Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-395/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Quba-Xaçmaz regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Quba-Xaçmaz regional filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Quba-Xaçmaz regional filialına qarşı əmək pensiyasının təyin edilməsindən imtina edilmənin qeyri-qanuni hesab edilərək, onun 15.06.1972-ci il tarixdən 23.01.1993-cü il tarixə kimi sovxozda işlədiyi və 10.05.1994-cü il tarixdən qardaşı birinci qrup əlil X4 qulluq etdiyi müddətlərin sığorta stajına daxil edilməklə ona 2 sentyabr 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(118)-534/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 3 saylı regional ərazi filialının 17 noyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 3 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq cavabdehin əmək pensiyasının təyin edilməsindən imtina edilməsinin qeyri-qanuni hesab edilərək, onun 15.06.1972-ci il tarixdən 23.01.1993cü il tarixə kimi sovxozda işlədiyi və 10.05.1994-cü il tarixdən qardaşı birinci qrup əlil X4 qulluq etdiyi müddətlərin sığorta stajına daxil edilməklə ona 2 sentyabr 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə tapşırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İşə baxılarkən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 3 saylı regional ərazi filialı prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Quba- Xaçmaz regional filialı ilə əvəz edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2 sentyabr 1956-cı ildə Dəvəçi rayonunda anadan olmuşdur və hal-hazırda Siyəzən rayonunun Dağ Quşçu kəndində yaşayır. 18.11.2021-ci il tarixdə yaşa görə pensiyaya çıxmaq üçün tələb olunan sənədlərini DSMF-nin 3 saylı regional ərazi filialına təqdim etmişdir. DSMF-nin 3 saylı regional ərazi filialı tərəfindən 19.11.2021-ci il tarixində **********7 nömrəli məktubla ərizəyə imtina cavabı verilmişdir. İddiaçıya göndərilən cavab məktubunda qeyd olunmuşdur ki, təqdim etdiyi arayışlarda qeyd olunan iş stajları 15.06.1972-ci il tarixdən 23.01.1993-cü il tarixə kimi stajları əmək kitabçasında qeyd olunmadığı üçün imtina verilmişdir. İddiaçı 15.06.1972-ci il tarixdə Ataçay maldarlıq sovxozunda işə daxil olmuşdur. 23.01.1993-cü il tarixə kimi fasiləsiz olaraq həmin sovxozda işləmişdir. Lakin sovxozun səhlənkarlığı üzündən onun üçün əmək kitabçası açılmamışdır. İddiaçı 10.05.1994-cü il tarixdən isə hal-hazıradək qardaşı birinci qrup əlil X4 qulluq edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanının məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və ya eləcədə müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
5. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə”, digər tərəfdən, həmin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.10cu bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir. Lakin iş üzrə əlavə edilmiş materiallardan göründüyü kimi, İddiaçı İ dərəcə əlil qardaşı X4 qulluq etdiyi müddətin öz əksini tapdığı 17 noyabr 2021-ci il tarixli müvafiq akt mövcud olsa da, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən əlavə (digər) stajı yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.1.1-ci bəndinə görə, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmek kitabçasına əsasən müəyyən edilir. Əlavə olaraq bildirirlər ki, Siyəzən rayon Dövlət arxivinin 01.11.2021-ci il tarixli arayışında iddiaçının 15.06.1972-ci il tarixdə sovxoza işə daxil olma əmri barədə qeyd olduğu halda işdən azad olmasına dair heç bir məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Yəni, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Siyəzən rayon Dövlət arxivi tərəfindən təqdim edilmiş arxiv arayışında Siyəzən rayonu “Ataçay maldarlıq sovxozu”nda işlədiyinə dair iddia edilən dövrlərlə bağlı qeydlər əmək kitabçasında mövcud deyil. Həmçinin həmin arxiv arayışında işdən azad olunma barədə əmrə təsadüf edilməmiş, əməkhaqqı cədvəlləri ümumiyyətlə mövcud olmamışdır. Göstərilənlərə əsasən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı olmadığından yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığından əmək pensiyası hüququ yaranmır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(118)-534/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim İsmayıl Quliyev)
7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası:
Maddə 149. Normativ hüquqi aktlar Vİ. mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri
63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti...
Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
19. Cavabdeh imtinasında göstərmişdir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və azı 25 il sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün olmadı.
20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşa görə əmək pensiyası təyin etməkdən imtinası əsassız olmuşdur.
21. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Siyəzən rayonu, Dağquşçu kəndində anadan olmuşdur.
22. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Siyəzən Rayon Dövlət Arxivinin 01 noyabr 2021-ci il tarixli, 87 nörməli arxiv çıxarışından görünür ki, iddiaçı 15.06.1972-ci il tarixdə Ataçay maldarlıq sovxozunda işə qəbul edilmişdir. Mübahisələndirilən illərdə iddiaçı sovxozda müxtəlif işlərdə çalışmışdır. 02.01.1993-cü il tarixdən 22.01.1993-cü il tarixə kimi məzuniyyətə buraxılmışdır.
23. Arxiv çıxarışında həmçinin qeyd olunmuşdur ki, Ataçay maldarlıq sovxozunun 15.08.1998-ci ilə qədər olan əmr kitabları arxivdə mühafizə olunur. Qeyd edilən tarixə kimi vətəndaş İddiaçı işdən azad olması haqqında əmrə təsadüf edilmədi.
24. Bundan başqa, işdən görünür ki, iddiaçının qardaşı X4 10.05.1994-cü il tarixdən İ dərəcə müddətsiz əlillik təyin edilmişdir.
25. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Dağ Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 54 nömrəli, 17 noyabr 2021-ci il tarixli arayışında isə qeyd olunmuşdur ki, İddiaçı 10.05.1994-cü ildən hal-hazıradək qardaşı X5 ilə birlikdə yaşayır və ona baxır.
26. Məhkəmə kollegiyası qeyd olunan sənədləri iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Həmin sənədlərdə qeyd edilən dövrlər də nəzərə alındıqda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur.
27. Apellyasiya şikayətindən və cavabdehin imtinasından müəyyən olunur ki, iddiaçının qardaşı X4 qulluq müddəti mübahisələndirilmir.
28. Cavabdeh iddiaçının sovxozda işlədiyi müddətin əmək kitabçasında əks olunmadığını mübahisələndirir.
29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
30. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir.
31. Yuxarıda qeyd olunan normalara əsasən müəyyən olunur ki, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri təqdim etmişdir.
32. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Siyəzən rayonu “Ataçay maldarlıq sovxozu”nda işlədiyi dövrlər və qardaşı birinci qrup əlil X4 qulluq etdiyi dövrlər sığorta stajına daxil edildikdə iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır və pensiya yaşına çatdığına görə iddiaçıya pensiyanın təyin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(118)-534/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.