Məhkəmə qərarları › İş №2-1(105)-395/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-395/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-395/2023 26.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı X1rşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı X1rşı “Türkiyə Respublikasının İstanbul Universiteti tərəfindən xx.xx.2022-ci il tarixdə ona verilmiş 197 nömrəli magistr diplomunun tanınması haqqında ekvivalentlik haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2964/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Türkiyə Respublikasının İstanbul Universiteti tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə verilmiş 197 nömrəli diploma əsasən o, X2 Ümumi biznesin idarə edilməsi (distant təhsil) şöbəsində dissertatiyasız magistratura pilləsini bitirmişdir.

2. İddiaçı qeyd edilən dipliom üzrə aldığı ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir.

3. Cavabdehin xx.xx.2022-ci il tairxli qərarı ilə iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Qərarda göstərilir ki, ərizəçinin təhsilalma qaydaları, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi hər-hansı qanunvericilik aktı ilə tənzimlənməmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının İstanbul Üniversiteti tərəfindən xx.xx.2022-ci il tarixdə ona verilmiş 197 nömrəli magistr diplomunun tanınması haqqında ekvivalentlik haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

5. İddia onunla əsaslandırılmışdır ki, o, 2020-ci ildə İstanbul Universitetinə daxil olmuş və distant MBA ixtisası üzrə magistr təhsilini almışdır. 2020-ci ildə dünyada COVİD- 19 pandemiyası elan edilmişdir. Bu səbəbdən də bütün dünya distant təhsilə keçmiş və “online” təhsil alınmışdır. Eyni zamanda imtahanlar da bu qaydada həyata keçirilmişdir.O, müvəffəqiyyətlə imtahanlarını verdikdən sonra ona bunu təsdiq edən diplom verilmiş və həmin diplom Türkiyə Respublikasında tanınmışdır. Bundan sonra iddiaçı Azərbaycan Respublikasında diplomun tanınması üçün Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmiş və ona 02 avqust 2022-ci ildə imtina məktubu verilmişdir.

6. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, cavabdeh iddiaçının distant formada təhsil aldığını müəyyən etmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən İddiaçı ümumi təhsil müddəti ərzində İstanbul Universitetində distant texnologiyaların tətbiqi ilə keçirilən təhsilalma forması üzrə təhsil aldığı müəyyən olunmuşdur. Lakin Azərbaycan Respublikasında distant təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericilikdə nəzərdə tutulmadığından, iddiaçının təqdim etdiyi diplomun ekvivalentliyi mümkün hesab edilməmiş və bu təhsil sənədinin Azərbaycan Respublikası Nazirlər Kaoinetinin xx.xx.2003- cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2964/2022 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçı Türkiyə Respublikasının İstanbul Üniversiteti tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı verilmiş 197 nömrəli magistr diplomunun tanınması və müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya Türkiyə Respublikası İstanbul Universiteti tərəfindən təqdim olunan diplomdan müəyyən edilir ki, o, distant (uzaktan ögretim) formada təhsil almışdır və “tezsiz diploma” (magistr dissertasiyası müdafiə etmədən) əldə etmişdir. İddiaçıya Türkiyə Respublikası İstanbul Universiteti tərəfindən təqdim olunan diploma əlavədən müəyyən edilir ki, o, 2020-2022-ci illərdə tədris almışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 2.2.2-ci yarımbəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Sözügedən Qaydaların 3.7-ci bəndinə əsasən təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa) mənfi rəyin verilməsi üçün əsasdır. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı “tezsiz diploma”, yəni magistrlik dissertasiyası müdafiə etmədən müvafiq kvalifikasiya əldə etmişdir ki, sözügedən diplom sahibləri Türkiyənin özündə akademik hüquqlara malik deyillər. Belə ki, tezsiz magistr diplomu əldə etmiş şəxslər ali təhsil pilləsinin növbəti səviyyəsi üzrə təhsilini davam etdirə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən “Magistr” dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi və AMEA tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsilini doktoranturada davam etdirə bilərlər. Göründüyü kimi İstanbul Universiteti özü belə təqdim etdiyi diplomda təhsil proqramının tezis (dissertasiya) müdafiəsi olmadan təşkil edildiyini vurğulamış, sözügedən kvalifikasiya sahiblərinin həm Türkiyədə, həm də Azərbaycan Respublikasında akademik hüquqlara malik olmaması müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi qərarında iddiaçının təhsilalma formasının xüsusiyyətlərini, habelə onun əldə etdiyi kvalifikasiyanın verdiyi hüquqları araşdırmadan sadəcə “distant” təhsilalma formasının mövcudluğuna əsaslanaraq iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən xaricdə əldə olunmuş təhsillə ölkə ərazisində ona ekvivalent hesab edilən magistr elmi ixtisas dərəcəsinə qoyulan yerli təhsil standartları arasında mövcud olan fərqləri nəzərə almamışdır. Qeyd olunanlar iddiaçının aldığı təhsilin məzmununun Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistr ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. Birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməklə iddiaçının magistr diplomu üzrə ixtisasının və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoymasına dair qərarında gəldiyi yekun nəticə sübutların mümkünlüyü, mötəbərliyi və kifayətliliyi prinsipini pozmaqla qanunsuz və əsassızdır, iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.

10. İddiaçı apellyasiya şikayətinə etirazda işin yuxarıda qeyd edilən hallarına və müvafiq normativ hüquqi aktlara istinad etməkə əlavə olaraq göstərmişdir ki, İstanbul Universitetinin vermiş olduğu (tezsiz) magistr diplomu və təhsil Azərbaycan Respublikasının qanunlarına görə 2020-ci ildən əvvəlki dövrdə mövcud olan və sonrakı dövrdə də tədris etdiyi dissertasiyasız MBA magistr təhsili ilə ekvivalentlik təşkil edir. Elm və Təhsil Nazirliyi tərəfindən 2020-ci ildən əvvəl də, sonra da dissertasiya müdafiə etməyib MBA ixtisasları üzrə təhsil alan tələbələrin magistr diplomları təsdiq edilir. Sözügedən diplomla doktorantura pilləsidə təhsil almağın mümkünlüyü mübhisə məsələsi deyil və iddiaçı tərəfindən belə bir tələb yoxdur. Etirazda apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 42 Təhsil hüququ İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

14. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat).

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.4. Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: - əyani; - qiyabi; - distant (məsafədən); - sərbəst (eksternat).

16. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli, 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” ... 8.26. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq həyata keçirdiyi funksiyalara aiddir.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64№li qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli 34№-li qərarı ilə ləğv edilmişdir): ... 1.1. bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. ...1.6. xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dötlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. ...3.6. ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; ....3.7, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; Təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); Xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

18. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. İşdə olan Türkiyə Respublikasının İstanbul Üniversiteti tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı verilmiş 197 nömrəli diplomdan görünür ki, o, ümumi biznesin idarə edilməsi fakültəsi üzrə magistr təhsili almışdır. Cavabdeh isə iddiaçının magistr ali təhsil haqqında diplomunun tanınmamasının əsası kimi iddiaçının magistr təhsilinin distant formada almasını göstərir.

22. Birinci instansiya məhkəməsi araşdırma apararaq bu nəticəyə gəlmişdir ki, iddiaçının təhsil alması üçün qəbul bildirişində də “Uzaktan öyretim”, yəni magistr təhsilini qiyabi şəkildə distant tədris texnologiyalarından istifadə etməklə alacağı qeyd edilmişdir ki, bu hal Azərbaycan Respublikasının hüdudlarını tərk etmədən təhsil almağa imkan vermişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaçının magistr diplomunda və diploma əlavədə göstərilən məlumatların mötəbər olmamasını sübuta yetirməmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nə əsasən Agentlik mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə xtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının magistr diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, Nostrifikasiya Qaydalarının 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunmur, cavabdehin Nostrifikasiya Qaydalarının 3.6-cı bəndi ilə müəyyən edilmiş şərtləri formal yoxladıqdan sonra iddiaçının diplomunu tanımaqdan imtina etməsi qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), cavabdehin imtinası mövcud inzibati praktikaya da uyğun və cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirir.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Adıçəkilən məhkəmənin təşəkkül tapmış presedent hüququna görə, “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, bu təcrübə həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun, eləcə də müvafiq şəxs üçün “çatımlı” və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin.

27. Kollegiya cavabdehin etirazının və apellyasiya şikayətinin distant təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin qanunvericilikdə nəzərdə tutulmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, ali təhsil pilləsi üzrə magistratura səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın, buradan, hazırkı məzmunda iddianın rədd edilməsinin əsası kimi çıxış edə bilməz.

28. Cavabdehin imtinada və etirzda göstərilməyən, lakin apellyasiya şikayətində irəli sürdüyü digər dəlilə - Qaydaların 3.7-ci bəndinə istinad etməklə təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa) mənfi rəyin verilməsi üçün əsas olması və iddiaçının “tezsiz diploma”, yəni magistrlik dissertasiyası müdafiə etmədən müvafiq kvalifikasiya əldə etməsi ilə bağlı dəlillərə gəldikdə isə kollegiya qeyd edir ki, bu hal da öz-özlüyündə cavabdehə iddiaçının diplomunun tanınmasından imtinası üçün əsas kimi çıxış edə bilməz. Qeyd edilməlidir ki, müvafiq qaydada, yəni magistr dissertasiyası müdafiə etməyənlərə də magistr diplomunun verilməsi Azərbaycan Respubplikasının qanunvericiliyində və təcrübədə də mövcud olmuş, yalnız 7 mart 2020-ci il tarixli 85№-li qərarla Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda dəyişikliklər edərək həmin qərarla təsdiq edilmiş Ali təhsil müəssisələrinin magistr diplomunun təsvirinə və məzmununa dəyişiklik edərək “magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə” sözləri əlavə edilmişdir. Başqa sözlə həmin dəyişiklikdən sonra magistr diplomunun doktoranturada təhsili davam etdirmək (magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə) əsas verməsi müəyyən edilmişdir ki, iddiaçı hətta bununla bağlı Təhsil Nazirliyinin rəsmi internet səhifəsindən müvafiq məlumatı da apellyasiya şikayətinə etirazla birlikdə təqdim etmişdir.

29. Cavabdehin yuxarıda qeyd edilən hər iki dəlilinə münasibətdə isə ümumilikdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyası hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqlarının təmin edilməsini tələb edir (25-ci maddənin V hissəsi), hər kəsin qanunla qadağan olunmayan hərəkətləri edə biləcəyini və heç kəsin qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməyəcəyini (71-ci maddəsinin İX hissəsi), dövlət orqanlarının yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə biləcəyini təsbit edir (71-ci maddənin X hissəsi). İddiaçı da məhz özünün konstitusion təhsil hüququnun reallaşdırılması üsulu kimi xaricdə distant formada və magistr dissertasiyasını müdafiə etmədən magistratura təhsili almaq imkanından istifadə etmişdir. Belə olan halda cavabdehin yuxarıda qeyd edilən formal əsaslara istinad etməklə iddiaçının konstitusion hüquqlarını məhdudlaşdıran imtinası qanunsuz və əsassız hesab olunmalıdır.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2964/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar