Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-396/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X26 qızının katibliyi ilə, İddiaçı, İddiaçının etibarnamə üzrə nümayəndəsi X4, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehin nümayəndələri X2 və X3, Üçüncü şəxs X5, onun vəkili Vəkil1, Üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(118)-2694/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Şamaxı rayon Göylər kənd XDS İcraiyyə Komitəsinin 1972-1974-cü illərin təsərrüfatbaşına kitablarında İddiaçı təsərrüfatında 0,08 ha həyətyanı torpaq sahəsi, o cümlədən, tikinti altı 0,01 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Şamaxı rayon Göylər kəndi üzrə təsərrüfatbaşına kitabdan çıxarışa əsasən Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2011-2015-ci illər üzrə 09 nömrəli təsərrüfatbaşına kitabın 74-cü səhifəsində X14 adına şəxsi hesabında 1969-cu ildə inşa edilmiş ümumi sahəsi 90 kv.m olan fərdi yaşayış evi və 0,07 ha həyətyanı torpaq sahəsi olması qeyd edilmişdir. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli iclas qərarı ilə Göylər kəndi ərazisindən X8 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. X23, Monitorinqi və İnformasiya Mərkəzinin mütəxəssisi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş “Göylər kəndində vətəndaşların mülkiyyətlərində olan torpaq sahələrinə aid cədvəl” dən görünür ki, cədvəlin 1082-ci bəndində adı qeyd edilmiş X6 hüquqmüəyyənedici sənəd üzrə mülkiyyətində olan həyətyanı torpaq sahəsi 0,08 ha, faktiki istifadəsində əlavə olaraq bələdiyyənin ehtiyat fonduna aid 0,0039 ha torpaq sahəsi olmaqla, ümumilikdə, faktiki istifadəsində olan torpaq sahəsi 0,0839 ha təşkil edir. İşdən görünür ki, bələdiyyənin ehtiyat fonduna aid 0,0039 ha torpaq sahəsi də daxil olmaqla, Şamaxı rayonu, Göylər kəndində yerləşən 837,89 kv.m torpaq sahəsinə dair DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən X6 adına 15 mart 2010-cu il tarixli, A seriyalı, 223834 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Həmin sənədin tərtib edilməsinə əsas kimi Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı göstərilmişdir. Şamaxı rayon AİK-nin sözügedən 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X18 ayrıldığı göstərilmiş 608,97 kv.m torpaq sahəsinə dair DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən sonuncunun adına 15 mart 2010-cu il tarixli, A seriyalı, 223826 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Qeyd edilən torpaq sahələrinin sərhədləri qonşu olmaqla yanaşı, tərəflər də qohumluq münasibətlərindədir- X24 iddiaçının əmisidir. X11 05 iyul 2019-cu il tarixdə ölmüş, İddiaçı ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar notariat orqanına müraciət etmişdir. Daha sonra İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək Şamaxı rayonu, Göylər kəndində mərhum anası X8 məxsus olmuş 0,083789 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********90 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin ölçüsü ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A seriyalı, 223834 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində 837,89 kv.m qeyd olunmasına baxmayaraq, iddiaçının faktiki istifadəsində yalnız 687 kv.m torpaq sahəsi mövcuddur. Ona görə də, torpaq sahəsinin 837,89 kv.m ölçüdə qeydiyyata alınması mümkün olmamışdır. Həyətyanı torpaq sahəsinin 687 kv.m ölçüdə qeydiyyata alınması razılıq verilmədiyinə görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina olunmuşdur. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şamaxı rayonu, Göylər kəndində yerəlşən mərhum anası X6 adına olan, hazırda isə vərəsəliklə ona məxsus olan DTXK tərəfindən tərtib olunmuş A seriyalı 223834 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş 837,89 kv.m torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Göylər kəndində yerləşən 837,89 kv m həyətyanı torpaq sahəsi iddiaçının mərhum anası X8 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə ayrılmışdır. Həmin torpaq sahəsinin zonası, normativ qiyməti, baş plandan çıxarış, əsas döngə nöqtələrinin koordinatları, torpaq sahəsinin qonşu sərhədləri və torpaq sahəsinin planı, miqyası həmin sənəddə qeyd edilmiş, sənəd imzalanmış və möhürlənmişdir. Həmçinin, Şamaxı rayon Göylər kənd XDS İcraiyyə Komitəsinin 1972-1974-cü illərində təsərrüfatbaşına kitablarında iddiaçının təsərrüfatında 0,08 ha həyətyanı torpaq sahəsi, o cümlədən, tikili altında 0,01 ha torpaq sahəsi olması qeyd olunmuşdur. Mərhum anasından miras qalmış həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə ayrılmış 837,89 kv.m həyətyanı torpaq sahəsinin mərhum anası X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(118)-2694/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə ayrılmış 837,89 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.Əzizova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli 837,89 kv.m torpaq sahəsinin təsərrüfatbaşına kitablara əsasən iddiaçıya, daha sonra aqrar islahat aparılan zaman onun mərhum anası X6 adına qeydə alınması iş materialları ilə təsdiq edilir. Hazırda həmin torpaq sahəsinin bir hissəsinin qonşu tərəfindən zəbt edilməsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anasına məxsus olması barədə arayışın verilməsini istisna edən hal deyildir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun X8 məxsus olmasına dair qanunvericilikdən irəli gələn əsas mövcuddur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 saylı qərarı ilə təsdiq olunmuş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7 bəndində (2 nömrəli əlavə) qeyd olunmuşdur ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir. İddiaçının mərhum anası X8 məxsus 837,89 kv.m həyətyanı torpaq sahəsinin üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmamışdır. Ona görə də, qeyd olunan əmlaka dair reyestrdən arayış yox, Təlimatın 7.1-ci bəndində qöstərilən qaydada reyestrdən çıxarış verilməlidir. Bundan başqa, iddiaçının müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, naturada iddia olunan 837,89 kv.m torpaq sahəsinin 150 kv.m hissəsi qonşu tərəfindən hasarlanmışdır. Torpaq sahəsinin 150 kv.m hissəsi mübahisəli olduğu üçün, həmin torpaq sahəsinin sənəd üzrə 837,89 kv.m hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Hesab edir ki, cavabdehin üzərinə öhdəlik qoyulmadan öncə zəbt olunmuş torpaq sahəsi boşaldılmalı və qanunsuz inşa olunmuş hasar sökülməlidir. İddia olunan torpaq sahəsinin cəmi 687 kv.m hissəsi sərbəst olduğu üçün qalan hissə başqa şəxs tərəfindən daş hasarla hasarlandığına görə, birinci instansiya məhkəməsinin qərarı ilə cavabdehin üzərinə qoyulmuş öhdəliyin (837,89 kv.m torpaq sahəsinin qeydiyyata alınması) icrası mümkün deyil. Hesab edir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarına düzgün qiymət verməmiş və nəticədə əsassız qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-396/2023 nömrəli 23 may 2023-cü il tarixli qərardadı ilə X12, 21 iyun 2023 cü il tarixli qərardadı ilə X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdilər. Üçüncü şəxs X12 iddia ərizəsinə yazılı etiraz təqdim edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən, iş üzrə araşdırma aparmamış, cavabdehin imtina əsaslarının qanunsuzluğunu əsaslandırmadan iddianın təmin olunması qənaətinə gəlmişdir. Cavabdehin imtina məktubu və apellyasiya şikayətinin əsası kimi iddiaçının istifadəsində olan Şamaxı rayon Aqrar İsahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə ayrılmış 837,89 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X8 məxsus hissəsinin 837,84 kv.m deyil, 687 kv.m olması göstərilmişdir. Buna baxmayaraq, məhkəmə iddiaçı ilə qonşuluqda yerləşən torpaq sahəsinin 200 kv.m hissəsinə dair iddiaçının mərhum anasının adına mülkiyyət hüququnu təsdiq edən arayışın verilməsi nəticəsinə gəlməklə, bunun üçüncü şəxslərin mülkiyyət hüququnun pozulmasına səbəb olacağını nəzərə almamışdır. Bundan başqa, Şamaxı rayon AİK-nin sözügedən qərarı ilə mərhum N.A.Quliyevaya və mərhum X18 ayrılmış torpaq sahələrini bir-birindən ayıran hasar 1998ci ildə məhz iddiaçı tərəfindən çəkilmişdir. DTXK tərəfindən xx.xx.2010-cu il tarixdə tərtib edilmiş A 223836 saylı, torpaq sahəsinin planı və ölçüsündə X19 AİK-nin qərarı ilə 608,97 kv.m torpaq sahəsi ayrılması qeyd edilsə də, faktiki olaraq iddiaçının mərhum anasına verilmiş torpaq sahəsinin planı və ölçüsü X18, sonuncunun adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü isə mərhum X8 verilməsi qeyd edilmişdir. Şamaxı rayon Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabından çıxarışda X19 ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsi və 1969-cu ildə tikilmiş ümumi sahəsi 90 kv.m olan fərdi yaşayış evi göstərilmişdir. AİK-nin qərarı ilə X10 837,89 kv.m həyətyanı torpaq sahəsi ayrılsa da, onun faktiki istifadəsində olan torpaq sahəsi 837,89 kv.m deyil, 687 kv.m olmuş, buna baxmayaraq nə iddiaçı, nə də iddiaçının mərhum anası 2010-cu ildən hal-hazırki vaxtadək hər hansı şəxsə qarşı, eləcə də üçüncü şəxs X9 və onun mərhum atası O.Ə.Quliyevə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, 687 kv.m həyətyanı torpaq sahəsi ilə razılaşmışlar. İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş daşınmaz əmlakla bağlı iddia müddəti, eyni zamanda ümumi iddia müddəti üzrlü səbəb olmadan buraxılmışdır. Bundan başqa, 837,89 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anasına məxsus olması barədə arayışın verilməsi barədə məhkəmə qərarı qəbul edilsə də, qərarın icrasını təmin etmək mümkün olmayacaq, iddiaçı arayışı aldıqdan sonra yenidən çıxarış almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalacaq və bir neçə məhkəmə mübahisəsinin yaranmasına səbəb olacaqdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl faktiki istifadəsində olan torpaq sahəsinin dəqiq hüdudlarını müəyyən edərək, yalnız həmin hissəyə arayış və daha sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almalı olduğu halda, üçüncü şəxslərin 30 ildən artıq istifadəsində olan torpaq sahəsinin bir hissəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi almaq niyyətində olması, üçüncü şəxslərin mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X12 və onun vəkili iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X13 izahatında bildirmişdir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının nümayəndəsi tərəfindən onların faktiki istifadələrində olan torpaq sahəsinin yerində müayinə işləri aparılan zaman torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının məhz faktiki istifadələrində olan torpaq sahəsinin koordinatlarına uyğun tərtib ediləcəyi bildirilmişdir. Üçüncü şəxs birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; ... Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – 37,89 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X8 məxsus olması barədə arayışın verilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə baxan məhkəmə iddianı tam həcmdə təmin edərkən işin faktiki hallarını ətraflı araşdırmamış, eləcə də iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Şamaxı rayonu, Göylər kəndində yerləşən 837,89 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X8 məxsus olması haqqında arayışın verilməsindən imtinası barədədir. İddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsusluğunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. İşin yuxarıda sadalanan hallarından görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X8 Göylər kəndi ərazisindən X8 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmçinin, torpaq islahatından daha əvvəl onun faktiki istifadəsində əlavə olaraq bələdiyyənin ehtiyat fonduna aid 0,0039 ha torpaq sahəsi də olmuşdur. Daha sonra 2010-cu ildə sözügedən 0,0039 ha torpaq sahəsi də daxil olmaqla, Göylər kəndində yerləşən 837,89 kv.m torpaq sahəsinə dair DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən N.A.Quliyevanın adına A seriyalı, 223834 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. İşin hüquqi halları ilə bağlı kollegiya “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun “Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsinin əsasları” adlı İİİ fəslinin normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, həmin fəslin 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddədə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası təsbit edilərək qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Eləcə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Nəzərə almaq lazımdır ki, iddiaçının mərhum anasının 800 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququ “Torpaq islahatı haqqında” Qanunun yuxarıda sadalanan normalarının tələblərindən irəli gələn hüquqmüəyyənedici sənədə - Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarına əsaslanır. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Lakin işə baxan məhkəmə aqrar islahat zamanı X8 ayrılan torpaq sahəsinin ölçüsü ilə bağlı ətraflı araşdırma aparmamış, Şamaxı rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarının arxiv surətini Dövlət Arxivindən tələb etməmiş, torpaq sahəsinin plan və ölçü sənədində göstərilən 837,89 kv.m torpaq sahəsinin qanuni əsaslarla iddianın mərhum anasına ayrılması əsası ilə iddianı tam həcmdə təmin etmişdir. Halbuki, yuxarıda qeyd edilən araşdırma ilə müəyyən edilmişdir ki, 2001-ci ildə aparılan aqrar islahat zamanı X8 837.89 kv m deyil, 0.08 ha torpaq sahəsi ayrılmış, A seriyalı, 223834 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 837,89 kv.m torpaq sahəsinin 37.89 kv m hissəsi iddiaçının faktiki istifadəsində olan, lakin bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsi olmuşdur. Belə olan halda kollegiya qeyd edir ki, bələdiyyənin ehtiyat fonduna aid olan 37,89 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında mərhuma məxsus olması işdə olan sənədlərlə sübuta yerilimir. Birinci instansiya məhkəməsi isə iddia tələbini tam həcmdə təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Odur ki, 37.89 kv m torpaq sahəsinə dair hissədə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və bu hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə əsası torpaq sahəsinin planı və ölçüsü sənədində sahənin ölçüsünün 837,89 kv.m göstərilməsinə baxmayaraq, faktiki istifadədə 687 kv.m torpaq sahəsinin olması, sahənin qalan hissəsinin qonşu tərəfindən zəbt edilməsi və iddiaçının həmin ölçüdə sahəyə münasibətdə hüquqların tanınmasına razılıq verməməsidir. Göründüyü kimi cavabdehin yeganə dəlili iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə torpaq sahəsindən az olmasıdır. Kollegiya cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən aparılan araşdırma zamanı sözügedən torpaq sahələrinin qonşu torpaqlar olduğu, həm də iş üzrə tərəflərin qohumluq münasibətlərində - X14 iddiaçının əmisi olduğu müəyyən edilmişdir. Şamaxı rayon Göylər kəndi üzrə yuxarıda qeyd edilən təsərrüfatbaşına kitabdan çıxarışlardan görünür ki, İddiaçı və X14 təsərrüfatlarında müvafiq olaraq 0,08 ha və 0,07 həyətyanı torpaq sahələri, yəni ümumilikdə, hər ikisinin birlikdə faktiki istifadələrində 0,015 ha torpaq sahəsi olmuşdur. Hazırda isə iddiaçının faktiki istifadəsində olan sahə 687 kv.m təşkil edir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” ndan da görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X18 ayrılmış və hazırda üçüncü şəxs X5 faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə sahəsi 0,060897 ha, faktiki sahəsi isə 0,0842 ha təşkil edir. Torpaq sahəsi üzərində tikintialtı sahəsi 200 kv.m olan fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsinin faktiki koordinatları müayinə zamanı təyin edilmişdir, faktiki sahə sənəddə qeyd olunan sahədən 0,023303 ha çoxdur. Beləliklə müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində 687, üçüncü şəxsin faktiki istifadəsində isə 842 kv m torpaq sahəsi olmaqla, ümumilikdə hər ikisinin birlikdə faktiki istifadələrində 1529 kv m torpaq sahəsi vardır. Kollegiya hesab edir ki, X8 aqrar islahat zamanı ayrılmış 800 kv.m torpaq sahəsi naturada tam mövcud olsa da, hazırda bir hissəsinin hasar qonşusu olan üçüncü şəxs tərəfindən faktiki istifadə edilməsi imtina üçün əsas deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Bu hal həmin normada nəzərdə tutulmamışdır. Bu səbəbdən kollegiya hesab edir ki, aqrar islahat zamanı iddiaçının anası N.A.Quliyevanın mülkiyyətinə verilmiş 800 kv.m torpaq sahəsinin bir hissəsinin hazırda üçüncü şəxsin faktiki istifadəsində olması həmin torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnun tanınmasını istisna edən hal deyildir. Bundan əlavə hazırkı işdə torpaq sahəsi naturada mövcuddur və üçüncü şəxsin faktiki istifadəsindədir. Bu hal isə ayrıca mülki məhkəmə icraatının predmetidir. Beləliklə, işin sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - 37,89 kv.m torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X8 məxsus olması barədə arayışın verilməsi hissəsində ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(118)-2694/2022 nömrəli qərarı qismən – 37,89 kv.m torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilsin. Qərar qalan hissədə – Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə ayrılmış 800,00 kv.m (837,89 kv.m – 37,89 kv.m) həyətyanı torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.