Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-39/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 66 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi (sənəd üzrə 0,0570 ha) faktiki 0,037 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 66 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi (sənəd üzrə 0,0570 ha) faktiki 0,037 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair Sumqayit İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli 2-1(118)- 297/2021saylı qərarından İddiaçı verdiyi apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 66 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi (sənəd üzrə 0.0570 ha) faktiki 0.037 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin 04 avqust 2004-cü il tarixli 1144 saylı sərəncamına əsasən ona fərdi mənzil tikintisi məqsədi ilə 570 kv.metr torpağın satılması üçün bələdiyənin bankdakı **********0 №-li hesabına 570.000 manat məbləğində ödəniş edilmiş və ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Evin mülkiyyət hüququ əsasında ona məxsusluğu qeydiyyat vəsiqəsilə də təsdiqlənir. Hazırda yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasını cavabdehə müraciət etməklə xahiş etmiş olsa da, cavabdeh tərəfindən 10.09.2020-ci il tarixli məktubula imtina edilmişdir.
Cavabdehin etirazları:
3. Cavabdeh İdarə iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, Babayev X1 şəhəri, 24-cü məhəllədə yerləşən 66 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi sənəd üzrə 0.0570 ha, faktiki isə 0.037 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti araşdırılarkən təqdim edilən sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı 0.0570 ha torpaq sahəsi Xırdalan Bələdiyyəsi tərəfindən 04 avqust 2004-cü il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının və rayon icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18, 19, 21 və 22-ci bəndlərinin, həmçinin Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları"nın müddəalarına zidd olaraq bələdiyyə qərarının 04.08.2004-cü il tarixli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, alqı-satqı aktı tərtib edilməmişdir. Halbuki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Göründüyü kimi torpaq sahəsinin rəsmiləşdirilməsi qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən İddiaçı hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsinə etirazlarını bildirməklə 4 saylı Abşeron Ərazi İdarəsinin iş üzrə imtinasının qanuni hesab edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli 2-1(118)-297/2021 saylı qərarı ilə (hakim V.E.Əzizova) İddiaçı iddiasının təmin edilməməsi qərara alınmışdır.
5. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli 2-1(118)-297/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri:
6. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında cavabdehin imtinasında göstərdiyi əsasları sadalamaqla iddianı təmin etməmiş və gəldiyi nəticənin hüquqi əsası kimi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə istinad etmişdir. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsi üzərində yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin həmin hüquqların hansı əsasla qeydə alınmasını məhkəmə araşdırmamışdır. Halbuki, təqdim etdiyi Bələdiyyə qərarı, torpaq şöbəsinin rəyi ilə həmin fərdi yaşayış evi cavabdeh tərəfindən qeydiyyata alınmış, məhkəmə isə buna əhəmiyyət verməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 10, 15-ci, “İnzibati İcraat haqqında” Qanunun 17 və 19-cu maddələrinə, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanının 2-ci hissəsinə əsaslanaraq hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında qeyd etdi ki, apellyasiya şikayətini müdafiə edərək bildirir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır ona görə ki, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, mübahisəli torpaq sahəsi üzərində yerləşən ev 2004-cü ildən atasının adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Yəni, atası Bələdiyyədən satın aldığı torpaq sahəsinə görə 570.000 manat pul ödəmiş, sonradan almış olduqları həmin torpaq sahəsinin 2 sot hissəsini qeyri rəsmi olaraq sataraq əldə etdikləri pul əsasında qalan 370 kv.metr torpaq sahəsində ev tikilib və həmin evə də qeydiyyat vəsiqəsi müvafiq dövlət orqanı tərəfindən verilib. Hazırda evlə torpaq üçün birgə çıxarış istəsələr də, cavabdeh əsassız olaraq imtina edir. Əgər hansısa sənədləşmə işləri bələdiyyə və ya digər orqanlar tərəfindən düzgün aparılmayıbsa onların nə günahı ola bilər? Bütün bu hallar məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. İşə apellyasiya məhkəməsində baxılan zaman onlar tərəfindən bələdiyyəyə müraciət olunaraq alqı-satqı aktının verilməsi istənilsə də, Bələdiyyənin məhkəməyə təqdim etdiyi sənədlərindən də görünür ki, artıq belə bir aktın tərtib edilməsi tələb olunmur. Torpağa görə bələdiyyəyə pul tam şəkildə ödənilmiş, həmçinin bu günə qədər də torpaq və əmlak vergisi üzrə borclarının olmaması barədə bələdiyyə arayışı da məhkəməyə təqdim edildiyindən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul xahiş edirlər.
9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 izahatında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya şikayəti ona görə əsassızdır ki, iddiaçı tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlərin araşdırılması zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən torpaq sahəsi sənəd üzrə 0.0570 ha, faktiki olaraq isə 0.037 ha təşkil etdiyi və torpaq sahəsinə dair təqdim edilən sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı 0.0570 ha torpaq sahəsi Xırdalan Bələdiyyəsi tərəfindən 04 avqust 2004cü il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının və rayon icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Ev iddiaçının mülkiyyətində olmaqla torpaq sahəsi iddiaçının istifadəsində olsa da, torpaq sahəsinə dair alqı-satqı aktı və rayon icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi alınmamışdır. Göründüyü kimi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.
10. Cavabdeh İdarənin növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
19. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
20. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
21. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
22. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
27. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
29. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
30. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-). Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
33. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-); hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; (-). 34.Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-); 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; (-). Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. (-). 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiyada).
35. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: (-). İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. (-).
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədiləhərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. (-). İV. Torpaqayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi
18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. (-).
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. (-).
36. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanı: (-).
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 5.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
37. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 saylı Fərmanı: (-).
2. Müəyyən edilsin ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər; həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) həyata keçirir; həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər; (-).
38. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hazırkı qərarın 12-25-cı bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin olunmalıdır.
40. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-2-ci bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 4-cü bəndində şərh edilən nəticəyə gəlinmişdir.
41. Məhkəmə kollegiyası iddiaçının hazırki qərarın 6-cı bəndində qeyd edilən apellyasiya şikayətinin dəlillərinə və iddiaçı tərəfin məhkəmədəki ifadələrinə, o cümlədən cavabdeh tərəfin hazırkı qərarın 3-cü bənddəki etirazında, 9-cu bənddəki izahatında göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, hazırki qərarın 33-34-cü bəndlərində istinad edilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçıya 04.08.2004-cü il tarixli Bələdiyyənin qərarı əsasında satılan torpaq sahəsinin ayrılmasına görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 02.08.2004-cü il tarixli 520 saylı rəyini, iddiaçı tərəfindən torpağın alqı-satqısı ilə əlaqədar ödəmiş olduğu 570.000 manat məbləğə dair kassa mədaxil qəbzini, 570 kv.metr torpaq sahəsinin ayrılmasına dair Bələdiyyə qərarını, mübahisələndirilən torpaq sahəsində yerləşən evin qeydiyyat vəsiqəsini, texniki pasport cavabdeh İdarəyə təqdim edilmiş olsa da, iddiaçıya müraciətilə bağlı 10.09.2020-ci il tarixində imtina məktubu verilmiş və imtinanın əsası kimi 04.08.2004cü il tarixində Bələdiyyənin qərarı ilə ayrılan torpaq sahəsilə bağlı rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin alınmaması, həmçinin alqı-satqı aktının tərtib edilməməsi göstərilmişdir.
42. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Xırdalan qəsəbəsi, 24-cü məhəllədə yerləşən qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan 66 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0,037 ha torpaq sahəsinin üzərində vahid çıxarış verilməklə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdehin mövqeyinə görə iddiaçıya bələdiyyə qərarına əsasən 04.08.2004-cü ildə torpaq sahəsinin ayrılmasına baxmayaraq memarlıq xidmətinin rəyi alınmamış, alqı-satqı aktı bağlanmamışdır.
43. İşin mübahisə olunmayan hallarına əsasən Xırdalan Bələdiyyəsinin 04.08.2004cü il tarixli qərarı ilə iddiaçıya Xırdalan qəsəbəsində fərdi yaşayış evi tikmək məqsədi ilə 570 kv.metr torpaq sahəsi ayrılmış, iddiaçı bələdiyyənin hesabına 570000 manat ödəmişdir. Həmçinin, Azərbaycan Respublikası DT və XK-nin Abşeron rayon şöbəsi 02.08.2004-cü il tarixdə fərdi yaşayış evi tikmək üçün Xırdalan qəsəbəsində iddiaçıya 570 kv.metr torpaq sahəsinin satılmasına etiraz etmədiyi barədə rəy vermişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi iddiaçıya fərdi yaşayış evinin inşa edilməsi üçün ayrıldığından hazırkı qərarın 34-cü bəndində istinad edilən qanunun 6.5-ci maddəsinə görə həm Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin, həm də Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyinin alınması şərt idi. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi fərdi ev tikmək üçün iddiaçıya 570 kv.mert torpaq sahəsinin Xırdalan Bələdiyyəsi tərəfindən alqı-satqı qaydasında sənədləşdirilməsinə etiraz etmədiyi barədə 02 avqust 2004-cü il tarixdə rəy vermiş, lakin Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyi təqdim edilməmiş, həmçinin alqı-satqı aktı bağlanmamışdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən memarlıq xidmətinin rəyi alınmasa da, hazırda qüvvədə olan və hazırkı qərarın 35-37-ci bəndlərində sadalanan normalara görə fərdi yaşayış evinin inşa edilməsi üçün ayrılan torpaq sahəsi ilə bağlı memarlıq xidmətinin rəy vermək səlahiyyəti yenə də mövcuddur.
46. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, plan və ölçünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən görülməli işlər bələdiyyə torpağının ayrılması prosesinin tərkib hissəsi olan bir prosesdir və müstəsna olaraq bələdiyyənin özü tərəfindən məcburi qaydada həyata keçirilməlidir.
47. Lakin, o da qeyd edilməlidir ki, fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi rəy vermiş, bələdiyyə isə torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olub-olmamasını müəyyən etmək, həmçinin alqı-satqı aktının bağlanması isə, iddiaçının səlahiyyətinə aid olmadığından, belə sənədlərin mövcud olmaması və iddiaçıdan tələb edilməsi düzgün olmazdı.
48. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən 2004-cü ildə bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinə dair müvafiq memarlıq rəyinin və alqısatqı ilə bağlı prosedurlar qanunvericiliyə uyğun həyata keçirilməyərək natamam qalması, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə riayət olunmaması, qeydiyyat üçün lazım olan sənədlərin tam təqdim edilməməsi, bu hallara görə cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinasının qanuni olması barədə mövqeyi ilə razılaşıla bilməz ona görə ki, hazırki qərarın 38-ci bəndində istinad edilən qanun normalarının tələbləri baxımından inzibati orqanın inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh İdarə iddiaçıya Bələdiyyə tərəfindən satılan torpağın qeydə alınmasına imtinasını həm də alqı-satqı aktının olmaması ilə şərtləndirməsi özü-özlüyündə hazırki qərarın 43-cü bəndində şərh olunan rəsmi sənədləri şübhə altına alır ki, bu da qeyd edildiyi kimi qanunla qadağandır.
49. Digər tərəfdən torpağın alqı-satqısının mövcudluğu işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyi halda, cavabdeh imtinasında memarlıq xidmətinin rəyinin alınmamasını, həm də, alqı-satqı aparılmasına dair aktın tərtib edilməməsini göstərməklə formal mülahizələrə əsasən iddianın təmin edilməməsini xahiş etmiş olsa da, mübahisə predmeti olan torpaq sahəsinin yaşayış evi tikilməsi üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçı tərəfindən torpağın dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu hazırkı qərarın 31-33-cü bəndlərində istinad edilən normaların tələbləri ilə uzlaşmır.
50. Kollegiya hesab edir ki, torpağa dair alqı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alqı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən bələdiyyənin hesabına 570000 manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir. Digər tərəfdən hazırki qərarda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları, o cümlədən “Hüquqların dövlət qeydiyyatına alınmasına hansı hallarda imtina edilə bilinməsini” özündə ehtiva edən 15.1ci maddəsinin tələblərində göstərilən halların heç biri iddiaçının müraciətinin rədd edilməsi üçün cavabdeh tərəfin mövqeyi ilə uzlaşmadığından iddia tələbinin rədd edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz.
51. Belə bir mövqe Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin qərarlarında da öz əksini tapır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 noyabr 2021-ci il tarixli qərarında vurğulamışdır ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad edilən qərarında o da, vurğulanır ki, “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)...”.
53. Beləliklə, məhkəmə qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bu baxımdan apellyasiya şikayətinin təmin edilməməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixil 2-1(118)-297/2021 saylı qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddiaçının tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli 2-1(118)-297/2021saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri 24-cü məhəllədə yerləşən 66 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi faktiki 0,037 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi təmin olunsun. İddiaçı Abşeron rayon Xırdalan bələdiyyəsinin 04 avqust 2004-cü il tarixli 1144 saylı sərəncamına əsasən Xırdalan qəsəbəsi 24-cü məhəllədə fərdi ev tikintisi üçün ayrılmış və hazırda mülkiyyətində olan qeydiyyat vəsiqəsinə əsasən 66 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi, istifadəsində olan 0,037 ha torpaq sahəsinin üzərində vahid çıxarış verilməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsininin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.