Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-395/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Səyyad Ağaəli oğlu Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qanusuz qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********197418 saylı qərar və qərara əsasən hesablanmış 74089,75 manat vergi və 37124,88 manat cərimə sanksiyasının ləğv edilməsi” tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2-1(118)-124/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vegilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qanusuz qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********197418 saylı qərar və qərara əsasən hesablanmış 74089,75 manat vergi və 37124,88 manat cərimə sanksiyasının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbininə dəqiqləşdirmə verərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” tərtib edilmiş **********97418 saylı Qərarına əsasən qanunsuz hesablanmış 74089,75 manat ƏDV və 50% məbləğində hesablanmış 37044,88 manat maliyyə sanksiyasının tətbiqinə dair tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” tərtib edilmiş **********97418 saylı Qərarın ləğv edilməsini, cavabdehə 64522,97 manat artıq ödənilmiş vergi məbləğində pul vəsaitinin iddiaçının bank hesabına qaytarılmasını və Səyyar vergi yoxlaması Aktında Vergi Məcəlləsinin ləğv edilmiş maddəsinə (maddə 159.9.) əsasən vergi hesablanmasını və həmin Məcəllənin (218 və 219-cu maddələri) digər maddələrinin tələblərinin əksinə olaraq aktda qanunsuz vergi məbləğinin hesablanmasına dair aktı tərtib etmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi müfəttişlərinin əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş **********084614 saylı 27.12.2019-cu il tarixli “Səyyar vergi yoxlaması” aktı və akta əsasən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********197418saylı Qərar və qərara əsasən hesablanmış 74089,75 manat vergi və 37124,88 manat cərimə sanksiyası tamamilə qanunsuzdur və həmin “Akt” və “Qərar” Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən adı çəkilən “Akt” və “Qərar” ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən 1 kv. metr sahənin satış qiymətinin 650 manat müəyyən edilməsi barədə ekspert rəyi tamamilə əsassız və səhvdir, Vergi Məcəlləsinin 14.1 maddəsinə əsasən bazar qiyməti malın (iş, xidmətlərin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Məcəllənin 14.2. maddəsində deyilir: ”bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət tətbiq edilir. Əks halda sübuta yetirilmirsə bu qiymət bazar qiyməti kimi qəbul edilir.” Cavabdeh iddiaçının tətbiq etdiyi qiymətlərdən fərqli qiymətlərlə daşınmaz əmlakın təqdim olunmasını sübuta yetirən faktı tapmamış və səyyar vergi yoxlaması aktında belə faktların olması öz əksini tapmır. Deməli bazar qiyməti adı altında tətbiq edilmiş qiymət qeyri-qanunidir və bu qiymətə əsasən aparılmış bütün hesablamalar ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.3-cü maddəsi səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə qüvvədə olmuşdur, həmin maddəyə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Həmin məcəllənin 220.8-ci maddəsinə əsasən bina tikintisi ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsinə əsasən vergitutma obyektinin hər 1 kv.metri üçün 45 manat müəyyən edilmiş məbləğə, Məcəllənin 220.8.1 maddəsinə əsasən Bakı şəhəri, onun qəsəbə və kəndlərində yerləşdikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq əmsalların tətbiq edilməsi ilə, Məcəllənin 220.8.2 maddəsində isə Gəncə, Sumqayıt və Xırdalan şəhərində yerləşdikdə, bu maddədə müəyyən edilmiş sadələşdirilmiş vergi məbləğinə 1,5 əmsalı tətbiq edilməklə hesablama aparılır. Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən iddiaçı, bina tikintisinə görə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olmuşdur. Həmin məcəllənin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin ödəyicisi deyil. Səyyar vergi yoxlaması aktında ƏDV-nin hesablanması ümumiyyətlə qanunsuz olmaqla yanaşı, yoxlayıcılar tərəfindən Vergi Məcəlləsindən xəbərsiz olmalarını sübut edir, səyyar vergi yoxlaması ilə əhatə edilən dövrdə Vergi Məcəlləsinin 159.9-cu maddəsi artıq qüvvədən düşmüş idi, Vergi Məcəlləsinin 159.9-cu maddəsi: “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.” bu maddə qüvvədən düşmüşdür, belə olan halda səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə Vergi Məcəlləsinin 159.9-cu maddəsinə əsasən hər hansı bir əlavə vergi məbləği hesablanmamalıdır, yəni hesablanmış vergi məbləği əsassız və qeyri-qanunidir. İddiaçı səyyar vergi yoxlmasının əhatə etdiyi 01.05.2016 -cı il tarixdən 30.04.2019-cu il tarixədək olan dövr üzrə ƏDV ödəyicisi olmamış, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 218 və 219-cu maddələrinin tələblərinə əsasən sadələşdirilmiş verginin ödəyicisi olub. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən İddiaçı MMC-yə hər hansı bir əlavə vergi məbləği hesablanmamalıdır və hesablanmış vergi məbləği qeyri-qanuni olmaqla yanaşı Vergi Məcəlləsinin müvafiq maddələrinə tamamilə ziddir. İddiaçı səyyar vergi yoxlamasının əhatə etdiyi 01.05.2016-cı il tarixdən 30.04.2019-cu il tarixədək olan fəaliyyət dövrü üzrə 747,23 kv.metr sahəni faktiki olaraq satmış, həmin sahənin satışına dair vergilər idarəsinə hesabat təqdim etmiş, Vergi Məcəlləsinə əsasən isə satışa görə ödənilməli olan 50438,03 manat vergi məbləğindən 64522,97 manat artıq vergi ödəmişdir, (747,23 kv.m x 45 manat x 1,5 əmsal=50438,03 manat) iddiaçı tərəfindən 2 saylı ərazi vergi idarəsinə 29.07.2019-cu il tarixdə 73710 manat və 13.09.2019-cu il tarixdə isə 41251 manat, cəmi 114 961 manat vergi ödənilmiş, yəni 50438,03 manat vergi öhdəliyinə qarşı 64522,97 manat artıq vergi ödənilmişdir. Bundan əlavə nəzərə alınmalıdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi müfəttişlərinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əlamətləri mövcuddur. Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Beləliklə, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 1**********84614 Nömrəli səyyar vergi yoxlaması Aktı və həmin aktın nəticəsinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” tərtib edilmiş **********97418 saylı Qərar Vergi Məcəlləsinin maddələrinin kobud surətdə pozulması ilə tərtib edilməklə qanunsuz tərtib edilmiş, nəticədə hesablanmış 74089,75 manat ƏDV və 50% məbləğində hesablanmış 37044,88 manat maliyyə sanksiyasının, cəmi 111134,63 manatın ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsassən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Qeyd edilənləri nəzərə alaraq, dəyişdirilmiş ərizənin iddia tələbi kimi əsas götürülərək iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2-1(118)-124/2021 saylı qərardadı ilə iddia “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” tərtib edilmiş **********97418 saylı Qərarın ləğv edilməsini, cavabdehə 64522,97 manat artıq ödənilmiş vergi məbləğində pul vəsaitinin iddiaçının bank hesabına qaytarılması hissəsində iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2-1(118)-124/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçınə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 19.02.2020-ci il tarixli **********197418 saylı qərarı ƏDV üzrə 43.826,935 manat, maliyyə sanksiyası üzrə 21.913,4675 manat hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim C.Məmmədov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: 2 saylı Ərazi Vergilər Baş idarəsinin 04.06.2019-cu il tarixli **********184486 saylı qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) 01.05.2016-cı il tarixdən 30.04.2019-cu il tarixədək olan dövrlərini əhatə etməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və nəticəsi 27.12.2019-cu il tarixli 1**********84614 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinə Abşeron rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba magistralının 12-ci km qərbi ünvanında 3 ədəd 7 bloklu 6-7 mərtəbəli + mansardlı 90 mənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bundan əvvəlki yoxlama ilə 3500 kv.m sahəsi yoxlama ilə əhatə olunmuşdur. Eyni zamanda, MTFSV üzrə bəyannamələr əvvəlki yoxlama ilə tam olaraq əhatə edilmişdir. Yoxlamaya heç bir alqı-satqı müqaviləsi təqdim olunmamışdır. Buna baxmayaraq, təbii qaz və su sərfiyyatı barədə məlumatların təqdim edilməsi və "xxxx" MMC ilə abonentlər arasında alqı-satqı müqavilələrinin surətlərinin təqdim edilməsi məqsədilə 20.06.2019-cu il tarixində “Azərqaz İB”-yə və "xxxx" ASC-yə məktublar göndərilmişdir. Məktuba cavab olaraq 12.07.2019-cu il tarixində "xxxx" ASC tərəfindən təqdim olunan siyahıya əsasən 51 mənzilin, o cümlədən 4247.23 kv.m mənzil sahəsinin sayğaclaşdırıldığı məlum olmuşdur. Əvvəlki SVY zamanı İddiaçı MMC tərəfindən müqaviləsi olan mənzillərin siyahısına əsasən isə 3604.10 kv.m təşkil edir. SVY ilə əhatə olunan sahənin 3500.00 kv.m olduğunu nəzərə alaraq, “Azərsu" ASC tərəfindən təqdim olunmuş məktuba əsasən kənarlaşma 747.23 kv.m müəyyən edilmişdir. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1384-İVQD nömrəli Qanununun 2-ci maddəsində qeyd olunub ki, bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti- quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində Vergilər Nazirliyinə öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti- quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır. Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində vergi ödəyicisinin öz seçimi barədə “01.01.2016-cı il tarixədək tikinti obyektinin tikinti- quraşdirma işlərinə başlanması barədə” Məlumat formasının təqdim edilməsi məqsədilə 13.01.2016-cı il tarixdə **********425600 nömrəli məktubla vergi ödəyicisinə müraciət olunmuşdur. Vergi ödəyicisi 27.01 2016-cı il tarixli **********979600 nömrəli məktubla müraciət edərək vergi orqanından qanun qüvvəyə minənədək olan qaydada vergiləri ödəməyi nəzərə almağı xahiş etmişdir. Qeyd olunanlar nəzərə alınaraq, binanın satışa yararlı sahəsinin 1 kv.metrinin satışının orta bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə ekspert rəyinin verilməsi barədə 29.10.2019-cu il tarixli **********719900 saylı məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə müraciət edilmiş və 06.11.2019-cu il tarixli **********192906 nömrəli Qərar çıxarılmışdır. 26.12.2019-cu il tarixli “Vienna" MMC (VÖEN **********) tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesi ünvanında inşa edilən binanın satışa yararlı sahəsinin 1 kv.metrinin satışının orta bazar qiymətinin müəyyənləşdirilməsi barədə ekspert rəyinə əsasən 1 kv.metr üçün orta bazar qiyməti 650 manat müəyyən olunmuşdur. Beləliklə, vergi ödəyicisinin 27.01.2016-cı il tarixli məktubu, “Azərsu" ASC tərəfindən təqdim olunmuş məktub, əvvəlki SVY ilə əhatə olunan sahənin 3500.00 kv.m olduğu nəzərə alınmaqla, 747.23 kv.m sahənin faktiki satıldığı müəyyənləşdirilməklə, 74089.75 manat (747.23*650=485699.50/1.18*18%) Əlavə dəyər vergisi üzrə kənarlaşma aşkarlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 74089.75 manat azaldılmasına görə 50% məbləğində, yəni 37044.88 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində “cavabdehə 64522,97 manat artıq ödənilmiş vergi məbləğində pul vəsaitinin iddiaçının bank hesabına qaytarılması haqqında qərar qəbul edilməsi, “səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin ləğv edilmiş maddəsinə əsasən (maddə 159.9) vergi hesablanmasını və həmin məcəllənin (218 və 219-cu maddələri) digər maddələrinin əksinə olaraq qanunsuz vergi məbləğinin hesablanmasına dair akt tərtib etmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi müfəttişlərinin əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməsi barədə xüsusi qərardad qəbul edilməsini” məhkəmədən xahiş etmişdir. Bununla bağlı bildirilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılab hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Sumqayıt İnzibati Məhkəməsi 01.04.2021-ci il tarixli qərarında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.9-cu maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən satılmış mənzilin hər kvadrat metri üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş ƏDV-nin əmsalları nəzərə alınmaqla Xırdalan şəhərində 225 manat ƏDV nəzərdə tutulmasını, iddiaçı tərəfindən ümumi sahəsi 747,23 kv.m yaşayış sahəsinin satıldığını, vergi orqanı “Vienna" MMC-də ƏDV hesablayarkən ekspert rəyi ilə müəyyən edilmiş 650 manat bazar qiymətini rəhbər tutaraq iddiaçıya 74089,75 manat ƏDV hesablanmasını göstərmişdir. Hesab olunur ki, qanunun birbaşa göstərişi olduğu təqdirdə ‘'Vienna” MMC-nin tikinti işləri apardığına görə ƏDV-nin bazar qiyməti ilə hesablanması Vergi Məcəlləsinin tələblərinə ziddir. Bununla bağlı bildirilir ki, Xırdalan şəhəri, Bakı-Quba magistralının 12-ci km qərbi ünvanında yaşayış binasının satışa yararlı sahəsinin 1 kv.metrinin satışının orta bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə ekspert rəyinin verilməsi barədə 29.10.2019-cu il tarixli **********719900 saylı məktub Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azəriekspertiza” Birliyinə müraciət edilmiş və 06.11.2019-cu il tarixli **********192906 nömrəli Qərar çıxarılmışdır. 26.12.2019-cu il tarixli “Vienna" MMC (VÖEN **********) tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesi ünvanında inşa edilən binanın satışa yararlı sahəsinin 1 kv.metrinin satışının orta bazar qiymətinin müəyyənləşdirilməsi barədə ekspert rəyinə əsasən 1 kv.metr üçün orta bazar qiyməti 650 manat müəyyən olunmuşdur və əlavə dəyər vergisi üzrə kənarlaşma 74089,75 manat (747,23*650=485699,50/1,18*18%) və 37044,88 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.9-cu maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minumum dövriyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq etməklə hesablanır. Vergi Məcəlləsinin 159.9-cu maddəsinin tələblərindən də göründüyü kimi, burda minumum dövriyyə nəzərdə tutulur və vergi ödəyicisi yoxlamaya heç bir sənəd təqdim etmədiyi üçün binanın satışa yararlı sahəsinin 1 kv.metrinin satışının orta bazar qiymətinin müəyyənləşdirilməsi barədə ekspert rəyinə əsasən 1 kv.metr üçün orta bazar qiyməti 650 manat müəyyən olunmuşdur və əlavə dəyər vergisi üzrə kənarlaşma 74089,75 manat (747,23*650=485699,50/1,18*18%) və 37044,88 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı 747 m kv sahənin satışı ilə bağlı vergi orqanına heç bir hesabat təqdim etməmişdir. ƏDV mənzillərin satış qiymətindən hesablanır. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, həmin mənzillərin 1 kv.m-i 650 manatdır. Minimal olaraq isə 250 manatdan aşağı ola bilməz. Məhkəmə isə qiyməti 225 manatdan hesablamışdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq bildirdi ki, sahə üçün satış qiymətinin 650 manat müəyyən edilməsi barədə ekspert rəyi əsassız və səhvdir, Vergi Məcəlləsinin 14.1 maddəsinə əsasən bazar qiyməti malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Həmin Məcəllənin 14.2 maddəsinə əsasən “ Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət tətbiq edilir”. Cavabdeh tətbiq etdiyi qiymətlərdən fərqli qiymətlərlə mənzil satışının təqdim olunmasını sübut edən fakt tapmamış, deməli bazar qiyməti adı altında tətbiq edilmiş qiymət qeyri-qanunidir və bu qiymətə əsasən aparılmış bütün hesablamalar ləğv edilməlidir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Aəzrbaycan Respublikasının Vergilər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Aəzrbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanunu qəbul edilmiş, həmin Qanunda deyilir: “ 2019-cu il 1 dekabr tarixədək tikinti obyektinin tikintiquraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi 2020-ci il yanvarın 1-dən sonra təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV və gəlir (mənfəət) vergisi hesablanmır. Həmin Qanunun 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minməsi göstərilir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apelyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apelyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apelyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissəsi üzrə yoxlamışdır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 07.06.2019-cu ildə İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirmiş və yoxlama aparılan dövr 2016-cı ilin may - 2019-cu ilin aprel aylarını əhatə etmişdir. Yoxlamanın nəticəsi olaraq İddiaçı MMC-nin barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********197418 saylı 19.02.2020-ci il tarixli qərar qəbul edilmiş və qərara əsasən İddiaçı MMC-yə 74.089,75 manat əlavə dəyər vergisi, 37.044,88 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin həm sadələşdirilmiş, həm də ƏDV ödəyicisi olmasını əsas gətirərək, qeyd olunan qərarı qəbul etmişdir. Bundan başqa, vergi orqanı Vergi Məcəlləsində bina tikintisi ilə məşğul olan şəxslər üçün nəzərdə tutulmuş 2016-cı ildə edilmiş dəyişikliyin aid olmamasını bildirmişdir. Belə ki, Vergi Məcəlləsinə 1384 saylı 20 oktyabr 2015-ci il tarixli Qanunla edilmiş əlavəyə əsasən vergi ödəyicisinin seçiminə görə köhnə və ya təzə qaydaların ona qarşı tətbiq edilməsinə dair ərizəsi alınmış və vergi ödəyicisi köhnə qaydaların ona tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən İddiaçı MMC-nə münasibətdə Vergi Məcəlləsində 01 yanvar 2016-cı il tarixinədək qüvvədə olan qaydalar tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən satılan mənzillərin alqı-satqı müqaviləsi təqdim edilmədiyinə görə satdığı mənzillərin dəyəri ilə bağlı ekspertiza keçirilmiş və həmin binada mənzilin 1 kv.m bazar qiymətinin 650 manat olması müəyyən edilmişdir. Buna görə də ”Vienna” MMC tərəfindən satılan 747,23 kv.m sahə ilə bağlı vergi orqanı tərəfindən 74089,75 manat ƏDV və 37.044,88 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı müvafiq qərarla razılaşmamış və həmin qərarı mübahisələndirmişdir. İddiaçı ona qarşı hesablanmış vergi borcu ilə razı deyil. Belə ki, vergi ödəyicisi onun satdığı mənzillərə görə mənzilin dəyərinin bazar qiyməti ilə hesablanmasının düzgün olmadığını bildirir və ondan tutulcaq vergilərin 01 yanvar 2016-cı il tarixinədək olan qaydalar üzrə hesablanmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona əsaslanmışdır ki, vergi orqanı İddiaçı MMC-yə ƏDV hesablayarkən ekspertin rəyi ilə müəyən edilmiş 650 manat bazar qiymətini rəhbər tutaraq iddiaçıya 74089,75 manat ƏDV hesablamışdır. Halbuki qanunun birbaşa göstərişi olduğu tədqirdə İddiaçı MMC-nin tikinti işləri apardığına görə ƏDV-nin bazar qiyməti ilə hesablanması Vergi Məcəlləsinin tələblərinə ziddir. Ona görə də məhkəmə hesab etmişdir ki, vergi orqanının 19.02.2020-ci il tarixli, **********197418 saylı qərarı qismən ləğv edilməli və həmin qərara əsasən İddiaçı MMC-yə artıq hesablanmış ƏDV-dən 43.826,935 manat (74089,75-43.826,935=30.262,815), maliyyə sanksiyasından 21.913,4675 manat (37044,88-21.913,4675=15.131,4075) çıxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2015-ci il № 1384-İVQD saylı Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır. 20 noyabr 2015-ci ilə qədər Vergilər Məcəlləsinin qüvvədə olan 159.9-cu maddəsinə əsasən (Qeyd: 06 noyabr 2007-ci ildə 472 saylı Qanunla verilən redaksiya) mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. 03 may 2016-cı il tarixinədək qüvvədə olan “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 62 saylı 29 fevral 2008-ci il tarixli Qərarına əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları bu qərarın əlavəsinə uyğun, Bakı şəhəri üzrə zonalar və onların sərhədləri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”nın əlavəsinə uyğun müəyyən edilmişdir. Qeyd olunan Qərara edilmiş Əlavəyə əsasən “ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün” Abşeron rayonu (Xırdalan şəhəri daxil olmaqla), Sumqayıt və Gəncə şəhərləri üzrə zona əmsalı 1,0-ə, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Quba, Xaçmaz, Zaqatala, Cəlilabad və Göyçay şəhərləri üzrə 0,8-ə, digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üzrə 0,6-ya bərabərdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Vergilər Məcəlləsinə 20 oktyabr 2015-ci il tarixində edilmiş dəyişiklikdən sonra İddiaçı MMC 27.01.2016cı ildə 2 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək ona qarşı Qanunun qüvvəyə mindiyi günə qədər olan qaydaların tətbiq edilməsini xahiş etmişdir. Bu səbəbdən hazırki iddia tələbinə baxılarkən, 01.01.2016-cı il tarixinədək Vergilər Məcəlləsinə edilmiş dəyişikliyə qədər qüvvədə olan maddi hüquq normalarına istinad olunmalıdır. Zaman etibarı ilə qüvvədə olan Vergi Məcəlləsinin 159.9-cu maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən satılmış mənzilin hər kvadrat metri üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş ƏDV-nin Əmsalları nəzərə alınmaqla Xırdalan şəhərində 225 manat ƏDV nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC tərəfindən ümumi sahəsi 747.23 kv.m olan yaşayış sahəsi satılmışdır. Riyazi hesablama üsulu ilə müəyyən olunur ki, 747.23 kv.m yaşayış sahəsi üçün ödənilməli olan ƏDV 30.262,815 manat (747.23x225x18%=30.262,815) olmalıdır. Lakin vergi orqanı İddiaçı MMC-yə ƏDV hesablayarkən ekspertin rəyi ilə müəyən edilmiş 650 manat bazar qiymətini rəhbər tutaraq iddiaçıya 74089,75 manat ƏDV hesablamışdır. Kollegiya qeyd edir ki, qanunun birbaşa göstərişi olduğu tədqirdə İddiaçı MMC-nin tikinti işləri apardığına görə ƏDV-nin bazar qiyməti ilə hesablanması Vergi Məcəlləsinin tələblərinə ziddir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanının 19.02.2020-ci il tarixli, **********197418 saylı qərarının qismən ləğv edilməli və həmin qərara əsasən İddiaçı MMC-yə artıq hesablanmış ƏDV-dən 43.826,935 manat (74089,75-43.826,935=30.262,815), maliyyə sanksiyasından 21.913,4675 manat (37044,88-21.913,4675=15.131,4075) çıxılmalı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7- ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati İcraat haqqında Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Beləliklə qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər isə əsassız olduğu üçün qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2-1(118)-124/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-395/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-395/2021
26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver