Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-392/2024 23.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və ƏDV məbləğinin otuz faiz hissəsinin geri qaytarılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyi 150000 AZN-nin ƏDV məbləğinin 30 faizinin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, xx.xx.2022-ci il tarixli **********032600 saylı “Müraciətə baxılmanın nəticəsi haqqında” məktubla eyni məzmunlu cavabdehin xx.xx.2023-cü il tarixli **********159600 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında Qərar”ın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-917/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2022 tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" ASC İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küç, 460-da yerləşən kompleksdə inşa olunan 25-ci bina, 2-ci blok, 17-ci mərtəbə, 48 nömrəli, 4 otaqlı mənzili satmışdır. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzinin surətindən görünür ki, mənzilin ƏDV daxil 276368 AZN ümumi dəyərinin ƏDV daxil 126368 AZN hissəsi ilkin ödəniş kimi nağd şəkildə ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, mənzilin ƏDV daxil 150000 AZN hissəsi xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya ayrılmış kredit əsasında nağdsız qaydada satıcının bankda olan hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə ödənilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması barədə müraciəti təmin edilməmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022- ci il tarixli, **********44209 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə kassa mədaxil orderi ilə "xxxx" ASC-yə 126368 manat iddiaçı tərəfindən ilkin ödəniş edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə bank vasitəsi ilə mənzilin qalıq dəyəri 150000 manat ödənikmişdir. Nərimanov rayonu, İslam Abışov küçəsi 25 saylı binanın tikintisi 2022-ci ilin mart ayında başlanmışdır və təxminən 2024-cü ilin aprel-may aylarında təhvil verilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********032600 saylı “Müraciətə baxılmanın nəticəsi haqında” məktubu qanunsuz əlverişsiz inzibati akt olduğundan yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyi 150000 AZN-nin ƏDV məbləğinin 30 faizinin ona qaytarılması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyi 150000 AZN-nin ƏDV məbləğinin 30 faizinin ona qaytarılması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması, xx.xx.2022-ci il tarixli **********032600 saylı “Müraciətə baxılmanın nəticəsi haqqında” məktubla eyni məzmunlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********159600 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında Qərar”ın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinə müvafiq dəyişikliklər qüvvəyə mindikdən sonra, lakin Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” qüvvəyə mindikdən öncə xx.xx.2022-ci il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs "xxxx" ASCdən (VÖEN: **********) Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küç, 460-da yerləşən kompleksdə inşa olunan 25-ci bina, 2-ci blok, 17-ci mərtəbə, 48 nömrəli, 4 otaqlı mənzil əldə edilmiş, mənzilin ƏDV daxil 276368 AZN ümumi dəyərinin, ƏDV daxil 126368 AZN hissəsi ilkin ödəniş kimi nağd olmaqla rəsmi şəkildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “04” aprel 2016-cı il tarixli Q-09 №li qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun şəkildə tətbiq və tərtib edilmiş maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi ciddi hesabat blankı olan kassa mədaxil orderi və onun qəbzi rəsmiləşdirilməklə ödənilmiş, ƏDV daxil 150000 AZN hissəsi isə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ona ayrılmış kredit əsasında nağdsız qaydada satıcının bankda olan hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə ödənilmişdir. Məhkəməyə qədərki inzibati icraat Qayda dərc edildikdən sonra onun 6.1-ci bəndinin tələbləri qaydasında yaşayış sahəsinin təqdim edilməsi ilə bağlı sənədləri təqdim etməklə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 26 may tarixinədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış sahəsini əldə etmiş və ödənişi tam həyata keçirmiş şəxs kimi, yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyi 150000 AZN-nin ƏDV məbləğinin 30 faizinin qaytarılması xahişi ilə satıcının vergi uçotunda olduğu vergi orqanına “Əldə edilmiş yaşayış sahəsinə görə nağdsız qaydada ödənilmiş vəsaitin ƏDV hissəsinin geri qaytarılması” barədə xx.xx.2022-ci il tarixli ərizə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********787400 nömrəli) ilə müraciət etmişdir. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********032600 saylı “Müraciətə baxılmanın nəticəsi haqqında” məktubu (bundan sonra imtina məktubu) ilə müraciətimin müsbət həll edilməsinin mümkün olmaması bildirilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, iddia tələbinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Qaydaların tələblərindən də göründüyü kimi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin bir qisminin nağd, digər qisminin isə nağdsız qaydada ödənildiyi halda ƏDV-nin geri qaytarılması nəzərdə tutulmamışdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-917/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndində və ƏDV məbləğinin qaytarılmasını nəzərdə tutan digər bəndlərində yalnız yaşayış və qeyri-yaşayış sahəsinin dəyərin tam şəkildə nağdsız qaydada ödənildiyi halda ƏDV məbləğinin qaytarılması nəzərdə tutulmuşdur. İddiaçı onun tərəfindən ödənişin göstərilən Qayda qüvvəyə minənədək tam ödənildiyini və nağdsız qaydada ödənildiyi hissəyə müvafiq ƏDV məbləğinin geri qaytarılmasını tələb etdiyini bildirsə də, Qaydanın keçid müddəalarında da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş şəxslərdən ƏDV məbləğinin 30 faizinin qaytarılması üçün alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlərin təqdim edilməsi nəzərdə tutulmuşdur. Qaydanın da tələbindən götündüyü kimi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin bir qisminin nağd, digər qisminin isə nağdsız qaydada ödənildiyi halda ƏDV-nin geri qaytarılması nəzərdə tutulmamışdır. Məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələblərinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddiaçıya qarşı mütənasib yanaşma hüququ pozulmuşdur. İmtinanın qanunsuz olmağı məhkəmə tərəfindən nəzərə alınmamışdır. AR VM-nin 165.6-cı maddəsinin və Qaydaların 1.4-cü və 6.1-ci bəndinin mahiyyəti məhkəmə tərəfindən hərfi və formal şərh edilmiş hüququn tətbiqində kompleks sistemli yanaşma nümayiş etdirilməklə səhv hüquqi qənaətə gəlinmişdir. İddiaçıya qarşı bərabər yanaşma hüququ pozulmuşdur. Məhkəmə qərarı iddiaçının dəlilləri baxımından əsaslandırılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin: 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının tələbi məhz satın alınmış yaşayış sahəsinə görə nağdsiz qaydada satıcının bank hesabına ödənilmiş mənzilin 150000 manat məbləğində dəyərinin ƏDV məbləğinin 30 faizinin qaytarılması öhədliyinin cavabdehin üzərinə qoyulmasından, cavabdeh inzibati orqanın müvafiq qərarının ləğv edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instanisya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarilxi alqısatqı müqaviləsi bağlanılmaqla, yaşayış sahəsi satın alınmış, yaşayış sahəsinin ümumi dəyəri 276368 manat təşkil etmişdir. İddiaçı tərəfindən mənzilin dəyərinin 126368 manat məbləğində olan hissəsi ilkin ödəniş qismində nağd şəklində (kassa mədaxil orderi), 150000 manat məbləğində olan hissəsi isə nağdsız qaydada kreditin hesabına tam şəkildə ödənilmişdir (ödəniş tapşırığı). İndiki halda iddiaçının hüquqi marağı məhz satın aldığı yaşayış sahəsinin dəyərinin nağdsız qaydada ödənilmiş hissəsinin ƏDV məbləğinin 30 faizinin ona geri qaytarılması təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən yaşayış sahəsinin ümumi dəyərinin tam şəkildə nağdsız ödənilmədiyindən, bir qisminin nağdsız ödənildiyindən, qanunvericilik normasında isə tam dəyərin nağdsız ödənilməsinin tələb edildiyini əsas götürərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı tərəf isə onun yaşayış sahəsinin satın aldığı vaxtda Qaydaların qəbul edilmədiyini, tam məbləğin nağdsız qaydada ödənilməsi barədə məlumatının olması ehtimalının olmadığını, bu barədə məlumatı olsa idi, tam məbləği nağdsız ödənilməsini təmin edə biləcəyini, ona görə də satın aldığı yaşayış sahəsinə görə məhz nağdsız ödədiyi məbləğə münasibətdə müvafiq Qaydaların 6.1-ci bəndində ehtiva olunan keçid müddəalar tətbiq edilməklə, Vergi Məcəlləsinin 165-ci maddəsinə əsasən ƏDV məbləğinin 30 faizinin ona geri qaytarılması tələbini irəli sürərək, tələbin əsası kimi həmin hallara istinad etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, satın alınmış yaşayış sahəsinə görə ödənilmiş ƏDV məbləğinin 30 faizinin geri qaytarılması əsasları Vergi Məcəlləsinin 165.6-cı maddəsində ehtiva olunmuşdur. Həmin normanın məzmunundan görünür ki, qeyd edilən ƏDV-nin qaytarılması qaydaları və şərtləri həmin normanın dispozitiv şərtlərində əks olunmamış, yalnız həmin qaydanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi, habelə yaşayış sahəsini nağdsız almış şəxslərin belə bir hüququnun olması halı ehtiva olunmuş, yaşayış sahəsinin dəyərinin tam və ya qismən nağdsız qaydada ödənilməsinə dair heç bir şərt ehtiva olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin qaydaların məzmunundan görünür ki, həmin qaydanın tələblərində ƏDV-nin qaytarılması əsasları kimi məhz yaşayış sahəsinin dəyərinin satıcıya nağdsiz qaydada tam şəkildə ödənilməsi halı qeyd edilmişdir. Həmin Qaydalar 2022-ci il 25 may tarixində qəbul edilməklə, həmin tarixdən qüvvəyə minmişdir. Bundan əlavə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinin qeyd edilən əsaslarla ƏDV məbləğinin qaytarılması əsaslarını müəyyən edən 165.6-cı maddəsi əlavə edilmiş, həmin norma 2020-ci ilin yanvar ayının 1-i tarixindən qüvvəyə minmişdir. Bu baxımından məhz həmin Qaydaların 6-cı bəndində keçid müddəalar nəzərdə tutulmuşdur. Keçid müddəaların məzmunundan görünür ki, qeyd edilən əsasla ƏDV-nin müəyyən faiz məbləğinin geri qaytarılması üçün məhz yaşayış sahəsinin ödənişinin tam şəkildə həyata keçirmiş alıcıların müraciət etmək hüququnun olması ehtiva edilmiş, habelə əlavə edilən sənədlər qismində isə yaşayış sahəsinin dəyərinin nağdsiz qaydada satıcının bank hesabına ödənilməsini təsdiq edən sənədlərin təqdim edilməsinin zəruriliyi qeyd edilmiş, nağdsız qaydada tam şəkildə ödənişin həyata keçirilməsi ehtiva olunmamışdır. İndiki halda Vergi Məcəlləsinin 165.6-cı maddəsinin dispozitiv şərtləri və müvafiq Qaydaların 5 və 6-cı bəndlərində ehtiva edilən şərtləri müqayisəli şəkildə təhlil edildikdə, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin tətbiqi baxımından qanunvericiliyin əsas məqsədi məhz həmin normanın tətbiqi şərtlərini müəyyən edən Qaydalar qüvvəyə mindiyi dövrədək alıcıların həmin normanın dispozitiv şərti altında hüquqlarının həmin Qaydaların qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə eyni vəziyyətdə olan şəxslərlə bərabər imkanların yaradılmasından, ayrı-seçkiliyin tətbiqinin aradan qaldırılmasından ibarət olmuşdur. Başqa sözlə desək, yaşayış sahəsini satın almış alıcıya belə bir hüququn tanınması məhz VM-nin 165.6-cı maddəsinin dispozitiv şərltərindən irəli gəlir, həmin norma 2020-ci ilin yanvarın 1-də qüvvəyə minmişdir. Həmin hüququn realizə edilmə şərtləri isə məhz müvafiq Qaydaların məzmununda ehtiva edilmişdir ki, həmin Qaydalar 2022-ci ilin 25 may tarixindən qüvvəyə minmişdir. Qeyd edilən aralıq dövrdə (1 yanvar 2020-25 may 2022-ci il) yaşayış sahəsi əldə etmiş şəxslərə münasibətdə VM-nin 165.6-cı maddəsinin tələbi baxımından ƏDV-nin müəyyən faiz məbləğinin geri qaytarılması məhz Qaydaların keçid müddəalarının şərtləri əsasında həyata keçirilir. Həmin keçid müddəaların məzmununda isə yaşayış sahəsinin tam dəyərinin məhz nağdsız qaydada ödənilməsinə dair birmənalı imperativ norma ehtiva edilməmişdir. Belə ki, həmin müddəaların məzmununa əsasən yaşayış sahəsinin ödənişini tam həyata keçirmiş istənilən alıcının müəyyən edilən şərtlər daxilində ƏDV-nin müəyyən faiz məbləğinin geri qaytarılmasını tələb etmək hüququ tanınmış, tələb olunan sənədlərdə isə yaşayış sahəsinin dəyərinin tam olaraq nağdsız ödənilməsini təsdiq edən sənəd kimi deyil, məhz yaşayış sahəsinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlərin təqdim edilməsinin zəruriliyi qeyd edilmişdir. Keçid müddəalarından fərqli olaraq, həmin Qaydaların 5.1-cı bənində məhz alıcı tərəfindən yaşayış sahəsinin dəyərinin satıcıya nağdsız qaydada tam ödənilməsi tələbi alıcıya belə bir hüququn yaranması imkanını ehtiva etmişdir. Göründüyü kimi, müvafiq Qaydaların keçid müddəalarını ehtiva edən 6-cı bəndində qaytarılma şərtlərini ehtiva edən 5-ci bənddən fərqli şərtlər ehtiva edilmişdir. Müvafiq Qaydaların keçid müddəalarında VM-nin 165.6-cı maddəsinin tələbi baxımından şərtlərin bu qaydada formulə edilməsində əsas məqsəd həmin aralıq dövrdə yaşayış sahəsi əldə etmiş alıcıların yaşayış sahəsini əldə edərkən həmin Qaydalar barədə məlumatlı olma imkanlarının olmaması, nəticə etibarilə Qaydaların tələb etdiyi şəkildə davranmaq imkanından məhrum olması ilə bağlı olmuşdur. Əks yanaşmanın tətbiq edilməsi isə VM-nin 165.6-cı maddəsinin tələbi baxımından eyni hüquqa malik olan alıcılara müvafiq Qaydaların qüvvəyə mindiyi tarixə nəzərən həmin Qaydalar barədə məlumatlı olub, onun şərtlərinə uyğun davranan alıcılar ilə həmin Qaydalar barədə məlumatlı olmayan alıcılara fərqli yanaşmanın tətbiq edilməsinə gətirib çıxarda bilər. Nəticə etibarilə isə vergi qanunvericiliyin tələbinə əsasən hüququ tanınan alıcıların belə bir hüquqdan məhrum olmasına səbəb olmuş olar. Bu hal isə özlüyündə vergi qanunvericiliyin məqsədinə və mahiyyətinə zidd olmaqla, ən əsası isə bərabərhüquqlu şəxslərə fərqli yanaşamanın tətbiqinin yolverilməz olması prinsipinin tələbinə ziddir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müvafiq yaşayış sahəsini xx.xx.2022ci il tarixdə əldə etmiş, yaşayış sahəsinin tam dəyərini deyil, yalnız 150000 manat məbləğində olan hissəsini nağdsız qaydada satıcının hesabına ödəmişdir. İndiki halda iddiaçının tələbi məhz həmin nağdsız qaydada ödəniş etdiyi vəsaitin ƏDV-nin 30 faiz məbləğinin qaytarılmasından ibarət olmuşdur. Göründüyü kimi, iddiaçı müvafiq yaşayış sahəsini əldə edərkən yaşayış sahəsinin dəyərinin nağdsız qaydada tam şəkildə satıcının hesabına ödənilməsini ehtiva edən Qaydalar barədə məlumatlı olmamış, yaşayış sahəsinin dəyərinin bir qismində nağd qaydada, bir qismini isə nağdsız qaydada ödəmişdir. İddiaçının müvafiq yaşayış sahəsini əldə edərkən qüvvədə olmayan (hələ qəbul olunmamış) Qaydalara uyğun davranmaması əsasına istinad edərək, onun VM-nin 165.6-cı maddəsində ehtiva olunan hüququndan məhrum edilməsinə yönələn cavabdeh inzibati orqanın arqumenti ilk növbədə ədalətlilik, bərabərlik, ayrı-seçkiliyə məruz qalmanın yol verilməzliyi kimi prinsiplərin tələbinə, normanın məqsədinə mütənasib olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının iddia tələbi məhz VM-nin 165.6-cı maddəsinin və müvafiq Qaydaların 6.1-ci bəndinin tələbinin dispozitiv şərtləri ilə uzlaşır. Ona görə də iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin imtinası əsasları qanunvericiliyin prinsiplərinə və tələblərinə uyğun olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vergi qanunvericiliyin normalarını müqayisəli şəkildə təhlil etməmiş, müvafiq Qaydaların tələbləri formal tətbiq edilməklə, qanunvericiliyin məqsədi və prinsiplərinin tələbləri nəzərə alınmamış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-917/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********159600 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında Qərar”ı ləğv edilsin. İddiaçı yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyi 150000 manat vəsaitin ƏDV məbləğinin 30 faizinin qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.