Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-393/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ona məxsus Abşeron rayonu, Ramana Südçülük ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə və həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-369/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Abşeron rayonu, Ramana Südçülük ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə və həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1412/2020 saylı, 02.11.2020-ci il tarixli qərardadı ilə ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən sovxoz ərazisində yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. Keçmiş Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə Damazlıq Dövlət kənd Təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli 6 nömrəli əmrinə əsasən Abşeron rayon İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamı nəzərə alınmaqla iddiaçıya fərdi yaşayış evi tikilməsi üçün müəssisənin ərazisindən 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Qeyd olunanlara uyğun olaraq ona X2 Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən JN-017H kod nömrəli 00502005 kodlu Torpağn mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən qeyd olunan sahədə fərdi yaşayış evi tikilmiş, lakin torpaq sahəsinə və fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun alınması mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı 07.09.2020-ci il tarixli **********7 nömrəli məktubla ƏMDK yanında DƏDRX-ın 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətinə cavab olaraq İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 18.09.2020-ci il tarixli **********03 saylı məktubu ilə ərizənin icrasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, imtina əsassızdır və ayrılmış torpaq sahəsi və həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilməlidir. Daha sonra iddia ərizəsində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci, 10-cu maddələrinə istinad olunmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Ramana südçülük ərazisində yerləşən İddiaçı məxsus 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 7 sentyabr 2020-ci il tarixli müraciəti daxil olmuşdur. Aparılan araşdırma zamanı, baxış keçirilən ərazidə fərdi yasayıs evi və yerləşdiyi torpaq sahəsinin Maştağa-Subtropik sovxozunun Abşeron rayonunun istifadəsində saxlanılmış təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi müəyyən edilmişdir. Müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK-nin təqdim etdiyi JN-017H nömrəsi ilə qeydə alınmış Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə sözügedən torpaq sahəsinin Ramana Südçülük sovxozu ərazisində yerləşdiyi göstərilmişdir. Göründüyü kimi, təqdim olunan sənədlərlə bəyan olunan hüquqlar arasında ziddiyət möcuddur. Bundan başqa, ləğv edilmiş DT və XK-nin təqdim etdiyi arxiv məlumatlarında JN-017H nömrəsi ilə qeydə alınmış Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin digər nüsxəsi aşkarlanmamışdır. Əlavə olaraq cavabdeh bildirir ki, kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin yerinin və konfiqurasiyasının dəyişdirildiyi aşkar edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-369/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-369/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız cavabdehin mövqeyi ilə kifayətlənməməli, onlardan rəsmi sənədlər tələb etməli, müvafiq ekspertiza təyin edib rəy almalı, torpaq sahəsini ayıran müvafiq qurumların nümayəndələrini məhkəməyə dəvət edib dindirməli, onlardan nəyə görə bu işi düyünə salmalarının səbəbini soruşmalı idi. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-369/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh imtinasında ona əsaslanmışdır ki, fərdi yasayıs evi və yerləşdiyi torpaq sahəsi Maştağa-Subtropik sovxozunun Abşeron rayonunun istifadəsində saxlanılmış təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi müəyyən edilmişdir. JN-017H saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə isə sözügedən torpaq sahəsinin Ramana Südçülük sovxozu ərazisində yerləşdiyi göstərilmişdir. Bundan başqa, kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin yerinin və konfiqurasiyasının dəyişdirildiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və cavabdeh inzibati orqanın imtinasının dəlilləri ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; məntəqələrin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. İnzibati orqan müəyyən etmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Məcəllənin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Cavabdeh inzibati orqan müəyyən etmişdir ki, ləğv edilmiş DT və XK-nin təqdim etdiyi JN-017H nömrəsi ilə qeydə alınmış Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə sözügedən torpaq sahəsinin Ramana Südçülük sovxozu ərazisində yerləşdiyi göstərilsə də, faktiki istifadədə olan torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi Maştağa-Subtropik sovxozunun Abşeron rayonunun istifadəsində saxlanılmış təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı ərazidə yerləşir. Göründüyü kimi, təqdim olunan sənədlərlə bəyan olunan hüquqlar arasında ziddiyyətlər mövcud olduğundan cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub- olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Kollegiya qeyd edir ki, hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-369/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-369/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-393/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-393/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver