Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-397/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: müddətsiz əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2020-ci ilin dekabr ayından müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-1(118)- 2004/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 0244003AAHKE nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. TSEK tərəfindən verilmiş xx.xx.2018-ci il və xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, göndərişin natamam doldurulması və əlavə müalicəyə ehtiyac olması səbəbindən İddiaçı əlilliyin təyinindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliy Xidmətinin İddiaçı ünvanladığı xx.xx.20123-cü il tarixli məktubundan görünür ki, əlillik vəziyyətiniz səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Siz səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına uyğun olaraq, əlillik vəziyyətiniz adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X4 tərəfindən verilmiş T463/2022 saylı ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin TibbiSosial Ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Quba rayon Mərkəzi xəstəxanasında tərtib edilmiş göndərişlə göndərilmiş Forma TQS X«-088-də qeyd edilən “ÜİX: stabil gərginlik stenokardiyası İ1İ-İV f/s, aterosklerotık infarktdan sonrakı kardioskleroz, arterial hipertenziya İ dərəcə çox yüksək risk, QDÇ İ m” diaqnozdakı xəstəliklərdən hazırda əziyyət çəksə də əyanı müayinədə aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 saylı Qərar ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır. Tibb müəssisəsindən Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı Qərarına uyğun “orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddətinin təyini”nə baxılması üçün yeni forma №-088 rəsmiləşdirildikdən sonra dəyərləndirilməlidi. “Quba rayon mərkəzi xəstəxanasi" publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Mütəlİim oğlu -Quba Rayon Mərkəzi Xəstəxanasına “İTS” proqramı üzərindən xx.xx.2020-ci il tarixində Quba MDM - həkim kardiloq, xx.xx.2020-ci il tarixdə Quba RMX- həkim terapevt, xx.xx.2020-ci il tarixdə Quba RMX- həkim terapevt, xx.xx.2020-ci il tarixdə Quba MDM- həkim kardioloq diaqnoz Ürək ritminin normadan kənar çıxma halları” xx.xx.2020-ci il tarixdə Quba RMX-həkim kardioloq, diaqnoz Ürəyin dəqiqləşdirilməmiş işemik xəstəliyi”, xx.xx.2020-ci il Quba RMX- həkim terapevt, xx.xx.2020-ci il Quba RMX- həkim terapevt- ambulator və stasionar müayinə və müalicələrdə olmuşdur. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı qeyd olunan vaxt çərçivəsində Respublika Diaqnostika Mərkəzinə bir dəfə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Aparılmış koronarangioqrafiya müayinəsi nəticəsində xəstəyə ürəyin işemik xəstəliyi, aorta qapağının protezləşdirilməsi, stend implantasiyasından sonrakı vəziyyət qiaqnozu qoyulmuş və ona kardiocərrahın məsləhəti tövsiyə edilmişdir. Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində Bakı Sağlamlıq Mərkəzinin Kardiocərrahiyyə şöbəsinə müraciət etmiş, ona “Əvvəllər keçirilən miokard infarktı. Sol mədəcik çatmamazlığı” diaqnozu qoyulmuş, “Aorto-koronar Şuntlama x 4” əməliyyatı icra edilmişdir. xx.xx.2020-ci il tarixində isə kafi vəziyyətdə evə yazılmışdır. Xəstə xx.xx.2020-ci il tarixində laborator analizlərdən, xx.xx.2020-ci il tarixində isə EXO və laborator analizlərdən keçmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 2020-ci ilin dekabr ayından müddətsiz əlilliyin təyin edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 2020-ci ilin dekabr ayından müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ilin fevral ayında ürək çatışmamazlığı ilə İran İslam Respublikasına aparılmış və orada açıq ürək əməliyyatı keçirmişdir. Lakin xəstəliyi tam müalicə etmək mümkün olmadığından və vəziyyəti ağırlaşdığından 28 fevral 2014-cü il tarixdən 11 mart 2014-cü il tarixədək Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında müalicə olunmuşdur. 2017-ci ildə o, miokard infarktı keçirmiş və 14 dekabr 2017-ci l tarixdən 19 dekabr 2017-ci il tarixədək “Mediland” Hospitalda stasionar müalicə almışdır. 2018-ci ildə Respublika Diaqnostika Mərkəzində stendləşmə əməliyyatı keçirmiş, bundan sonra mütəmadi olaraq ambulator və stasionar müalicələrdə olmuşdur. Xəstəliyinin tam sağalması mümkün olmadığından 2018-ci ildə onu Quba rayon X3 Məsləhət Komissiyası müvafiq göndərişlə Tibbi-Sosial Ekspert Komissiyasına göndərmişdir. Lakin ona imtina cavabı verilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzində yenidən açıq ürək əməliyyatı keçirmiş, nəticədə ürəyində dörd damar dəyişdirilmişdir. Göndərişə əsasən onun xəstəliyi sağalmazdır. Lakin yenə də cavabdeh tərəfindən ona əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Halbuki, ona qoyulmuş diaqnoz qan dövranı sisteminin və ürək damar sisteminin pozğunluqları xəstəlikləri bölməsinə daxildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, ÜİX:infarktdan sonraki kardiokleroz (2017) "Koronar angioplastika " əməliyyatindan sonraki vəziyyət (xx.xx.2018)."qalxan aortanin replastikasi və aortal qapagin protezlənməsi əməliyyatindan sonraki vəz.(2014)Durğunluq ürək çatmamazlığı, QDÇ İİ f.s (NYHA); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün vacib olan xəstəliyin ağırlaşması kimi göstərilən QDÇ İİ fs əlilliyin qiyməstəndirilməsi üşün əsas vermir.” səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX stabil gərginlik stenokardiyası lll-İV fs.Aterosklerotik infaktdan sonraki kardioskleroz.Arterial hipertenziya İ dərəcə çox yüksək risk QDÇ İ m; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə stasionar müalicəyə ehtiyacı vardır” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-1(118)-2004/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddianın qismən təmin edilməsi, İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində verilmiş Forma N 88 göndərişin natamam doldurulması və ya onun əlavə müalicəyə ehtiyacının olması ona əlilliyin təyin olunmasından imtina üçün əsas ola bilməz. Cavabdeh orqan real olaraq onun səhhətini qiymətləndirərək ona əlilliyin təyin edilməsi məsələsinə qiymət verməlidir. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbisosial ekspert komisiyası (TSEK) tərəfindən iddiaçının barəsində keçirilmiş müayinənin nəticəsində verilmiş imtinası qanunsuz hesab edilməli və iddiaçıya Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik təyin edilməlidir. İddiaçının əlilliyin 2020-ci ilin dekabr ayından təyin edilməsi barədə tələbini əsassız hesab edir. Belə ki, iddiaçı bununla bağlı idida tələbini əsaslandırdığı halları məhkəməyə təqdim edə bilməmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci -maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Hazırkı halda, birinci instansiyası məhkəməsi tərəfindən İPM-in 73.3-cü maddəsinin müddəalarının tələbləri nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasında göstərilən normaların məzmunundan göründüyü kimi, ikinci dərəcəli əlillik üç haldan biri olduqda müddətsiz təyin edilir:-Tibbi göstəriş olan xüsusi hallarda;-İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda;-Əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatdıqda. Göstərilən maddi hüquq normasında əlilliyin müddətsiz verilməsi halları qeyd edir və məhkəmə məhz qanunda göstərdiyi ikinci hala, yəni ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğunu istinad edərək iddia tələbini təmin etmişdir. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. (-). 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1.1. qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9) 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9) 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirilsə də, iddia qismən təmin ediliyindən üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməli, iddia bu hissədə təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi 2020-ci ilin dekabr ayından müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının qeyd edilən diqanoz xəstəliklə bağlı əlavə müalicəyə, əlavə stasionar müalicəyə ehtiyacı vardır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində əlillik vəziyyəti ilə bağlı müvafiq tibb müəssisəsi tərəfindən xx.xx.2018-ci il tarixdə göndəriş rəsmiləşdirilmiş, həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyətinə baxılaraq, xəstəliyin əlilliyin qiymətləndirilməsi üçün əsas vermir əsası ilə əlilliyin təyin edilməsindən imtina olunmuşdur. İddaçı təərfindən cavabdeh inzibati orqanın qeyd eidlən imtinası mübahisələndirilməmişdir. Daha sonra iddiaçı barəsində xx.xx.2021-ci il tarixdə əlillik vəziyyəti ilə bağlı müvafiq tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilərək, TSEK-ə göndərilmiş, onun tərəfindən isə iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək, əlavə müalicəyə ehtiyacının olması əsası ilə əlilliyin təyin edilməsindən imtina olunması barədə qərar qəbul edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən əlilliyin qiymətləndiirlməsi məhz müvafiq tibb müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi əsasında aparılır. Göndərişin verilməsinə əsas olan hallar isə qanunvericilikdə dəqiq və birmənalı şəkildə qeyd edilmişdir. İndiki halda isə iddiaçıya münasibətdə müvafiq tibb müəssisəsi tərəfindən göndərişin rəsmişləşdirilməsi və verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş həmin əsaslardan hər hansı birinin olması halı aşkar edilməmişdir. Halbuki buna hüququ olan tibb müəssisələri tərəfindən müvafiq göndəriş yalnız həmin əsaslar olduğu halda verilir və əlilliyin qiymətləndiirlməsi də həmin göndəriş əsasında həyata keçirilir. Hazırki halda isə göndərişin verilməsinə əsas olan halın müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, qeyd edilməlidir ki, yuxarıda istinad edilən müvafiq qaydaların 1.5.2-1.5.5-ci bəndlərdə qeyd edilən əsaslar ümumiyyətlə iddiaçıya aid olmamışdır. Həmçinin, digər əsasla (Qatdaların 1.5.1-ci bəndi) bağlı isə qeyd edilməlidir ki, məhkəmə araşıdrması zamanı iddiaçının həmin xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması halı müəyyən edilməmişdir. Belə ki, bununla bağlı iddiaçının qeydiyyatda olduğu xəstəxanaya, habelə müalicə aldığı müvafiq xəstəxanalara sorğu ünvanlanmış, həmin sorğulara verilmiş cavab məktubları əsasında isə iddiaçının müvafiq göndərişin rəsmiləşdirildiyi xx.xx.2021-ci il tarixə qədər dövrdə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması halı müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının qanunvericiliklə tələb olunan müddətdə ambulator və ya stasionar müalicə alması və həmin xəstəliyinin yenə də davam etməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının əlavə müalicəyə ehtiyacı olması əsası ilə imtinası əsaslı olmuşdur. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, iddiaçı barəsində əlillik vəziyyətinin müəyyən edilməsi ilə bağlı tibbi müəssisəsi tərəfindən müvafiq göndərişin verilməsinə əsas olan hallar aydınlaşıdırılmamış, işin hallarına (iddiaçının əlavə müalicəyə ehtiyacı olub-olmaması halı, habelə qanunvericliklə tələb edilən müddətdə müalicə alıb-almaması, həmin müddətdə müalicə aldığı halda xəstəliyinin davam edib-etməməsi halları baxımından) qanunvericiliklə müəyyən edilmiş normlarının tələbi baxımından qiymət verilməmiş, nəticə etibarilə iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə qərarının tam ləğv edilməsini qeyd etsə də, indiki halda iddia tələbi qismən təmin edildiyindən, idddia tələbinin təmin edilməyən hissəsində məhkəmə qərarının ləğv edilməsi əsası olmadığından, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməli, iddia bu hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-1(118)-2004/2022 nömrəli qərarı iddianın təmin olunmuş hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilsin, iddia bu hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.