Məhkəmə qərarları › İş №2-1(105)-394/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-394/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-394/2024 19.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X16 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(118)-1388/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayon X5 İcraiyyə Komitəsi tərəfindən verilmiş 24 dekabr 1973-cü il tarixli, 75 nömrəli orderə əsasən ZDS İK-nin 21 dekabr 1973-cü il tarixli, 29 nömrəli protokol qərarı ilə Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 17 kv.m sahəli 1 otaqlı 7 nömrəli mənzil İsmayıl Mövsüməli oğluna verilmişdir. İİ-ЖГ seriyalı, 255577 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən İsmayıl Mövsüməli oğlu 20 fevral 1980-ci il tarixdə ölmüşdür. Abşeron Rayon Xalq Məhkəməsinin 02 mart 1983-cü il tarixli, 2-86 nömrəli qətnaməsi ilə Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzilin şəxsi hesabının X3 adına açılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında qəbul edilmiş Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 27 aprel 1983-cü il tarixli, 88.4 nömrəli qərarı ilə mənzilin şəxsi hesabının X3 adına dəyişdirilməsinə icazə verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismar Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat-İstismar Təmiri Sahəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 26 nömrəli Forma-2 arayışına əsasən Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzilin icarədarı X7 olmaqla, mənzildə qardaşı X4, qardaşı arvadı İddiaçı1, qardaşı qızı X8, X13 və qardaşı oğlu İddiaçı2 daimi qeydiyyatdadır. Notarial qaydada təsdiq edilmiş 05 iyun 2018-ci il tarixli, 7E-1323 reyestr nömrəli ərizəyə əsasən X4, İddiaçı2, X13 və X8, 06 iyun 2018-ci il tarixli, 7E-1347 reyestr nömrəli ərizəyə əsasən isə İddiaçı1 ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilin X3 adına özəlləşməsinə və reyestrdən çıxarış verilməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra Xırdalan şəhəri, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınaraq, reyestrdən RX seriyalı, ******* nömrəli, **********76-093069 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra İddiaçı1 və İddiaçı2 cavabdeh qismində X6 qarşı iddia ərizəsi ilə mülki məhkəmə icraatı qyadasında ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzilin cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilə dair cavabdehin adına dövlət reyestrində aparılmış 02 iyul 2018-ci il tarixli qeydiyyatın və RX seriyalı, ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-2334/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(105)-1187/2021 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(102)- 4386/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1187/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İddianın rədd edilməsinə əsas iddia tələbinin əsl olmayan cavabdehə qarşı qaldırılması olmuşdur. Bundan sonra iddiaçılardan İddiaçı2 17 fevral 2022-ci il tarixli ərizə ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, mənzilin texniki pasportunun və çıxarışın qeydə alınmasına əsas olmuş xx.xx.2018-ci il tarixli, **********76-093069 reyestr nömrəli qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzilinin X3 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, həmin mənzilinin Ə.İsmayılovun adına xüsusi mülkiyyət kimi qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində ********** nömrəli, 02 iyul 2018-ci il tarixli qeydiyyatın ləğvi və Ə.İsmayılovun adına verilmiş RX seriyalı ******* saylı çıxarışın və həmin mənzilə dair texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki birinci icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 qəsəbəsi, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli yaşamır, o, 2003-cü ildən ünvan 3 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. 2018-ci ilin iyun ayında Ə.İsmayılov və B.İsmayılov mənzilin sənədlərində saxtakarlıq olmasını deyib onları aldadaraq ASAN Xidmət Mərkəzinə aparmış və mənzilin öz adına özəlləşdirilməsi ilə bağlı razılıq ərizələri almışdır. Həmin ərizələrə əsasən mənzil Ə.İsmayılovun adına özəlləşdirilmiş və bu barədə 02 iyul 2018-ci il tarixli, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarış verilmişdir. Ə.İsmayılov çıxarışı aldıqdan 1 ay keçməmiş Abşeron Rayon Məhkəməsində iddiaçılara qarşı “mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi, mənzildən çıxarılma, məhkəmə qərarının yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi üçün əsas hesab edilməsi və mənzil kirayə haqqının ödənilməsi tələbinə dair” iddia qaldıraraq iddiaçıların mənzilə istifadə hüquqlarının olmadığının müəyyən edilməsi, mənzildən çıxarılmaları, 27.000 manat mənzil kirayə haqqının tutulması və məhkəmə qərarının yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi üçün əsas hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2(012)-4616/2018 saylı qətnaməsi ilə Ə.İsmayılovun iddiası iddiaçılara münasibətdə rədd edilmişdir. Göründüyü kimi, Ə.İsmayılov mənzildə yaşamadığı və qeydiyyatda olmadığı halda, mənzil onun adına özəlləşdirilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. İstinad edilən maddi hüquq normasının tələbinə əsasən, yalnız dövlət və ya ictimai mənzil fonduna aid mənzildə yaşayan şəxslərin onu şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Hesab edir ki, Ə.İsmayılovun formal olaraq icarədarı kimi qaldığı, yaşamadığı mənzili öz mülkiyyətinə keçirmək hüququ olmamışdır. Mənzil Ə.İsmayılovun adına aldatma və əvvəldən mövcud olan pis niyyətlə özəlləşdirilmişdir. Belə ki, iddiaçılar mənzilin onun mülkiyyətinə verilməsinə aldadılaraq razılıq vermişdilər. Həmçinin, Ə.İsmayılov növbəlilik qaydasında başqa bir mənzilə order almış və onu da öz adına özəlləşdirilmişdir. Beləliklə, bu mənzil onun dövlət mənzil fondundan öz adına özəlləşdirdiyi ikinci mənzildir. Tərəflərindən cavabdeh inzibati orqana verilən müvafiq müraciət təmin edilməmiş, mübahisənin məhkəmə yolu ilə həll edilə biləcəyi göstərilmişdir. Qeyd edirlər ki, bundan əvvəl mülki qaydada eyni iddia ilə məhkəməyə müraciət edilsə də, AR Ali Məhkəməsinin müvafiq qərarı ilə “mübahisənin inzibati məhkəmə səlahiyyətinə aid olması” əsası ilə iddia rədd edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(118)-1444/2022 nömrəli qərardadı ilə X7 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, atası tərəfindən ona vəsiyyət olunmuş hal-hazırda şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə hazırkı iş üzrə iddiaçılar onun razılığı olmadan pasport qeydiyyatına alınmışlar. Uzun illər ondan möhlət istəmiş, sonradan həmin mənzilə görə kirayə haqqı ödəyəcəklərinə söz versələr də, əməl etməmişlər. Bununla bağlı, məhkəməyə müraciət etsə də, iddiası qismən təmin edilmiş, mənzildə qeydiyyatda olan 5 nəfərdən üçünün mənzildən çıxarılması, iki nəfərə isə kompensasiya verilməklə bağlı qətnamə qəbul edilmişdir. O, sonradan kompensasiya verməyə məcbur olub bununla razılaşmışdır. İddiaçılar onun şəxsi mülkiyyətində olan həmin mənzili aralarında hərraca qoymaq niyyətindədirlər. Hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(118)-1444/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). İddiaçı tərəf həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(105)-666/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1444/2022 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. c) Birinci instansiya məhkəməsindəki ikinci icraat Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(118)-1388/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilin şəxsi hesabının üçüncü şəxsin adına keçirilməsi barədə Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 88.4 saylı, 27 aprel 1983-cü il tarixli qərarı qüvvədən düşməmişdir. Həmçinin, iddiaçılar həmin mənzilə dair onların mülkiyyət hüququnu təsdiq edəcək, hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdilər. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh orqanın onların müraciətlərindən imtinası qanuni və əsaslı olmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişlər ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 20 oktyabr 2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, üçüncü şəxs ünvan 5ndə yerləşən 3 saylı evin 41-ci mənzilini öz adına dövlət mənzil fondundan əvəzsiz şəkildə 2003-cü ildə özəlləşdirmişdir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun 7-ci maddəsinə görə, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Göründüyü kimi həmin mənzilə dair üçüncü şəxsin adına 1988-ci ildə order verilmiş, o, həmin mənzili dövlət mənzil fondundan əvəzsiz şəkildə 2003-cü ildə özəlləşdirmiş, bundan sonra isə 02 iyul 2018-ci ildə hazırda mübahisələndirilən mənzili də dövlət mənzil fondundan öz adına özəlləşdirmişdir. Hesab edir ki, mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzilinə dair özəlləşmə etibarsız, qanunsuz və əsassız olmuşdur. Belə ki, üçüncü şəxs mənzildə özəlləşmə aparılan anda qeydiyyatda olmamış, mənzilin formal olaraq icarədarı kimi qalmış, yaşamadığı dövlət mənzil fonduna aid ikinci mənzili əvəzsiz qaydada öz mülkiyyətinə keçirmək hüququ olmamışdır. Üçüncü şəxs mənzili özəlləşdirdikdən 1 ay sonra iddiaçılara qarşı mənzildən çıxarılma tələbinə dair verdiyi iddia ərizəsində hazırkı iş üzrə iddiaçıların 1993-cü ildən mənzildə yaşadıqlarını, mənzilin onun mülkiyyətinə keçməsinə razılıqları və niyyətləri olmadığını qeyd etmişdir. Üçüncü şəxs Ə.İsmayılov və onun qardaşı Bayram İsmayılov iddiaçıları aldadaraq onlardan razılıq ərizəsi almış, sonra isə onlardan xəbərsiz mənzili özəlləşdirmişlər. Məhkəmənin iddiaçıların mübahisələndirilən yaşayış evinə dair mülkiyyət hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədin mövcud olmaması ilə bağlı hüquqi mövqeyi ilə razılaşmayaraq bildirir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 2016/2021 nömrəli qətnaməsi ilə iddiaçılara kompensasiya verilməklə həmin mənzilə istifadə hüquqlarına xitam verilməsi qət edilsə də, həmin qətnamə qanuni qüvvəyə minməmiş, apellyasiya instansiyasında iş üzrə icraat dayandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçılar məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdilər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçıların iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Azərbaycan Respublikasından mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (qüvvədən düşmüş): Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; (-) Maddə 16. Dövlət reyestrində düzəlişlər (-) 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; (-) Mənzil Məcəlləsi: Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin yuxarıda sadalanan hallarından görünür ki, mübahisəli Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzil Abşeron rayon X5 İcraiyyə Komitəsi tərəfindən verilmiş 24 dekabr 1973-cü il tarixli, 75 nömrəli order əsasında üçüncü şəxsin atası İsmayıl Mövsüməli oğluna verilmiş, onun ölümündən sonra həmin mənzilin şəxsi hesabı Abşeron Rayon Xalq Məhkəməsinin 02 mart 1983-cü il tarixli qətnaməsi və XDS İcraiyyə Komitəsinin 27 aprel 1983-cü il tarixli, 88.4 nömrəli qərarı ilə üçüncü şəxsin adına keçirilmişdir. Daha sonra hazırkı iş üzrə iddiaçılar da daxil olmaqla, mənzildə qeydiyyatda olanların razılıq ərizələri əsasında mənzil üçüncü şəxsin adına özəlləşdirilmiş və onun mülkiyyət hüququ reyestrdə qeydiyyata alınmışdır. Hazırda iddiaçılar mənzilə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış özəlləşdirməni mübahisələndirirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Lakin, burada ümumən özəlləşdirmənin aparılmasına razı olmaqla, onun hansı qaydada aparılmasına razı olmaq məsələləri fərqləndirilməlidir. Buna görə, hüquq sahibi şəxslər ümumən özəlləşdirmənin aparılmasına dair vahid razılığa gəlsələr də, mənzilin məhz hansı qaydada özəlləşdirilməsi ilə bağlı fərqli məzmunda razılıqlarını ifadə edə bilərlər. Qanunverici belə razılığın məzmunu ilə bağlı hüquq sahibi şəxslərə seçim imkanı vermişdir - mənzilin ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə keçirilməsi. Bu seçimi hər bir hüquq sahibi öz azad iradəsinə uyğun olaraq həyata keçirməkdə sərbəstdir. İşin hallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçılar müvafiq razılıq ərizələri ilə qeyd olunan normanın dispoziya şərtlərindən irəli gələn seçim hüquqlarından istifadə etməklə, mübahisəli mənzilin üçüncü şəxsin mülkiyyətinə verilməsinə etiraz etmədiklərini bəyan etmişlər. İddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində iddiaçılar da qeyd olunan faktı təsdiqləyərək, mənzilin üçüncü şəxsin adına özəlləşdirilməsinə dair tərəflərindən razılıq ərizələri verildiyini, lakin həmin ərizələrin onların üçüncü şəxs və onun qardaşı X4 tərəfindən aldadılmaları nəticəsində verildiyini bildirirlər. Kollegiya iddiaçıların həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında qeyd olunan halı təsdiq edən hər hansı sübut mövcud deyildir, eləcə də, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzil üzərində üçüncü şəxsin mülkiyyət hüququ cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində hüquqmüəyyənedici sənəd qismində təsbit edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı və orderi əsasında dövlət qeydiyyatına alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. Həmin sənədlərin etibarsızlığının müəyyən edildiyi və ya mübahisələndirildiyi də iş üzrə materiallardan müəyyən olunmur. Göründüyü kimi, qeydiyyatın əsasında duran həmin hüquqmüəyyənedici sənədlər, yəni Abşeron rayon X5 İcraiyyə Komitəsi tərəfindən verilmiş 24 dekabr 1973-cü il tarixli, 75 nömrəli order və XDS İcraiyyə Komitəsinin 27 aprel 1983-cü il tarixli, 88.4 nömrəli qərarı ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, həmin hüquqmüəyyənedici sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır). Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquq cavabdeh tərəfindən etibarlı hüquqmüəyyənedici sənəd əsasında qeydiyyata alınır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən, cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə mübahisəli mənzilə üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehin davranışı qanuni və əsaslı sayılmalıdır. Bu zaman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində təsbit edilən dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası da nəzərə alınmalıdır. Belə ki, həmin normaya görə, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi üçün hər hansı qanuni əsas müəyyən edilmədiyindən iddiaçılar tələblərində haqlı sayıla bilməzlər. Eyni zamanda, iddiaçıların apellyasiya şikayətinin növbəti dəlili ondan ibarətdir ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun 7-ci maddəsinə görə, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bildiyi halda, üçüncü şəxs dövlət mənzil fonduna aid ünvan 5 ünvanında yerləşən 3 nömrəli evin 41-ci mənzilini öz adına əvəzsiz şəkildə özəlləşdirmiş, bundan sonra isə 02 iyul 2018-ci ildə hazırda mübahisələndirilən mənzili də dövlət mənzil fondundan qanunsuz olaraq öz adına özəlləşdirmişdir. Kollegiya şikayətin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçıların bu haldan çıxış edərək, özəlləşdirilmənin qanunsuz satılmasını tələb etmək hüquqları yoxdur. Belə ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanunun 7-ci maddəsində dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan istifadəyə qoyulmuş məhdudiyyət qanunvericinin müəyyən etdiyi qayda olmaqla, bu halın mövcudluğu müəyyən edildiyi təqdirdə, yalnız inzibati orqanın mənzili özəlləşdirməkdən imtina etmək hüququ vardır. Hazırkı işdən isə görünür ki, cavabdeh inzibati orqan tərəfindən mübahisəli mənzilin özəlləşdirilməsi ilə bağlı üçüncü şəxsin müraciətinə baxılarkən qeyd edilən halın mövcudluğuna istinad edilərək imtina cavabı verilməmiş, mənzil üçüncü şəxsin adına özəlləşdirilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(118)-1388/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar