Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-389/2021 25.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı kompensasiyanın verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(118)-23/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) eibarnamə üzrə nümayəndə S.İsayeva iddiaçının mülkiyyətində olan torpaq sahəsində yolların çəkilməsi və s. işlərin aparılması ilə əlaqədar ziyan dəydiyindən kompensasiya ödənilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh 31 avqust 2018-ci tarixli, İ-3/16/55721 nömrəli məktubla bildirmişdir ki, qeyd edilən torpaq sahəsi təqdim olunmuş sənədə əsasən vətəndaş İddiaçı məxsusdur və həmin torpaq sahəsinin 275,63 m2 hissəsi “Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən vətəndaş İddiaçı məxsus (**********34 reyestr nömrəli çıxarış) torpaq sahəsinin sözügedən layihə çərçivəsində tikinti altına düşmüş 275.63 m2 hissəsinə dəymiş ziyana görə 16.537,80 (on altı min beş yüz otuz yeddi manat 80 qəpik) manat kompensasiya hesablanmışdır. Bildirilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş “Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində mülkiyyət sahiblərinə dəymiş ziyanla bağlı kompensasiyanın ayrılması məsələsinin həlli üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Vəsait ayrıldığı zaman vətəndaş İddiaçı adına kompensasiya ödənişi məsələsi öz həllini tapacaqdır. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtidasi məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin “Binəqədi- Novxanı-Corat avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyündən cavabdehdən iddiaçının xeyrinə bazar qiymətləri ilə məhkəmə tərəfindən müəyyən edilmiş ədalətli kompensasiyanın, habelə faizlərin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1244/2019 saylı, 19 fevral 2019cu il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi B- 652A nömrəli bağ sahəsi ünvanında yerləşən 0.10 ha ölçüdə torpaq sahəsi 27.02.2007-ci il tarixli, **********34 reyestr nömrəli çıxarışa əsasən, onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin bir hissəsi "Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Cavabdeh tərəfindən ona ünvanlanmış bir neçə məktublardan görünür ki, müvafiq orqan ona dəymiş ziyanı ödəməyi yubadır. Hal-hazırda iddiaçıya dəymiş ziyan ödənilməmişdir. Hesab edir ki, məhkəmə vasitəsilə cavabdehdən onun əmlakına dəymiş ziyanın məbləği alınıb ona ödənilməlidir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus torpaq sahəsinin bir hissəsi "Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyündən cavabdehdən iddiaçının xeyrinə qeyd olunan torpaq sahəsinin yararsız hala düşməsi nəticəsində 70.000 manat kompensasiyanın, habelə 31.850 manat faizlərin, ümumilikdə 101.850 manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin "Binəqədi-Novxam- Corat avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində yolun tikintisi altına düşməsi nəticəsində qeyd olunan torpaq sahəsinin giriş hissəsi avtomobil yolunun altında qalmış, bu səbəbdən də həmin torpaq sahəsinə daxil olmaq ümumiyyətlə qeyri-mümkün olmuşdur. Başqa sözlə, mübahisəli torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi qeyrimümkün olmuşdur. Torpaq sahəsi üç tərəfdən qonşu bağ sahələri ilə əhatə olunur, dördüncü-giriş hissəsi isə, yuxarıda qeyd etdiyi kimi, avtomobil yolunun altında qalmış, həmin yol torpaq sahəsinə nisbətdə 5-6 metr hündürlükdə olduğundan sahəyə girişi qeyrimümkün etmişdir. Hazırkı iddia predmeti üzrə məhkəmə tərəfindən torpaq sahəsinə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılmış və 6 sentyabr 2019-cu il tarixli mütəxəssis rəyi ilə 0.1 ha ölçüdə torpaq sahəsi ümumilikdə dəyəri orta bazar qiyməti ilə 70.000 manat, yol altınla qalan 2.8 sot hissəsi isə 19.600 manat civarında müəyyən edilmişdir. Həmin rəylə razılaşmaq mümkün deyil, belə ki, mütəxəssis tərəfindən torpaq sahəsinə baxış keçirilərkən aşkar olunmuşdur ki, həmin sahənin qeyd olunan 2.8 sot giriş hissəsi yol altında qaldığı üçün sahəyə daxıl olmasını qeyri-mümkün etmişdir, lakin mütəxəssis rəyində bu məsələyə diqqət yetirilməmiş, yalnız yol altına düşən hissə qiymətləndirilmişdir. Hesab edir ki, mübahisəli torpaq sahəsinə daxil olmanı qeyri-mümkün edən avtomobil yolunun tikintisi nəticəsində ona məxsus torpaq sahəsindən məhrum olmuşdur. Ona məxsus torpaq sahəsinin bir hissəsinin avtomobil yolunun altına düşməsi, sahənin bölünməsi nəticəsində digər hissəsindən istifadəni qeyrimümkün etdiyindən də ədalətli kompensasiya ödənilməlidir. Başqa sözlə, dəymiş ziyanın məbləği 70.000 manat hesablanmalıdır. Bundan başqa yolun tikintisindən 3 il yarımdan çox müddət keçib, bu müddət ərzində kompensasiya ödənilməyib. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş faiz dərəcəsi hazırda 12 faizdir, qanunla müəyyən edilmiş bir faiz də nəzərə alınmaqla, hər il ərzində 70.000 manat pulun ödənilməməsi nəticəsində 9.100 manat ziyan vurulmuş, 3 il yarım müddət ərzində 31.850 manat. Daha sonra iddiaçı yenidən iddia tələbini dəqiqləşdirərək bildirmişdir ki, mübahisəli yerə yerli baxış keçirilmiş, “X6” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilən ekspert rəyinə görə iddiaçıya aid əmlaka dəymiş ziyan ümumilikdə 41000 (qırx bir min) manat müəyyən edilmişdir. Ona görə də ekspertiza rəyi ilə razılaşaraq cavabdehdən tikinti altına düşən hissəyə görə 19.250 manat, iddiaçıda qalan sahəsinə giriş çıxış yolununun tikintisi üçün tələb olunan 21.750 manat, ümumilikdə 41000 (qırx bir min) manat kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus olan 0.10 ha torpaq sahəsinin (**********34 reyestr nömrəli çıxarış) 275.63 m2 hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş “Binəqədi- Novxanı-Corat avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Vətəndaş İddiaçı adına olan torpaq sahəsinə görə dəymiş ziyan müstəqil qiymətləndirici tərəfindən 16537.80 manat dəyərində qiymətləndirilmişdir. “Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi” altına düşmüş və müvafiq qaydada mülkiyyət hüququ təsdiqlənmiş maneələrə görə sahiblərinə dəymiş ziyanla əlaqədar müstəqil ekspert tərəfindən hesablanmış və Nəzarət Orqanı ilə razılaşdırılmış kompensasiyanın ödənilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Nazirlər Kabinetinə 2018-ci il 11 yanvar tarixli 2/16-166 saylı məktubla müraciət olunmuşdur. Bundan əlavə dövlət ehtiyacları üçün alınan əmlaklar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X2 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Mazirliyi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Qiymətləndirmə fəaliyyəti haqqında qanunun 7-ci maddəsinə əsasən Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Beləliklə qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. İddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətində onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı ona kömək edilməsini xahiş etmişdi və ona verilmiş rəsmi cavablarda göstərilmişdir ki, qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladıqları məktuba rəsmi cavabda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə qeyd edilən yolun tikintisinin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. Hesab edilir ki, iddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. Məhkəmənin 29 iyul 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-23/2021 saylı, 30 mart 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı, onun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin tikinti altına düşən hissəsinə görə 19.250 manat, iddiaçıda qalan torpaq sahəsinə giriş çıxış yolununun tikintisi üçün tələb olunan 21.750 manat, ümumilikdə 41.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. (hakim C.Məmmədov). Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(118)-23/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İş materiallarından görünür ki, iddiaçının ərizə və ya müraciətinin inzibati orqanlarda qeydiyyata alınmağı, həmin inzibati orqan tərəfindən aktın qəbul edilməsi və ya onun qəbulundan imtina olunması haqqında qərar iş materiallarında yoxdur. İddiaçıya məxsus olan 0.10 ha torpaq sahəsinin (**********34 reyestr nömrəli çıxarış) 275.63 m2 hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş “Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Vətəndaş İddiaçı adına olan torpaq sahəsinə görə dəymiş ziyan müstəqil qiymətləndirici tərəfindən 16537.80 manat dəyərində qiymətləndirilmişdir. “Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi altına düşmüş və müvafiq qaydada mülkiyyət hüququ təsdiqlənmiş maneələrə görə sahiblərinə dəymiş ziyanla əlaqədar müstəqil ekspert tərəfindən hesablanmış və Nəzarət Orqanı ilə razılaşdırılmış kompensasiyanın ödənilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Nazirlər Kabinetinə 2018-ci il 11 yanvar tarixli 2/16-166 saylı məktubla müraciət olunmuşdur. Bundan əlavə dövlət ehtiyacları üçün alınan əmlaklar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X2 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Mazirliyi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Qiymətləndirmə fəaliyyəti haqqında qanunun 7-ci maddəsinə əsasən Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Beləliklə, qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Qeyd edilmişdir ki, iddiaçının adından cavabdehə ünvanlandığı bir neçə müraciətində onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı ona kömək edilməsini xahiş etmişdi və ona verilmiş rəsmi cavablarda göstərilmişdir ki, qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Bundan əlavə iddiaçı onun mülkiyyətində qalan torpaq sahəsinə griş-çıxış yolunun tikintisi üçün kompensasiya tələb edir. Bununla bağlı bildirilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 7.25 sot hissəsi dövlət ehtiyacları üçün alınmadığından, bunu təsdiq edən müqəvilə mövcüd olmadığından, bununla bağlı torpaq mülkiyyətçisinə hər hansı kompensasiya ödənilməmişdir. Əksinə torpaq sahəsi də hal-hazırda iddiaçının mülkiyyətindədir və onun tərəfindən istifadə olunur. Bundan əlavə torpağın dövlət ehtiyacları üçün əldə edilməsi zamanı o zaman kompensasiya verilməsi qanunvericilikdə təsbit edilmişdir ki, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilsin. Bundan sonra həmin torpaq sahəsinin alınmanın təsirinə məruz qalan torpaq olubolmaması aydınlaşdırılır və müəyyən edilərsə, torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən pul, əmlak və ya digər formada ifadə olunan kompensasiya verilir. Lakin hazırkı mübahisələndirilən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması müəyyən edilməmişdir. İddiaçı Agentliyə daxil olmuş müraciətlərdə girişçıxış yolunun tikintisi ilə bağlı hər hansı bir xüsusat qeyd edilməmiş və bu barədə köməklik göstərilməsi xahiş edilməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayət ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi, apelyasiya şikayətinə etiraz edərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verdi, əlavə olaraq bildirdi ki, tərəflərindən məhkəməyə cavabdeh Azərbaycan X1rşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə müraciət olunmuşdur. Lakin hazırda aydın olmuşdur ki, iddia tələbinin həcmi dəqiqləşdirilməlidir (azaldılmalıdır). Belə ki, iddiaçı Əhəd Əbülfəz oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi “Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Həmin tikinti altına düşən düşmüş hissəsinin sahəsi 2,7563 sot (275,63 kv.metr) müəyyən edilmişdir. Hazırki iddia predmeti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən torpaq sahəsinin mülkiyyətçisinə dəymiş maddi ziyanın məbləği elə həmin Agentlik tərəfindən müstəqil qiymətləndirici vasitəsilə müəyyən edilmiş və hər sotunun dəyəri 6000 manat olmaqla ümumi dəymiş maddi ziyan 16.537,80 manat civarında müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Odur ki, məhkəmə kollegiyasına iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin "Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyündən cavabdehdən iddiaçının xeyrinə qeyd olunan torpaq sahəsinin 2,7563 sot (275.63 kv.metr) hissəsinə görə 16.537,80 manat pul vəsaitinin tutulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin qalan hissəsinin geri götürdüyünü bildirmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İşin hallarından görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya məxsus torpaq sahəsinin 275,63 m2 hissəsinin “Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyünü etiraf etmiş, müstəqil qiymətləndirici 2 tərəfindən tikinti altına düşmüş düşən 275.63 m hissəsinə dəymiş ziyana görə 16.537,80 manat kompensasiya hesablandığını, layihə çərçivəsində mülkiyyət sahiblərinə dəymiş ziyanla bağlı kompensasiyanın ayrılması məsələsinin həlli üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunduğunu və vəsait ayrıldığı zaman kompensasiya ödənişi məsələsinin öz həllini tapacağını bildirmişdir. Verilən cavabla razılaşayan iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bu zaman ona əsaslanmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246-cı maddəsinə əsasən Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-).bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (- ).torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 1100-cü maddəyə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1.1-ci maddəsinə əsasən, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. 4.1 və 4.2-ci maddəsinə əsasən Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 5.1-ci maddəsinə əsasən, istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; İddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin 275.63 m2 hissəsinin “Binəqədi- Novxanı-Corat avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində tikinti altına düşməsi və iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qismən məhrum edilməsinin dövlət ehtiyacı ilə əlaqədar baş verməsi işin mübahisələndirilməyən halıdır. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya ödənilməli olan kompensasiyanın məbləğini mübahisələndirərək, “Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 275.63 m2 hissəsinə görə dəymiş ziyanın müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən qiymətləndirildiyini, həmin rəyin hazırda qüvvədə olduğunu və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilmədiyini qeyd etmişdir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş “Binəqədi-Novxanı-Corat avtomobil yolunun layihələndirilməsi və tikintisi” ilə əlaqədar, yolun tikintisi altına düşən və ƏMDK tərəfindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin qiymətləndirilməsi smetasından görünür ki, İddiaçı DƏDRX tərəfindən verilmiş **********34 saylı çıxarışa əsasən yolun tikinti altına düşən 275,63 kv.m hissəsi müstəqil ekspert tərəfindən orta-bazar qiyməti ilə 16537,80 manat hesablanmışdır. Birinci instansiya məhkəməsi isə tikinti altına düşən 275.63 m2 torpaq sahəsinə dəymiş ziyanı “X6” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilən ekspert rəyinə əsasən,19250 manat dəyərində qiymətləndirmişdir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqısatqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. İddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar cavabdeh tərəfindən müdaxilə baş verməsini təsdiq edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara sorğular etməmiş, alınacaq torpağa uyğun torpağın bazar qiymətini müəyyən etməmişdir. Məhkəmə kollegiyası tikinti altına düşən torpaq sahəsinin real bazar qiymətinin müəyyən edilməsi məqsədilə alqı-satqını həyata keçirən orqanlara sorğu edərək bu istiqamətdə araşdırma aparmaq istəsə də, iddiaçı, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən 16537.80 manat dəyərində qiymətləndirilmə ilə razı olduğunu bildirmiş və vurulmuş ziyanın əvəzi olaraq həmin məbləğin tutulmasını tələb etmişdir. Odur ki, kollegiya torpaq sahəsinin bazar qiyməti ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etməmişdir. Apelyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçı, mülkiyyətində qalan torpaq sahəsinə giriş-çıxış yolunun tikintisi üçün kompensasiya tələb etsə də, Agentliyə daxil olmuş müraciətlərdə giriş-çıxış yolunun tikintisi ilə bağlı hər hansı bir xüsusat qeyd edilməmiş və bu barədə köməklik göstərilməsi xahiş edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyasında işin halları araşdırılarkən müəyyən olundu ki, həqiqətən də, iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunun tikintisi ilə bağlı cavabdehə müraciət etməmişdir. Məhkəmə kollegiyası qeyd edilən halı iddiaçının diqqətinə çatdırdıqda, sonuncu bu hissədə iddia tələblərini geri götürdüyünü bildirərək, iddia tələbinin həcminin azaldılmasına dair ərizəsində yalnız tikinti altına düşən 275.63 m2 torpaq sahəsinə dəymiş ziyana görə 16537.80 manat kompensasiyanın tutulmasını xahiş etmişdir. Dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəsait ayrıldıqdan sonra öz həllini tapacağına dair cavabdeh tərəfindən bildirilənləri əsassız sayan kollegiya hesab edir ki, iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan vəsaitin ayrılması və s. məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. İddiaçıya verilmiş cavabın imtina cavabı kimi qiymətləndirilməməsi və bununla bağlı iddianın mümkünlük məsələsinə qiymət verilməsi ilə bağlı kollegiya qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsində deyilir ki, bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Hazırki halda da cavabdeh tərəfindən dolayısıyla kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış, iddianın mümkünlük şərtlərinə əməl olunmuşdur. Buna görə də kollegiya hesab edir ki, bu dəlil də əsassızdır. Beləliklə qeyd edilənlərə və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hazırki mübahisə üzrə belə nəticəyə gəlir ki, iddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar müdaxilə baş versə də, bu zaman qanunvericiliyin tələblərinə riayət edilməmiş, alınmış sahənin əvəzində hal-hazıradək ədalətli kompensasiya ödənilməmişdir. Odur ki, iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(118)-23/2021 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin tikinti altına düşən 0.0275 ha hissəsinə görə 16537.80 (on altı min beş yüz otuz yeddi manat səksən qəpik) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-389/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-389/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver