Məhkəmə qərarları › İş №2-1(105)-39/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-39/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-39/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-267/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar rayonu, Xürəl bələdiyyəsinin 02.10.2017-ci il tarixli, 22a nömrəli qərarı ilə ona ayrılmış 17.50 ha torpaq sahəsini özəlləşdirilərək, dövlət qeydiyyatına alınmasını və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu, Xürəl bələdiyyə ehtiyat fondunun alğı-satqı predmeti olan az yararlı torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 17.50 ha torpaq sahəsinin satılması barədə 02.10.2007-ci il tarixli, 22 a nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsasında Xürəl bələdiyyəsinin torpaqların alğı-satqısına dair 05.10.2007-ci il tarixli akt tərtib olunmuşdur. Xürəl bələdiyyəsindən ona ayrılmış torpaq sahəsinə dair qərar qəbul edilərkən, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qurumlardan rəylər alınmşıdır. 17.50 ha torpaq sahəsini 9800 manat məbləğində pul ödəməklə Qusar rayonu, Xürəl bələdiyyəsindən almışdır. Torpaq sahəsi yerində ölçülərək ona təhvil verilmiş, o torpaq sahəsində texniki işlər görmüş və torpağın təyinatı üzrə istifadəsi üçün ona qulluq göstərmişdir. Hal-hazırda torpaq sahəsini özəlləşdirərək, dövlət qeydiyyatından keçirmək istəyir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması üçün müraciət etsə də, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25.10.2019cu il tarixli məktubunda bildirilmişdir ki, Qusar rayonu, Xürəl bələdiyyəsinin 02.10.2007-ci il tarixli 22 a saylı qərarı ilə sahibkarlıq məqsədi ilə satılmış 17.50 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinə əsasən, bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanunun 11.1 və 15-ci maddələrini əsas göstərək imtina etmişdilər. Hesab edir ki, verilmiş cavab qanunsuz və əsasızdır. Buna görə də mülkiyyət hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-267/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Qusar rayonu Avaran bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Qusar rayonu, Xürəl kəndi ərazisində yerləşən 17.50 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın hazırlanmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 25.10.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə 25.10.2019-cu il tarixli **********39 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Qusar rayonu, Xürəl bələdiyyəsinin 02.10.2007-ci il tarixli 22a saylı qərarı ilə sahibkarlıq məqsədilə satılmış 17.50 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sahibkarlıq kimi məqsədli istifadəsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən İddiaçı ərizəsinin icrasından əsaslı olaraq imtina olunmuşdur. İddia predmeti olan Qusar rayonu, Xürəl bələdiyyəsinin 02.10.2007-ci il tarixli 22a saylı qərarı ilə sahibkarlıq məqsədilə satılmış 17,50 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. İşə apellyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin təyinatının hansı əsasla müəyyən edilməsi bəlli deyil, çünki torpaq sahəsi bələdiyyənin mülkiyyətində olub. Kənd Təsərrüfatı Nazirliyi yalnız öz balansında olan torpaq sahələrinin təyinatını müəyyən edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs Qusar rayonu Avaran bələdiyyəsinin sədri X1 izahatında bildirmişdir ki, vətəndaş İddiaçı satılmış 17,50 ha torpaq sahəsinə dair qərar qəbul edilənədək torpaq sahəsinə baxış keçirilmiş, həmin torpağın kənd təsərrüfatına yararlı olmadığı müəyyən edilmiş və həmin sahənin uzun müddət istifadəsiz qaldığı məlum olmuşdur. Beləliklə, vətəndaş İddiaçı satılmış 17,50 ha torpaq sahəsinin kateqoriyasının kənd təsərrüfatı təyinatlı olmadığı müəyyən edilmiş, bu səbəbdən torpaq sahəsinin sahibkarlıq məqsədilə istifadə edilməsi üçün İddiaçı satılması məqsədə uyğun hesab edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Hazırki işin hallarından görünür ki, Xürəl bələdiyyəsinin 02.10.2007- ci il tarixli 22a saylı qərarı və 05.10.2007-ci il tarixli, 358 nömrəli torpaqların alğı-satqı müqaviləsinə əsasən Qusar rayonu Xürəl bələdiyyəsi ərazisində yerləşən 17.50 hektar torpaq sahəsi İddiaçı satılmışdır. Həmin torpaq sahəsinin Xürəl bələdiyyəsinin ehtiyat fondunun torpaq sahəsinə aid olmasına dair DT və XK Qusar rayon şöbəsi tərəfindən müvafiq rəy verilmiş və həmin qurumun yerli şöbəsi tərəfindən yerquruluşu planı təsdiq edilmişdir. Qeyd olunan torpaq sahəsinin dəyəri İddiaçı tərəfindən 022819 saylı məxaric qəbzi əsasında ödənilmişdir. İddiaçı 17.50 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh 25.10.2019-cu il tarixli **********39 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin iddiaçının hüququnu qeydə almaqdan imtina əsası və apellyasiya şikayətinin eyni dəlili - torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması və yalnız icarəyə verilə bilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin 01 noyabr 2021-ci il tarixli, C-87 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Qusar rayonu, Xürəl bələdiyyəsinin 02.10.2017-ci il tarixli 22a saylı qərarı və 05.10.2007-ci il tarixli, 358 nömrəli torpaqların alğı-satqı müqaviləsi əsasında Xürəl bələdiyyəsi ərazisində yerləşən, İddiaçı ayrılmış 17.50 hektar torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və həmin torpaq sahəsi kənd təsərrüfatı ehtiyacları üçün az yararlıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü hissəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 və 7.1.2-ci maddələrinə əsasən, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olsa da, kənd təsərrüfatı ehtiyacları üçün az yararlıdır. Yuxarıda sadalanan normalara əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar isə xüsusi mülkiyyətə verilə bilər. Mübahisəli torpaq sahəsi isə kənd təsərrüfatı ehtiyacları üçün az yararlı olduğundan xüsusi mülkiyyətə verilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və imtinasını əsaslandırdığı hallar qanuni əsaslarla iddiaçının əldə etdiyi daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-267/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar