Məhkəmə qərarları › İş №2-1(105)-390/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-390/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-390/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin 2 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin 2 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(118)-324/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxx 1959-cu ildə Quba rayonu, Çartəpə kəndində anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır.

2. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə qanunla tələb olunan 25 il sığorta stajı olmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş, bu barədə xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya məlumat verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun 1976-1991-ci ilədək Quba rayon 1№li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi, 25 yanvar 1991-ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və X5 X2 rayonu Komitəsində işlədiyi dövrlər sığorta stajı saymaqla yaşa görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1959-cu ildə anadan olmuş, 1976-ci ildən əmək fəaliyyətinə başlamışdır. 1976-1991-ci illərdə Quba rayon1№-likonserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofırmasında işləmişdir. Daha sonra xx.xx.1991-ci ildən xx.xx.2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayəsi işçiləri X4 rayonu Komitəsində işləmişdir. İşlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. 62 yaşı tamam olduğu üçün pensiya təyin edilməsi müraciət etmiş, xx.xx.2021-ci il tarixli arayışına əsasən 25 illik sığorta stajı olmadığına görə 25 yanvar 1991-ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayəsi işçiləri X4 rayonu Komitəsində işlədiyi dövrdə qeyd edilən illəri sığorta stajı kimi təyin etmək mümkün olmamışdır.İddiaçı göstərir ki, qeyd edilən dövrlərdə Kənd Təsərrüfatı və Qida Sənayəsi işçiləri X4 rayonu Komitəsində işlədiyi müddət ərzində əmək haqqı almış, əmək kitabçasında qeyd edilmiş və əmək haqqı alması ilə bağlı bank kitabçası verilmiş, orada əmək haqqı alması qeyd edilmişdir. Cavabdeh işlədiyi dövrü sığorta stajı kimi hesablanmayaraq, əmək pensiyası təyin etmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşlədiyini təsdiq edən əmək kitabçasında qeydlər və bank kitabçası vardır. İşlədiyi bütün dövlərin əmək haqqı alması ilə bağlı arayışların olmaması onun günahı deyildir. Belə ki, o, işçi olmuşdur. Ona əmək haqqı verilmiş, onun mühasibatlıqda işlənib-işlənilməməsinə görə heç bir təqsiri yoxdur.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

6. Cavabdeh iddia tələbinə etirazda Fondun 2 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli imtina məktubuna istinad etməklə göstərir ki, ərizəçinin müraciət etdiyi sənədlərə baxılmış və tələb olunan 25 il sosial sığorta stajına malik olmadığı müəyyən olunmuşdur. Belə ki, iddiaçı 1976-1991 və 1991-2006-ci illər ərzində əmək fəaliyyəti ilə məşğul olduğunu və həmin dövrlərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ yaranan vaxt tələb edilən pensiya kapitalı 28800 manat, malik olduğu pensiya kapitalı isə 10160.85 manatdır. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı 1976-1991ci illər ərzində Quba rayon 1 nömrəli konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi iddia edir. Həmin dövrlərin təsdiqi ilə bağlı arxiv arayışları təqdim edilmişdir. Əmək haqqı ilə bağlı təqdim edilən xx.xx.2021-ci il tarixli 576 nömrəli arxiv arayışına əsasən 1976-ci ilin sentyabr ayında adı Naibə, oktyabr və noyabr aylarında adı N, 1977-ci ilin yanvar ayında isə Nasib kimi yazılmışdır. Həmçinin, həmin arxiv arayışında ümumilikdə 43 ay olmaqla əmək haqqı xanası boş buraxılmışdır. Bu əsaslar həmin arxiv arayışının mötəbərliyinə şübhə yaradır. İddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2006-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi Kənd Təsərrüfatı və X5 X4 rayon Komitəsinin sənədlərinin araşdırılması mümkün olmamışdır. Belə ki, həmin müəssisə hazırda fəaliyyət göstərmir və X7 fililalı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 830 nömrəli arayışa əsasən komitənin heç bir sənədi arxivə təhvil verilməmişdir. Həmçinin, Komitə ilə bağlı tərəflərindən xx.xx.2022-ci il tarixli **********7 nömrəli sorğu ilə Azərbaycan Respubliaksının Dövlət Statistika Komitəsinə müraciət edilmişdir. Sorğuya cavab olaraq təqdim edilən xx.xx.2022-ci il tarixli 01/3-191 nömrəli məktuba əsasən “Kənd Təsərrüfatı və X5 X2 rayonu Komitəsi” xx.xx.1997-ci il tarixində statistik vahidlərin dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin dövrün mübahisəli olmasının digər əsası isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi ilə bağlıdır. 2006-ci il 1 yanvar tarixindən etibarən ödənilən məcburi dövlət sosial sığorta haqları elektron sistem vasitəsilə qeydiyyata alınır və vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanır. İddiaçı ilə bağlı Komitə tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bu hal 2006-ci il 1 yanvar tarixindən əvvəlki dövr ərzində də ödənişlərin həyata keçirilməsinin mötəbərliyini şübhə altında qoyur. X10 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 11-ci maddəsinə əsasən sığortaolunanın yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən sığortaolunanın hüquqları, sığortaolunanın məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır. Sığortaolunanların vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etməkdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

7. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(118)-324/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı 1976-1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi, 25 yanvar 1991-ci ildən 01 yanvar 2006-cı ilədək Kənd Təsərrüfatı və X5 X2 rayonu Komitəsində işlədiyi dövrlər sığorta stajı saymaqla yaşa görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin 2 saylı Regional Ərazi Filialı üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının həmin dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur. Arxivə məlumatların tam verilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Ona görə də cavabdeh inzibati orqanın həmin arxiv arayışının mötəbər sübut kimi qəbul etməməsi əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, komitənin heç bir sənədinin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İddiaçının işlədiyi illlər əmək kitabçası ilə də öz təsdiqini tapmışdır. Qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının 25 il sığorta stajı yaranmış olur. Bu isə inzibati orqanın imtinasının əsassız olduğunu göstərir.

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılmış və göstərilmişdir ki, 1976-1991-ci illər ərzində Quba rayon 1 nömrəli konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyinə dair arxiv arayışlarındakı ziddiyyətlər, eyni zamanda xx.xx.1991-ci il tarixdən xx.xx.2006-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi Kənd Təsərrüfatı və X5 X4 rayon Komitəsinin sənədlərinin araşdırılması mümkün olmaması və həmin illərdə işlədiyini iddia etsə də 2006-cı il 1 yanvar tarixindən etibarən ödənilən məcburi dövlət sosial sığorta haqlarının elektron system vasitəsi ilə qeydiyyata alınmalı və fərdi hesabının sığorta hissəsində toplanmalı olduğu halda iddiaçının adına heç bir ödənişin həyata keçirilmədiyi 2006-cı il 1 yanvar tarixindən əvvəlki dövr ərzində də ödənişlərin həyata keçirilməsinin mötəbərliyini şübhə altına qoyaraq ümumilikdə onun xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olduğuna şübhə yaradır. Şikayətdə daha sonra göstərilir ki, qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

12. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

15. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;

18. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. Cavabdeh imtinasında iddiaçının tələb olunan 25 illik sığorta stajının olmamasına istinad etmişdir.

26. Cavabdehin imtinası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçının əmək kitabçasında da onun 1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi, 25 yanvar 1991-ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və X5 X2 rayonu Komitəsində işləməsi öz əksini tapmışdır. Eyni zamanda iddiaçının 1976-1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işləməsi Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2021-ci il tarixli 576a saylı arxiv arayışı ilə də öz təsdiqini tapmışdır.

27. Cavabdeh inzibati orqanın etirazında və apellyasiya şikayətində göstərdiyi müvafiq dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, notarial qaydada təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş və əslinə baxış keçirilmiş iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi hər-hansı ciddi şübhə doğurmur (tərtib edildiyi dövr və aparılmış qeydlərin dəqiqliyi, əvvəlcə kiril, 2006-cı ildəki qeydin isə latın əlifbası ilə yazılması və müvafiq dövrlərə uyğun möhürlərlə təsdiq olunması baxımından). Hazırkı qərarın 15-20-ci bəndlərində istinad edilmiş qanunvericiliyin müddəaları, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

28. Hazırkı işdə cavabdeh kifayət qədər mötəbər və ciddi sübutlara əsaslanmaqla əks halı, yəni iddiaçının həmin dövrlərdə Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işləməməsini sübuta yetirə bilməmişdir. Əksinə arxiv arayışı ilə də iddiaçının qeyd edilən dövrlərdə işləməsi öz təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi hal – yəni iddiaçının işlədiyi illərin müəyyən aylarında əmək haqqı alması barədə arxiv məlumatlarının olmaması və digər ziddiyyətlər əmək kitabçasındakı qeydlərin şübhə altına alınması üçün yetərli əsas ola bilməz və arxiv məlumatlarında əmək haqqları ilə bağlı tam məlumatların olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

29. Digər tərəfdən, istər birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Kənd Təsərrüfatı və X5 (Kənd-Qida-İş) Həmkarlar İttifaqının Federasiyasının sədr müavini tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli məktubla, istərsə də həmin Federasiyanın Quba Rayon Komitəsinin hazırkı sədri tərəfindən apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla iddiaçının əmək kitabçasında qeyd edilmiş işlədiyi Azərbaycan Kənd Təsərrüfatı və X5 (Kənd-Qida-İş) X2 Rayon Komitəsinin onun işlədiyi müvafiq dövrlərdə və hal-hazırda da mövcud olması öz təsdiqini tapır. Lakin hazırda həmin müəssisədə iddiaçının əmək fəaliyyəti ilə bağlı sənədlərin mövcud olmaması və həmin sənədlərin arxivə təhvil verilməməsi də iddiaçının məsuliyyəti kimi qəbul oluna, onun konstitusion sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyasının tələblərinə əsasən iddiaçıya pensiya təyin etməkdən imtina edən cavabdeh inzibati orqanın iddiaçının əmək kitbaçasındakı müvafiq qeydləri şübhə altına alması kifayət deyildir, cavabdeh inzibati orqan həmin qeydlərin həqiqətə uyğun olmadığını sübuta yetirməlidir.

30. Apellyasiya şikayətinin 2006-cı il 1 yanvar tarixindən etibarən ödənilən məcburi dövlət sosial sığorta haqlarının elektron system vasitəsi ilə qeydiyyata alınmalı və fərdi hesabının sığorta hissəsində toplanmalı olduğu halda iddiaçının adına heç bir ödənişin həyata keçirilməməsinin 2006-cı il 1 yanvar tarixindən əvvəlki dövr ərzində də ödənişlərin həyata keçirilməsinin mötəbərliyinin şübhə altına qoyması barədə dəlilləri ilə də eyni əsaslarla (bu qərarın 28-29-cu bəndləri) razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin müvafiq dəlilinə əsasən iddiaçının iddiasını tam deyil, qismən təmin etməklə 01 yanvar 2006-cı ildən sonrakı işlədiyi dövrləri sosial sığorta stajına daxil etməmiş, iddiaçı həmin qərarı iddiasının təmin edilmədiyi hissədə mübahisələndirməmişdir.

31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(118)-324/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar