Məhkəmə qərarları › İş №2-1(105)-389/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-389/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-389/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı Səttar oğlunun iştirakı ilə, İddiaçı Səttar oğlunun cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin L-3-070 nömrəli xx.xx.2022-ci il tarixli imtinası (hərəkətsizliyi) əsassız hesab edilməklə ehtiyyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi (ehtiyata buraxıldığı tarixdən hesablanmaqla) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1771/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1771/2023 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı Səttar oğlunun ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi (ehtiyata buraxıldığı tarixdən hesablanmaqla) öhdəliyinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qərarın nəticə hissəsində tarixlə bağlı hissəsinə izah verilməsinə zərurət yarandığından müvafiq izah verilməsinin təmin edilməsi xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1771/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1771/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı Səttar oğluna mənzillə təmin olunana qədər kirayə haqqının 15 noyabr 2020-ci il tarixdən ödənilməli olmasının nəzərə alınması qərara alınmışdır. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.1981-ci il təvəllüdlü kapitan İddiaçı xx.xx.1998-cü il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 avqust 2020-ci il 0594 nömrəli əmri ilə Hərbi Xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. xx.xx.2021-ci il tarixdən Sumqayıt şəhər Baş İdarəsində hərbi qeydiyyata alınmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla, seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki,15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli İcra hakimiyyəti başçıları hərbi qulluqçuların mənzil sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddəidən artıq həqiqi hərbi xidmət hərbi, qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən qanun normasına əsasən 156-cı maddənin “j” bəndinə (öz arzusu ilə) əsassən ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçi İddiaçı Səttar oğlu tərəfindən Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətlərə L-1-059 nömrəli 21.10 2021-ci il, L- 1/2-059/2-t/1 nömrəli xx.xx.2021-ci il və L-3-070 nömrəli xx.xx.2022-ci il tarixli imtina cavabları verilmişdir. Beləliklə, İddiaçı Səttar oğlunun hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsinin ehtiyata buraxıldığı tarixdən deyil, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1771 /2023 saylı qərarının verildiyi xx.xx.2023-cü il tarixindən hesablanması mümkün sayılır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Səttar oğlu apellyasiya şikayətinə etiraz edərək, izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizəyə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə cavabdehin ərizəsi müvafiq məhkəmə qərarının nəticə hissəsinə (tarixlə bağlı) izah verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1771/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı Səttar oğluna mənzillə təmin olunana qədər kirayə haqqının 15 noyabr 2020-ci il tarixdən ödənilməli olmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarın nəticə hissəsinin məzmunundan görünür ki, İddiaçı Səttar oğlunun ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi (ehtiyata buraxıldığı tarixdən hesablanmaqla) öhdəliyinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müvafiq hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 223№li Əmri ilə ehtiyata buraxılmışdır. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi məhkəmə qərarının nəticə hissəsində iddiaçıya müvafiq kirayə haqqının ödənilməsinin başlanğıc tarixi kimi məhz “ehtiyata buraxıldığı tarixdən hesbalanmaqla” qeyd etmişdir, iddiaçının ehtiyata buraxıldığı tarix isə xx.xx.2020-ci il tarix olmuşdur. İndiki halda isə birinci insatnsiya məhkəməsi qəbul etdiyi məhkəmə qərarının nəticə hissəsinə “iddiaçıya kirayə haqqının 15 noyabr 2020-ci il tarixdən ödənilməli olmasının nəzərə alınması” kimi izah vermişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi hazırki iş üzrə qəbul etdiyi məhkəmə qərarının məzmununu dəyişməklə, ona izah vermişdir. Bu hal isə yuxarıda istinad edilən prosessual qanunvericilik normalarının tələbinə zidd olmuşdur. Belə ki, prosessual qnaunvericilik normalarının tələbinə əsasən hakim məhkəmə qərarının məzmununu dəyişdirmədən ona izah verməyə haqlıdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi cavabdehin məhkəmə qərarının nəticə hissəsinə izah verilməsi ilə bağlı ərizəsinə baxarkən, yuxarıda qeyd edilmiş prosessual qanunvericilik normalarının tələblərini pozduğundan, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, prosessual qnaunvericilik normalarının tələblərinə riayət edilməklə, ərizəyə yenidən baxılmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh şikayətin məzmununda məhkəmə qərardadının ləğv edilməsi ilə yanaşı, kirayə haqqının məhkəmə qərarının verildiyi tarixdən hesablanmasının mümkünlüyünü qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hal birinci instansiya məhkəməsi tərəfindən ərizəyə yenidən baxılması zamanı araşdırılmalı olan hal olduğundan, şikayət qismən-məhkəmə qərardadının ləğv edilməsi hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1771/2023 saylı qərarına izah verilməsinə dair cavabdehin ərizəsinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1771/2023 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1771/2023 saylı qərarına izah verilməsinə dair cavabdehin ərizəsinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar