Məhkəmə qərarları › İş №2-1(105)-392/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-392/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-392/2025 16.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:işdən azadolunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli “İntizam tənbehi tədbirinin tətbiq edilməsi haqqında” əmrinin ləğv edilməsini, məcburi iş buraxmaya görə xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günədək əmək haqqının hesablanaraq ona ödənilməsini, dəymiş mənəvi ziyana görə faktiki yaşadığı ərazi (Sumqayıt şəhəri) və ya Bakı şəhəri üzrə əvvəllər işlədiyi şöbəyə və ya razılaşdırmaqla digər şöbələrdən birinə təyinatının verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-997/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli “İntizam tənbehi tədbirinin tətbiq edilməsi haqqında” əmrin surətindən görünür ki, İddiaçı vergi orqanlarında xidmətinə “X7 xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə və 75-ci maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Cinayət işinin rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X2 müraciəti əsasında toplanmış 116c-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dövlət Vergi Xidmətinin qəbul etdiyi 12 oktyabr 2023-cü il tarixli **********445500 nömrəli Əmrin ləğv edilməsi, “X7 xidmət haqqında Əsasnamə”nin 80-ci və 81-ci maddələrinə əsasən onun xidmətinə və vəzifəsinə 12 oktyabr 2023-cü il tarixdən bərpa edilməsi, 19 may 2023-cü il tarixdən xidmətə bərpa ediləcəyi tarixədək ona ödənilməli əmək haqqının tam ödənilməsi, ona dəymiş mənəvi ziyana görə faktiki yaşadığı ərazi (Sumqayıt şəhəri) və ya Bakı şəhəri üzrə əvvəl işlədiyi şöbəyə və ya onunla razılaşdırılmaqla digər şöbələrdən birinə təyinatının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü ii tarixədək Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin (Quba şəhəri) Bəyannamələrin təhlili və kameral vergi yoxlamalarına nəzarət şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Həmin şöbənin əməkdaşı X6 xx.xx.2023-cü il tarixdə ərizə ilə Dövlət Vergi Xidmətinə, xx.xx.2023-cü il tarixdə ərizə ilə Quba rayon prokurorluğuna müraciət edərək, ona 27 aprel 2023cü il tarixdə saat 21:00 radələrində yaşadığı mənzildə zor tətbiq etməklə onunla cinsi əlaqədə olduğunu, xəsarətlər yetirdiyini bildirərək şikayət etmişdir. Prokurorluq tərəfindən araşdırma aparılacağı üçün xx.xx.2023-cü il tarixdən müvəqqəti xidmətdən uzaqlaşdırılmışlar. Şikayətçinin bildirdiyi şikayətlər üzrə cinayət işinin başlanması üçün əsaslar və sübutlar olmadığından 15 avqust 2023-cü il tarixdə Quba rayon prokurorluğu tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Lakin, rayon prokurorluğu Qərarda X10 əməkdaşlarının etik davranış Qaydalarının 1.5, 2.0.4 və 3.2.1 -ci bəndlərinin tələblərini pozduğunu, Vüsalə Həsənovanı psixoloji şiddətə məruz qoyduğunu, iradəsi əleyhinə onun telefon yazışmalarını və hərəkətlərini təqib etdiyini, hadisədən əvvəl onun yaşadığı mənzilə razılığı və dəvəti olmadan girdiyini, hadisə vaxtı israrla qapını açmaq məcburiyətində qoyduğunu və içəri daxil olub mübahisə etdiyini, mənzili tərk etmədiyini, vergi xidməti əməkdaşına yaraşmayan qeyri etik hərəkətlərə yol verdiyini bildirmişdir. Bildirir ki, Quba rayon prokurorluğunun göstərdiyi bu hallar tamamilə əsassız idi və heç bir sübuta, fakta, ekspert rəyinə, hal şahidinə əsaslanmırdı. Sübutu olmayan hallara görə şikayətçinin izahatına əsasən etik davranış qaydalarını pozduğu bildirilmiş və intizam məsuliyyətinə cəlb olunmağı üçün təqdimat hazırlanaraq Baş Prokurorluğa göndərilmiş, Baş Prokurorluq tərəfindən də xx.xx.2023-cü il tarixli 2- 2/2-010156/2023 nömrəli məktub Dövlət Vergi Xidmətinə göndərilmişdir. (Həmin məktubu əldə etməyə çalışsa da nə Dövlət Vergi Xidməti nə də Baş Prokurorluq tərəfindən ona təqdim edilməmişdir.) Quba rayon prokurorluğu 15 avqust 2023-cü il tarixdə Qərar çıxarmasına baxmayaraq, Baş Prokurorluq tərəfindən xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə məktub göndərilməsinə baxmayaraq, şikayətçi Vüsalə Həsənova tərəfindən xx.xx.2023-cü il tarixdə Quba rayon prokurorluğunun 15 avqust 2023-cü il tarixli X14 Xidmətinə göndərildikdən sonra Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə Quba rayon prokurorluğunun 15 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərarı və Baş Prokurorluğun xx.xx.2023-cü il tarixli 2-2/2-010156/2023 nömrəli məktubu əsas gətirilərək, onun “X7 xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə və 75-ci maddəsinin 5-ci hissəsinə əsasən xidmətinə xitam verilmişdir. Qərara məqsədli şəkildə düzəlişlər edilib, Dövlət Vergi Xidməti də qərəzli olaraq şikayətçinin maraqlarını üstün tutaraq, 21 avqust ərəfəsində deyil, 2 ay sonra xidmətinə xitam veriblər. 2 ay ərzində niyə çıxarılmırdı işdən, niyə Vüsalə Həsənova 25 sentyabr tarixdə müraciət etdikdən sonra çıxarılmışdır. Quba rayon prokurorluğunun 15 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərarında qeyd olunan X10 əməkdaşlarının etik davranış Qaydalarının 1.5, 2.0.4 və 3.2.1-ci bəndlərinin tələblərini pozduğuna dair fikirlər əsassız olduğundan, həmçinin Quba rayon prokurorluğunun apardığı araşdırma zamanı müəyyən etdiyi, nəticəyə gəldiyi hallar şikayətçinin verdiyi yalan izahatlar əsasında Qərarda qeyd edildiyindən Qərardan Baş Prokurorluğa şikayət ərizəni xx.xx.2023-cü il tarixdə Quba rayon prokurorluğuna təqdim etmişdir. 15 avqust 2023-cü il tarixli Qərar 17 oktyabr 2023- cü il tarixdə Quba rayon prokuroru, baş ədliyyə müşaviri Namiq Muradov tərəfindən ləğv edilmiş və 27 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” yeni Qərar ona təqdim edilmişdir. Baş Prokurorluq tərəfindən Dövlət Vergi Xidmətinə göndərilmiş xx.xx.2023-cü il tarixli 2-2/2-010156/2023 nömrəli məktub 15 avqust tarixli Qərara əsaslandığından həmin məktub da öz hüquqi qüvvəsin itirmişdir. Bu baxımdan Quba rayon prokurorluğunun 15 avqust 2023-cü il tarixli Qərarı və Baş Prokurorluğun xx.xx.2023-cü il tarixli, 2-2/2-010156/2023 nömrəli məktubu əsasında Dövlət Vergi Xidmətinin qəbul etdiyi 12 oktyabr 2023-cü il tarixli **********445500 nömrəli Əmri öz hüquqi qüvvəsin itirmişdir. Yeni Qərarda alınmış izahatlara, ekspert rəylərinə və digər sənədlərə əsasən onun Vüsalə Həsənovanın şəxsi yazışmalarını və danışıqlarını izləməyi, 27 aprel 2023-cü il tarixdə onun yaşadığı mənzilə gedərək onun iradəsinə zidd olaraq yaşadığı mənzilə daxil olmağı, ...faktı öz təsdiqini tapmamış, ümumiyyətlə Vüsalə Həsənovanın izahatında göstərdiyi digər xüsusatları təsdiq edə biləcək dəlillərin əldə edilmədiyi öz təsdiqini tapmışdır...Yəni Qərarda onun intizam məsuliyyətinə cəlb olunmağı ilə bağlı heç bir sübut əks etdirilməmişdir. Həmçinin, şikayətçi ilə sevgili ailə qurmaq məqsədilə münasibəti olub, daha əvvəl də arasında intim xarakterli münasibət olmasına dair, evlərinə dəfələrlə öz razılığı ilə getməyinə dair sübutlar (whatsapp, instagram, yazışmaları) vardır. Sadəcə, hadisə ərəfəsində yaşadığı əraziyə təyinat alacaqdı, şikayətçi Bakı şəhərində yaşadığı üçün o da şəhərə təyinat almaq məqsədi ilə bu cür şikayət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsini Şəxsi toxunulmazlıq hüququnu ehtiva edərək, hər iki tərəfin razılığına əsaslanan şəxsi həyatında işdən sonra baş verən münasibətin etik davranış qaydalarının pozulması hesab etmir. .....Etik davranış qaydalarını pozan varsa, o da dövlət vergi xidmətinin əməkdaşı, şikayətiçi Vüsalə Həsənovadır. ...Bu kimi şər böhtan atan bir şəxsi, etik davranış qaydalarını pozan bir şəxsi, Dövlət Vergi Xidməti cəzalandırmır, xidmətdə saxlayır, vəzifəsin artırır amma şər böhtana məruz qalan, neçə aylardı mənəvi, psixoloji şiddətə məruz qalan ona etik davranış qaydalarını pozmuş hesab edilir. 4 il ərzində xidmətində heç bir nöqsana yol verməmiş, barəsində heç bir xəbərdarlıq, intizam məsuliyyəti olmayıb, hər zaman dövlətinə, xalqına, şərəflə, vicdanla xidmət etmiş, lakin Dövlət Vergi Xidmətinin rəhbərliyinin heç bir xəbərdarlıq, intizam məsuliyyəti tədbiq etmədən, heç bir sübut olmadan, Quba rayon prokurorluğundan rəsmi surətdə hər hansı Qərar tələb etmədən, şikayətçi tərəfindən təqdim edilmiş 15 avqust 2023-ci il tarixli Qərara əsasən birbaşa onun xidmətimə xitam verməsi, nə heç bir qanuna, nə də heç bir ədalətə sığmır. Qərəzli xarakter daşıyır, kimlərinsə maraqlarına xidmət edir. Dövlət Vergi Xidməti tərəfindən onun xidmətinə xitam verilməsi ilə bağlı Əmr xx.xx.2023-cü il tarixdə poçtla göndərilib və xx.xx.2023-cü il tarixdə Sumqayıt Baş Poçt idarəsindən Əmri götürmüşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi İddiaçı həmin şöbənin dövlət vergi müfəttişi X3 qarşı fiziki zorakılıq hərəkətlərinin araşdırılması ilə bağlı materiallar Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 205-ci maddəsinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, prokurorluq tərəfindən yekun qərar qəbul olunanadək İddiaçı və V.Həsənova Xidmətin xx.xx.2023-cü il tarixli əmri ilə “X7 xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən tutduqları vəzifədən müvəqqəti olaraq kənar edilmişlər. Quba rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsi üzrə qəbul edilmiş 15 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən İddiaçı intizam məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğunda xx.xx.2023cü il tarixli 2-2-010156/2023 nömrəli təqdimat hazırlanaraq DVX-ya göndərilmiş və həmin təqdimatda İddiaçı “X10 əməkdaşlarının etik davranış Qaydaları”nın 1.5-ci bəndinin, 2.0.4-cü və 3.2.1-ci yarımbəndlərinin tələblərini pozaraq vergi orqanı əməkdaşına yaraşmayan qeyri-etik hərəkətlərə yol verməsinin müəyyən edildiyi, bu halların həmin şəxsin intizam məsuliyyətinə cəlb olunmasını zəruri etdiyi bildirilərək, intizam məsuliyyətinə baxılmasının nəticəsi barədə Baş Prokurorluğa məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatında, Quba rayon prokurorluğunun 15 avqust 2023-cü il tarixli qərarında göstərilənlər və Dövlət Vergi Xidmətinin araşdırma materialları əsas götürülərək, V.Həsənovaya münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək hərəkətlərə yol verməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin, “X7 xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 2-ci və 6-cı abzaslarının, “X10 əməkdaşlarının etik davranış Qaydaları”nın 1.5-ci bəndinin, 2.0.4- cü, 3.2.1-ci və 3.4.1-ci yarımbəndlərinin, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin daxili xidməti intizam Qaydaları”nın 4.1.6-cı yarımbəndinin tələblərini pozduğuna görə Xidmətin xx.xx.2023-cü il tarixli **********445500 nömrəli əmri ilə “X7 xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə və 75-ci maddəsinin 5-ci hissəsinə əsasən İddiaçı vergi orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində dəlil olaraq bildirmişdir ki, 15 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar 27 oktyabr 2023-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında'' qərarla ləğv edilmişdir. Baş Prokurorluq tərəfindən Dövlət Vergi Xidmətinə göndərilmiş xx.xx.2023-cü il tarixli 2-2-010156/2023 nömrəli məktub 16 avqust tarixli qərara əsaslandığından həmin məktub da öz qüvvəsini itirmişdir. Bu baxımdan Quba rayon prokurorluğunun 15 avqust 2023-cü il tarixli qərarı və Baş Prokurorluğun xx.xx.2023-cü il tarixli məktubu əsasında Dövlət Vergi Xidmətinin qəbul etdiyi 12 oktyabr 2023-cü il tarixli əmr öz hüquqi qüvvəsini itirmişdir. İddiaçının qeyd olunan dəlilinin tamamilə yanlış olduğunu hesab edərək bildiririk ki, əvvəla 15 avqust 2023-cü it tarixli qərarla 27 oktyabr 2023-cü il tarixli Qərarın nəticə hissəsində heç bir ciddi fərq yoxdur. Hər iki qərar cinayət işinin başlanmasını məlum səbəblərdən rədd etsə də, iddiaçı tərəfindən etik davranış qaydalarının tələblərinin ciddi şəkildə pozulduğunu təsdiq etmişdir. Eyni zamanda iddiaçının iddia ərizəsində əsaslandığı Quba rayor prokurorluğunun 27 oktyabr 2023-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında da hadisədən dərhal sonra Vüsalə Həsənovadan müvafiq nümunələr götürülmədiyindən İddiaçı onunla zor tətbiq etməklə cinsi əlaqədə olub-olmamasım müəyyən etmək mümkün olmadığı üçün sonuncunun əməlində cinayət tərkibinin olmadığı bildirilərək cinayət işinin başlanması rədd edilsə də, qərarın nəticə hissəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun İqtisadiyyat Nazirliyinə göndərilmiş İddiaçı "X10 əməkdaşlarının etik davranış Qaydalarının müvafiq tələblərini pozması və onun intizam məsulliyətinə cəlb olunması barədə xx.xx.2023-cü il tarixli 2-2-010156/2023 nömrəli təqdimatının nəzərə alınması göstərilmişdir. Göründüyü kimi, 27 oktyabr 2023-cü il tarixli qərarda Baş Prokurorluq tərəfindən verilmiş təqdimatın nəzərə alınması, başqa sözlə desək qüvvədə olması təsdiq olunduğundan Dövlət Vergi Xidmətinin qəbul etdiyi 12 oktyabr 2023-cü il tarixli əmrinin öz hüquqi qüvvəsini itirməsindən söhbət belə gedə bitməz. Bunlar iddiaçının öz iddiasını müdafiəsi məqsədilə ilə irəli sürülmüş əsassız və subyektiv mülahizələrdir. İddiaçının digər dəlili ondan ibarət olmuşdur ki, 27 oktyabr 2023-cü il tarixli yeni qərarda onun intizam məsuliyyətinə cəlb olunmağı ilə bağlı heç bir sübut əks etdirilməmişdir. Əmək Məcəlləsinin 10-cü maddəsinin “b” bəndində qeyd edilən əmək intizamını və müəssisədaxili intizam qaydalarını və “e" bəndində qeyd edilən iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozduğumu bildirən bir qurum bu hallara dair heç bir sübut, fakt təqdim etmirsə, nəyə əsasən bu pozuntunun olduğunu iddia edir. İddiaçının bu dəlilinin də tamamilə yanlış olduğunu nəzərə ataraq bildiririk ki, onun adını çəkdiyi 27 oktyabr 2023-cü il tarixli qərarda özünün, şikayətçinin, eləcə də digər şəxslərin izahatlarında İddiaçı etik davranış və daxili xidməti intizam qaydalarının etirazın əvvəlində qeyd etdiyimiz normalarının, habelə Əmək Məcəlləsinin 10-cü maddəsinin “b” və “e”bəndlərinin tələblərini kobud şəkildə pozması açıq-aydın görünür. Bununla yanaşı iddiaçının qeyd olunan pozuntulara yol verməsi təkcə prokurorluqda araşdırılan materiallarla deyil, eyni zamanda İddiaçı və şikayətçi Vüsalə Həsənovanın vergi orqanının rəhbərliyinə verdikləri izahatları ilə də təsdiq olunur. Belə ki, həm prokurorluqda verilmiş izahatlarda, həm də vergi orqanının rəhbərliyinə verdikləri izahatlarda iddiaçının şikayətçi Vüsalə Həsənovanın razılığı olmadığı halda onun evinə daxil olması, onu qucaqlayıb öpməsi, ora psixoloji təzyiq (digər iş yoldaşları ilə münasibətlərinə müdaxilə etmiş, telefonunu blokdan çıxarmağa, onunla ünsiyyətə girməyə məcbur elmiş və s) və digər hərəkətlər etməsi öz təsdiqini tapmışdır. Bunları hətta iddiaçının özü də birbaşa etiraf etmişdir. Həmçinin iddiaçının vergi orqanının rəhbərliyinə verdiyi izahatında (səh 6) yaranmış vəziyyətin iş həyatına təsir etməsindən dolayı Dövlət Vergi Xidmətinin rəhbərliyindən üzr istəməsi, bir daha belə halın təkrarlanmamasına dair söz verməsi intizam tənbehinin tətbiqi barədə əmrin çıxarılmasına əsas olmuş halların mövcudluğunu bir daha təsdiq edir. Eyni zamanda, İddiaçı “WhatsApp" proqramı üzərindən Vüsalə Həsənova ilə apardığı yazışmalarından açıq şəkildə görünür ki, o, iş yoldaşı Vüsalə Həsənova ilə aralarında hər hansı bir rəsmi evlilik münasibəti olmadan dəfələrlə cinsi əlaqədə olmaqla hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə əməl etməmiş və etik davranış qaydalarının tələblərini Kobud şəkildə pozmuşdur (İddiaçının Nizami Rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsinə əlavə olunan materiallara əsasən). Bu qədər açıq-aşkar sübutların mövcud olduğu təqdirdə iddiaçının onun məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı sübutun olmamasım qeyd etməsi tamamilə absurd və özünümüdafiə məqsədilə irəli sürülmüş subyektiv mülahizədir. İddiaçının üçüncü dəlili isə ondan ibarət olmuşdur ki, Azərbaycan Resubllkası Konstitusiyasının 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu ehtiva edərək, hər iki tərəfin razılığına əsaslanan şəxsi həyatlarında işdən sonra baş verən münasibət etik davranış qaydalarının pozulması deyil. İşdən sonra olan bir münasibəti Əmək Məcəlləsi ilə əsaslandırmaq heç bir qanuna əsaslanmır. Bununla bağlı ilk növbədə qeyd edilir ki, iddiaçı təkcə Əmək Məcəlləsinin deyil, həm də mübahisələndirilən aktda adı sadalanan "X7 xidmət haqqında”' Əsasnamənin, etik davranış kodeksi və daxili xidməti intizam qaydalarının tələblərini pozduğu üçün işdən azad edilmişdir. Qeyd olunan normativ aktların hansı normalarının tələblərini pozması barədə həm inzibati aktda, həm də etirazın əvvəlində ətraflı məlumat verilmişdir. Bununla yanaşı qeyd edilir ki, İddiaçı Vüsalə Həsənovanın dəvəti olmadan onun yaşadığı mənzilə onun iradəsinə zidd olaraq getmiş, nəticədə zərərçəkmişin hüquq mühafizə orqanlarına şikayət etməsinə səbəb olan hərəkətlər edərək, hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət etməmiş, vergi orqanlarında xidmətlə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, şəxsi həyatda işlədiyi Dövlət Vergi Xidmətinin nüfuzuna ziyan vura və ya onu nüfuzdan sala bilən davranışa və ya şəraitin yaradılmasına yol vermiş, etik normalara əməl etməmişdir. Bununla da, İddiaçı “X10 əməkdaşlarının etik davranış Qaydaları"nın və İqtisadiyyat Nazirliyi yanına Dövlət Vergi Xidmətinin daxili xidməti intizam Qaydalarının tələblərini kobud və mütəmad şəkildə pozmuşdur. Bütün bunlar cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda, Baş Prokurorluğun təqdimatında, Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixil **********445500 nömrəli İntizam tənbehi tədbirinin tətbiq edilməsi haqqında" əmri ilə əlaqədar aparılmış araşdırılma zamanı toplanmış sübutlarla, verilmiş izahatlarla öz təsdiqini tapmışdır. Bunlardan əlavə iddiaçının tələbinin digər hissəsi ona dəymiş mənəvi ziyana görə faktiki yaşadığı ərazi (Sumqayıt şəhəri) və ya Bakı şəhəri üzrə əvvəl işlədiyi şöbəyə və ya onunla razılaşdırılmaqla digər şöbələrdən birinə təyinatının verilməsi barədə qərarın qəbul edilməsi olmuşdur. Bununla bağlı iddiaçı ərizəsində ona mənəvi ziyanın dəyməsi ilə bağlı hər hansı bir sübuta istinad etmədiyindən və bunu əsaslandırmadığından iddianın bu hissəsini tamamilə əsassız hesab edirik. Digər tərəfdən iddiada qeyd edildiyi kimi, vergi orqanının sabiq əməkdaşı faktiki yaşadığı ərazi (Sumqayıt şəhəri) və ya Bakı şəhəri üzrə əvvəl işlədiyi şöbəyə və ya onunla razılaşdırılmaqla digər şöbələrdən birinə təyinatını verməsindən ibarət qanunvericilikdə hər hansı bir öhdəliyi və ya vəzifəsi mövcud deyil. Ona görə də, iddianın ikinci hissəsi də onun birinci hissəsi kimi tamamilə əsassız və qanuna ziddir. Beləliklə, qeyd olunanlardan göründüyü kimi, İddiaçı vergi orqanlarında xidmətinə xitam verilməsi tam əsaslı olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-997/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İntizam tənbehi tədbirinin tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli əmr qanuni olduğundan, iddia tələbi təmin edilə bilməz. Mübahisələndirilən əmr qeyd olunan normativ hüquqi aktların tələblərinə uyğun şəkildə qəbul edildiyindən, həmin əmrin ləğv edilməsi qanunvericiliyə əsasən mümükün deyildir. İddiaçının tələbinin əsas hissəsi təmin edilmədiyinə görə ona dəymiş mənəvi ziyana görə faktiki yaşadığı ərazi (Sumqayıt şəhəri) və ya Bakı şəhəri üzrə əvvəl işlədiyi şöbəyə və ya onunla razılaşdırılmaqla digər şöbələrdən birinə təyinatının verilməsi barədə tələbi də təmin edilməməlidir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, əmək və müəssisə daxili intizam qaydalarına riayət etmiş, iş yoldaşının hər hansı bir hüququnu pozmamışdır. Onun iş yoldaşı ilə arasında olanlar şəxsi həyatlarıdır və işdən kənar vaxtda və yerdə qarşılıqlı razılıq əsasında baş vermişdir. “X7 xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək, vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək vergi orqanının vəzifəli şəxsinin borcudur. Həmin Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanının vəzifəli şəxsi bu Əsasnamənin 34-cü maddəsində nəzərdə tutulmuş tələbləri pozduqda vergi orqanlarında xidmətinə xitam verilə bilər. Həmin Əsasnamənin 75-ci maddəsində vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilən halların sırasına bu Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsində (xx.xx.2024-cü il tarixədək redaksiyada yazılırdı; xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə) nəzərdə tutulmuş hal da qeyd olunmuşdur. Dövlət vergi orqanı əməkdaşının X10na, digər əməkdaşlara, fiziki və hüquqi şəxslərə münasibətdə riayət etməli olduğu etik davranış qaydalarını tənzimləyən “X10 əməkdaşlarının etik davranış Qaydaları”nın 1.5-ci bəndinə əsasən əməkdaş dövlətçiliyi, qanunun aliliyini və insan hüquqlarını rəhbər tutaraq xidməti fəaliyyəti (vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar fəaliyyəti) zamanı, eləcə də xidməti fəaliyyətindən kənar davranışlarında bu Qaydaların tələblərinə əməl etməlidir. Həmin Qaydaların 2.0.4-cü yarımbəndinin tələblərinə əsasən vergi orqanlarında etik dəyərlərdən olan nümunəvilik – xidməti fəaliyyət, habelə xidməti fəaliyyətdən kənar vaxtı hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət olunması, Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericiliklə müəyyən edilmiş vəzifə və öhdəliklərin lazımi səviyyədə icra edilməsi deməkdir. Qaydaların 3.2.1-ci yarımbəndinin tələblərinə əsasən əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. Həmin Qaydaların 3.4.1ci yarımbəndinin tələblərinə əsasən bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri və ya tabeliyində olan şəxslərlə münasibətdə nəzakətli, diqqətli və səbirli olması əməkdaşların riayət etməli olduğu etik davranış qaydaları kimi müəyyən edilmişdir. “X10 əməkdaşlarının etik davranış Qaydaları”nın 10-cu bəndinə əsasən əməkdaş tərəfindən bu Qaydaların tələblərinin pozulması intizam məsuliyyətinə səbəb olur. Bütün bunlara münasibətdə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi onun konkret olaraq hansı əməlinin qanuna zidd etik davranış qaydalarını və ya əsasnaməni pozan əməl olmasını müəyyən etməmişdir. İşin faktiki hallarına münasibətdə məhkəmənin onun keçmiş iş yoldaşı ilə sevgi münasibəti yaşamasını qanuna, etik davranış qaydalarına və əsasnaməyə zidd əməl hesab etdiyi qənaətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, bu normativ aktlar DVX əməkdaşına iş vaxtından kənar vaxtda və yerdə şəxsi həyatını yaşamağı qadağan etmir, ona rahib olmaq göstərişi vermir. Sadalanan normalar yalnız iş vaxtı ərzində və iş yerində etik davranış qaydalarını müəyyən edir. Digər tərəfdən məhkəmə nəzərə almayıb ki, əgər DVX əməkdaşlarını sevgi münasibəti yaşamaları qadağandırsa, bu zaman hər iki əməkdaş işdən çıxaılmalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. ... Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular .....

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: .... e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;... “X7 xidmət haqqında Əsasnamə”

1. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

4. Bu Əsasnamədə vergi orqanlarının vəzifəli şəxsləri dedikdə vahid sistem təşkil edən Azərbaycan Respublikasının vergi orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür.

34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; vergi orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamları yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla müəyyən edilmiş digər sirrləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.

41. Xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir.

43. Vergi orqanlarının vəzifəli şəxsləri öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təminatlarına, habelə müvafiq icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl edirlər.

46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə.

48. İntizam tənbehi verilərkən vergi orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir. Vergi orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

49. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizam pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər.

79. Vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət hüququ vardır. X10 əməkdaşlarının etik davranş Qaydalarının: 1.2. Bu Qaydalar dövlət vergi orqanı əməkdaşının (bundan sonra - əməkdaş) X10na (bundan sonra - vergi orqanlarına), digər əməkdaşlara, fiziki və hüquqi şəxslərə, o cümlədən vergi ödəyicilərinə münasibətdə riayət etməli olduğu etik davranış qaydalarını, Qaydalara əməl olunmasına nəzarət və onun pozulmasına görə məsuliyyət, habelə əməkdaşın fiziki və hüquqi şəxslərin təzyiq və qeyri-etik davranışlarından müdafiə olunması məsələlərini tənzimləyir. 1.3. Bu Qaydaların məqsədləri üçün əməkdaş dedikdə vergi orqanlarının vəzifəli şəxsləri, vergi orqanlarında işləyən stajçılar, ştatdankənar və büdcədənkənar fond hesabına saxlanılan işçilər nəzərdə tutulur. 1.4. Bu Qaydaların məqsədləri vergi orqanlarının və əməkdaşların nüfuzunun artırılmasından, fiziki və hüquqi şəxslərin, o cümlədən vergi ödəyicilərinin vergi orqanlarına və əməkdaşlara etimadının yüksəldilməsindən, əməkdaşlarının etik davranış qaydalarına riayət etmə səviyyəsi baxımından vergi orqanlarının nümunəvi dövlət orqanları kimi tanınmasından,vergi orqanlarının və əməkdaşların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasından, korrupsiyanın, maraqların toqquşmasının və digər neqativ halların qarşısının alınmasından, əməkdaşların riayət etməli olduğu etik davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılmasından, vergi orqanlarının və əməkdaşların fəaliyyətinin qiymətləndirilməsinə fiziki və hüquqi şəxslərin təsir imkanlarının genişləndirilməsindən ibarətdir. 1.5. Əməkdaş dövlətçiliyi, qanunun aliliyini və insan hüquqlarını rəhbər tutaraq xidməti fəaliyyəti (vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar fəaliyyəti) zamanı, eləcə də xidməti fəaliyyətindən kənar davranışlarında bu Qaydaların tələblərinə əməl etməlidir. 2.0.4. Nümunəvilik - xidməti fəaliyyət, habelə xidməti fəaliyyətdən kənar vaxtı hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət olunması, Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericiliklə müəyyən edilmiş vəzifə və öhdəliklərin lazımi səviyyədə icra edilməsi; 3.1.2. Əməkdaş bu Qaydaların və vergi orqanlarında xidmətlə bağlı digər hüquqi aktların tələblərinə əməl etməlidir. 3.2.1. Əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. 3.4.1. Əməkdaş bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri və ya tabeliyində olan şəxslərlə münasibətdə nəzakətli, diqqətli və səbirli olmalıdır. 3.4.2. Əməkdaş vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı ünsiyyətdə olduğu hər bir şəxslə onun irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, yaşından, mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq hörmətlə və işgüzar etiket qaydalarına uyğun şəkildə davranmalıdır. 10.1. Əməkdaş tərəfindən bu Qaydaların tələblərinin pozulması intizam məsuliyyətinə səbəb olur. 10.2. Bu Qaydaların hər hansı müddəasının pozulmasına görə intizam tənbeh tədbiri tətbiq edilərkən aşağıdakılar nəzərə alınır: 10.2.1. Müddəanın pozulmasının dərəcəsi; 10.2.2. Müddəanın pozulmasının Nazirliyin Xidmətin işinin effektivliyinə və nüfuzuna təsiri; 10.2.3. Əməkdaşın əmək fəaliyyəti; 10.2.4. Əməkdaş barədə qüvvədə olan intizam tənbeh tədbiri; 10.2.5. Araşdırma zamanı aşkar edilmiş hər hansı yüngülləşdirici (ağırlaşdırıcı) hal. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində daxili xidməti intizam Qaydalarının: 4.1. Xidmətin əməkdaşları: 4.1.1. əmək funksiyalarını yerinə yetirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, Xidmətin və bilavasitə tabe olduqları rəhbər vəzifəli şəxslərin səlahiyyətləri daxilində verilmiş əmr və göstərişlərə əməl etməli; 4.1.2. yüksək mənəvi keyfiyyətlərə və prinsipiallığa malik olmalı, vergi qanununvericiliyinin pozulması hallarına qarşı barışmaz mövqe tutmalı, xidməti fəaliyyətlərini düzgünlük və ədalətlilik prinsipləri əsasında qurmalı; 4.1.3. xidməti vəzifələrini dəqiq və peşəkarlıqla yerinə yetirməli, xidmət intizamını pozmamalı, qanunvericiliyin tələblərinə, yüksək əxlaqi prinsiplərə və subordinasiyaya riayət etməli; 4.1.4. xidməti vəzifələrini yerinə yetirərkən dövlət və ictimai mənafeləri şəxsi mənafeyindən üstün tutmalı, nümunəvi davranışları ilə vətəndaşların, o cümlədən vergi ödəyicilərinin etimadını qazanmalı; ..... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddiaçının hüquqi marağı işdən azad olunma barədə əmrin ləğv edilməklə, işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün ödənilməyən əmək haqqının ona ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqanda müvafiq şöbədə dövlət vergi müfəttişi vəzifəsində işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixli əmr əsasında işdən azad olunmuşdur. İşdən azad olunma barədə əmr onunla əsaslandırılmışdır ki, iddiaçı vergi orqanı əməkdaşı iş yoldaşına qarşı davranışlarında qanunun aliliyini və insan hüquqlarını rəhbər tutmamış,hamılıqla qəbul olunmuş əxlaq və ailəməişət dəyərlərinə riayət etməmiş, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmamış, nəzakətli və səbrli olmamış, şəxsi həyatda etik normalara əməl etməmiş, bu hərəkətələrə yol verməklə, Əmək Məcəlləsinin 10-cu maddəsinin b və e bəndinin, “X7 xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 2-ci və 6-cı abzaslarının, “X10 əməkdaşlarının etik davranış Qaydaları”nın 1.5-ci bəndinin, 2.0.4-cü, 3.2.1-ci və 3.4.1-ci yarımbəndlərinin, Dövlət Vergi Xidmətinin X4 4.1.6-cı yarımbəndinin tələblərini pozmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən işdən azad olunma barədə əmrin qanunsuz və əsasız olması halına istinad edərək, əmrin ləğv edilməklə, işə bərpa edilməsini və ödənilməyən əmək haqqının ödənilməsini istəyir. Cavabdeh inzibati orqan isə iddiaçının etik davranış qaydalarına zidd hərəkətlərə yol verdiyindən, bu əsasla işdən azad edildiyini, bu səbəbdən də işdən azad olunma barədə əmrin əsaslı olduğunu bildirir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının iş yoldaşının müraciəti əsasında iddiaçının barəsində müvafiq rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsində iddiaçının əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. İddiaçının iş yoldaşının müvafiq rayon prokurorluğuna və idarə rəhbərinə müraciət etməsinə səbəb iddiaçı tərəfindən ona qarşı zorakılıq hərəkətlərinin edilməsi, mənzilinə daxil olması, zor tətbiq etməklə əxlaqsız hərəkətlər etməsi ilə bağlı hallar olmuşdur. İddiaçı isə izahatında həmin halları qəbul etməyərək, bu halların onun razılığı əsasında baş verdiyini bildirmişdir. Göründüyü kimi indiki halda məhz iddiaçının iş yoldaşı ilə aralarına olan münasibətlərin xarakteri (ilk başda aralarında razılıq əsasında şəxsin münasibətlərin yaranması, daha sonra iş yoldaşı tərəfindən həmin münasibətin davam etdirmək niyyətinin olmaması, buna dair razılığın olmaması, buna baxmayaraq iddiaçı tərəfindən iş yoldaşının iradəsinin ziddinə davranışın edilməsi və bu davranışın davam etdirilməsi), habelə iş yoldaşının etdiyi müraciətlərin məzmunu iddiaçının yol verdiyi hərəkətləri iş yoldaşına qarşı qısnama kimi xarakterizə edilməsinə əsas verir. Hansı ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iş yerində işçiyə qarşı qısnamaya yol verilməsi yolverilməzdir və işəgötürən tərəfindən bu halın qarşısının alınması üçün zəruri tədbirlər görmək onun vəzifəsidir. Bundan əlavə, qeyd edilməlidir ki, həmin hala iş yerində yol verilməsi özlüyündə etik davranış qaydalarınında tələbinə ziddir. Belə ki, yuxarıda istinad edilən müvafiq Qaydaların tələbinə əsasən vergi əməkdaşı öz fəaliyyətində daim nümunəvi davranış nümayiş etdirməli, vergi orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyət, habelə xidməti fəaliyyətdən kənar vaxtı hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət etməli, bütün şəxslərlə, o cümlədən kollektivdə iş yoldaşları ilə nəzakətli davranmalı, hörmətlə yanaşmalı, qeyr-etik, nalayiq hərəkətlərə yol verməməlidir. İndiki halda iddiaçının öz iş yoldaşına qarşı yol verdiyi hərəkətlər xarakter etibarilə məhz etik davranış qaydalarının tələbərinə zidd olmaqla, həmin hərəkətlərin mahiyyəti (iş yoldaşının iradəsinə zidd davranılması, onu qısnamaya məruz qoyması və s.) etik davranış qaydalarının kobud pozuntusu kimi dəyərləndirilməsinə əsas verir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçının yol verdiyi hərəkətlərin xarakteri, baş vermə şəraiti (iş yerində və işdən kənar), habelə həmin hərəkətlərin yaratdığı nəticələr (vergi orqanının nüfuzuna xələl gətirməsi, vergi əməkdaşları arasında vergi işçisinin nüfüzdan salınmasına səbəb ola bilməsi və s.) iddiaçı barəsində cavabdeh tərəfindən tətbiq edilmiş tənbeh tədbirinin yol verilmiş pozuntunun xarakterinə mütənasib olmasını deməyə əsas verir. Həmçinin, kollegiya qeyd edir ki, qeyd edilən hallar özlüyündə həmin hərəkətlərin və onun nəticələrinin xidməti vəzifələrin icrası ilə bir araya sığmayan hərəkət qismində çıxış etməklə, vergi orqanlarında xidmətin adına xələl gətirən və ya onu nüfuzdan salan hərəkətlər olmasını, nəticə etibarilə vergi orqanının qanunla qorunan maraqlarının və mənafeyinin pozulmasına səbəb olan hərəkətlər olmasını deməyə əsas verir. Başqa sözlə desək, cavabdeh vergi orqanı üçün mənfi nəticələrin yaranması halı məhz onun adına xələl gəlməsi və nüfuzunun aşağı salınması ilə bağlı qanunla qorunan maraqları və manefiyə vurulmuş ziyanda ifadə olunur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində etik davranış qaydalarına riayət etməməsi, vergi əməkdaşının adını və şərəfini ucra tutmaması, əxlaq və ailə-məişət dəyərlərinə riayət etməməsi, bununla xidmətlə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləməsi, etik normalara əməl etməməsi kimi hallarına istinad etməkdə haqlı olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq Əmr qəbul edilməsi ilə əlaqədar olaraq X7 xidmət haqqında qanunvericiliyin və əmək qanunvericiliyinin hər hansı normasının pozulması halı müəyyən edilməmişdir. Eyni zamanda kollegiya iddiaçının istinad etdiyi bərabər yanaşmanın tətbiq edilməməsinə dair hallarla bağlı onu qeyd edir ki, indiki halda iddiaçının iş yoldaşının etdiyi müraciətlərinin xarakteri, iddiaçı ilə iş yoldaşı arasında razılıq əsasında başlanılmış şəxis münaisbətlərin, iş yoldaşının iradəsinə zidd iddiaçı tərəfindən davam etdirilməsi, iddiaçının iş yoldaşı barəsində yol verdiyi davranışın qısnama hərəkətlərinin baş verməsinə gətirib çıxarrtması halı müəyyən edildiyindən, nəticə etibarilə etik davranış qaydalarının pozulması halının məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi halı müəyyən edildiyindən, iddiaçının eyni tənbeh tədbirinin iş yoldaşı barəsində də tətbiq edilməli olmasına dair arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq Əmrin qəbul edilməsi zamanı inzibati icraat, vergi və əmək qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, mübahisə predmeti olan Əmr qanuni və əsaslı olmuş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-997/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar