Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-392/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X4 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiаçı İddiaçı, onun vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdehin 0748 nömrəli xx xxxxxx 1018-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-967/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdehin 0748 nömrəli xx xxxxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və 3000 manat mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 0748 nömrəli xx xxxxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2009-cu il tarixdən hərbi xidmətə başlamış və xx xxxx 2013-cü il tarixdən zabit kimi fəaliyyət göstərir. İddiaçı, Azərbaycan Respublikasının Müdafiə nazirinin 0748 nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə Hərbi Xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin “e“ bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından tərxis olunmuşdur. Lakin Azərbaycan Respublikasının Müdafiə nazirinin 0748 nömrəli xx.xx.2018-ci il tarixli əmrinin iddiaçıya verilməsi barədə müraciət etməsinə baxmayaraq indiyədək həmin əmr iddiaçıya verilməmişdir. Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi polis mayoru X9 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərara əsasən ********* saylı cinayət işinin istintaq materiallarını nəzərdən keçirib həmin cinayət nəticəsində iddiaçıya fiziki ziyan vurulduğundan kifayət qədər əsaslar olduğu nəzərə alınaraq iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və hüquqları ona izah edilmişdir. Azərbaycan Respublikası 960 saylı Hərbi Hissəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, “baş leytenant İddiaçı xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində bir qrup qəsəbə sakini ilə mübahisə edərək Azərbaycan Ordusunun zabitinə yaraşmayan hərəkətlərinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0748 nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə Hərbi Xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin “e“ bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ordu sıralarından tərxis olunmuşdur”. Lakin iddiaçı müraciət etməsinə baxmayaraq Azərbaycan Respublikasının Müdafiə nazirinin 0748 nömrəli xx.xx.2018-ci il tarixli əmri ona təqdim edilməmişdir. Beləliklə Azərbaycan Respublikasının Müdafiə nazirinin 0748 nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə Hərbi Xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin “e“ bəndinə (xidməti uyğunsuzluğa görə) ordu sıralarından tərxis olunması ücün heç bir əsas yoxdur, çünki baş vermiş hadisə zamanı iddiaçı özü zərərçəkmiş qismində tanınmış və onun hadisədə heç bir təqsiri olmamışdır. Daha sonradan iddiaçı tərəfindən ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edilmiş və ordudan tərxisinin səbəbləri barədə məlumat verilməsi istənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsindən iddiaçıya verilən xx.xx.2019- cu il tarixli 66 saylı cavab məktubunda qeyd edilmişdir ki, baş verən insidentdə iddiaçının təqsiri yoxdur. Həmin iş üzrə iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış, bu da iddiaçının Milli Ordu sıralarından tərxisinin qanunsuz və əsassız olduğunu göstərən haldır. Bütün bu qeyd edilənlərdən də görünür ki, iddiaçının işdən azad olunması qanunsuz olduğundan işə məhkəmə qaydasında bərpa olunması zəruridir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-967/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. (hakim Z.Pirverdiyev) Qərardan İddiaçı apelyasiya şikayəti vemişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-727/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-967/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianını təmin olunması, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0748 nömrəli, xx xxxxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin aviasiya bazasının komanda məntəqəsi rəisinin köməkçisi vəzifəsinə bərpa olunması qərara alınmışdır. (sədrlik edən hakim N.Nəsibov) Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1077/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(105)-727/2019 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (sədrlik edən hakim N.Rəsulbəyova) APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idiaçının qeyd edilən mübahisədən əvvəlcədən məlumatı olmamış, mübahisəni görən zaman isə hərbi peşəsinə və vətəndaşlıq borcuna uyğun olaraq onları sakitləşdirməyə və mübahisənin qarşısını almağa ciddi cəhdlə çalışmış, bu məqsədlə öz xalası oğlunu mübahisə yerindən aparmaq məqsədi ilə söhbətlərini dəniz kənarında davam etdirməyi təklif edərək, Ruslanın əlindən tutub aparmaq istəyərkən Ənvər adlı şəxs tərəfindən qəfildən üç bıçaq zərbəsi ilə xəsarətlər almış və aldığı bu ağır xəsarətlərə görə həmin an onun hüquq mühafizə orqanına məlumat vermək imkanı olmamışdır. O, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bundan başqa hərbi hospitalda olarkən İddiaçıla iki dəfə deyil, bir dəfə fərdi söhbət aparılmışdır. Söhbət vərəqələri bir gündə və eyni saatda tərtib edilmiş, o cümlədən, həmin vaxt İddiaçı aldığı xəsarətlərin ağrısından yaza bilmədiyindən söhbət vərəqəsində onun dedikləri söhbət aparan şəxs tərəfindən yazılmışdır. Mübahisələndirilən əmrdən görünür ki, iddiaçı xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lakin xidməti uyğunsuzluğunun nədə ifadə olunduğu, hansı davranışına əsasən xidmətə uyğunsuz hesab edilməsi əsaslandırılmamışdır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı, onun vəkili və nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdilər. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X7 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2018-ci il tarixli 0748 saylı Əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 408-ci Aviasiya bazasının (N saylı hərbi hissə) komanda məntəqəsi rəisinin köməkçisi (avtomatik idarəetmə sistemləri üzrə) baş leytenant iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx xxxxxx 2018-ci il tarixli 74/3-29 saylı təqdimatın surətindən görünür ki, baş leytenant İddiaçı xx.xx.2018-ci il tarixində X13 qəsəbəsi ərazisində qohumunun mülki şəxslərlə mübahisəsi zəmnində bıçaqlanmaya məruz qalaraq 3 bıçaq zərbəsi almışdır. Valideynlərinin müdaxiləsi nəticəsində ilk öncə Sumqayıt şəhərində yerləşən mülki xəstəxanaya, ilkin yardım olunduqdan sonra isə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına yerləşdirilmişdir. "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "e” bəndinə müvafiq olaraq, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün təqdim olunmuşdur. Söhbət vərəqəsinin surətindən görünür ki, iddiaçı ilə 2 dəfə söhbət aparılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Xətai küçəsi ərazisində yerləşən “Qayalı” marketin yaxınlığında X10 üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən cib bıçağı ilə İddiaçı bədəninin müxtəlif nahiyələrinə 3 dəfə bıçaq zərbəsi endirərək sağlamlığa yüngül zərər vurmuş, Babayev Ruslan Rövşən oğlunun bədəninə isə 1 dəfə xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Cinayət məhkəmə icraatında iddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət icraatı zamanı verilən ifadələrdən məlum olur ki, Babayev Ruslan Rövşən oğlu 2018-ci ilin aprel-may aylarında özünün telefon nömrəsi yazılmış kağızı X3 arvadı X8 çatdırması üçün Günayın bacısı Gülərə vermiş, bu barədə Günay öz yoldaşı Sərvərə məlumat verdikdən sonra, Sərvər Ruslana zəng etmiş, Ruslan isə hadisəni boynuna almamışdır. Bundan sonra Ruslan xx.xx.2018-ci il tarixdə axşam saatı radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindəki Qayalı marketdə olarkən Sərvərlə rastlaşaraq sonuncuya “səninlə söhbətim var, bayırda səni gözləyirəm” deyib yanında adam olsun deyə gedib xalası oğlu İddiaçı həmin marketin qarşısına gətirmişdir. Sərvər də qardaşı Ənvərə xəbər verərək onu hadisə yerinə çağırmışdır. Tərəflər arasında baş verən söhbət Ənvərin Ruslan və iddiaçını bıçaqlaması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Həmin Əsasnamənin 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir İşin hallarından müəyyən edilir ki, İddiaçı N nömrəli hərbi hissənin komanda məntəqəsi rəisinin köməkçisi (avtomatlaşdırılmış idarəetmə sistemləri üzrə) vəzifəsində xidmət etmiş, xx.xx.2018-ci il tarixdə qohumunun mülki şəxslərlə mübahisəsi zamanı bıçaq zərbələri almış, münaqişədə iştirak etdiyinə görə N saylı hərbi hissə komandirinin təqdimatı əsasında Müdafiə Nazirinin 0748 saylı xx.xx.2018-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2-ci maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statsuundan irəli gələn vəzifələri daşıyırlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan başqa vəzifələri də yerinə yetirirlər. “Azərbaycan Respublikası Silahlı X5”nə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə əsaslanır. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Həmin Nizamnamənin 3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”nə əsasən hərbi rütbəsi böyük olanlar hərbi rütbəsi kiçik olanlara irad tutmaq hüququna malik olub, onlardan hərbi intizama, ictimai qayda-qanuna riayət etmələrini tələb etmək hüququna malikdirlər. Hər bir hərbi qulluqçu öz hərbi rütbəsinin şərəfini qorumalıdır. İş materiallarından görünür ki, iddiaçı baş verəcək hadisənin qarşısını almağa səy göstərməsinə, Ruslanı öz fikrindən daşındırmağa çalışmasına, mübahisənin qanuni yolla həll edilməsi yolunu ona göstərməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, qeyd olunan hallar cinayət işi ilə bağlı qəbul edilmiş hökmdə də öz əksini tapmamışdır. Halbuki, baş verəcək hadisənin qarşısını almağa çalışmaq iddiaçının xidməti vəzifəsindən irəli gəlir və onun qeyd edilənləri etməyə kifayət qədər vaxtı və imkanı olmuşdur. Belə ki, Ruslan Babayevin hökmdəki ifadəsindən də görünür ki, xalası oğlu İddiaçı marketin qarşısına gətirmiş, Sərvər xeyli müddət keçdikdən sonra ailə üzvləri ilə birgə marketdən çıxmışdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən qeyd edir ki, iddiaçının hərəkətləri ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə borclu olan hərbi qulluqçunun hərəkətlərinə uyğun deyildir. Apelyasiya şikayətinin fərdi söhbətin iki dəfə aparılmaması, iddiaçının mübahisəyə mane olarkən xəsarət alması, söhbət vərəqəsində qeyd edilənlərin nümayəndə tərəfindən doldurulması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı göstərdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İşin hallarından isə müəyyən olunur ki, İddiaçı mübahisənin məğzini bildiyini halda xalası oğlu ilə getmişdir. Söhbət vərəqəsini isə özü imzalamışdır. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılmamışdan 2 ay qabaq xəbərdar edilməli olması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Göründüyü kimi, iddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu zaman fərdi söhbətin buraxılmadan 2 ay qabaq aparılması mütləq xarakter daşımır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-967/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-967/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Telman Məmmədov
Məhkəmə qərarları › İş №2-1(105)-392/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-392/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver