Məhkəmə qərarları › İş №2-1(105)-395/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-395/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-395/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər:torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-930/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtina məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı iddiaçının müraciət etdiyi 0.10 ha torpaq sahəsinə dair ərizənizə əlavə edilmiş Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 40 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007ci il tarixində qeydə alınmışdır. Bundan əlavə, Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 40 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış 0.10 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyildir. Belə ki, həmin torpaq sahəsi elektron məlumat bazasında və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri kənd təsərrüfatı məqsədilə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin müayinə aktından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məktubda göstərilən Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin 28 oktyabr 2007-ei il tarixli 40 saylı qərarı ilə iddiaçı X2 mülkiyyətinə verilmiş Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən 0.10 ha torpaq sahəsinə baxış keçirilmişdir və kameral araşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz rayonu Susayqışlaq bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 40 saylı qərarı ilə iddiaçı X2 mülkiyyətinə verilmiş Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən 0.10 ha torpaq sahəsinin kateqoriyası torpaqların «elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir, qonşu torpaq sahələri ilə üst-üstə düşmür, kommunikasiya xətləri keçmir. İddiaçı X1 0.10 ha torpaq sahəsinin ətrafında (dörd tərəfində) üzərində mülkiyyət və icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və çıxarış verilməmişdir. Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, məktuba qoşma kimi əlavə edilmiş Xaçmaz rayonu, Susayqışlaq bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi elektron kadastr məlumat bazasında olan DWJ məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir. Qusar rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, Xaçmaz rayonu Susayqışlaq bələdiyyəsinin heç bir il üçün sənədləri Qusar rayon dövlət arxivinə təhvil verilməmişdir. Xaçmaz rayonu Yalama bələdiyyəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, həqiqətən Xaçmaz rayonu keçmiş Susayqışlaq bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 40 saylı iclasın qərarı ilə Susayqışlaq bələdiyyəsinin ehtiyyat fondundan Bakı şəhəri sakini İddiaçı fərdi mənzil tikintisi üçün Susayqışlaq kəndi ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə aid sənədlərin surəti bələdiyyələrin birləşməsi ilə əlaqədar Xaçmaz rayonu Yalama bələdiyyəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 40 saylı iclasının qərarı ilə fərdi mənzil tikintisi üçün iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin DWJ məlumatında hüquqi statusu bələdiyyə mülkiyyəti, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla kolluqdur. Sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin də DWJ məlumatında hüquqi statusu bələdiyyə mülkiyyəti, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla kolluqdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Susayqışlaq bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 40 saylı iclasının qərarı ilə fərdi mənzil tikintisi üçün alınmış 0.10 ha torpaq sahəsi üzərində daşınmaz əmlaka mülkiyyət hüququna dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 avqust 2007-ci ildə Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinə fərdi mənzil tikintisi üçün torpaq ayrılması barədə müraciət etmişdir. Susayqışlaq bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 40 saylı iclasının qərarı ilə fərdi mənzil tikintisi üçün 0.10 ha torpaq sahəsi satılmış və hazırda həmin qərar qanuni qüvvədədir. Həmin arayış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edilməsi üçün verilmişdir. O bu torpağı Susayqışlaq bələdiyyəsi ilə alqı-satqı edərkən bələdiyyənin fonduna xx.xx.2007-ci il tarixdə bank vasitəsi ilə 60 nömrəli qəbz ilə 320 manat pul köçürmüşdür. Torpağın alqısatqısına dair Akt xx.xx.2007-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 2755 saylı nömrə ildə qeydə alınmışdır. xx.xx.2023-cü ildə Susayqışlaq bələdiyyəsindən fərdi mənzil tikintisi üçün alınmış 0.10 ha torpaq sahəsinə daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə ona Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məktubla cavab verilmişdir. Cavabda qeyd edilmişdir ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Ona məxsus olan bu əmlak kənd təsərrüfatı torpaq deyildir. Uzun müddətdir ki, bu torpaqdan yaşayış yeri kimi istifadə edilir və ətrafında yerləşən eyni dərəcəli torpaqların sahibləri də bu torpağı yaşayış məqsədi ilə istifadə edir, həmçinin torpaqa mülkiyyət hüququna dair hissənidə Daşınmaz Əmlak İdarəsində rəsmişləşdirmişlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-930/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 40 saylı iclasının qərarı ilə fərdi mənzil tikintisi üçün iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Mübahisəli torpaq sahəsi iddiaçıya Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 40 saylı qərarına əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin 17 oktyabr 2007-ci il tarixli, 1040/2 saylı rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 29 oktyabr 2007-cı ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti ödənilmişdir. Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 40 nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Torpaq sahəsinin iddiaçıya satılmasına qərarın və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Torpaq sahəsinin iddiaçıya ayrılması barədə Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 40 saylı qərarının və müvafiq orqanlar tərəfindən verilmiş rəylərin təqdim edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə sorğu ünvanlanmışdır. Sonuncu tərəfindən 26 sentyabr 2024-cü il tarixli məktubla qeyd edilən sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı teleqramla məhkəmə kollegiyasına müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyindən onun iştirakı olmadan baxılmasını və qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; ... Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (xx.xx.2007-ci il tarixə qədər olan redaksiya). Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli bələdiyyə qərarı əsasında tərtib edilmiş alqı-satqı aktı xx.xx.2007-ci il tarixdə DTXK-də qeydə alınmış, elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyil,elektron məlumat bazasında və torpaqların elektron kadastr uçot məlumatında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi əks olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı əsasında bələdiyyənin ehtiyat fondundan fərdi mənzil tikintisi üçün iddiaçının adına ayrılmış, alqı-satqı aktı tərtib edilmiş, müvafiq qəbz mövcud olmuşdur. Müvafiq bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin yerləşmə mövqeyinə dair yerquruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, satılan torpaq sahəsinin alqı-satqı predmeti olması və satılmaısnın məqsədəmüvafiq olması barədə tərtib edilmiş rəy və torpaq sahəsinin plan və ölçü sənədi (kadastr kitabında 4430 nömrə ilə uçota alınmışdır) iddiaçı tərəfindən təqdim edilsə də, kadastr məlumatlarında yalnız torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş müvafiq bələdiyyə qərarı və onun əsasında tərtib edilmiş alqı-satqı aktı aşkar edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdehin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsi müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, TEKUİS-də kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, qonşu torpaq sahələri ilə üst-üstə düşmür, kommunikasiya xəttləri keçmir,ətrafında olan torpaq sahələri üzərində mülkiyyət və icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və çıxarış verilməmişdir. Cavabdeh tərəfindən verilmiş məlumatın məzmununda sözügedən torpaq sahəsinin təyinatının DWJ məlumatında kənd təsərrüfatı təyinatlı olmaqla kolluq kimi qeyd edildiyi, yararlılıq dərəcəsi və bonitet balı barədə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə sorğu verilməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən qeyd eidlən MMC-yə sorğu ünvanlanmış, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, sözügedən torpaq sahəsi elektron kadastr məlumat bazasında kənd təsərrüfatı təyinatlı örüş torpaqlara aiddir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz və alqı-satqı predmeti ola bilməz, yalnız icarəyə verilə bilər. Həmçinin, kollegiya onu qeyd edir ki, torpaq sahəsinin məqəsdli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir:torpaq sahələrinin hüquqi statusu;torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ;torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri;torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi;torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. İndiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması həmin torpaq sahəsinin ayrıldığı vaxtda mövcud olan DWJ məlumatları və hazırda mövcud olan TEKUİS məlumatları əsasında öz təsdiqini tapmışdır.Hansı ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən örüş torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi, alqı-satqı predmeti olması yolverilməzdir. Bundan əlavə, kollegiya qeyd edir ki, indiki halda iddiaçının adına sözügedən torpaq sahəsi məhz fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır, hansı ki, kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrinin təyinatı fərdi yaşayış evinin tikintisi məqsədini daşımamaqla, həmin torpaq sahələrinin fərdi yaşayış evinin tikintisi üçün ayrılması qanunvericiliklə yolverilməzdir. Həmçinin, sözügedən torpaq sahəsinə dair ortofoto görüntüsü və digər sənədlərin,habelə iddiaçının izahatının məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazidə yaşayış məntəqələri (tikili) mövcud olmamışdır. Qeyd edilən hal da özlüyündə iddia tələbinin əsaslılığını müəyyən etməyə imkan vermir. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi ayrıldığı vaxtda da kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi mövcud olması halı öz təsdiqini tapdığından, qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi alqı-satqı predmeti ola bilmədiyindən, xüsusi mülkiyyətə verilə bilmədiyindən, sözügedən torpaq sahəsi iddiaçının adına qanunvericiliyin tələblərinə uyğun ayrılmamışdır. Bu baxımından kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun ayrılmadığından, qeyd edilən hüquqmüəyyənedici sənədlər əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etməməklə, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas vermir. Eyni zamanda kollegiya onu qeyd edir ki, hazırki işin halları baxımından iddia tələbinin əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından da müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun obyekti qismində çıxış etməsi halı yolverilməz olduğu halda iddiaçı həmin torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən hər hansı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun yaranması və qeydiyyata alınmasına o halda yolverilir ki, bunun üçün qanuni əsas mövcud olmuş olsun. İndiki halda isə həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mümkün olmadığından, iddiaçının onunla bağlı xüsusi mülkiyyət hüququnun yaranmasının qanuni əsası mövcud olmamışdır. Nəticə etibarilə iddiaçı sözügedən torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlərə istinad etməklə, mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etməkdə haqlı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərin mülkiyyət hüququnun yaranması üçün qanuni əsası qismində çıxış edib-etməməsini qanunvericilik normasının tələbi baxımından dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-930/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar