Məhkəmə qərarları › İş №2-1(105)-394/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-394/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-394/2022 17.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X4 qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(118)-334/2022 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı 22 iyun 2021-ci il tarixdə cavabdeh inzibati orqana ona yaşa görə əmək pensiyası təyin edilməsinə dair ərizə ilə müraciət etmiş, cavabdehin 03 sentyabr 2021-ci il tarixli **********2 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərə, əmək kitabçasının surəti, Qusar rayon Dövlət Arxivi tərəfindən verilən arxiv arayışı və əlilliyi olan uşağa qulluq etdiyi dövr nəzərə alındıqda 25 il sığorta stajı və xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 aprel 1991-ci il tarixdə adına tərtib olunmuş əmək kitabçasında qeyd edilən, həmçinin 11 may 1988-ci ildən 15 oktyabr 2003-cü ilə qədər olan dövrün sosial sığorta stajına daxil edilərək pensiyanın təyin olunması vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qərar məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1958-ci il tarixdə Qusar rayonun Piral kəndində anadan olmuş, rəsmi nikaha daxil olaraq Qusar rayonun Yasab kəndinə köçmüşdür, hazırda Qusar rayonun Yasab kəndində ailəsi ilə birlikdə yaşayır. Əmək fəaliyyətinə 1975-ci ildə başlamış, 28 may 1975-ci il tarixli, 55 saylı əmrə əsasən Qusar "xxxx" İstehsalat Müəssisəsinə toxucu işinə qəbul olunmuş, 19 aprel 1991-ci il tarixə kimi həmin müəssisədə işləmiş, 19 aprel 1991-ci il tarixli 37 saylı əmrə əsasən "xxxx" İstehsalat Müəssisəsindən işdən azad olunmuşdur. Şərh olunan iş stajı 19 aprel 1991-ci il tarixdə adına tərtib edilmiş AT-V seriyalı ******* saylı əmək kitabçasında qeyd olunmuşdur. Ailə üzvlərindən 11 may 1988-ci il təvəllüdlü doğma oğlu X12 uşaq serebral iflici xəstəliyindən əziyyət çəkmiş və daim başqasının köməyinə ehtiyacı olmuşdur. Belə ki, oğluna “uşaq serebral iflici, bütün ətraflarında hərəkətin kəskin məhdudlaşması İlə gedən tetraparez, əhəmiyyətli dərəcədə nəzərə çarpan kəskin imbesillik” diaqnozu qoyulmuş və 03 iyun 1994-cü ildən 19 oktyabr 2003-cü il tarixə kimi əlillik müddətinə iddiaçı, yəni uşağın anası İddiaçı uşağa qulluq etmişdir. Hesab edir ki, həmin dövr iş stajı kimi hesablanmalıdır. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, təqdim edilən sənədlərə əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İddaçının yaşa görə ümumi əsaslarla əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixdə yaranmışdır. Ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı 25 ildir. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ xx.xx.2013-cü il tarixdə yaranmışdır. İddiaçının “Əmək pensiyaları haqqında" Qanunun 8-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ yaranan zaman tələb edilən sosial sığorta stajı 10 ildir. İddiaçının ümumi sığorta stajı 19 il, 11 ay, 9 gündür. Mübahisələndirilməyən sosial sığorta stajı 1 il, 5 ay, 8 gündür. Mübahisələndirilən sığorta stajı 18 il, 6 ay, 1 gündür. Mübahisələndirilən sosial sığorta stajı iki dövrü əhatə edir: 1) 1975-1986-ci illərə aid arxiv sənədlərində və əmək kitabçasında qeyd olunan iddiaçının adında uyğunsuzluq mövcuddur. Bu əsasla mübahisəli olan sosial sığorta stajı 9 il, 1 ay, 14 gündür. 2) İddiaçının sağlamlıq imkanları məhdud övladı X12 xx.xx.2003-cü il tarixdə vəfat etdiyindən “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə akt tərtib etmək mümkün olmamışdır. Bu əsasla mübahisəli olan sosial sığorta stajı 9 il, 4 ay, 17 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. İşin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə 19 noyabr 2021-ci il tarixli **********8 nömrəli sorğu ilə Milli Arxiv İdarəsi Qusar rayon Dövlət Arxivinə müraciət edilmişdir. Dövlət Arxivinin 05 dekabr 2021-ci il tarixli 471/61 nömrəli məktubuna əsasən İddiaçı arxiv sənədləri təqdim edilmişdir. Həmin arxiv sənədlərinin “Qeyd” hissəsinə əsasən əmək haqqı cədvəllərində 1975, 1976, 1978, 1979-cu illərdə Ağadadaşova Hinayət, 1977-ci ildə Ağadadaşova Hamiyat, 1980-1986-ci illərdə Ağadadaşova Haniyat və 1987-1991-ci illərdə Əmirəhmədova Həniyat kimi qeyd olunmuşdur. Beləliklə, iddia olunan dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə ziddir. Digər mübahisəli dövr olan sağlamlıq imkanları məhdud uşağa qulluq edilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə akt təqdim edilmişdir. Lakin həmin xidmətin faktiki olaraq həyata keçirilməsi barədə akt tərtib edilərkən cavabdeh orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.3.3-cü bəndinə əsasən 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur: qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı və yaşı təsdiq edən sənəd. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və şöbələrin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur. Analoji iş ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1989/2020 nömrəli qərarına əsasən şəhər (rayon) icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən tərtib olunmuş aktın mötəbər sübut kimi qəbul edilməli olduğu barədə kassatorun dəlilini məhkəmə kollegiyası əsassız sayır. Çünki bu faktın müəyyən olunması üçün qanunla konkret qaydalarla yanaşı, aktı tərtib etməli olan səlahiyyətli orqanlar müəyyən olunmuş və bu orqanların komissiya kimi birgə hərəkət etməsi nəzərdə tutulmuşdur. Aktın tərtibində DSMF orqanı nümayəndəsinin iştirakının zəruriliyi, bu sahədə idarəetməni həyata keçirən orqan olmasından irəli gəlir. Komissiya kollegiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Komissiyanın tərkibində DSMF-nin nümayəndəsinin olmaması, bu komissiyanın səlahiyyətli olmamasına gətirib çıxarır. Ona görə də DSMF-nin nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş akt qanuna uyğun hesab oluna bilməz. Həmçinin iddiaçının bu cür akt tərtib olunması üçün DSMF orqanına müraciət etməsi də müəyyən olunmur. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(118)-334/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının 19 aprel 1991-ci il tarixdə adına tərtib olunmuş əmək kitabçasındakı dövrlər və sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi 15 oktyabr 2003-cü ilə qədər olan dövrlər onun sosial sığorta stajına daxil edilərək, iddiaçıya xx.xx.2014-cü il tarixindən yaşa görə əmək pensiyası təyin olunması və xx.xx.2018-ci il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İ.Quliyev). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verdi və əlavə olaraq məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 28 may 1975-ci il tarixdən 19 aprel 1991-ci il tarixədək Qusar "xxxx" X5 işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2011-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması və xx.xx.2018-ci il tarixdən hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayət ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası: Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Maddə 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırda apellyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qərarını onunla əsaslandırmışdır ki, AR ƏƏSMN Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında müvafiq aktın tərtib olunmasında həm şəhər (rayon) icra hakimiyyəti orqanlarına həm də müvafiq şöbənin və ya idarənin nümayəndələrindən ibarət yaradılacaq komissiyaya səlahiyyət verilmişdir. Müvafiq icra hakimiyyəti orqanının aktı ilə iddiaçının əlil uşağına qulluq etməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsinə bildirilmişdir ki, cavabdeh inzibati orqanın aktda qeyd edilənlərin həqiqiliyinə şübhəsi olduğu halda özü qanunvericiliyin göstərişi üzrə inzibati araşdırma funksiyasını yerinə yetirə bilər və bununla bağlı sübutları məhkəməyə təqdim edə bilər. Lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Hazırki halda məhkəməyə təqdim edilmiş sənədlərin mötəbərliyinə münasibətdə hər hansı şübhə müəyyən olunmur. İddiaçının yaşa görə pensiya hüququ xx.xx.2014-cü il tarixdən yaranmışdır. Lakin, iddiaçı cavabdeh orqana xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. İddiaçının hüququ xx.xx.2014-cü il tarixdən yaransa da, əmək pensiyası inzibati orqana müraciətindən əvvəlki üç il nəzərə alınmaqla hesablanmalı və ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçının 19 aprel 1991-ci il tarixdə adına tərtib olunmuş əmək kitabçasındakı dövrlər və sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi 15 oktyabr 2003-cü ilə qədər olan dövrlər onun sosial sığorta stajına daxil edilərək xx.xx.2014-cü il tarixdən pensiya təyin olunması və xx.xx.2018-ci il tarixdən hesablanmaqla yaşa görə əmək pensiyası ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Qusar rayonu, Piral kəndində anadan olmuşdur, Qusar rayonu, Yasab kəndində qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) azı 12 il sığorta stajı toplaması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşdə olan 11 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 01 nömrəli müayinə aktından çıxarışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X7 əlilliyi xx.xx.1994-cü ildə müəyyən edilmiş və əlilliyə görə sosial müavinət təyin edilmiş, aktda anası İddiaçı köməyinə ehtiyacı olduğu qeyd edilmişdir. İş materiallarında olan iddiaçının qonşuları (X3, X15, X8) tərəfindən tərtib edilmiş və Qusar RİHB-nın Yasab kənd inzibati ərazi dairəsinin nümayəndəsi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X12 anadangəlmə fiziki qüsurlu olmuş, anası İddiaçı tərəfindən ona vəfat etdiyi günə kimi qulluq göstərilmişdir. Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X12 xx.xx.2003-cü il tarixində Qusar rayonu, Yasab kəndində ölmüşdür. Beləliklə, iddiaçının sağlamlıq imkanları məhdud xx.xx.1988-ci il təvəllüdlü oğlu X10 8 yaşınadək tərbiyə etməsi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi düzgün olmayaraq hesab etmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2014-cü il tarixdən, 56 yaşından yaranmışdır. Halbuki, zamana görə qüvvədə olan Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 2010-cu ilin yanvar ayına qədər qadınların yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən yaş həddi 57, 2010-cu ilin yanvarın 1-dən 57.5 yaş, 2011ci ilin yanvarın 1-dən isə 58 yaş olmuşdur. Buna müvafiq olaraq sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə edən anaların isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən yaş həddi 05 il azaldılmaqla 2010-cu ildən 52.5, 2011-ci ildən isə 53 olmuşdur. İddiaçı da xx.xx.1958–ci il təvəllüdlü olduğundan, “Əmək pensiyaları haqqında” zamana görə qüvvədə olan 8.2-ci maddəsinə əsasən, 53 yaşında, yəni xx.xx.2011-ci ildə yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2014-cü il tarixdə deyil, xx.xx.2011-ci il tarixində yarandığından, pensiya yaşına çatması ilə bağlı birinci şərt ödənilmişdir. İkinci şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda göstərilən 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara yaşa görə əmək pensiyası təyin edilməsi üçün azı 10 il sığorta stajı tələb edilirdi. İddiaçıya məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1991-ci il tarixədək 15 il 10 ay 21 gün Qusar "xxxx" istehsalat müəssisəsində toxucu işləmişdir. İşdə olan Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 dekabr 2021-ci il tarixli 471/61 saylı arxiv arayışından görünür ki, Qusar "xxxx" X6 55 saylı əmrinə əsasən, iddiaçı 28 may 1975-ci il tarixində Qusar "xxxx" X9 işə qəbul edilmiş, 19 aprel 1991-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. Həmçinin, İddiaçı adına Qusar rayonu keçmiş "xxxx" X6 şəxsi hesab kitablarında 1975-1991-ci illərdə qeyd edilmiş əmək haqları barədə tərtib edilmiş Qusar rayon Dövlət Arxivinin 05 dekabr 2021-ci il tarixli 471/61 saylı arxiv arayışından görünür ki, müəssisə tərəfindən iddiaçıya 26 may 1975-ci il tarixindən 31 dekabr 1991-ci il tarixinədək əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi qeyd olunan qanunvericilik normalarına görə əmək kitabçası işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilir. İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1991ci il tarixədək Qusar rayon "xxxx" istehsalat müəssisəsində işləməsi həm əmək kitabçasındakı qeydlə, həmçinin arxiv arayışları ilə təsdiq edilir. Bu hissədə cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, 1975-1986ci illərə aid arxiv sənədlərinin “Qeyd” hissəsinin əmək haqqı cədvəllərində 1975, 1976, 1978, 1979-cu illərdə “Ağadadaşova Hinayət”, 1977-ci ildə “Ağadadaşova Hamiyat”, 1980-1986-ci illərdə “Ağadadaşova Haniyat” və 1987-1991-ci illərdə “Əmirəhmədova Həniyat” kimi qeyd olunduğundan, həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə ziddir. Məhkəmə kollegiyası cavabdehin göstərilən dəlili əsassız hesab edərək qeyd edir ki, əmək haqqı cədvəllərində iddiaçının adının düzgün yazılmaması onun təqsiri üzündən baş verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsinə dair iddia tələbinə və birinci instansiya məhkəməsinin qərarına münasibətdə apelyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, bu hissədə birinci instansiya məhkəməsi iddia tələbini təmin etsə də, hazırda iddiaçı tələbin həcminin azaldılması barədə ərizədə yalnız əmək kitabçasında qeyd edilən dövrün sığorta stajına daxil edilərək, pensiya təyin edilməsini xahiş etdiyindən, kollegiya həmin dəlilə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab etmir. Beləliklə, əmək kitabçası və arxiv arayışları ilə iddiaçı zamana görə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbinə əsasən, 10 il sosial sığorta stajına malik olduğundan, kollegiya hesab edir ki, cavabdehin yaşa görə pensiya təyin etməkdən imtinası qanunazidd olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaransa da, pensiyanın təyini üçün 22 iyun 2021-ci ildə cavabdeh inzibati orqana müraciət etdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Bu baxımdan, iddiaçıya ödənilməmiş pensiya ödənişləri xx.xx.2018-ci il tarixindən ödənilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının 28 may 1975-ci il tarixdən 19 aprel 1991-ci il tarixədək Qusar "xxxx" X5 işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə, xx.xx.2011-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması və xx.xx.2018-ci il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(118)-334/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 28 may 1975-ci il tarixdən 19 aprel 1991-ci il tarixədək Qusar "xxxx" X5 işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə xx.xx.2011-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması və xx.xx.2018-ci il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X2 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar