi əsasında hüquqşünas tərəfindən yazıldığını bildirmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi marağının təmin edilməsi məqsədilə iddiaçının qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati Məhkəməsinin yuxarıda adı çəkilən qərarının düzgün icra edilməsini icra icraatı qaydasında tələb etmək hüququ vardır.
22. Bu qərarın 10-cu bəndində istinad olunan normaya görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bundan əlavə, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə istinadən, Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkün olduğu müddəaları baxımından, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
23. Bu qərarın 11-ci bəndində istinad olunan “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mübahisə predmeti haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi üçün əsasdır.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan hazırkı iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi isə qanuni qüvvəyə minmiş məhkəmə qərarını nəzərə almamış, iddianın mümkünlüyünə hüquqi qiymət vermədən təkrarən eyni predmet üzrə tələbə mahiyyəti üzrə baxmışdır. Halbuki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir. 25.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(118)-428/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün hesab edilməsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.