Məhkəmə qərarları › İş №2-1(105)-397/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-397/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-397/2024 24.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X7 və X5 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının, nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxslər X25, X30, nümayəndə və vəkilləri Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinin etibarsız sayılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1318/2022 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-2287/2011 nömrəli qətnaməsi ilə Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair iddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, həmin torpaq sahəsinə dair plan və ölçünün verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilmiş, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(105)-1062/2011 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi qismən-Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasına aid hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(102)-850/2012 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-2287/2011 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra iddiaçı həmin 1200 kv.m bağ torpaq sahəsinin sxeminin verilməsi ilə bağlı xx.xx.2016-cı il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi xx.xx.2016-cı il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edərək qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 151 nömrəli qərarına əsasən iddiaçıya satılmış torpaq sahəsinə yerində baxış keçirilmiş və çölölçmə işləri aparılarkən müəyyən edilmişdir ki, həmin torpaq sahəsi hər birinin payı 1/3 hissə olmaqla X13, X20 və X14 adlarına daşınmaz əmlakın dövlət reyestrində 2282 nömrəli bağ sahəsi kimi qeydiyyata alınmışdır. Bu səbəbdən də Sumqayıt şəhəri, Corat bağları massivi ünvanında yerləşən 2265 nömrəli, sahəsi 1200 kv.m olan bağ torpaq sahəsinin sxeminin verilməsi mümkün olmamışdır.

6. Sumqayıt şəhər X32 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi ilə X29 arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” xx.xx.1978ci il tarixli, 1684 nömrəli müqavilənin işdə olan surətində Corat bağ massivi ünvanında yerləşən 2282 nömrəli 0,25 ha-dan ibarət olan bağ torpaq sahəsinin X15 icarəsinə verildiyi göstərilmişdir.

7. İddiaçı cavabdeh qismində X15 qanuni vərəsələrinə, üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Corat bağlar massivi 2282 nömrəli bağ sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsini xahiş etmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-35/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Sumqayıt şəhəri, Corat bağlar massivi 2282 nömrəli bağ sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ torpaq sahəsinə dair bağlanmış xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi qət edilmişdir.

9. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldikdən sonra qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində X25 tərəfindən apellyasiya şikayəti verilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-409/2019 nömrəli qətnaməsi ilə X12 apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4128/2019 nömrəli qərarı ilə iş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

11. İkinci apellyasiya icraatı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-3458/2019 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-cu il tarixli, 2(102)-2901/2020 nömrəli qərarı ilə iş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

12. Üçüncü apellyasiya icraatı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-220/2021 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilmiş və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5448/2021 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ BİRİNCİ İCRAAT

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Corat bağları ərazisində yerləşən 2282 nömrəli bağ sahəsinə dair X29 ilə Sumqayıt şəhər X32 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Corat” bağları ərazisində yerləşən sahəsi 1200 kv.m olan 2265 nömrəli bağ torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 151 nömrəli iclasının qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı digər şəxsin hüququnun olmadığı və iddiaçının adına rəsmiləşdirilərkən həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu tam şəkildə sübuta yetirilmişdir. İddiaçı torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsi üçün DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə həmin torpaq sahəsinin mərhum X15, daha sonra isə onun vərəsələri X31, X30 və X14 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı məlum olmuşdur. Daha sonra həmin torpaq sahəsi adıçəkilən şəxslərin adına verilmiş çıxarışlar əsasında X3. Bu səbəbdən iddiaçı cavabdehlər R.E.Quliyeva, E.E.Quliyev və M.E.Quliyevə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçünün etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2282 nömrəli bağ torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həyata keçirilərkən cavabdehlər tərəfindən DƏDRX-in 2 saylı Ərazi İdarəsinə Sumqayıt Bələdiyyəsinin bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi tərəfindən tərtib edildiyi göstərilən torpağın texniki pasportu və sxemi təqdim olunmuşdur. Həmin sənədlərin bələdiyyə tərəfindən hazırlanmadığı və sənədlərdəki imzaların və möhürün saxtalaşdırıldığı birinci instansiya məhkəməsində tam sübuta yetirilmişdir. Belə ki, bununla bağlı təyin olunmuş məhkəmə ekspertizasının nəticəsi olaraq ekspert tərəfindən xx.xx.2017-ci il tarixli, 13930/13941 nömrəli rəy məhkəməyə təqdim olunmuşdur ki, həmin rəydə də bələdiyyə qulluqçuları S.S.Əsədullayev, U.B.Əliyev və T.S.Əhmədov yazılarının qarşısında əks olunmuş imzaların həmin şəxslər tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi bildirilmişdir. Həmin rəy birinci instansiya məhkəməsində işə baxılarkən adıçəkilən bələdiyyə işçilərinin hər birinin üç vərəqdə imza nümunələri alınmaqla, habelə əsilləri DƏDRX-nin 2 saylı Ərazi İdarəsində saxlanılan bələdiyyənin hazırladığı kimi təqdim olunan texniki pasportun və torpağın sxeminin məhkəməyə təqdim olunmuş surətləri əsasında aparılmış tədqiqat nəticəsində verilmişdir. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2016-ci il tarixli, 24 nömrəli arayışından da görünür ki, Sumqayıt şəhər XDS İK-nın 1968-ci ilə olan iclas protokollarında X15 adına torpaq sahəsinin ayrılması barədə hər hansı məlumat mövcud deyildir. Həmçinin Sumqayıt Bələdiyyəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli, 1559 nömrəli arayış əsasında müəyyən edilmişdir ki, hüququn qeydiyyatı üçün əsas götürülmüş torpaq icarə müqaviləsinin hüquqi əsasları və arxivi mövcud deyildir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin adına olduğu iddia edilən 2282 nömrəli bağ torpaq sahəsi bələdiyyədə olan arxiv sənədlərinə əsasən 1965-ci ildə başqa bir şəxsin, yəni X8 icarəsinə verilmiş bağ torpaq sahəsi kimi qeydə alınmışdır. Nəzərə alınsa ki, bağ sahələrinin nömrələri 1965-ci ildən etibarən sıra sayları ilə nömrələnmişdir və eyni nömrə altında iki bağın mövcudluğu istisna olunur, arxivi olmayan və X15 adına yazılmış icarə müqaviləsinin saxta olduğu sübuta yetirilir. Bunu məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş xx.xx.2017-ci il tarixli, 8187 nömrəli rəyində ekspert də vurğulamışdır. Belə ki, həmin rəydə 1 vərəqdən ibarət olan xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsində çap olunmuş mətnlərin rəngləyici maddələrinin kimyəvi tərkibinə görə texniki qurğularda (surətçıxaran, çoxaldıcı aparat və sairə) istifadə olunan rəngləyici maddələrə aid olduğu qeyd edilmişdir. Nəzərə alınsa ki, 1978-ci ildə adı çəkilən texniki qurğular, o cümlədən surətçıxaran, çoxaldıcı aparat və s. avadanlıqlar mövcud deyildi, aydın olur ki, həmin müqavilə Sumqayıt Bələdiyyəsinin bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi tərəfindən hazırlandığı iddia edilən texniki pasport kimi saxtalaşdırılmışdır. Həmçinin DƏDRX-nin 2 saylı Ərazi idarəsi tərəfindən X15 adına hüquqmüəyyənedici sənəd verilərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Məhkəmə araşdırmalarının nəticəsində kassasiya instansiya məhkəməsi həqiqiliyi onun tərəfindən mübahisələndirilən xx.xx.1978-ci il tarixli, 1684 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair müqaviləni inzibati akt hesab etdiyindən, bu mübahisənin mülki deyil, inzibati məhkəmə icraatı qaydada baxılmalı olması qənaətinə gəlmişdir. Sözügedən torpaq icarə müqaviləsi keçmiş Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağ təsərrüfatı İdarəsi tərəfindən bağlanıldığından və həmin orqanın hüquqi varisi hal-hazırda Sumqayıt Şəhər İcra Hakimiyyəti olduğundan, iddiaçı müqavilənin ləğv edilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, sonuncu bunun səlahiyyətlərində olmadığını bildirərək imtina etmişdir.

15. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

16. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X25 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

17. Üçüncü şəxs X29 birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə prosessual hüquqi varisi X30 ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1318/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhərinin Corat bağları ərazisində yerləşən 2282 nömrəli bağ sahəsinə dair X29 ilə Sumqayıt şəhər X32 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsi etibarsız sayılmışdır.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli rəyinə əsasən mübahisə predmeti olan icarə müqaviləsinin surətində aparılan tədqiqat zamanı müəyyən edilmişdir ki, müqavilədə çap olunmuş mətnlər texniki qurğularda istifadə olunan rəngləyici maddələrdən istifadə olunaraq yazılmışdır. 1978-ci ildə surətçıxaran aparatın mövcud olmaması həmin müqavilənin sonrakı tarixlərdə tərtib edilməsinə dəlalət edir. Bundan əlavə, digər ekspert rəyi ilə 2282 nömrəli bağ torpaq sahəsinə bələdiyyə tərəfindən tərtib edilmiş sxemin bələdiyyənin əməkdaşları tərəfindən imzalanmaması, ümumiyyətlə, həmin sxemin bələdiyyə tərəfindən tərtib edilməməsi müəyyən edilmişdir. Göründüyü kimi, icarə müqaviləsinin hansı qurum tərəfindən rəsmiləşdirilməsi məhkəməyə məlum deyildir.

20. Üçüncü şəxslər X25 və X30 həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-158/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının hüquqi marağına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında qaldırılmalı olan iddia bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1978-ci il tarixli, 1684 nömrəli müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində X15 adına aparılmış qeydiyyatın ləğvi barədə iddia ola bilərdi. Belə ki, tərəflər arasında həmin icarə müqaviləsinin etibarsız sayılmasına dair mülki iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilən hallardan görünür ki, torpaq icarə müqaviləsinin hüquqi əsasları və arxivi mövcud olmamış, X29 və onun qanun üzrə vərəsələri tərəfindən Corat bağları massivində yerləşən 2282 nömrəli torpaq sahəsinə dair sxemin tərtib edilməsi barədə Sumqayıt Bələdiyyəsinə rəsmi qaydada müraciət edilməmişdir. Həmçinin iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2022-ci il tarixli, 447 nömrəli məktubdan görünür ki, Corat bağları ərazisində yerləşən 2282 nömrəli bağ torpaq sahəsinə dair X29 ilə Sumqayıt şəhər XDS İK-nın Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsi Sumqayıt Şəhər İcra Hakimiyyəti və onun tabeli qurumu olan Memarlıq və Şəhərsalma İdarəsinin arxivlərində aşkar edilməmişdir. Habelə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş təhvil-təslim aktına əsasən Corat bağları ərazisi, 2282 nömrəli bağ torpaq sahəsinə dair 1684 nömrəli icarə müqaviləsinin arxiv qovluğu aşkar edilməmişdir. Hazırkı halda da işin yuxarıda qeyd edilən xüsusatlarından göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair Eldar Quliyevin adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat arxiv əsasları mövcud olmayan icarə müqaviləsi əsasında, yəni hər hansı mülki-hüquqi əqdə əsaslanmadan aparıldığından, aparılan qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir və həmin qeydiyyatın mübahisələndirilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı işdən görünür ki, iddiaçının reyestrdə qeydiyyatın ləğvinə dair iddianı qaldırmağa hüquqi marağı aradan qalxmış, konkret halda reyestrdə qeydiyyatın mübahisələndirilməsinə dair hüquqi müdafiəyə ehtiyacı yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-35/2017 nömrəli qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə icra vərəqəsi yazılaraq qətnamə icraya yönəldilmiş, icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən xx.xx.2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və həmin qərar icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə göndərilmişdir. İşdən görünür ki, qeyd edilən icra vərəqəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində 0,1823 ha torpaq sahəsinə dair X29 və onun vərəsələrinin adına aparılmış qeydiyyat ləğv edilmişdir. Bundan sonra, iddiaçının hazırda mübahisələndirdiyi, bələdiyyə tərəfindən ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2265G nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınaraq, bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Eyni zamanda, işdən görünür ki, 0,1823 ha torpaq sahəsinin qalan 0,06 ha hissəsi isə iddiaçının həyat yoldaşı X10 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Belə olan halda, kollegiya hesab edir ki, daşınmaz əmlakın dövlət reyestr məlumatlarına əsasən, hazırda mübahisəsi gedən ərazi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan həm hazırkı iddia, həm də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsinə dair iddia iddiaçının hüquqi marağına uyğun iddia deyildir. Ona görə də, iddia mümkün sayılmamalıdır.

23. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2514/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-158/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.

25. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Apellyasiya şikayətinin dəlilləri: Sumqayıt Bağlar İdarəsinin rəisi tərəfindən imzalanmış 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsinə əsasən Corat bağlar massivindən 2282 saylı 0.25 ha torpaq sahəsi X21 icarəyə verilmişdir. E.Quliyev xx.xx.2015-ci ildə vəfat etmişdir. Elçin, Rəna və Müşfiq Quliyevlər həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün DƏDRX-ə müraciət etdikdə müəyyən edilmişdir ki, qonşular tərəfindən zaman-zaman torpağın bir hissəsi zəbt edilmiş, 0.25 ha-dan 0.1823 ha torpaq sahəsi qalmışdır. Bundan sonra qalan 0.1823 ha sahəyə dair xx.xx.2016-cı il tarixdə hər birinə 1/3 hissə olmaqla, Müşfiq, Rəna və Elçin Quliyevlərə “Hüquqların dövlət qeydiyyatı haqqında” dövlət reyestrindən çıxarışlar verilmişdir. xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncular tərəfindən həmin sahədən 0.10 ha torpaq sahəsi Cabir Novruzova satılmışdır. İş üzrə əvvəlki məhkəmə çəkişmələri zamanı aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Corat bağlar massivində iddiaçıya bələdiyyə tərəfindən satılmış 2265 saylı 0.12 ha torpaq sahəsi və onun adına rəsmiləşdirilmiş 2265 G saylı bağ sahəsi ilə icarə müqaviləsinə əsasən Eldar Quliyevə verilmiş və sonradan onun övladları tərəfindən özəlləşdirilmiş 2282 saylı 0.25 ha torpaq sahəsi üst-üstə düşmür. İşdə Sumqayıt şəhər 2 saylı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyi vardır ki, 2265 və 2282 saylı torpaqlar GPS aləti ilə ölçülərkən üst-üstə düşmür. Bundan başqa işdə olan DƏDRX-nin 01 mart 2016-cı il tarixli məktubundan görünür ki, 2265 saylı sahə mövcud olmadığından ona dair sxemin verilməsi mümkün deyildir, həmin idarənin 05 mart 2016-cı il tarixli məktubundan isə 2265 saylı sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi görünür. İddiaçıya 0.12 ha olan 2265, sonradan isə 2265 G saylı torpaq sahəsi üçün müvafiq sənədlər verilməsinə baxmayaraq, o, 0.1823 ha olan 2282 saylı bağ sahəsini zəbt edərək həmin sahəyə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini, həmin bağ torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.1978-ci il tarixli 1684 saylı bağ icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 10 fevral 2016-cı il tarixli və 19 fevral 2016-cı il tarixli çıxarışların, tərtib edilmiş plan və ölçü sənədlərinin etibarsız hesab edilməsini xahiş etmiş və həmin məhkəmə çəkişmələrinin son nəticəsi olaraq Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. X21 15 iyul 1978-ci il tarixdə Sumqayıt Bağlar İdarəsi ilə bağladığı icarə müqaviləsi əsasında 0.25 ha torpaq sahəsi icarəyə verilməsinə baxmayaraq məhkəmə qərarında əsassız olaraq Dövlət Arxivinin Sumqayıt filialının Sumqayıt şəhər XDS İK-nin 1968-ci ilə olan iclas protokollarında Eldar Quliyevin adına torpaq sahəsinin ayrılması barədə məlumatın olmaması barədə məktubuna əsaslanmışdır. Əlbəttə ki, 1968-ci il tarixdə olan protokollarda Eldar Quliyevin adına torpağın mövcud olmadığı müəyyən ediləcəkdir. Çünki, həmin torpaq sahəsi ona 1978-ci ildə verilmişdir. Bundan başqa, məhkəmə qərarını onunla əsaslandırmışdır ki, E.Quliyevin adına torpaq sahəsinin olmasına dair Sumqayıt bələdiyyəsində Eldar Quliyevlə bağlanmış icarə müqaviləsinin hüquqi əsasları və arxivi mövcüd deyildir. Qeyd edir ki, 1978-ci ildə bağlar idarəsi tərəfindən bağlanmış icarə müqaviləsinin Sumqayıt bələdiyyəsinin arxivində olmayacağı bəllidir. Çünki, bağlar idarəsinə aid olan torpaqların Sumqayıt bələdiyyəsinə heç bir aidiyyatı olmamışdır. Məhkəmə qərarında E.Quliyevə verilmiş 2282 saylı bağ sahəsinin 1965-ci ildə Məmməd Qasımova icarəyə verilməsi kimi qeydə alındığını, eyni bağ sahəsinin 1978-ci ildə E.Quliyevə verilməsi barədə müqavilənin saxta olduğunu bildirmiş, lakin M.Qasımova 1965-ci ildə 2282 saylı bağ sahəsinin hansı müddətə verilməsini, həmin sahənin Bağlar İdarəsi tərəfindən 1978-ci ildə E.Quliyevə icarəyə verilməsinin qanunauyğun olubolmamasını, bağ sahəsinin, ümumiyyətlə, Sumqayıt Bələdiyyəsinə aidiyyatı olubolmamasını araşdırmamışdır. Məhkəmə bütün sənədlərə əsaslanaraq 2265G saylı bağ sahəsi ilə 2282 saylı bağ sahələrinin üst-üstə düşmədiyi qənaətinə gəlsə də, 2282 saylı bağ sahəsinə dair xx.xx.1978-ci il tarixli müqavilənin etibarsız sayılması barədə qərar qəbul etmişdir. Məhkəmə qərarını onunla əsalandırmışdır ki, 2282 saylı bağ sahəsinə dair icarə müqaviləsi 1 vərəqdən ibarət olmaqla surətçıxaran aparat vasitəsi ilə çıxarılmış, torpağa dair sxemdə olan imzalar bələdiyyə işçilərinə aid olmayan imzalardır. 2265G saylı və 2282 saylı bağ sahələrinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də məhkəmə müvafiq orqanlardan GPS vasitəsilə həmin sahələrin yerləşdiyi yeri dəqiqləşdirməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin müqavilə möhür vurulmuş müqavilədir. Məhkəmə iddiaçıya verilmiş 2265 saylı bağ sahəsinin 0.12 ha olduğu halda Eldar Quliyevə verilmiş 0.25 ha, sonradan 0.1823 ha qalan hissəni tam zəbt etməklə ona verilmiş 2265G kimi qeydiyyata alınmış bağ sahəsinin həmin sahə olubolmamasını araşdırmadan iddiaçının hansı hüquq və qanunla qorunan mənafelərinin pozulduğunu aydınlaşdırmamışdır. Hesab edir ki, iddiaçının mübahisələndirilən 0.12 ha torpaq sahəsinin sahibi kimi qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığından o, hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi və vəkili bildirmişdir ki, 15 iyul 1978-ci il tarixdə üçüncü şəxs X20 atası X29 ilə Sumqayıt şəhər X32 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında 10 il müddətinə müqavilə bağlamış, 2282 saylı bağ torpaq sahəsi verilmişdir. X29 öldükdən sonra, oğlu Rusiyada olduğuna görə torpaq sahəsini özəlləşdirə bilməmişlər. Daha sonra torpaq sahəsi vərəsəlik qaydasında X15 övladlarının adına keçmişdir. İddiaçı bildirir ki, bələdiyyə tərəfindən ona 2265 saylı torpaq sahəsi ayrılmış, lakin 2265 saylı torpaq sahəsi mövcud olmadığına görə 2265 G saylı torpaq sahəsinə dair müvafiq sənədlər təqdim edilmişdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldıraraq sözügedən torpaq sahəsinin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiası təmin edilmişdir. Həmin iş üzrə mübahisə apellyasiya və kassasiya instansiyalarına qədər davam etmişdir. X30 18 sot torpaq sahəsinin 10 sotunu X4. Bağ torpaq sahəsi 1965-ci ildə başqa bir şəxsin, yəni X8 icarəsinə verilmişdir. 1965-ci ildə sənədlərdə başqa şəxsin adı ola bilərdi. Müvafiq sənədlərin olmama səbəbi yandırılmasıdır. Əgər müvafiq sənədlər olmasaydı, reyestr xidməti üçüncü şəxslərə çıxarış verməzdi. İddiaçının hazırkı iddianı qaldırmaq hüququ yoxdur. 2282 saylı bağ torpaq sahəsinin bələdiyyəyə aidiyyəti olmamışdır. Müvafiq arxiv sənədləri yandırıldığına görə yoxdur. Bağ torpaq sahəsi 1965-ci ildə başqa bir şəxsə verilmişdir. Həmin dövrdə X29 ilə icarə müqaviləsi yox idi. X29 ilə 1978-ci ildə müqavilə bağlanmışdır. İddiaçı tərəf isə bildirir ki, 1965-ci ildə X15 adına müqavilə yoxdur. Reyestr xidməti əsas olmadan çıxarış veribsə, bu cavabdeh inzibati orqanın təqsiri deyildir. Hazırkı iddia mümkün iddia deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X30 bildirmişdir ki, iddiaçı torpaq sahəsini 2004-cü ildə bələdiyyədən aldığını bildirmiş, lakin 2016-cı ilə qədər torpaq sahəsindən istifadə etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X25 bildirmişdir ki, məhkəmə prosesləri davam etdiyi dövrdə tikili tikilmişdir. Torpaq sahəsini X17 almışdır. Torpaq sahəsini alan zaman çıxarışın saxta olub-olmadığını bilmirdi. Müvafiq məhkəmə mübahisələrində iddiaçının 2265 saylı torpaq sahəsinə dair iddia tələbi təmin edildiyi halda, torpaq sahəsini özəlləşdirən zaman 2265 G ilə özəlləşdirmişdir. Torpaq sahəsini müvafiq çıxarış verildikdən sonra almışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağının olması mübahisə doğurmur. Mübahisələndirilən müqaviləyə istinad edilərək Sumqayıt Şəhər Məhkəməsində hazırkı iş üzrə iddiaçıya qarşı torpaq sahəsindən çıxarılma ilə bağlı iddia da qaldırılmışdır. Sumqayıt Şəhər Məhkəməsində olan iş hazırkı məhkəmə mübahisəsi ilə əlaqədar dayandırılmışdır. Hazırkı iddianın növü müəyyən etmə və tanınma haqqında iddiadır. Hazırda mübahisələndirilən müqavilənin kökü yoxdur. İş üzrə keçirilmiş ekspertiza zamanı bələdiyyənin üç işçisi məhkəməyə dəvət olunmuş, imzaları alınaraq ekspertizaya göndərilmişdir. Ekspert rəyi nəticəsində də məlum olmuşdur ki, sənədlərdə olan imzalar saxtadır. Plan və ölçü sənədini reyestr xidmətinə kimin verdiyi məlum deyil. Məhkəmə iclaslarında reyestr xidmətinin nümayəndələri səhv etdiklərini bildirmişlər. Birinci instansiya məhkəməsində üçüncü şəxslərə hüquqi yardım göstərilərək bildirilmişdir ki, reyestr xidmətinə müraciət edərək bağ torpaq sahəsinin yerini öyrənə bilərlər. Plan və ölçü sənədi bələdiyyə tərəfindən verilməmişdir. Üçüncü şəxslər saxta sənədlər əsasında çıxarış almışlar. İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı 2008-ci ildə iddia qaldırmış, pul tələb etmişdir. Alğı-satqı müqaviləsi bağlanmış hesab olunmuş, torpağa hüququ tanınmışdır. Mübahisəli torpaq sahəsi hal-hazırda iddiaçının istifadəsindədir. Üçüncü şəxslər sözügedən icarə müqaviləsi əsasında iddiaçının xəbəri olmadan çıxarış almışlar. Sözügedən çıxarış hazırda qüvvədə deyil, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi əsasında ləğv edilmişdir. Sözügedən qətnamə qüvvəyə minmişdi, daha sonra üçüncü şəxslər icraata daxil olmuş, üçüncü şəxslərin şikayəti ilə qətnamə ləğv olunmuşdur. Qətnamə əsasında müvafiq çıxarış ləğv edilsə də, icrada dönüş ola bilər. Bələdiyyənin adından texniki pasport hazırlanmış, reyestr xidmətinə təqdim edilmişdir. Bələdiyyə işçiləri məhkəmə proseslərinə çağırılmış, imzaları alınaraq ekspertizaya göndərilmişdir. Bununla da həmin sənədin saxta olduğu, bələdiyyə tərəfindən hazırlanmadığı sübut olunmuşdur. 2004-cü ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Bağlar İdarəsini ləğv etmişdir, bütün arxiv sənədlərini Sumqayıt bələdiyyəsinə təhvil vermişdir. 2020-ci ilə qədər Bağlar İdarəsinin arxivi Sumqayıt bələdiyyəsində olmuşdur. 2282 saylı bağ torpaq sahəsinin bələdiyyəyə aidiyyəti budur. İş üzrə 4-5 dəfə ekspertiza keçirilmişdir. Ekspert rəylərində də bildirilmişdir ki, torpaq sahələri üst-üstə düşmür. Arxivin yandırılması ilə bağlı bildirilən hal həqiqəti əks etdirmir. Arxiv İdarəsinin cavabında bildirilir ki, həmin dövrdə müqavilə başqa şəxsin adına olmuşdur, sadəcə müvafiq sənədlər yoxdur. Hər bir müqavilənin bir qovluğu olur. İşin içində neçə müqavilə olsa da, bütün müqavilələr bir qovluqda olmalıdır. 1965-ci ildə, 1978-ci ildə və s. illərdə fərqli şəxslərin adı ola bilər. Hətta 1965-ci ildə ailə tərkibi barədə arayış belə işin içində olur. Müqavilə 1965-ci ildə başqa şəxsin adına olsa belə, üçüncü şəxslərin adına keçən zaman müvafiq sənələr də həmin qovluqda olmalı idi. Üçüncü şəxslərin müqaviləsi olmadığına görə təqdim edilə bilmir. Arxiv tərəfindən verilmiş cavablarda bildirilir ki, müqavilə 1965-ci ildə Hacıbaba Qasımovun adına olmuşdur. X19 adından üçüncü şəxslərin adına keçmiş olsaydı, hər iki müqavilə bir qovluqda olmalı idi. Torpaq sahəsinə nömrə vermək reyestr xidmətinin səlahiyyətləri daxilindədir. 2015-ci ildə sadəcə əldə olan sənədlər əsasında çıxarış almaq mümkün deyildi. Təqdim edilmiş sənədlərin arxiv nüsxələri tələb edilməli, torpaq sahəsinə baxış keçirilməli idi. Reystr xidmətinin əməkdaşı özü də səhv etdiklərini etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı bildirmişdir ki, mübahisəli torpaq sahəsində tikili vardır.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Konstitusiyası Maddə13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

27. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. İnzibati Prosessual Məcəllə: Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

31. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

33. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, “Corat” bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 2265 saylı bağ torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 28 dekabr 2004-cü il tarixli, 151 saylı iclasının qərarı ilə İddiaçı verilmişdir. 2016-cı ildə o torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsi üçün DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə məlum olmuşdur ki, torpaq sahəsi başqa şəxslərin adına qeydiyyata alınmışdır. Belə ki, həmin bağ torpaq sahəsi 2282 saylı bağ torpaq sahəsinə dair mərhum X29 ilə bağlanıldığı iddia edilən 15 iyul 1978-ci il tarixli, 1684 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə əsasında mərhum X15, daha sonra isə onun vərəsələri olan X22, X20 və X14 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatın alınmış, mərhum X15 adına verilmiş 10 fevral 2016cı il tarixli və X22, X20 və X14 adlarına verilmiş 19 fevral 2016-cı il tarixli reyestr çıxarışları əsasında sonradan X3. İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsində cavabdehlər X26, X27 və X23 qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçünün etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(060)-35/2017 saylı qətnaməsi ilə onun cavabdehlər X26, X27 və X23 qarşı "daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçünün etibarsız hesab edilməsi barədə” iddia ərizəsi təmin edilərək ünvan 4 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ sahəsinə dair 15 iyul 1978-ci il tarixli, 1684 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin və həmin müqavilə əsasında verilmiş 10 fevral 2016-cı il tarixli və 19 fevral 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, tərtib edilmiş plan və ölçülərin etibarsız hesab olunması qət edilmişdir. Adı çəkilən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra qətnamə icra edilmiş və X15 adına verilmiş çıxarış ləğv edilmişdir. Sonra İddiaçı mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. X15 adına olan çıxarışın ləğvindən sonra hüquq və vəzifələrinə toxunan şəxs kimi X25 apellyasiya şikayəti vermişdir. Həmin şikayət üzrə yuxarı instansiya məhkəmələri tərəfindən bir neçə qərar qəbul edilmiş və sonuncu işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021ci il tarixli, 2(105)-220/2021 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(060)-35/2017 saylı qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilmiş və ona inzibati Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(102)5448/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-220/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən əlavə kasassiya qaydasında verilmiş şikayətin Ali Məhkəmənin Plenumuna göndərilməsindən imtina edilmişdir.

34. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı cavabdehlər X30 və qeyrilərinə qarşı olan 2(060)-35/2017 saylı mülki işin materialları tələb edilərək araşdırılmış, araşdırma nəticəsində məlum olmuşdur ki, mövcud mübahisə üzrə müxtəlif vaxtlarda məhkəmələr tərəfindən 4 dəfə ekspertiza təyin edilərək müvafiq rəylər əldə edilmişdir.

35. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli rəyinə əsasən Sumqayıt şəhəri, Corat bağlar massivi ünvanında yerləşən 2265 D, 2265C, 2265E, 2265F saylı bağ torpaq sahələri ilə mübahisə predmeti olan 2282 saylı bağ torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən edilmişdir.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-cı il tarixli rəyinə əsasən mübahisə predmeti olan 2282 saylı bağ torpaq sahəsi üçün verilmiş 15 iyul 1978-ci il tarixli icarə müqaviləsində çap olunmuş mətnlərin rəngləyici maddələrinin kimyəvi tərkibinə görə texniki qurğularda (sürətçıxaran, çoxaldıcı aparat və s.) istifadə olunan rəngləyici maddələrə aid olması müəyyən edilmişdir.

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-cı il tarixli rəyinə əsasən X15 adına olan 282 saylı bağ torpaq sahəsinə dair sxemin kserosurətin aşağı hissəsində olan imzaların sxemdə adları göstərilmiş şəxslər tərəfindən imzalanmaması müəyyən edilmişdir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-cı il tarixli rəyinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 2265 saylı bağ torpaq sahəsinin dövlət reyestrində 2265G kimi qeyd olunması, yəni həmin torpaqların eynilik təşkil etdiyi müəyyən edilmiş, lakin X15 adına olmuş 2282 saylı bağ sahəsinin çıxarışı məhkəmənin qərarı ilə ləğv olunduğuna görə 2282 saylı bağ torpaq sahəsinin koordinatlarının İddiaçı mülkiyyətində olan 2265G saylı bağ sahəsinin, 1605 saylı icarə müqaviləsində adı göstərilmiş X1 olmuş bağ sahəsinin koordinatları ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır.

39. Qeyd olunan ekpertiza rəylərindən başqa 2(060)-35/2017 saylı mülki işin materiallarından həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 24 saylı 27 aprel 2016-cı il tarixli, 115/1 saylı 25 aprel 2022-ci il tarixli arayışların, X18 adlı şəxsin icarəsinə verilmiş 2282 saylı bağ sahəsinin planın, Sumqayıt Bələdiyyəsinin 13 iyun 2017-ci il tarixli məktubunun, DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin 20 aprel 2022-ci il tarixli məktubunun surətləri götürülərək birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmişdir.

40. Qeyd olunmalıdır ki, xx.xx.2016-cı il tarixli ekspert rəyi ilə İddiaçı mülkiyyətində olan 2265 saylı bağ sahəsi ilə 2282 saylı bağ sahəsinin üst-üstə düşməsi müəyyən edilməmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin təyin etdiyi məhkəmə ekspertizasının nəticəsi olaraq verilmiş xx.xx.2021-ci il tarixli rəydən məlum olmuşdur ki, İddiaçı verilmiş 2265 saylı bağ sahəsi 2265G saylı bağ sahəsidir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli rəyində isə 2265G saylı bağ sahəsi tədqiqat obyekti olmamışdır.

41. Bundan başqa o da nəzərə alınmalıdır ki, xx.xx.2017-ci il tarixli ekspert rəyinə əsasən 15 iyul 1978-ci il tarixli icarə müqaviləsinin surətində aparılan tədqiqat zamanı müəyyən edilmişdir ki, müqavilədə çap olunmuş mətnlər texniki qurğularda istifadə olunan rəngləyici maddələrdən istifadə olunaraq yazılmışdır. Qeyd olunan müqavilənin əslinin olmaması səbəbindən müqavilənin surəti üzərində tədqiqatın aparılması rəydə göstərilənlərin həqiqətə uyğun olmamasına dəlalət edə bilməz. Belə ki, ekspert tərəfindən müqavilədə olan mətnlərin texniki qurğular vasitəsi ilə yazılması istər müqavilənin əslində, istərsə də surətində müəyyən oluna bilər. 1978-ci ildə surətçıxaran apartının mövcud olmaması həmin müqavilənin sonrakı tarixlərdə tərtib edilməsinə dəlalət edir.

42. Məhkəmə kollegiyası onu da qeyd edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınan zaman həmin torpaq sahəsinin harada yerləşməsini, o cümlədən ölçülərini və konfiqurasiyasını müəyyən edən sxemin qeydiyyat orqanı olan DƏDRX-ə təqdim edilməsi zəruridir. 2282 saylı bağ torpaq sahəsi üçün verilmiş 15 iyul 1978-ci il tarixli icarə müqaviləsi rəsmiləşdirilən zaman qeyd olunan sxem tərtib edilmədiyindən həmin torpaq sahəsinin yerləşdiyi yerin sxemi tələb edilmiş və 2282 saylı bağ sahəsinin sahibi tərəfindən DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə Sumqayıt Bələdiyyəsinin tərtib etdiyi sxem təqdim edilmişdir. Halbuki, təyin edilmiş ekspertizanın xx.xx.2017-ci il tarixli rəyinə əsasən bələdiyyə tərəfindən verilməsi iddia olunan sxemin bələdiyyənin əməkdaşları tərəfindən imzalanmaması, Sumqayıt bələdiyyəsi tərəfindən verilmiş 13 iyun 2017-ci il tarixli 1559 saylı məktubundan isə 2282 saylı bağ torpaq sahəsinə sxemin tərtib edilməməsi müəyyən edilmişdir.

43. Lakin məhkəmədə izahat verən X15 vərəsəsi X30 bildirmişdir ki, qeyd olunan sxem onun tərəfindən DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilmişdir. X20 həmin bağ sahəsinin X18 tərəfindən 12 ildən artıq istifadə etməməsi səbəbi ilə atası Eldar Quliyevə verilməsi ilə bağlı dəlilə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan torpaq sahəsinin X2 alınması həmin torpaq sahəsinin Eldar Quliyevə verilməsinə dəlalət edə bilməz. Belə ki, həmin torpaq sahəsinin Məmməd Qasımovdan alınaraq islahat zamanı dövlətin Sumqayıt bələdiyəsinə ayırdığı torpaqların sırasında olması və sonradan Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı mülkiyyətinə verilməsi istisna edilmir.

44. İşin yuxarıda qeyd edilən xüsusatlarından göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair Eldar Quliyevin adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat arxiv əsasları mövcud olmayan icarə müqaviləsi əsasında aparılmışdır. İddiaçının 1200 kv.m bağ torpaq sahəsinin sxeminin verilməsi ilə bağlı qanuni gözləntisi yaranmış, lakin müvafiq səbəblərdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən sxemin verilməsi mümkün olmamışdır.

45. Beləliklə, X29 ilə Sumqayıt şəhər X32 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanılan icarə müqaviləsinin mötəbərliyi təsdiq edilmədiyindən, birinci instansiya məhkəməsi icarə müqaviləsini etibarsız saymaqla düzgün hüquqi nəticəyə gəlmişdir.

46. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1318/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar