Məhkəmə qərarları › İş №2-1(105)-394/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-394/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-394/2025 02.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1801/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 1801/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ilkin hüquq müəyyənedici sənədlərə uyğun, qanuni istifadəsində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin koordinatları (plan və ölçüləri) düzgün işlənilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli A № 984042 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində cari dəyişikliyin edilməsi və yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “İlkin hüquq müəyyənedici sənədlərə uyğun, qanuni istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin koordinatları (plan və ölçüləri) düzgün işlənilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli A № 984042 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində cari dəyişikliyin edilməsi və yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü tarixdə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,20 ha torpaq sahəsini almışdır. Həmin torpaq sahəsinə dair DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmiş və xx.xx.2023-cü il tarixli A № 984042 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Sonradan məlum olmuşdur ki, xx.xx.2023-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindəki döngə nöqtələri, qonşu sərhədləri ərazinin yerləşmə sxemindəki koordinatları ilə naturada uyğun gəlmir. Yəni, torpaq sahəsinə dair plan və ölçü sənədi, qanuni istifadəsində olan torpaq sahəsinin faktiki koordinatlarına uyğun tərtib olunmamışdır. Hesab edir ki, hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadədə olan torpaq sahəsi arasında uyğunsuzluqlar aradan qaldırılmalı və onun istifadəsində olan torpaq sahəsinə dair yeni plan-ölçü sənədi tərtib edilməlidir. Bu barədə düzəliş edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh əsassız olaraq sənədə düzəliş etməkdən imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, **********77 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 3200 metr fərq mövcuddur, yeri dəyişdirilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi X8 məxsus **********0127 (A 004795 nömrəli xx.xx.2007-ci il tarixli) plan və ölçü sənədi və X2 məxsus **********76 reyestr nömrəli torpaq sahəsi ilə üçt-üstə düşür. Həmin torpaq sahəsi 2 ədəd yüksək gərginlikli elektrik xəttinin (6 kvt) və (220 kvt) mühafizə zolağında yerləşir. Bu səbəbdən iddiaçıya imtina verilmişdir. İddiaçının tələbi əsassızdır və rədd edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası "xxxx" ASC-dən aldığı məktubda qeyd edilmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərürüfatı təyinatlı 0,20 ha torpaq sahəsi yaxınlığından keçən "xxxx" ASC-yə məxsus 220 Kv-luq 1-ci Hövsan hava xəttinin mühafizə zonasına düşmür. Bundan əlavə mütəxəssislər tərəfindən vurulan ərazi koordinatından da görünür ki, iddiaçının torpağının sərhədləri neftin mühafizə zolağı X3 məxsus torpaq sahəsi və elektrik xəttinin mühafizə zolağıdır. Bu da o deməkdir ki, iddiaçının torpağının guya X6 məxsus torpaq sahəsinin plan-ölçü sənədi ilə üst-üstə düşməsi həqiqətə uyğun deyil. Bundan əlavə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 3200 metr fərqi mövcud olduğu və yerinin dəyişdirildiyinə gəldikdə isə həmin torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmiş və xx.xx.2023-cü il tarixdə A 984042 nömrəli planı və ölçü sənədi tərtib edilmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehin tərtib etdiyi xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindəki döngə nöqtələri, qonşu sərhədləri ərazinin yerləşmə sxemindəki koordinatları ilə naturada uyğun gəlmir. Yəni, torpaq sahəsinə dair plan və ölçü sənədi, hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadədə olan torpaq sahəsi arasında uyğunsuzluqlar aradan qaldırılmalı və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair yeni plan-ölçü sənədi tərtib edilməlidir. Ona görə də, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə etmiş və izahatında bildirmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi 20 ildir ki, hasara alınıb və onun istifadəsindədir. Torpaq sahəsindən istixana kimi istifadə edir, güllər əkir. Torpaq sahəsi formal olaraq 2011-ci ildə Abşeron rayonu Mehdiabad bələdiyyəsinin mülkiyyətinə verilib. Daha sonra 2014-cü ildə Aslanov Sədinin adına, 2023-cü ildə isə onun adına keçirilmişdir. Torpaq sahəsinin koordinatları əvvəldən səhv verilmişdir, burada cavabdeh orqanın əməkdaşlarının səhvi olmuşdur. 2023-cü ildə torpaq sahəsinin koordinatlarının istifadəsində olan yerə düşməməsi barədə məlumatı olmuşdur. Cavabdeh orqan 3 km sürüşmə olduğunu bildirir. Hesab edir ki, torpaq sahəsinin koordinatları ilə bağlı 2011-ci ildə yanlışlığa yol verilib. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, "xxxx" ASC-dən əldə etdikləri məktubda qeyd edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən, kənd təsərürüfatı təyinatlı 0,20 ha torpaq sahəsi yaxınlığından keçən "xxxx" ASC-yə məxsus 220 kv-luq 1-ci Hövsan hava xəttinin mühafizə zonasına düşmür. Bundan əlavə mütəxəssislər tərəfindən vurulan ərazinin koordinatından da görünür ki, iddiaçının torpağının sərəhədləri neftin mühafizə zolağı X3 məxsus torpaq sahəsi və elektrik xəttinin mühafizə zolağıdır. Bu da o deməkdir ki, iddiaçının torpağının guya X6 məxsus torpaq sahəsinin plan-ölçü sənədi ilə üst-üstə düşməsi cəfəngiyyatdır. Torpaq sahəsi 20 ildir ki, iddiaçının istifadəsindədir. Torpaq sahəsinin rəngli ortofoto görüntüsünü təqdim etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiklərini bildirmiş və iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında müvafiq sorğuların verilməsi ilə bağlı məhkəmə iclası təxirə salınmış və sorğulara cavab alındıqdan sonra işə baxılması xx.xx.2025-ci il tarixə saat 11:30-a təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, eyni vaxtda Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclası təyin olunduğu üçün məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-3002/2025 nömrəli bildirişini əlavə etmişdir. Həmin bildirişdə məhkəmə iclasının xx.xx.2025-ci il tarixə saat 11:20-yə təyin edildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını davam etdirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və DƏDRX-nin arxivindən əldə edilmiş sənədlərdən müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 08 saylı protokolunun 02/02 nömrəli qərarından çıxarışdan müəyyən edilir ki, Mehdiabad bələdiyyəsinin alqı-satqı predmeti olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,20 ha torpaq sahəsinin məqsədli təyinatı ərazisinin yerquruluşu-təsərrüfat planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə nəqliyyat, qaz, su kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin sahibkarlıq məqsədilə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmışdır. DT və XK tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixdə 3559 nömrə ilə X12 kitabında qeydiyyata alınmış A 372427 nömrəli torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 02/02 nömrəli qərarı ilə sahibkarlıq məqsədilə ayrılmış Abşeron rayonu Mehdiabad bələdiyyəsinə məxsus olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,20 ha torpaq sahəsinin koordinatları göstərilməklə **********1044 nömrəsi ilə 1:1000 miqyastda planı tərtib edilmişdir. DƏDRX tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli müayinə aktından müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 020/02 nömrəli qərarı ilə sahibkarlıq məqsədilə ayrılmış Abşeron rayonu Mehdiabad bələdiyyəsinə məxsus olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,20 ha torpaq sahəsi, texniki sənəd üzrə 0,20 ha, hüquq müəyyənedici sənəd üzrə 0,20 ha, faktiki 0,20 ha təşkil edir. Torpaq sahəsi iki tərəfindən yol ilə sərhəddir. Kommunikasiya keçmir, torpaq sahəsinin bərkildilmiş sərhəd nişanları yoxdur. xx.xx.2011-ci il tarixli **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, MA ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,20 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Abşeron rayonu Mehdiabad bələdiyyəsinin adına daşınmaz əmlakın reyestrində 244 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. **********33 reyestr nömrəli torpaq sahəsinin 1:10000 miqyaslı daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsindən çıxarış tərtib edilmişdir. xx.xx.2012-ci il tarixdə keçirilmiş hərrac vasitəsilə xx.xx.2011-ci il tarixli **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, MA ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad bələdiyyəsinin mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,20 ha torpaq sahəsi 2650 manata X1 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon torpraq hərrac və müsabiqə komissiyasında xx.xx.2014-cü il tarixdə 2570 nömrə ilə qeydiyyata alınmaqla, X7 şəhadətnamə verilmişdir. xx.xx.2014-cü il tarixli **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,20 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın reyestrində 244 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. X5 adına xx.xx.2014cü il tarixdə **********77 reyestr nömrəli AA 023962 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas sənədlər: Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 145 nömrəli hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi; DTXK Abşeron rayon şöbəsinin xx.xx.2012-ci il tarixli 2544 nömrəli hərrac protokolu. xx.xx.2023-cü il tarixli 4Ə-377 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə X9 xx.xx.2011-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,20 ha torpaq sahəsini 5.000 manat İddiaçı satmışdır. xx.xx.2023-cü il tarixli **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,20 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın reyestrində 244 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı adına xx.xx.2023-cü il tarixdə **********77 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas sənədlər: DƏDRX Abşeron rayon ərazi idarəsinin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışı olmuşdur. İddiaçı məxsus olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin **********77 reyestr nömrəli torpaq sahəsinin planından müəyyən edilir ki, sənəd üzrə koordinatları 0,20 ha: X = 400952.8000; X = 400992.0200; X = 400969.5500; X = 400930.4500; Y = 4485202.4600; Y = 4485132.4300; Y = 4485121.4800; Y = 4485191.2700; faktiki koordinatları - 0,2227 ha: X = 401415.7800; X = 401287.8000; X = 401210.7300; X = 401230.0310; X = 401415.2534; Y = 4482031.3700; Y = 4482057.4500; Y = 4482064.3000; Y = 4482040.0550; Y = 4482057.4368 olmaqla, torpaq sahəsinin sənəd üzrə və faktiki koordinatların yerləşməsi arasında 3200 metr məsafə vardır. İddiaçı mülkiyyətçisi olduğu Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin koordinatları (plan və ölçüləri) düzgün işlənilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli A № 984042 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki döngə nöqtələri, qonşu sərhədləri ərazinin yerləşmə sxemindəki koordinatları ilə naturada uyğun gəlmədiyini göstərərək, torpaq sahəsinə dair plan və ölçü sənədi, qanuni istifadəsində olan torpaq sahəsinin faktiki koordinatlarına uyğun plan və ölçü sənədində cari dəyişikliyin edilməsi və yeni plan və ölçü sənədinin verilməsi xahiş edir. Cavabdeh inzibati orqan, təqdim edilmiş müayinə aktında iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki koordinatlarının yerləşməsi arasında 3200 metr fərq olduğu, həmçinin faktiki istifadə olunan torpaq sahəsinin 220 Kv.t yüksək gərginlikli 2 ədəd elektrik xəttinin mühafizə zolağında yerləşdiyini bildirərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, **********77 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 3200 metr fərq mövcuddur, yeri dəyişdirilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi X8 məxsus **********0127 (A 004795 nömrəli xx.xx.2007-ci il tarixli) plan və ölçü sənədi və X2 məxsus **********76 reyestr nömrəli torpaq sahəsi ilə üçt-üstə düşür. Həmin torpaq sahəsi 2 ədəd yüksək gərginlikli elektrik xəttinin (6 kvt) və (220 kvt) mühafizə zolağında yerləşir. (xx.xx.2024-cü il tarixli 13069/24 nömrəli, xx.xx.2024-cü il tarixli 14367/24 nömrəli məktublar). Ortofoto xəritədən çıxarışlar iş materiallarına əlavə edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 13-13/2-1/16-15711/2024 saylı məktubunda qeyd edilir ki, iddiaçının tələbi üzrə mövcud torpaq sahəsi "xxxx" ASC-nin balansında olmayan 220 kVluq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Birinci instansiya məhkəməsi iddiaçının tələbi üzrə cavabdehin imtinasını əsaslı hesab edərək göstərmişdir ki, torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki koordinatlarının yerləşməsi arasında 3200 metr fərq olduğu, faktiki istifadə olunan torpaq sahəsinin 220 Kvt yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq olduğu, yerinin dəyişdirildiyi, faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edildiyindən iddiaçının tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu göndərərək, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən, **********77 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə ilkin və hazırkı koordinatlar üzrə naturada və faktiki yerləşməsi arasında hazırkı vəziyyətinə dair rəngli ortofoto görüntüsünün məhkəməyə təqdim edilməsini tələb etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3-21-3-32/2-7763/2025 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, müayinə olunan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi **********76 reyestr nömrəli çıxarışla və **********0127 nömrəli plan və ölçü sənədi ilə üst-üstə düşür. Torpaq sahəsinin ortofoto görüntüləri məhkəməyə təqdim edilmişdir. Ortofoto görüntüsündən də müəyyən edilir ki, **********77 reyestr nömrəli çıxarışda göstərilən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahələri fərqli yerlərdə olmaqla, xeyli aralıda yerləşir. Ləğv edilmiş DT və XK tərəfindən DT və XK tərəfindən tərtib edilmiş Abşeron rayonu Mehdiabad bələdiyyəsinin adına tərtib edilmiş A 372427 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə **********77 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş (xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi) torpaq sahəsi eyni torpaq sahəsidir. Yəni, Abşeron rayonu Mehdiabad bələdiyyəsinə məxsus olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,20 ha torpaq sahəsinin sənəd üzrə Abşeron rayonu Mehdiabad bələdiyyəsinin, daha sonra X9 və İddiaçı adlarına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar eyni olmaqla, həmin sənədlərin verilməsi zamanı cavabdeh inzibati orqan tərəfindən hər hansı bir səhvə yol verilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi əsasında X4 aldığı Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,20 ha torpaq sahəsi ilə hazırda faktiki istifadəsində olan torpaq sahələri eyni deyildir, fərqli yerlərdə yerləşir. İddiapçının hazırda faktiki istifadəsində olan torpaq sahələri sənəd üzrə digər şəxslərə məxsusdur. İddiaçının adına verilmiş xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi **********77 reyestr nömrəli çıxarışda göstərilən torpaq sahəsinə uyğun olaraq sənəd üzrə düzgün tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Mövcud halda, təqdim edilən sənədlərin qanuni tələblərə uyğun olmadığı, yəni torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki koordinatlarının yerləşməsi arasında 3200 metr fərq olduğu, faktiki istifadə olunan torpaq sahəsinin 220 Kvt yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq olduğu, yerinin dəyişdirildiyi, faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçı digər yerdə yerləşən torpaq sahəsinə dair çıxarışa əsaslanmaqla, özünə məxsus olmayan və başqasının mülkiyyətində olan torpaq sahəsini, öz torpaq sahəsi kimi cavabdeh inzibati orqana və məhkəməyə təqdim etməklə, özünə məxsus olmayan torpaq sahəsini öz adına sənədləşdirməyə cəhd etməklə, məhkəməni yanıltmağa çalışır. Cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tədqiq edilən sənədlər iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə plan və ölçü sənədində cari dəyişikliyin edilməsi və yeni plan və ölçü sənədinin verilməsi qanunsuz nəticələrə səbəb ola bilər və ümumi maraqlara ziddir. Sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM 14.3). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamışdır, hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanının imtinasını əsaslı hesab edərək, iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayəti formal xarakter daşımaqla, əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1801/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar