Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-392/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2893/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi xətti ilə xx.xx.1997-ci il tarixindən hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi ИТ-İ 55217995 nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, əmək pensiyası təyin edildikdən sonra əmək faliyyətini davam etdirərək xx.xx.2007-ci il tarixədək Sumqayıt Üzvi Sintez Zavodunda, xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" ASC-də, xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Sumqayıt Texnologiyalar Parkında işləmişdir, xx.xx.2022-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də işləyir. İddiaçı 13 iyul 2022-ci il tarixli ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət edərək ”Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə müvafiq olaraq işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fərdi hesabında toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan 01 avqust 2022-ci il tarixli, **********4 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ”Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. İddiaçı hazırda əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən ona pensiya təyin olunduqdan sonra işlədiyi dövr üzrə toplanan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Əmək pensiyasının müraciətdə qeyd edilən əsaslarla yenidən hesablanması məsələsinə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra baxıla bilər. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona pensiya təyin edildikdən sonra işləməyə davam edib işləməyən pensiayçı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixədək olan dövr üzrə qazandığı sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanmasının qulluq stajına görə əlavə azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, cavabdeh tərəfindən aparılmış yenidən hesablanma barədə qəbul edilmiş qərarın ləğv edilməsi və işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixədək olan dövr üzrə qazandığı sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanmasının qulluq stajına görə əlavə azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası alır. Ona əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixdə pensiyanın sığorta kapitalı əsasında yenidən hesablanması hüququnu əldə etmişdir. Sonradan əmək fəaliyyətinə davam etməsi 2018-ci ildən yaranmış hüququna xitam vermir. Belə ki, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhdudiyyət yoxdur. İddiaçının aidiyyəti üzrə cavabdehə müraciət edəndə məqsədi sosial sığorta kapitalı əsasında pensiyasının məbləğinin artırılmasına nail olmaq idi. Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir ki, onun barəsində "Əmək pensiyaları haqqında" Qanunun 29.2, 37.3.1.45-ci maddələri tətbiq olunmalıdır. "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən, həmin maddə yalnız “xx.xx.2017-ci ildən etibarən pensiyaya çıxmış şəxslərə” tətbiq olunurdusa, iddiaçı xx.xx.2017-ci ildən əvvəl pensiyaya çıxmışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia tələbinə etiraz edərək iddiaçının müraciəti ilə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ona AR Müdafiə Nazirliyi tərəfindən 08 aprel 1997-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin və İli hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında" Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi dövrlərdə fərdi hesabının sığorta hissəsində xx.xx.2016-cı il tarixədək 11339,57 manat pensiya sığorta kapitalı, 2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində 1995,45 manat sığorta kapitalı, 2018-ci ildən xx.xx.2022-ci il tarixədək isə 10936,22 manat sığorta kapitalı qeydə alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2893/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair qərar ləğv edilmiş və pensiya təyin edildikdən sonra onun fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında, onun yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, daha sonra məhkəməyə apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, iddiaçının fərdi hesabında qeyd olunan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində Mərkəzi Filiala müraciət etdiyi xx.xx.2022-ci il tarixədək toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunmuşdur. Odur ki, hazırda onun fərdi hesabının sığorta hissəsində istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri hüquqi, istərsə də praktiki proqram təminatının imkanları baxımından mümkün deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etmişdir ki, tərəflərindən təqdim edilən apellyasiya şikayətində texniki yanlışlığa yol verilərək iddiaçının fərdi hesabında toplanan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsinin yenidən hesablandığı qeyd edilmişdir. Belə ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edildiyi tarixdən onun fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı istifadə olunmamış və “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilməmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı, həmçinin, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək, işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı əsasında əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasının qulluq stajına görə əlavə azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının müraciəti zamanı qüvvədə olan redaksiyası): Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (-) 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; (-) 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi (-) 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-) 37.3.2. əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir; (-). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək pensiyası yenidən hesablansa da, cavabdeh onun barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsaslanaraq əmək pensiyasına qulluq əlavələrini azaltmışdır. Nəticədə isə yenidən hesablanma nəticəsində onun pensiyası əvvəlkindən də azalmışdır və iddiaçının vəziyyətində hər hansı yaxşılaşma baş verməmişdir. Faktiki olaraq cavabdeh əmək pensiyasının sığorta hissəsini artırsa da, bir o qədər qulluq stajına görə əlavələri azaltmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə qərar əlverişsiz inzibati aktdır və iddiaçının sosial təminatını yaxşılaşdırmağa xidmət etmir. İşə baxan məhkəmə iddianı təmin etsə də, işin faktiki hallarını tam araşdırmamış, həmçinin mübahisəyə aidiyyəti olmayan “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsini tətbiq etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddiaçının tələbi sözügedən Qanunun 37.3.2-ci maddəsinin tələbinə müvafiq olaraq onun əlilliyə görə əmək pensiyasının yenidən hesablanması barədədir, 37.3.1-ci maddə isə yaşa görə əmək pensiyasının yenidən hesablanması məsələsini tənzimləyir. Həmçinin, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı son dəqiqləşmiş tələbinin birinci hissəsində cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsini xahiş etsə də, iş materiallarına qeyd edilən qərarın surəti əlavə edilməmiş, məhkəmə ümumiyytələ həmin qərarın mövcudluğunu araşdırmadan işə mahiyyəti üzrə baxmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının fərdi hesabının sığorta hissəsində cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixədək toplanmış pensiya kapitalının onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunduğunu qeyd etsə də, qərarın əsli və yaxud təsdiq edilmiş surəti məhkəmə kollegiyasına təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi şikayətin qeyd edilən dəlili ilə bağlı isə məhkəmə iclasında izahatında bildirmişdir ki, apellyasiya şikayətində texniki yanlışlığa yol verilərək iddiaçının fərdi hesabında toplanan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsinin yenidən hesablandığı qeyd edilmişdir. Belə ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edildiyi tarixdən onun fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı istifadə olunmamış və “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən, iddiaçı barəsində ümumiyyətlə, əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilməmişdir. Bu baxımdan, kollegiya tərəfindən iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və iddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi hissəsində tələbinin həcmini azaldaraq onun işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı əsasında əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasının qulluq stajına görə əlavə azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin (həcminin azaldılması) iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Bu baxımdan, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının işləməyən pensiyaçı kateqoriyasına keçdiyini iddia etdiyi xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fərdi hesabında toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasından imtinası təşkil edir. Cavabdehin imtina məktubu, etiraz və apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasında olmadığından onun əlilliyə görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. Kollegiya cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə tətbiq edilməli olan norma “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.2-ci və 37.3.2-1-ci maddəsidir. Belə ki, həmin maddə iddiaçının şəxsində əlilliyə görə əmək pensiyası təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanmasının qayda və şərtlərini müəyyən edir. Həmin maddəyə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Qanunun 37.3.2-1-ci maddəsində isə iddiaçının şəxsində 20-ci maddəyə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasının avtomatlaşdırılmış qaydada deyil, həmin şəxslərin və ya onların ailə üzvlərinin müraciəti əsasında həyata keçirildiyi qeyd edilmişdir. Qeyd olunan maddənin tələbindən göründüyü kimi əlilliyə görə pensiya təyin edilmiş şəxsin pensiyası sonuncunun işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına müvafiq olaraq yenidən hesablanır. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.1997-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş, o, həmin vaxtdan sonra əmək fəaliyyətini davam etdirmiş, bir neçə dəfə, xx.xx.2007-ci il, xx.xx.2011-ci il, xx.xx.2016-cı il, xx.xx.2022-ci il tarixlərində işləməyən əmək pensiyaçısı kateqoriyasında olmuş, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə həmin kateqoriyaya keçmiş, daha sonra isə xx.xx.2018-ci il tarixdən bu günə kimi əmək fəaliyyətini yenidən davam etdirmiş və fərdi hesabında pensiya kapitalı toplanmışdır. Bu səbəbdən, iddiaçı məhz sonuncu dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixədək fərdi hesabında toplanmış pensiya kapitalı əsasında pensiyasının yenidən hesablanmasını tələb edir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən dövrlərdə iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, cavabdeh etiraz və şikayətinin dəlillərində qeyd etmişdir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi dövrlərdə fərdi hesabının sığorta hissəsində xx.xx.2016-cı il tarixədək 11339,57 manat pensiya sığorta kapitalı, 2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində 1995,45 manat sığorta kapitalı, 2018-ci ildən xx.xx.2022-ci il tarixədək isə 10936,22 manat sığorta kapitalı qeydə alınmışdır. Göründüyü kimi cavabdeh iddiaçının məhz xx.xx.2018-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasında olduğunu qəbul edərək onun fərdi hesabında müvafiq pensiya kapitalının qeydə alındığını bildirmişdir. Eləcə də, qanunvericilikdə iddiaçının hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirib sonuncu dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi - xx.xx.2018-ci il tarixədək olan dövr üçün belə şəxslərin əmək pensiyasının yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Eyni zamanda, iddiaçı əmək pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələrin məbləğinin azaldılmadan aparılmasını tələb edir. Bununla bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinin məzmunundan da göründüyü kimi normanın tətbiqi üçün iki şərt nəzərdə tutulmuşdur: 1) Şəxsin işləyən əmək pensiyaçısı olması; 2) Əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də bir hal şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi müəyyən olunmuşdur. Hazırki iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən işlədiyi və sonuncu dəfə xx.xx.2018-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasında olduğu müəyyən olunduğundan, kollegiya hesab edir ki, həmin norma iddiaçıya da şamil edilməlidir. Məhkəmə kollegiyası cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyasının yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin azaldılması barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdehin istinad etdiyi həmin norma əlilliyə görə əmək pensiyasının işləməyən pensiyaçı kateqoriyasına keçilən tarixədək olan dövr üzrə toplanan kapital əsasında yenidən hesablanmasını deyil, yalnız pensiyanın sığorta hissəsi indeksləşdirildikdə və ya yenidən hesablandıqda qulluq stajına görə əlavələrin yenidən hesablanması barədə olmaqla, əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslı olmasa da, məhkəmə iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tələbin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim etdiyindən, həmin ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı əsasında əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasının qulluq stajına görə əlavə azaldılmamaqla aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2893/2022 nömrəli nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı əsasında əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasının qulluq stajına görə əlavə azaldılmamaqla aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-392/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-392/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver