Məhkəmə qərarları › İş №2-1(105)-396/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-396/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-396/2025 24.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024cü il tarixli, **********5588 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(118)-3143/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7686 nömrəli qərarına əsasən ünvan 1i ünvanında yerləşən "ALLBUY” MMC-nin fəaliyyət göstərdiyi "İSTEHSAL ZAVOD" adlı obyektdə (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, nəzarət zamanı qanun pozuntusu faktına istinad etrməklə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli akta əsasən “ iddiaçı tərəfindən ümumi dəyəri 7939927,47 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala ikinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 20 faizi miqdarında 1587985,59 maliyyə sanksiyası tətbiq edilməsi barədə Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5588 nömrəli qərarına qəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək “cavabdehin “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5588 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, ALLBUY” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cü il tarixdə ********** saylı şəhadətnamə (VÖEN: **********) dövlət qeydiyyatına alınmışdır. “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” Arayışa əsasən fəaliyyət göstərdiyi ünvan 2i ünvanında yerləşən xx.xx.2022ci il tarixində ********* -31002 kodlu və xx.xx.2022ci il tarixində ********* -31003 kodlu təsərrüfat subyektləri uçata alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra - cavabdeh) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7686 nömrəli qərarına əsasən xx.xx.2024-cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 2i ünvanında yerləşən istehsal zavodu və anbarlarda operativ nəzarət tədbiri keçirilmiş və tədbirin nəticəsi olaraq “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu məcəllənin 71-1-5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə fakturanın tərtib edilməsi nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2024cü il tarixli DVX № 101318 saylı akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, “xx.xx.2024 cu ildə vergi ödəyicisinə məxsus anbarda 7 939 927.97 manat VM-nin 58.13-cü maddəsinə əsasən e-qaimə faktura ilə təqdim etməli olduğu halda mallarin e-qaime faktura təqdim edilmədən satışını təşkil etdiyi müəyyən edilmisdir. Bu mallar "xxxx" MMC, "xxxx" QSC ve "xxxx" QSC-dən alınmış tütün məmulatlarından ibarətdir. Aktda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 16.1.3, 71-1 və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisinin barəsində VM-nin 58.13-cü maddəsinə əsasən 793 992,797 manat məbləğində maliyyə sansiyasinin tətbiq edilməsi təklif olunur. Qeyd olunan Operativ vergi nəzarəti aktının nəticəsində vergi ödəyicisinin barəsində Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********5588 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında” qərar qəbul edilərək Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 1 587 985.59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bildirilmişdir ki, iddiaçı tərəfindən elektron qaimə faktura əsasında “Vektor" MMC, "xxxx" QSC və "xxxx" QSC-dən ümumilikdə ƏDV-siz dəyəri 6 968 328.50 manat olan siqaret məhsulları almışdır. İş materiallarına əlavə olunan elektron qaimə fakturaların siyahsından görünür ki, iddiaçı tərəfindən bütün mallar elektron qaimə faktura əsasında alınmış və elektron qaimə faktura əsasında satışı təşkil edilmişdir. Vergi ödəyicisinə məxsus təsərrüfat subyektində hər hansı mal qalığının olub olmaması barədə aktda heç bir məlumat mövcud deyildir. Tərtib edilmiş sənədlərindən bir daha aydın olur ki, nəzarət tədbiri nəzarət tədbirinin mahiyyətinə zidd olaraq keçirilmiş və formal olaraq aktlar tərtib edilmişdir. Qanunla müəyyən edilən hüquq pozuntusu hadisəsi reallıqda aşkar edilmədiyi halda və vergi orqanının elektron informasiya sistemində malların təqdim edilməsini əks etdirən elektron qaimə fakturalar əks olunduğu, qaimə fakturaların olmamasını iddia edilməsi tamamilə absurd məsələdir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə məqsədli şəkildə qanunsuz müdaxilə edib, əsassız maliyyə sanksiyası tətbiq etməklə sahibkarlıq fəaliyyətinin inzibati yolla məhdudlaşdırılmasına xidmət edir. Alınmış malların cəmi dəyəri 6,968,328.51 manat təşkil etdiyi halda, malların dəyəri 7 939 927.97 manat qeyd edilmişdir. Qiymətin nədən formalaşması və 971 599.46 manat fərq məbləğinin haradan yaranması ilə bağlı aktda heç bir məlumat mövcud deyildir. Operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən olunan nəzarət tədbirlərindən biridir. “Operativ” sözü leksik mənasına görə “təcili, sürətli, çevik” (hərəkət, əməliyyat) deməkdir. Bu nəzarət tədbirini vergi yoxlamalarından fərqləndirən başlıca əlamət ondan ibarətdir ki, konkret məsələlər üzrə vergi ödəyicisinin yalnız cari fəaliyyəti üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicilərinin təsərrüfat subyektlərində (obyektlərində) həyata keçirilən cari nəzarət tədbiridir. Səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda, vergi orqanıin əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində müəyyən edilmiş əsasların mövcud olmaması halında yoxlamanın keçirilməsi tamamilə əsassızdır və belə halda vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi istinad edilən qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin əvvəlki dövrə şamil edilməməsini müəyyən etmişdir. Operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri xx.xx.2024-cü il tarixdə həyata keçirilsə də, yoxlama vergi ödəyicisinin xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üzrə aldığı bütün mallara münasibətdə keçirilmişdir. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla xx.xx.2024-cü il tarixli DVX seriyalı 101318 nömrəli akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2024-cü il tarixli **********5588 nömrəli inzibati akt qəbul olunmuşdur. Cavabdeh iddiaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7686 nömrəli qərarına əsasən ünvan 1i ünvanında yerləşən "ALLBUY” MMC-nin fəaliyyət göstərdiyi "İSTEHSAL ZAVOD" adlı obyektdə (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı tərəfindən ümumi dəyəri 7939927,47 manat məbləğində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi müəyyən edilərək qanun pozuntusu faktı xx.xx.2024-cü il tarixli akt tərtib edilməklə rəsmiləşdirilmişdir. İşin faktiki halları ilə əlaqədar olaraq bildiririk ki, iddiaçı xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinə məxsus anbarda 7939927,47 manat malları vergi məcəlləsinin müvafiq maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63cü maddəyə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. Eyni zamanda həmin qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 71-1 -ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaiməfakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıcılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ümumi dəyəri 7939927,47 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala ikinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 20 faizi miqdarında 1587985,59 maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63-cü və 71-1-ci maddələrinin tələblərinə əməl etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(118)-3143/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5588 nömrəli qərarı ləğv edilmişdir. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh Plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad etməklə kifayətlənmiş, lakin Plandankənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (vergi qanunverciliyinin pozulması barədə kifayət qədər əsasların nədən ibarət olmasını) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Mövcud halda yoxlama keçirilərkən carı anda hər hansı pozuntu aşkar edilməsi faktı qeydə alınmadan, əvvəlki dövrlər üzrə yoxlama aparılmışdır. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a əsasən cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti yoxlama xx.xx.2024 -xx.xx.2024-cü il tarixlərini əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, vergi ödəyicisinin xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üzrə aldığı bütün mallara münasibətdə keçirilmişdir. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakteristikasına uyğun deyildir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qeyd olunan qənaətə gələrkən yanlış hüquqi mövqe sərgiləmiş və nəticədə iş üzrə təhrif olunmuş hallar müəyyən etmişdir. Belə ki, məhkəmə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyərək, işin faktiki halları üzrə ciddi araşdırma aparmamışdır. İş materiallarında mövcud olan Sahibkarlıq sahesinda aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışında sözügedən yoxlamanın həm hüquqi əsası, həm də yoxlamanın təyin olunması üçün əsaslar öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsi yoxlamanın hüquqi əsasını, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi isə yoxlamanın təyin olunması əsasını təşkil etmişdir. Beləliklə məhkəmənin şübhə altına almağa cəhd etdiyi yoxlamanın həm hüquqi əsası, həm də yoxlamanın təyin olunması üçün əsaslar konkret olaraq mövcud olduğu halda, həmin əsasları olmamış kimi təqdim etmək və nəticədə yoxlamanın təyini əsaslarını sarsıtmaq ədalətsiz davranış olmaqla məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına almışdır. Hesab edirik ki, məhkəmə Vergi Məcəlləsinin 50.1.13-cü maddəsini və 50.2.4-cü maddəsini iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə- faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi operativ vergi nəzarəti üzrə yoxlama predmetidir. Həmin məcəllənin 50.2.4-cü maddəsinə əsasən vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas sayılır. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq, bildiririk ki. məhkəmənin "2 saylı Ərazi Verailər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********76869 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarı qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edilmişdir. Eyni zamanda məhkəmə prosesi gedişində də bununla bağlı məhkəməyə hər hansı bir sübut təpdim edilməmişdir.” dəlili tamamilə əsassızdır. Eyni zamanda məhkəmənin 'Hazırkı işdə Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsasları vergi orqanı özünün xx.xx.2020-ci il tarixli **********7076 nömrəli ‘‘Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarında əsaslandırmamış” dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə bu hal üzrə Vergi Məcəlləsinin 50.3-cü maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Göründüyü kimi “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarda imperativ göstəriş olaraq qeyd edilməli olan məsələlər qanunvericiliklə konkret olaraq müəyyən olunmuşdur ki, vergi orqanı da özünün xx.xx.2024-cü il tarixli **********7686 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarında qeyd olunan halları nəzərə almışdır. Bu baxımdan məhkəmənin qeyd olunan dəlilini əsassız hesab edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddaya etiraz etdi və əlavə olaraq iddiaçı tərəfindən malların satışı üzrə elektron qaimələr təqdim edilsə də, malların satışının müqavilədən kənar həyata keçirildiyini bildirərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri (maddə 50.1.1-50.1.14) əhatə edən vergi nəzarəti formasıdır. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməsə də, gəldiyi nəticə düzgün olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi nəticəsində tətbiq edilmiş maliyyə sanksiyası barədədir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən əldə olunmuş və təqdim edilmiş elektron qaimə fakturaların siyahısına əsasən müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən "xxxx" MMC-dən(VÖEN **********) 19,895 blok, ƏDV daxil dəyəri 684,322.22 manat, "xxxx" MMC-dən(VÖEN **********) 50 000 blok, ƏDV daxil dəyəri 1,834,659.96 manat, "xxxx" MMCdən(VÖEN **********) 243,840 blok, ƏDV daxil dəyəri 5, 703,645.57 manat, olmaqla cəmi 8,222,627.75 manat dəyərində siqaret məhsulları əldə etmişdir. Həmçinin cəmiyyət tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Penetensiar Xidmətin Təchizat İdarəsi”nə (VÖEN **********) 110,000 qutu, ƏDV daxil dəyəri 282,882.77 manat, "xxxx" MMC-nə (VÖEN **********) 23,500 blok, ƏDV daxil dəyəri 649,562.76 manat, "xxxx" MMC-nə (VÖEN **********) 265,605 blok, ƏDV daxil dəyəri 7,051, 318.03 manat olmaqla, cəmi 7,983,580.69 manat dəyərində siqaret məhsulları 3 müəssisəyə elektron qaimə fakturalar əsasında satılmışdır. İş materiallarında mövcud olan xx.xx.2024-cü il tarixli DVX № 101318 saylı aktda qeyd edilmişdir ki, “xx.xx.2024 cu ildə vergi ödəyicisinə məxsus anbarda 7 939 927.97 manat VM-nin 58.13-cü maddəsinə əsasən e-qaimə faktura ilə təqdim etməli olduğu halda mallarin e-qaime faktura təqdim edilmədən satışını təşkil etdiyi müəyyən edilmisdir. Bu mallar "xxxx" MMC, "xxxx" QSC ve "xxxx" QSC-dən alinmış tütün məmulatlarından ibarətdir. Sonda xx.xx.2024-cü il tarixli akta əsasən Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5588 nömrəli qərarına qəbul edilmişdir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, "xxxx" MMC, "xxxx" QSC ve "xxxx" QSC-dən alinmış tütün məmulatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Təchizat İdarəsinə, "xxxx" MMC-yə və "xxxx" MMC-yə cəmi 7,983,580.69 manat dəyərində siqaret məhsulları 3 müəssisəyə elektron qaimə fakturalar əsasında (topdansatış qaydasında olmaqla) satılmış həmçinin həmin qaimə-fakturalar cavabdehə təqdim edilmiş, eləcədə iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin digər dəlili-yəni tütün məhsullarının müqavilədən kənar satılmasına münasibətdə qeyd edir ki, iddiaçı müqavilə əsasında tütün məhsullarının bir qismini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Təchizat İdarəsinə satmış, yerdə qalan qismini isə topdansatış qaydasında "xxxx" MMC-yə və "xxxx" MMC-yə satmışdır ki, bu da iddiaçının hüququdur. Yəni iddiaçının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Təchizat İdarəsinə ilə aralarında bağlanmış müqavilədə tütün tütün məhsullarının bötüvlükdə sonuncuya satılmalı olması ilə bağlı hər-hansı bir razılaşma mövcud deyildir. Həmçinin, məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması ( o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar : kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda). Hazırkı iş üzrə cavabdeh “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdeh orqanın “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında mübahisələndirilən qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı iş üzrə isə, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında baş tutan deyil, ümumi fəaliyyət dövründəki əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Nəticə etibarilə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakteristikasına uyğun deyildir. Yuxarıda göstərilənləri məhkəmə kollegiyası ümumiləşdirərək qeyd edir ki, vergi orqanının "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarının, həmin qərara əsaslanan maliyyə sanksiyasının tətbiqi və yoxlamanın həyata keçirilmə şərtləri baxımından uyğun olmayan tərtibdə olduğunu və müvafiq qanunvericiliyə əsaslanmadığını nəzərə alaraq, operativ vergi yoxlamasının faktiki olaraq düzgün yerinə yetirilmədiyini və sanksiyaların tətbiqinin qanunvericiliyə uyğun şəkildə əsaslandırılmadığını söyləmək mümkündür. Beləliklə, vergi orqanı tərəfindən verilən qərarın və tətbiq olunan maliyyə sanksiyası vergi ödəyicisinin hüquqlarını zədələyir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində qəbul etdiyi qərarı əsassız və qanunsuz olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarilə, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(118)-3143/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar