Məhkəmə qərarları › İş №2-1(105)-392/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-392/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-392/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxsin vəkili və nümayəndəsi X10 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “26 sentyabr 2007-ci il tarixli 29 saylı iclasının qərarının ona aid olan hissədə ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2-1(118)-43/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) 27 sentyabr 2019-cu il tarixdə Sumqayıt Bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı məhkəmədə iddia qaldıraraq, Bələdiyyənin 19 aprel 2019-cu il tarixli 4 saylı iclasının 10-cu qərarının ləğv olunması, Sumqayıt Bələdiyyəsi ilə X11 arasında bağlanmış 4Ə-655 reyestr nömrəli 25 aprel 2019cu il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında 26 aprel 2019-cu ildə aparılmış********** saylı qeydiyyatın və həmin qeydiyyatın nəticəsi olaraq X8 adına verilmiş **********55 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 05 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianın predmetinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Sumqayıt Bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli, 29 saylı iclasının qərarının iddiaçıya aid olan hissəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İDDİA TƏLƏBİNİN ƏSASLANDİRİLMASİ Sumqayıt şəhər Bələdiyyəsinin 03.12.2004-cü il tarixli, 145 saylı qərarına və həmin qərara əsasən “Torpağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair” 04 dekabr, 2004cü il tarixdə bağlanmış 48 saylı müqaviləyə əsasən, Sumqayıt şəhəri, Yaşıldərə ərazisində yerləşən 0.12 ha bağ sahəsi iddiaçının icarəsinə verilmişdir. Təxminən 2018-ci ildə adını sonradan bildiyi Seymur Avdilov tərəfindən hasarının uçurulmasını görmüş, ondan kim olmasını və nəyə görə ona məxsus torpaq sahəsinin hasarını uçurmasını soruşduqda, sonuncu bu torpaq sahəsinin Sumqayıt Bələdiyyəsi tərəfindən ona veriləcəyini bildirmişdir. Sumqayıt şəhər Bələdiyyəsindən verilən məlumata görə Torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ Sumqayıt Bələdiyyəsinin 19 aprel 2019-cu il tarixli 4 saylı iclasının 10-cu qərarı ilə Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunmuş Sumqayıt Bələdiyyəsi ilə vətəndaş arasında bağlanmış 4 Ə655 reyestr nömrəli 25 aprel 2019-cu il tarixli alıqı-satqı müqaviləsi əsasında 26.04.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və həmin qeydiyyatın nəticəsi olaraq X8 adına **********55 reyestr nömrəli çıxarış verilmişdir.Bundan başqa Sumqayıt Bələdiyyəsi tərəfindən bildirilmişdir ki, guya Sumqayıt şəhər Bələdiyyəsinin 03.12.2004-cü il tarixli, 145 saylı qərarı qanunvericiliyin tələbinə uyğun olmadığından ləğv edilmişdir. Bələdiyyənin elədiyi hərəkətlər tamamilə qanunsuz və əsassızdır. Belə ki, İcarə haqqında Azərbaycan Respublikası qanununun 4-cü maddəsinə əsasən Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. Cavadeh tərəfindən qeyd olunan torpaq sahəsinə dair X9 hər hansı bir sənədin verilməsi, sənədləşmə işinin aparılması mümkün deyildir. Əgər belə bir sənədləşmə olmuşdursa bu qanunsuz və etibarsızdır. Çünki, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir, iddiaçı oranı abadlaşdırmış, yararlı torpaqla təchiz etmişdir. Cavabdeh iddiaçıya icarə müqaviləsinin birtərəfli qaydada ləğv olunması barədə heç bir xəbərdarlıq etməmiş, bununla bağlı bildiriş göndərməmiş və iddiaçının xəbərim belə olmadan icarə müqaviləsini qanunsuz olaraq birtərəfli qaydada (deməsinə görə) ləğv etmişdir. Halbuki bununla bağlı heç bir sənəd iddiaçıya təqdim olunmamışdır. Bununla da cavabdeh Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü və İcarə haqqında Azərbaycan Respublikasının qanunun 13-cü maddəsinin tələblərini pozmuşdur. CAVABDEHİN İDDİA TƏLƏBİNƏ DAİR ETİRAZİ İddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda, tamamilə əsassız şəkildə Sumqayıt Bələdiyyəsinin üzərində mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş torpaq sahəsi ilə bağlı verdiyi inzibati aktı mübahisələndirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının mübahisələndiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmuş və bələdiyyənin ehtiyat torpaq fondunun torpağı kimi nəzərdə tutulmuşdu .Etiraza əlavə olunaraq məhkəməyə təqdim edilmiş sənədlərin surətindən də görünür ki, üçüncü şəxs X11 13 iyun 2018-ci il tarixdə rəsmi qeydiyyatdan keçmiş ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək ona fərdi ev tikintisi üçün “Yaşıldərə" adlandırılan Sumqayıt şəhərinin cənubunda,“SamurAbşeron” kanalının şimalında yerləşən Yeni yaşayış massivinin 5-ci məhəlləsi ərazisində sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Adı çəkilən ərizə əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt ərazi şöbəsinə müraciət olunaraq müvafiq rəylərin verilməsi xahiş olunmuşdur. Sumqayıt Bələdiyyəsinin müraciətlərinə cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 14 avqust 2018-ci il tarixli,75 saylı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt ərazi şöbəsi tərəfindən 27 dekabr 2018-ci il tarixli, 1736 saylı müvafiq rəylər və torpaq sahəsinin planı(sxemi) hazırlanaraq bələdiyyəyə təqdim olunmuşdur. Həmin sənədlərdə mübahisələndirilən torpaq sahəsinin ölçüsünün 552 kvadrat metr olmaqla Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilməklə 6-cı qiymət zonasında yerləşdiyi, torpaq sahəsinin alqısatqısına etiraz edilmədiyi bildirilmişdir. Bu sənədlər əsasında Sumqayıt Bələdiyyəsinin 09 oktyabr 2018- ci il tarixli, 11 saylı iclasının 17 saylı qərarı qəbul edilərək Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında yerləşən Yeni yaşayış massivinin 5-ci məhəlləsində sahəsi 552 kvadrat metr olan 179 saylı həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün X8 mülkiyyətinə ayrılması haqqında müraciəti məqsədə uyğun hesab edilmişdir. Bundan sonra mübahisələndirilən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 09 aprel 2019-cu il tarixdə Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və bu barədə bələdiyyəyə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" təqdim olunmuşdur. Həmin sənədlər əsasında Sumqayıt Bələdiyyəsinin 19 aprel 2019-cu il tarixli, 04 saylı iclasının 10 saylı qərarı ilə Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında yerləşən Yeni yaşayış massivinin 5-ci məhəlləsində sahəsi 552 kvadrat metr olan 179 saylı həyətyanı torpaq sahəsi X8 mülkiyyətinə verilmiş, həmçinin bələdiyyə ilə X11 arasında 25 aprel 2019-cu il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanılmış və X11 tərəfindən torpağın alqısatqı haqqı olaraq 1264 manat pul məbləği Sumqayıt Bələdiyyəsinin hesabına ödənilmişdir. Bu səbəbdən iddiaçının bələdiyyənin öz mülkiyyətində olan və hər hansı şəxsin hüququ ilə yüklü edilməmiş torpaq sahəsini alqı-satqı qaydasında X4 və bununla da bələdiyyənin öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək hüququnu mübahisələndirməsini tamamilə əsassız və hüquqazidd hesab edirlər. İddiaçının belə bir iddia tələbi ilə çıxış etməsi müvafiq qanunvericilik aktlarının tələbləri ilə ziddiyyət təşkil etməklə yanaşı, torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin həm mülkiyyət hüququnu, həm də inzibati orqan olaraq diskresion səlahiyyətlərini aşkar şəkildə pozur. Həmçinin, bildirir ki, Sumqayıt Bələdiyyəsinin 03 dekabr 2004-cü il tarixli,145 saylı iclasının qərarı ilə “Yaşıl dərə” ərazisində sahəsi 1200 kv. metr olan torpaq sahəsi bağ torpağı kimi İddiaçı mülkiyyətinə deyil, icarəsinə verilmişdir. Eyni zamanda həmin qərar qəbul edilərkən qanunvericiliklə müəyyən edilmiş qaydada Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin rəyləri alınmamışdır. Bu səbəbdən adı çəkilən bələdiyyə qərarı bir sıra digər bələdiyyə qərarları ilə birlikdə sonradan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında Sumqayıt Bələdiyyəsinin özü tərəfindən ləğv edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, “Yaşıl dərə” ərazisində sahəsi 1200 kv. metr olan bağ torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 03 dekabr 2004-cü il tarixli,145 saylı iclasının qərarı ilə Sumqayıt Bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli 29 saylı iclasının qərarı ilə ləğv edilmiş və həmin qərarın doğurduğu hüquqi nəticələrə son verilmişdir. Adı çəkilən qərarın ləğv olunması səbəblərindən biri də qeyd olunan ərazinin təyinatının müəyyən edilməsi və Sumqayıt şəhərinin baş planına bununla bağlı dəyişikliklərin edilməsi olmuşdur. Belə ki, Sumqayıt Bələdiyyəsinin 03 dekabr 2004-cü il tarixli,145 saylı iclasının qərarı qəbul edilərkən həmin ərazinin təyinatı hələ müəyyən edilməmiş, ərazinin müvafiq baş planı hazırlanmamışdı. Torpaq sahələrinin baxımsız vəziyyətdə qalmaması, erroziyaya uğrayaraq bataqlıqlaşmaması üçün Sumqayıt Bələdiyyəsi həmin dövrdə müəyyən olunmuş ənənələrə əsasən torpaq sahələrini bağ sahəsi kimi ayrı-ayrı fiziki şəxslərin icarəsinə verirdi. Lakin 2006-2007-ci illərdə həmin ərazinin məqsədli təyinatı ilə bağlı müvafiq sənədləşmə işləri başa çatdırılmış və ərazinin baş plan hazırlanmışdır. Həmin torpaqayırma sənədlərinə əsasən “Yaşıl dərə” adlandırılan ərazidəki torpaqlar “SamurAbşeron” kanalının şimalında salınacaq Yeni yaşayış massivinə aid edilmiş və hər birinin sahəsi 600 kvadrat metrdən artıq olmamaqla həyətyanı sahələrə bölünərək fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuşdur. Ərazinin təyinatı dəyişdiyindən, həmçinin vaxtı ilə həmin ərazidə bağ torpaq sahəsi kimi torpaqların ayrılması barədə bələdiyyə qərarları verilərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə zidd olaraq müvafiq icra hakimiyyəti orqanlarından rəylər alınmadığından, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında qanunvericiliyə uyğun olmayan şəkildə verilmiş adı çəkilən bələdiyyə qərarları Sumqayıt Bələdiyyəsinin özü tərəfindən ləğv edilmişdir. Belə olan halda hesab edir ki, İddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından və o, torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyindən, onun hal-hazırki iddia tələbləri ilə çıxış etməsinin hüquqi əsasları mövcud deyildir. İddiaçı 2012-ci ildən etibarən torpaq sahəsini qanunsuz olaraq X1, onun torpaqla bağlı hər hansı əlaqəsi də qalmamışdır. Belə ki, iddiaçı X5 cavabdeh X9 qarşı “sökülmüş tikilinin bərpa edilməsi, torpaq sahəsinə kənar müdaxilələrin qadağan olunması tələbinə dair” iddia ərizəsi əsasında Sumqayıt şəhər Məhkəməsinin icraatında olmuş 2(060)- 8716/2018 saylı mülki işin, habelə həmin iş üzrə çıxarılmış məhkəmə qətnaməsindən X8 verdiyi apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(105)-1415/2019 saylı mülki işin araşdırılması zamanı X7 və onun vəkili Vəkil bildirmişlər ki, İddiaçı Sumqayıt Bələdiyyəsinin 03 dekabr 2004-cü il tarixli,145 saylı iclasının qərarı ilə icarəsinə verilmiş “Yaşıl dərə” ərazisində yerləşən sahəsi 1200 kv. metr olan torpaq sahəsini 12000 ABŞ dollarına X2. Bununla bağlı olaraq tərəflər arasında müvafiq sənəd də tərtib olunmuşdur. Belə olan halda aydın olur ki, iddiaçının mübahisələndirilən torpaq sahəsinə hər hansı hüququ və aidiyyəti artıq yoxdur, çünki o, 2012-ci ildə torpağı qanunsuz olaraq X3 torpaqdan faktiki olaraq imtina etmişdir. Hal-hazırki iddia da formal olaraq İddiaçı tərəfindən qaldırılsa da, əslində X5 yuxarıda qeyd olunan X9 qarşı “sökülmüş tikilinin bərpa edilməsi, torpaq sahəsinə kənar müdaxilələrin qadağan olunması tələbinə dair” iddia tələblərinin davamı kimi qəbul olunmalıdır. Bu səbəbdən hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi əsassız və hüquqa zidd olmaqla yanaşı, bu tələb hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN GƏLDİYİ NƏTİCƏ Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2-1(118)-43/2021 saylı qərarı ilə iddia təmin edilərək İddiaçı 0,12 ha torpaq sahəsinin icarəsinə verilməsi haqqında Sumqayıt Bələdiyyəsinin 03.12.2004-cü il tarixli qərarının ləğv edilməsinə dair Sumqayıt Bələdiyyəsinin 26.09.2007-ci il tarixli, 29 nömrəli protokolu ilə təsdiq edilmiş qərarının İddiaçı aid olan hissədə ləğv edilməsi qərara alınmışdır. (hakim C.Məmmədov) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddəti də ötürülmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Halbuki, iddiaçının özünün də iddia ərizəsində göstərdiyi kimi mübahisələndirilən bələdiyyə qərarının qəbul edilməsi barədə iddiaçının vəkilinin sorğusuna verilmiş Sumqayıt Bələdiyyəsinin 03 iyun 2019-cu il tarixli,1843 saylı cavab məktubunda məlumat verilmişdir. Eyni zamanda həmin məlumatlar İddiaçı başqa bir iddia tələbi əsasında Sumqayıt şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-4682/2019 saylı mülki iş üzrə hakim C.Məmmədovun sorğusuna bələdiyyə tərəfindən verilmiş 11 iyun 2019-cu il tarixli, 1882 saylı cavab məktubunda da öz əksini tapmışdır. Göründüyü kimi bələdiyyənin mübahisələndirilən qərarı 2019-cu ilin aprel ayında qəbul olduğu və iddiaçının bu barədə ən azından 2019-cu ilin iyun ayından məlumatı olduğu halda, iddiaçı Sumqayıt Bələdiyyəsinin 19 aprel 2019-cu il tarixli, 04 saylı iclasının 10 saylı qərarını məhkəmə qaydasında yalnız 2019-cu ilin oktyabr ayında mübahisləndirmişdir. Hesab edirlər ki, bununla da iddiaçı inzibati-prosessual qanunvericilikdə müəyyən olunmuş müvafiq iddia müddətini ötürmüşdür. Belə olan halda hesab edirlər ki, İddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından və o, torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyindən, onun hal-hazırki iddia tələbləri ilə çıxış etməsinin hüquqi əsasları mövcud deyildir. Təəssüf ki, məhkəmə işə baxarkən tərəflər arasında olmuş münasibətlərə hüquqi qiymət verilməsində yol verərək qanun normasını səhv təfsir və tətbiq etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 vəkili və nümayəndəsi X13 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının ləğv edilməsi tələb edilən 26 fevral 2007ci il tarixli qərar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin müraciəti əsasında Sumqayıt Bələdiyyəsinin özü tərəfindən ləğv edilmişdir. Qeyd olunan Qərar Sumqayıt Bələdiyyəsi tərəfindən ləğv edildikdən sonra, həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 19 aprel 2019-cu il tarixli qərarı ilə X9 ayrılmış və torpaq sahəsinin üzərində X8 mülkiyyət hüquqları qeydə alınmışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İşdən görünür ki, iddiaçı ilkin olaraq 27.09.2019-cu il tarixdə təqdim etdiyi iddia ərizəsində torpaq sahəsinin X8 mülkiyyətinə veirlməsinə dair Sumqayıt Bələdiyyəsinin 19 aprel 2019-cu il tarixli qərarını və həmin qərardan irəli gələn nəticələri mübahisələndirsə də, 01 il 07 aya yaxın müddət keçdikdən sonra 05 aprel 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddianın predmetini dəyişdirərək, Sumqayıt Bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli, 29 saylı iclasının qərarının iddiaçıya aid olan hissəsinin ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə dəyişdirilmiş iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə baxaraq tələbi təmin etmişdir. Halbuki, iş materiallarından görünür ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 03 dekabr 2004-cü il tarixli, 145 saylı qərarına əsasən, İddiaçı müraciəti nəzərə alınaraq, Sumqayıt şəhər bələdiyyəsi torpaq komissiyasının 3 dekabr 2004-cü il tarixli, 44 saylı protokoluna əsaslanaraq, “Yaşıl dərə” ərazisində 0,12 ha bağ sahəsi iddiaçının icarəsinə verilmiş və tərəflər arasında 04 dekabr 2004-cü il tarixdə bağ sahəsinin 10 il müddətinə icarəyə verilməsinə dair 48 saylı müqavilə bağlanmışdır. Sumqayıt şəhər Bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli, 29 saylı iclas protokolunun qərarı ilə İddiaçı torpaq sahələrinin ayrılması haqqında 03 dekabr 2004-cü il tarixli, 145 saylı iclas protokolunun qərarı ləğv edilmişdir. Qeyd edilən qərarın iddiaçıya nə zaman təqdim edilməsi iş materialları ilə müəyyən edilməsə də, işdən görünür ki, Sumqayıt Bələdiyyəsi iddiaçının vəkili Vəkil sorğusuna cavab olaraq 03 iyun 2019-cu il tarixli məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin müvafiq tövsiyələri əsasında Sumqayıt Bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli, 29 saylı qərarı ilə bələdiyyənin Sumqayıt şəhərinin Yeni yaşayış massivinin (Yaşıldərə) ərazisində torpaq sahələrinin ayrılmasına dair bir sıra qərarları, o cümlədən İddiaçı icarəsinə torpaq sahəsinin ayrılması barədə 03 dekabr 2004-cü il tarixli, 145 saylı qərarı qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilmiş, habelə onun bağlanılmış torpaq icarəsi müqaviləsinin də müddəti 2014-cü ildə başa çatmışdır. Eləcə də, iddia ərizəsinə qoşma sənəd olaraq əlavə edilmiş, Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhər Məhkəməsinin hakimi Ceyhun Məmmədovun sorğusuna cavab olaraq yazılmış 11 iyun 2019-cu il tarixli məktubdan da görünür ki, Sumqayıt Bələdiyyəsi həmin məktubda İddiaçı icarəsinə torpaq sahəsinin ayrılması barədə 03 dekabr 2004-cü il tarixli, 145 saylı qərarın qanunvericiliyin tələblərinə uyğun olmadığından 26 sentyabr 2007ci il tarixli, 29 saylı qərar ilə ləğv edildiyini bildirmişdir. 27.09.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmiş ilkin iddia ərizəsinin məzmununa diqqət yetirildikdə də görünür ki, ərizənin birinci səhifəsində iddiaçı Bələdiyyə tərəfindən onun icarəsinə torpaq sahəsinin ayrılması barədə 03 dekabr 2004-cü il tarixli, 145 saylı qərarın qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edildiyini qeyd etmişdir. Sadalanan hallar ona dəlalət edir ki, artıq ilkin iddia ərizəsi 27.09.2019-cu il tarixdə məhkəməyə təqdim edilərkən, iddiaçı torpağın onun icarəsinə ayrılması barədə qərarın Bələdiyyənin özü tərəfindən 26.09.2007-ci il tarixdə ləğv edildiyini bilmiş, lakin qanunla müəyyənləşdirmiş müddətləri ötürməklə 05.04.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etməklə həmin qərarı mübahisələndirmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın xüsusi mümkünlük şərti olan qanunla müəyyən olunmuş müddət daxilində iddia qaldırmaq şərtinə əməl etməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, iddiaçı İPM-in 24.4-cü maddəsinə də əməl etməmişdir. Belə ki, o, mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdükdən sonra da qanunda nəzərdə tutulmuş bir il ərzində məhkəməyə müraciət etməmiş, bu əsasdan iddiaçının iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququ da aradan qalxmışdır Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını araşdırmadan iddianı mümkün hesab etmiş və mahiyyəti üzrə baxmışdır. Belə olduğu təqdirdə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə qismən razılaşaraq hesab edir ki, hazırki iş üzrə iddiaçı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2-1(118)-43/2021 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar