Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-39/2023 24.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı 1970-1971-ci illərdə təhsil aldığı, 1971-1973-cü illərdə Qusar rayon General Əbilov adına sovxozda işlədiyi və 2021-ci ilin yanvar-iyul aylarını əhatə edən dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)-328/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı cavabdeh inzibati orqana ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir.
2. İddiaçıya ünvanlanan 06 avqust 2021-ci il tarixli, **********5 nömrəli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyasına hüququ vardır. Bu Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu ilin 1 yanvar tarixdən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda (məbləğindən və sığorta stajından asılı olmayaraq) onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanaraq həyata keçirilir. Odur ki, onun şöbəyə təqdim etdiyi sənədlərə əsasən qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilə kimi pensiya kapitalı olmadığı müəyyən edilmişdir. Bunu nəzərə alıb şöbənin pensiya təyin edən komissiyasının 112 saylı qərarı ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı regional ərazi filialının 06 avqust 2021-ci il tarixli **********5 saylı qərarının qanunsuz və əsassız sayılması, xx.xx.1978-ci il tarixdə tərtib edilmiş əmək kitabçasında göstərilən 1973-1998-ci illər, 920 saylı attestatda göstərilən 1970-1971-ci illər və 2021-ci ilin 01 yanvar tarixindən 01 iyul tarixə kimi olan dövrün sosial sığorta stajına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı regional ərazi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək 1970-1971-ci illərdə təhsil aldığı, 1971-1973-cü illərdə Qusar rayon General Əbilov adına sovxozda işlədiyi və 2021-ci ilin yanvar-iyul aylarını əhatə edən dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 1956-cı il təvəllüdlüdür. 1970- 1971-ci illərdə Binə qəsəbəsində yerləşən Texniki Peşə məktəbində təhsil almış, 1971-ci ildən 20 noyabr 1975-ci ilə kimi Qusar rayonu “General Əbilov” sovxozunda traktorçu işləmişdir. 1975-1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1977-1978-ci illərdə həmin sovxozda traktorçu, 1978-1979-cu illərdə “Kazanximstroy” CMY-3 trestində, 1980-1998-ci illərdə yenidən “General Əbilov” sovxozunda traktorçu işləmişdir. Göstərilən iş stajı onun adına tərtib edilmiş əmək kitabçasında əks olunmuşdur, əmək kitabçasına əsasən iş stajı 24 il 2 ay təşkil edir. 01 yanvar 2021-ci ildən 01 iyul 2021-ci il tarixə kimi torpaq mülkiyyətçisi olmaqla ********** saylı VÖEN üzrə sosial sığorta haqları ödənilmişdir. Bu xüsusat 3 saylı Ərazi Vergilər İdarəsinin 25 avqust 2021-ci il tarixli **********649200 saylı arayışı ilə təsdiqlənir. 2021-ci ilin avqust ayında müvafiq sənədləri təqdim etməklə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh 06 avqust 2021ci il tarixli **********5 saylı məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.
6. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh orqana ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Vətəndaşa ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, onun sosial sığorta stajı 23 il 9 ay təşkil edir. Belə ki, iddiaçının 15 yaşı tamam olmadığından xx.xx.1970-xx.xx.1971 dövr üzrə təhsil müddəti sosial sığorta stajına daxil edilməmişdir. xx.xx.2021-xx.xx.2021 dövr üzrə isə torpaq mülkiyyətçisi kimi məcburi dövlət sosial sığorta haqları ödədiyini iddia etsə də, inzibati icraat aparılarkən bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)-328/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia qismən təmin edilərək, İddiaçı 1972-ci ilin iyul-sentyabr aylarında Qusar rayonu General Əbilov sovxozunda işlədiyi və 2021-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı təyinatlı torpağa görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını ödədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF-nin 2 saylı regional ərazi filialının üzrəniə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
8. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı ona yaşa görə əmək pensiyası təyinatına imkan verən yaş həddinə xx.xx.2021-ci il tarixdə (65 yaş) çatmışdır. O, 26.07 2021-ci il tarixli ərizəsi ilə cavabdeh orqana ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi sığorta stajı 23 il 09 ay təşkil edir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki, iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 23 il 09 ay təşkil edir. Mübahisələndirilməyən dövrlər: xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Qusar rayonu general Əbilov adına sovxozda traktorçu vəzifəsində işlədiyi müddət; xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət müddəti; xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Qusar rayonu general Əbilov adına sovxozda traktorçu vəzifəsində işlədiyi müddət; xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək "Kazanximstroy" CMY-3 trestində işlədiyi müddət; xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Qusar rayonu general Əbilov adına sovxozda traktorçu vəzifəsində işlədiyi müddət. Mübahisələndirilən dövrlər: 1972-ci ilin iyul-sentyabr aylarında Qusar rayonu general Əbilov adına sovxozda traktorçu vəzifəsində işlədiyi müddət; 2021ci il yanvar-iyul ayları ərzində iddiaçının sosial sığorta haqqı ödədiyi iddia olunan müddət. İddiaçı 1971-1973-cü illərdə Qusar rayonu General Əbilov adına sovxozda işlədiyini iddia edir, həmçinin iddia ilə bağlı iddia tələbini dəqiqləşdirərək müvafiq dövrün sosial sığorta stajına daxil edilməsini tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1972-1973-cü illərdə il ərzində 3 ay əmək haqqı almışdır. Lakin bu dövrlər barədə iddiaçının müvafiq əmək kitabçasında qeyd mövcud deyil və müvafiq dövrləri təsdiqləyən heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi üzrə 1972-ci il iyul-avqust aylarında Qusar rayonu General Əbilov adına sovxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi qanuna zidd və əsassızdır. İddiaçının cavabdeh orqana müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınan iş stajı üçün tələb olunan sənədlər içərisində arxiv arayışı yoxdur. Belə ki, müvafiq məlumatların əldə edilməsi üçün müəyyən edilən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci illəri əhatə edən dövr üzrə torpaq mülkiyyətçisi kimi məcburi dövlət sosial sığorta haqları ödədiyini iddia etsə də, inzibati icraat aparılarkən bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi üzrə 2021-ci il yanvar-iyul ayları ərzində torpaq mülkiyyətçisi kimi məcburi dövlət sosial sığorta haqları ödədiyi dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci iiə kimi pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsini qanuna zidd və əsassız hesab edirlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası:
Maddə 149. Normativ hüquqi aktlar Vİ. mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri
63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti...
Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun:
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
19. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması.
20. Hazırkı işin hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir.
21. İddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür.
22. НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
23. İddiaçının adına açılmış xx.xx.1978-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Qusar rayonu General Əbilov sovxozunda, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Kazanximstroy”trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində işləmişdir.
24. Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 33 nömrəli xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, 1992-ci il (dekabr ayı istisna olmaqla), 1993-cü il (may ayı istisna olmaqla), 1994-cü il (sentyabr ayı istisna olmaqla), 1995-ci il, 1996-cı il (dekabr ayı istinsa olmaqla) və 1997-ci ildə (noyabr ayı istisna olmaqla) Qusar rayon General Əbilov adına sovxozda işləmiş və əmək haqqı almışdır.
25. Qusar rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixli 95 saylı əmrlə Qusar rayonu “Şəfəq” sovxozuna mövsümi fəhlə, xx.xx.1973-cü il tarixli 165 saylı əmrlə daimi fəhlə işinə qəbul edilmiş və xx.xx.1975-ci il tarixli 198 saylı əmrlə işdən azad edilmişdir. Arayışda məlumat üçün qeyd edilmişdir ki, “Şafak” sovxozu rayon arxivində saxlanılan keçmiş General Əbilov sovxozun 1960-cı illərdən olan əmrlər kitablarından görünür ki, əvvəllər sovxoz meyvəçilik adını daşımış, əmrlər kitabın 14 yanvar 1967-ci il tarixli 18 nömrəli əmrdən başlayaraq sovxoz “Şafak” adı ilə göstərilmiş, 11 yanvar 1973-cü il tarixli 10 nömrəli əmr daxil olmaqla növbəti əmrlərin hamısında və sovxoz öz fəaliyyətini dayandırana qədər General Əbilov adına sovxozu kimi qeyd edilmişdir.
26. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 23 il 09 ay sosial sığorta stajının olması mübahisələndirilmir.
27. Mübahisələndirilməyən dövrlərə iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Qusar rayonu general Əbilov adına sovxozda traktorçu vəzifəsində işlədiyi müddət, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət müddəti, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Qusar rayonu general Əbilov adına sovxozda traktorçu vəzifəsində işlədiyi müddət, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək "Kazanximstroy" CMY-3 trestində işlədiyi müddət, xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Qusar rayonu general Əbilov adına sovxozda traktorçu vəzifəsində işlədiyi müddət daxildir.
28. Mübahisələndirilən dövrlərə isə iddiaçının 1972-ci ilin iyul-sentyabr aylarında Qusar rayonu general Əbilov adına sovxozda traktorçu vəzifəsində işlədiyi müddət və 2021-ci il yanvar-iyul ayları ərzində iddiaçının sosial sığorta haqqı ödədiyi müddət daxildir.
29. İddiaçının 1972-ci ilin iyul-sentyabr aylarında Qusar rayonu General Əbilov adına sovxozda traktorçu vəzifəsində işlədiyi müddətlə bağlı qeyd olunur ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qeyd edilən dövrdə həmin sovxozda işləməsi və əmək haqqı alması arxiv arayışı ilə təsdiqini tapır.
30. Qeyd edilən dövrün əmək kitabçasında əks olunmaması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
31. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
32. Yuxarıda qeyd olunan normalara əsasən müəyyən olunur ki, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri təqdim etmişdir.
33. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.
34. 2021-ci il yanvar-iyul ayları ərzində iddiaçının sosial sığorta haqqı ödədiyi müddətlə bağlı məhkəmə kollegiyası müvafiq inzibati orqana sorğular vermiş, İddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2021-ci ilin yanvar-iyun aylarında qüvvədə olmuş qanunvericiliyə uyğun qaydada (müvafiq dövr üzrə müəyyən olunmuş minimum əmək haqqı nəzərə alınmaqla) hansı məbləğlərdə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və pensiya işində olan qəbzlər əsasında həmin vaxtda İddiaçı tərəfindən hansı məbləğdə ödənilməsi barədə ətraflı məlumatın (arayışın) məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.
35. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 18 aprel 2023-cü il tarixli, 3-17-1/2-84255/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, “DOST X1” MMC tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqlarının ödənilməsi haqqında qəbz” əldə etməklə məcburi dövlət sosial sığorta ödənişlərini həyata keçirən sığortaedən İddiaçı tərəfindən 2021-ci ilin yanvar-iyun ayları ərzində aylıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ötürülən məlumatlar əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsisteminin “Sabit qəbz” altbölməsinə inteqrasiya edilərək sığortaolunan İddiaçı fərdi şəxsi hesabında əks olunması təmin edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsilə bağlı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair mədaxil qəbzləri üzrə ödənilmiş vəsaitlər onun sığorta stajının hesablanması zamanı nəzərə alınmalı olduğundan, cavabdehin 2021-ci il yanvar-iyul ayları ərzində iddiaçının sosial sığorta haqqı ödədiyi müddəti nəzərə almaması əsassız hesab edilir.
37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona yaşa görə pensiya təyini üçün zəruri yaş həddinə çatdığından və 25 ildən artıq sosial sığorta stajına malik olduğundan, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, işə baxan birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(118)-328/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.