Məhkəmə qərarları › İş №2-1(105)-393/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-393/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-393/2022 26.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona məxsus 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2- 1(118)-185/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 saylı sərəncamından çıxarışla vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 26 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti Nümayəndəliyinin istifadəsi üçün ayrılmış 34,7 ha torpaq sahəsindən İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmış və yaşayış evi tikməyə icazə verilmişdir.

2. Abşeron Rayonu Saray bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 05 saylı məktubu ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsi etiraz etməmişdir.

3. Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir və həmin sənəd Abşeron rayon İcra Hakimiyyəti və Saray bələdiyyəsi tərəfindən təsdiq edilmişdir.

4. İddiaçı Abşeron rayonu Saray qəsəbəsində 0,10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 13 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli **********83 saylı məktubu ilə iddiaçının müraciətinə imtina cavabı verərək bildirmişdir ki, aparılan araşdırma zamanı ona 0,10 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd (qəsəbə) nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Həmçinin sözügedən torpaq sahəsinə dair ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Məlumat üçün o da bildirilmişdir ki, bundan əvvəl daxil olmuş iddiaçının eyni məzmunlu ərizəsinə 17 sentyabr 2020-ci il tarixli, **********44 nömrəli və 07 aprel 2021-ci il tarixli, **********51 məktublarla münasibət bildirilmiş, həmçinin sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı başqa şəxs tərəfindən müraciət daxil olmuşdur. Birinci instansiya məhkəməsindəki icraat

6. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona məxsus 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsi Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli 47 saylı sərəncamına əsasən ona ayrılmışdır. Belə ki, həmin sərəncama əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992- ci il tarixli 488 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti Nümayəndəliyinin sərəncamına verilmiş 34.7 ha torpaq sahəsindən İddiaçı 0.10 ha həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncam arxiv idarəsi tərəfindən təsdiq edilmiş, habelə torpaq sahəsinin yerləşmə yerini təsdiq edən sxem Saray bələdiyyəsi və Abşeron RİH tərəfindən təsdiq edilmiş və Saray bələdiyyəsinin həmin torpaq sahəsinə dair hüquqi sənəd verilməsi barədə 19 mart 2020-ci il tarixli, 05 saylı yazılı müraciəti təsdiq edilmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar cavabdeh təşkilata müraciət etmişdir, müraciəti qəbul olunaraq ********** nömrə ilə qeydiyyata alınmış və 17 iyul 2021-ci il tarixli, **********83 saylı məktubla müraciətinin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır və onun qanunla qorunan hüquqları pozulmuşdur. İdarənin imtinada yeganə dəlili “torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyətinin 28 sentybar 1992-ci il tarixli 488 saylı sərəncamı ilə ayrılması və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayənəliklərinin sərəncamlarının nəzərdə tutulmaması” olmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999cu il tarixli, 47 saylı sərəncamından çıxarışdan görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron Rayonu İcra Hakimiyyəti başçısının 28 sentyabr 1992ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti Nümayəndəliyinin istifadəsi üçün ayrılmış 34.7 ha torpaq sahəsindən İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmış və yaşayış evi tikməyə icazə verilmişdir. Abşeron rayon Dövlət Arxivinin F-551 saylı, 10 iyun 2014-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 saylı sərəncamından çıxarışa əsasən vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron Rayonu İcra Hakimiyyəti başçısının 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti Nümayəndəliyinin istifadəsi üçün ayrılmış 34.7 ha torpaq sahəsindən İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmış və yaşayış evi tikməyə icazə verilmişdir. Abşeron Rayonu Saray bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 05 saylı məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsi etiraz etməmişdir. Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəqiq müəyyən edilmişdir və həmin sənəd Abşeron rayon İcra Hakimiyyəti və Saray bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh imtinasını bununla əsaslandırmışdır ki, qüvvədə olan torpaq qanunvericiliyinə görə Abşeron rayon İH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin torpaq ayırmaq səlahiyyəti olmamışdır və səlahiyyətsiz şəxsin sərəncamı ilə ayrılmış torpaq sahəsi üzərində şəxsin mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması mümkün deyildir. Cavabdehin bu imtinası əsassızdır, çünki Abşeron rayon İH-nin başçısı yuxarıda qeyd edilən xx.xx.1992-ci il tarixli 488 saylı sərəncamı ilə Saray qəsəbəsi üzrə nümayəndəsinə vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyəti vermişdir və sonuncu da ona verilmiş bu səlahiyyətdən istifadə edərək, qeyd olunan torpaq sahəsini iddiaçıya ayırmışdır. Beləliklə də, ona torpaq sahəsinin guya səlahiyyətsiz şəxs tərəfindən ayrılması barədə cavabdehin imtina məktubunda göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçı hesab edir ki, torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və bu torpaq sahəsi üzərində hüququn dövlət reyestrində qeydiyyata alınması tələbi qüvvədə olan qanunvericiliyinə uyğun olduğundan, cavabdehin müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Bundan başqa, iddiaçının qonşuları, bütün Saray qəsəbəsi, habelə Abşeron rayonunun tabeliyində olan bütün kənd və qəsəbələrdə yerləşən torpaq sahələri Abşeron Rayon İcra Hakimiyyəti başçısının müvafiq nümayəndələrinin qərarları əsasında qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu üzrə Ərazi İdarəsi fəaliyyəti dövründə minlərlə torpaq sahələrini həmin sərəncamlar əsasında qeydiyyata almışdır. Belə olan halda, qeydiyyat orqanı tərəfindən imtina edilməsi ümumiyyətlə qanunsuzdur. Torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. Belə ki, iddiaçı həmin torpaqdan qanuni əsaslarla istifadə edir.

8. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz edərək, etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, aparılan araşdırma zamanı, iddiaçıya 0.10 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd (qəsəbə) nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Həmçinin sözügedən torpaq sahəsinə dair ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” müəyyənləşdirilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1659/2021 nömrəli qərardadı ilə Abşeron rayon Saray bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(118)-185/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı məxsus, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

11. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

12. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır.

13. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz verərək, etirazda işin hallarına, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmanına istinad edilərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdirlər.Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 29. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən edilmiş dəyişikliklə yeni redaksiyada)

1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” :

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar.

20. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

21. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin, hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

23. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

25. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz, habelə apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin sərəncamı əsasında, yəni səlahiyyətsiz şəxs tərəfindən ayrıldığından müvafiq olaraq iddiaçının həmin sahəyə münasibətdə hüquqları yaranmamışdır.

26. Birinci instansiya məhkəməsi iddianı təmin edərək qərarını belə əsaslandırmışdır ki, hazırkı halda Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəsi səlahiyyətsiz şəxs hesab oluna bilməz. Həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəsinə torpaq ayırma səlahiyyəti verilməsə də, Abşeron rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Abşeron rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbə İcra Nümayəndəliyinin sərəncamına verilmiş 34.7 ha torpaq sahəsindən vətəndaşlara torpaq sahələrinin ayrılmasına dair sərəncam vermək səlahiyyəti verilmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbə İcra Nümayəndəliyinə 34.7 ha torpaq sahəsindən İddiaçı 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin sahədə ona fərdi yaşayış evi tikməyə icazə verilmişdir. İş materiallarından həmin torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması, torpaq sahəsi ilə bağlı mübahisənin olması, habelə torpaq sahəsinin təyinatı və kateqoriyası ilə bağlı hər-hansı mübahisənin olması müəyyən olunmur. Abşeron Rayonu Saray bələdiyyəsinin xx.xx.2020ci il tarixli 05 saylı məktubundan da iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsi etiraz etməmişdir. Eyni zamanda Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəqiq müəyyən edilmişdir və həmin sənəd Abşeron rayon İcra Hakimiyyəti və Saray bələdiyyəsi tərəfindən təsdiq edilmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 saylı sərəncamı ilə İddiaçı ayrılan 0,10 ha torpaq sahəsi qanunamüvafiq hesab olunduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.

29. Belə ki, sərəncamların verildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli, 372 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsində icra hakimiyyətinin başçısını əsas səlahiyyətləri sırasına torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək aid edilmişdi. Həmin Əsasnamənin 22-ci maddəsində isə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri təsbit edilmişdir. Orada, həmçinin, qeyd edilmişdir ki, İcra Hakimiyyəti başçısının nümayəndəsi İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir.

30. İşin hallarından müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin ayrılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı müstəqil qaydada deyil, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş səlahiyyətlərin ötürülməsi (deleqasiyası) qaydasında qəbul edilmişdir.

31. Belə ki, işdən görünür ki, Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 26 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbəsi üzrə İcra Hakimiyyəti Nümayəndəliyinin istifadəsi üçün ayrılmış 34,7 ha torpaq sahəsindən İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmış və yaşayış evi tikməyə icazə verilmişdir.

32. Göründüyü kimi sərəncamlar verilərkən qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi ilə bağlı həyətyanı torpaq sahəsi ayırmaq səlahiyyəti Abşeron Rayon İcra Hakimiyyətinə məxsus olmuş, o isə özünün bu səlahiyyətini qanunvericiliyin müddədalarına uyğun şəkildə özünün tabeliyindəki qurum olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəliyinə həvalə etmişdir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlərin ötürülməsi qaydasında qəbul edilmiş qərar hüquqa uyğun şəkildə səlahiyyət sahibi tərəfindən qəbul edilmiş qərar hesab olunur. Digər tərəfdən isə sərəncamlar verilərkən qüvvədə olan qanunvericilikdə səlahiyyətlərin sözügedən qaydada ötürülməsini mümkünsüz edən hər hansı müddəa da mövcud olmamışdır. Ona görə də, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəliyi tərəfindən qəbul edilmiş İddiaçı torpaq sahəsinin ayrılmasına dair sərəncam da əslində, hüquq sahibi olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncam hesab olunmalıdır. Beləliklə, torpaq sahəsi İddiaçı qanuni əsaslarla ayrılmış sahə olmuşdur.

33. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən, aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilmişdir: “2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir.

34. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli Fərmanla artıq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar da daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxil edildiyindən və həmin Fərman iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi akt kimi onun qüvvəsi geriyə şamil edilməli olduğundan Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı iddiaçının müvafiq sərəncamla ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi çıxış edir.

35. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməklə qanuni və ədalətli qərar çıxarmışdır.

36. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

37. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(118)-185/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar