Məhkəmə qərarları › İş №2-1(105)-398/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-398/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-398/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə4 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-3431/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 3431/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “2021/2022-ci və 2022/2023-cü tədris illəri üzrə ödəmiş olduğu təhsil haqqının geri qaytarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Dövlət Pedoqoji Universitetinin Quba Filialında təhsil aldığı 2022/2023-cü tədris ili üzrə ödəmiş olduğu təhsil haqqının geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı qərarla razılaşmış və iddianın rədd edilən hissəsindən şikayət verməmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinə qarşı “təhsil haqqı ödənişlərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, 2021/2022-ci və 2022/2023-cü illər ərzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında təhsil aldığı müddətləri nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialından həmin tədris müddətinin təhsil haqqı ödənişlərinin tutulub ona verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetini əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əvəz edilərək, Dövlət Pedoqoji Universitetinin Quba Filialında təhsil aldığı müddətləri nəzərə alaraq həmin tədris müddətinin təhsil haqqı ödənişlərini tutulub ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(118)-3431/2023 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti, əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(118)-3431/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “təhsil haqqı ödənişlərin qaytarılması” tələbinə dair iş üzrə Azərbaycan Dövlət Pedaqoji Universiteti üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının Məktəbəqədər təhsil ixtisasının İİİ kurs tələbəsidir. O, Pedaqoji Universitetinin Quba Filialına təhsil haqqının ödənilməsindən azad olması barədə güzəştdən yararlana bilməsi və təhsil haqqının ödənişindən azad olunması üçün müraciət etmişdir. Lakin bu müraciətə imtina məktubu gəlmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi “Azərbaycan Respublikasının Dövlət Ali Təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1722 nömrəli Sərəncamının 2-cı hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 12.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Məktəbəqədər təhsil ixtisasının üçüncü tədris ilində təhsil alır. İddiaçı DİM-in (X5) xx.xx.2021-ci tədris ilində ödənişli əsaslarla ADPU-nun Quba filialına qəbul olunmuşdur. Həmin ildən etibarən iddiaçı ilə filial arasında tərəflərin hüquq və vəzifələrini müəyyən edən müqavilə imzalanmışdır. Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli qərarına görə İddiaçı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)- 3146/2023 nömrəli qərarına əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmişdir. “Dövlət ali ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1208 saylı sərəncamı, “Azərbaycan Respublikasının Dövlət ali və orta ixtisas təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1772 nömrəli sərəncamı əsasında tələbənin ərizəsi və məcburi köçkün vəsiqəsi nəzərə alınaraq ADPU-nun Quba filialı üzrə xx.xx.2023-cü il tarixdə 07/72 nömrəli əmr verilərək təhsil haqqı ödənişindən azad edilmiş onun təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə başlanmışdır. Tələbə məcburi köçkün statusunu təsdiq edən vəsiqəni ADPU-ya təqdim etdiyi xx.xx.2023-cü il tarixə kimi ödənilmiş 3.600 manat, iddiaçı tərəfindən ADPU arasında X4 xx.xx.2021-ci il tarixli əmrinə əsasən bağlanmış ikitərəfli müqavilə əsasında ödənilmişdir. ADPU keyfiyyətli təhsil verməsini tələbə isə vaxtlı-vaxtında təhsil haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Hər tədris ilinin başlanğıcında ADPU güzəşt hüququ olan tələbələr barədə Nazirliyə yazılı müraciət edir və həmin tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin olunur. Əvvəlki illər üçün müraciətlər qəbul olunmur. ADPU publik hüquqi şəxsdir, dövlət büdcəsindən maliyyələşmir, yalnız ödənişli əsaslarla təhsil alan tələbələrdən və güzəşt hüququ olan tələbələrə görə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməklə əldə etdiyi gəlirlərlə maliyyələşən, bununla işçilərinin əmək haqqını qarşılayan ali təhsil müəssisəsidir. Adambaşına maliyyələşmə şəraitində tələbənin ödədiyi vəsait məhz onun təhsil almasına xərclənmişdir. İddiaçı birinci və ikinci tədris ilində “məcburi köçkün” statusunu təsdiq edən sənədi ADPU-ya təqdim etmədiyindən qeyd edilən güzəşt hüququndan iki il faydalana bilməmişdir. İddiaçıya “Məcburi köçkün” statusunu vaxtında verməyən, ona bilavasitə zərər vuran Qaçqınların və X3 üzrə Dövlət Komitəsidir. Əgər bu Komitə vaxtında iddiaçıya Məcburi köçkün statusu versəydi bu günkü mübahisə də olmazdı. İddiaçının “Məcburi köçkün” statusunu təsdiq edən sənədi sonradan əldə etməsi ADPU-nun təqsirli hərəkətləri nəticəsində baş verməmişdir. ADPU müqavilə öhdəliyini tam icra etmiş, hər hansı qanun pozğuntusuna yol verməmişdir. Bu səbəbdən də cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və ADPU-nun iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur. Hüquqi əsaslandırma aparmadan hazırkı mübahisə üzrə, ADPU cavabdeh kimi tanına bilməz. Məcburi köçkünlərə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənildiyi halda, tələbə həmin vəsaiti tələb edə bilər. İlk iki ilin təhsil haqqı dövlət büdcəsi tərəfindən ADPU-ya ödənilməmişdir. Tələbə ADPU-ya ödədiyi pulun əvəzini o vaxt tələb edə bilər ki, həmin vəsait X3 üzrə Dövlət Komitəsi məhkəmə çəkişməsi olmadan “Məcburi köçkün” statusunu vaxtında vermiş olsaydı bu günkü mübahisəli vəziyyət yaranmazdı. Ona görə də, iddianın rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxs iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın mümkün hesab edilməməsini xahiş etmiş və etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edərək ADPU Quba filialına qəbul olmuş və onunla filial arasında xx.xx.2021-ci il tarixli “ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən iddiaçı hər oxuduğu tədris ili üçün ADPU Quba filialına 1.800 manat məbləğində təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı onunla ADPU Quba filialı arasında bağlanmış “ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında” xx.xx.2021-ci il tarixli müqaviləni könüllü olaraq, sərbəst iradəsini ifadə etməklə bağlamışdır, iddiaçının təshil haqqı ödəməklə bağlı öhdəliyinə dair hüquqi nəticə məhz həmin müqavilə əsasında yaranmışdır. Həmin müqavilə hazırda qüvvədədir və hər hansı məhkəmədə mübahisələndirilməmişdir. Göründüyü kimi, iddiaçının təhsil haqqı ödəmək öhdəliyi, könüllü olaraq bağladığı müqaviləyə əsasən yaranmış, ADPU Quba filialının hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna dair hallar müəyyən edilməmişdir. Hazırkı iddia tələbinə mahiyyəti üzrə qiymət verməzdən əvvəl iddianın mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehin apellyasiya şikayətinin dəlili iddia ərizəsinə etiraz ilə eyni məzmun daşımış və əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli MİHO/11-1-2021-29 nömrəli cavab məktunundan göründüyü kimi Nazirlər Kabinetinin sözügedən güzəştli kateqoriyadan olan tələbələrin ödədikləri təhsil haqlarının geri qaytarılması müxanizmi nəzərdə tutulmamışdır. Eyni zamanda güzəştli kateqoriyadan olan tələbələrin ödədikləri təhsil haqlarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən geri qaytarılması halları da aşkar olunmamışdır. İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqə Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən verilmişdir və vəsiqə alındıqdan sonra iddiaçı 2023/2024 və 2024/2025-ci tədris illərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının “Məktəbəqədər təhsil” ixtisasında aldığı təhsil üzrə təhsil haqqısı dövlət tərəfindən ödənilir. Təhsil haqqı ödənişlərinin qaytarılması öhdəliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə o halda qoyula bilər ki, İddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında təhsil aldığı 2021/2022-ci və 2022/2023-cü illər ərzində məcburi köçkün statusuna malik olsun və bunu təsdiq edən müvafiq sənədi (məcburi köçkün vəsiqəsini) təhsil aldığı müəssisəyə təqdim etsin, Nazirlik isə onu təhsil haqqısı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs kimi tanısın. Yalnız belə olan halda Nazirliyin iddiaçı qarşısında öhdəliyi yaranmış olardı. Əks halda Nazirliyin iddiaçı qarşıdında heç bir öhdəliyi yarana bilməz və yoxdur. Belə olan halda Nazirliyin üzərinə hər hansı vəzifə qoyulmamalıdır. Ona görə də, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-3431/2024 nömrəli qərarının ləğv olunmasını və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunması xahiş edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə4 apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi, iddiaçı isə qərarla razılaşaraq iddianın rədd edilən hissəsindən şikayət vermədiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılacaqdır. İddianın rədd edilən hissəsində məhkəmənin qərarının yoxlanılmasına zərurət yoxdur. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən haqlı olmamış, İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq, məhkəmə işin hallarının tam və hərtərəfli araşdırılmasını təmin etməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə iddianın təmin edilmiş hissəsində düzgün olmayan qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının xx.xx.2023-cü il tarixli 423 nömrəli arayışından görünür ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının “Məktəbəqədər təhsil” ixtisasının 2101B qrup İİİ kurs tələbəsi X2 l və İİ kursun təhsil haqqını tam ödəmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-3146/2023 nömrəli qərarı ilə İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə həvalə olunmuşdur. AA seriyalı 494087 nömrəli “Məcburi köçkün vəsiqəsi”ndən görünür ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məcburi köçkün statusu verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının xx.xx.2023-cü il tarixli 266 nömrəli məktubundan görünür ki, filialın Məktəbəqədər təhsil ixtisasının İİİ kurs tələbəsi X1 məcburi köçkün statusunu təsdiq edən vəsiqə Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən verildiyi üçün tələbənin 2023/2024-cü tədris ilinin İİİ kurs təhsil haqqı dövlət tərəfindən ödəniləcəkdir. İddiaçı 2021/2022-ci və 2022/2023-cü tədris illərində məcburi köçkün statusunu təsdiq edən vəsiqə olmadığına görə, həmin tədris illəri üçün ödənilmiş təhsil haqqının geri qaytarılması mümkün deyildir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-3820/2023 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedeqoji Universitetinə qarşı “pul” tələbinə dair iddiasının qəbulundan imtina edilmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmış, İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırkı işdə iddiaçının hüquqi marağı Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məcburi köçkün statusu verildiyinə istinad edərək, Dövlət Pedoqoji Universitetinin Quba Filialında təhsil aldığı 2021/2022-ci və 2022/2023-cü tədris illəri üzrə hər il üçün ödəniş olduğu 1800 manat, ümumilikdə 3600 manat təhsil haqqının “Məcburi köçkün” statusuna malik olan şəxs kimi nəzərə alınaraq ona geri qaytarılması ilə bağlıdır. İş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı Dövlət Pedoqoji Universitetinin Quba Filialında təhsil aldığı 2022/2023-cü tədris ili üzrə ödəmiş olduğu təhsil haqqının geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan birinci instansiya məhkəmənin iddianın qismən təmin edilməsi barədə nəticəyə gələrkən istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 12 nömrəli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 395 nömrəli qərarı əsasında ləğv olunmuşdur. Hazırda məcburi köçkün statusu olan şəxslər təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli 668-İQ nömrəli Qanununun 6-cı maddəsində göstərildiyi kimi, “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il 883-İİİQ nömrəli Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri ilə tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il 883-İİİQ nömrəli Qanununun 14.8-1.6-ci maddəsinə əsasən müvafiq dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan (“məcburi köçkün vəsiqəsi”nə malik olan) Azərbaycan Respublikasının vətəndaşları təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə aiddirlər. Bu Qanunun 14.8-2-ci maddəsində isə həmin Qanunun 14.8-1.3-cü, 14.8-1.5-ci və 14.8- 1.6-cı (ali təhsil müəssisələrinə münasibətdə) maddələrində nəzərdə tutulmuş şəxslərin təhsil haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi təhsil xərcləri miqdarında ödənilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1145-VİQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 78 nömrəli Fərmanına əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 14.8-2 maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Dövlət büdcəsi vəsaiti hesabına təhsil alan tələbələrin təhsil və təqaüd xərcləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrindən daxil olan məlumatlar əsasında müəyyənləşdirilir. Hazırlanmış hesablamalar Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunur. Həmin sərəncama əsasən təsdiq olunmuş vəsaitin bölgüsünə uyğun olaraq ali təhsil müəssisələrinin aidiyyəti xərclər üzrə maliyyələşdirilməsi həyata keçirilir. Sadalanan qanunvericilik normalarına əsasən məcburi köçkün olan təhsilalanların təhsil xərclərinin məbləğinin ödənilməsi üçün zəruri olan sənədlər təhsil müəssisəsi tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilməli və tələbənin adı siyahıya salınaraq Maliyyə Nazirliyinə göndərilməlidir. Ali təhsil müəssisələri tərəfindən təqdim edilən məcburi köçkünlərin siyahısını Elm və Təhsil Nazirliyi Maliyyə Nazirliyinə təqdim edir və vəsait həmin adlı siyahıya uyğun olaraq ayrılır. Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait Elm və Təhsil Nazirliyi tərəfindən adlı siyahıya uyğun olaraq ali təhsil müəssiələrinə ayrılır. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil haqqının ali təhsil müəssisəsinə ödənilməsi səlahiyyəti mövcud deyildir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yalnız dövlət vəsaiti hesabına ödənişli əsaslarla təhsil almaq hüququ olan şəxslərin siyahılarını ali və orta ixtisas təhsili müəssisələrində alaraq, dürüstləşdirmə apardıqdan sonra güzəşt hüququ verən (indiki halda məcburi köçkün vəsiqəsi) sənədlə birlikdə siyahını Maliyyə Nazirliyinə göndərir və Maliyyə Nazirliyinin adlı siyahıya əsasən ayırdığı vəsaiti tələbinin təhsil aldığı ali və ya orta ixtisas təhsili müəssisələrinin hesabına köçürməsini həyata keçirir. Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qanunvericiliklə müəyyən edilmiş bir sıra güzəştli kateqoriyalardan olan tələbələrin ödədikləri təhsil haqlarının geri qaytarılmasının, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara əvvəlki tədris illəri üçün təqaüdün ödənilməsinin mümkünlüyü məsələlərinə münasibət bildirilməsi barədə xx.xx.2021-ci il tarixdə xx-xx-1305/16 nömrəli məktub göndərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli MİHO/11-2-2021-29 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Nazirlər Kabinetinin sözügedən güzəştli kateqoriyadan olan tələbələrin ödədikləri təhsil haqlarının geri qaytarılması mexanizmi nəzərdə tutulmamışdır. Eyni zamanda, güzəştli kateqoriyadan olan tələbələrin ödədikləri təhsil haqlarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən geri qaytarılması halları da aşkar olunmamışdır. İş üzrə iddiaçı X1 məcburi köçkün statusunu təsdiq edən AA seriyalı 494087 nömrəli “məcburi köçkün vəsiqəsi” Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 30 avqust 2023-cü il tarixli qərarına əsasən verilmişdir və həmin vəsiqə alındıqdan sonra İddiaçı 2023/2024 və 2024/2025-ci tədris illərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının “Məktəbəqədər təhsil” ixtisasında aldığı təhsil üzrə təhsil haqqısı dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir. Təhsil haqqı ödənişlərinin qaytarılması öhdəliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə o halda qoyula bilərdi ki, iddiaçı Nəzrin Hacıyevə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında təhsil aldığı 2021/2022-ci və 2022/2023-cü illər ərzində məcburi köçkün statusuna malik olsun və bunu təsdiq edən müvafiq sənədi (“məcburi köçkün vəsiqəsi”ni) təhsil aldığı müəssisəyə təqdim etsin, Nazirlik isə onu təhsil haqqısı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs kimi tanımasın. Yalnız belə olan halda Nazirliyin iddiaçı qarşısında öhdəliyi yaranmış olardı. “Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş” “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. (xx.xx.2013-cü il tarixli 2 nömrəli qərarla yeni redaksiyada verilmişdir) Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı valideynləri xx.xx.2013-cü ildən etibarən “Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş” “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların 4.1.6-cı bəndinə əsasən İddiaçı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almaqla, ona “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik olmuşlar. Lakin onlar bu hüquqdan vaxtında istifadə etməmişlər və yalnız İddiaçı DİM-nin Direktorlar Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli siyahı üzrə ödənişli əsaslarla ali təhsil müəssisəsinə qəbul edildikdən sonra məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi üçün müraciətlər etməyə başlamış və nəhayət Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında xx.xx.2023-cü il tarixdə buna nail olmuşdur. İddiaçı ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edərək ADPU Quba filialına qəbul olmuş və onunla filial arasında xx.xx.2021-ci il tarixli “ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən iddiaçı hər oxuduğu tədris ili üçün ADPU Quba filialına 1.800 manat təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı onunla ADPU Quba filialı arasında bağlanmış “ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında” xx.xx.2021-ci il tarixli müqaviləni könüllü olaraq, sərbəst iradəsini ifadə etməklə bağlamışdır, iddiaçının təshil haqqı ödəməklə bağlı öhdəliyinə dair hüquqi nəticə məhz həmin müqavilə əsasında yaranmışdır. Həmin müqavilə hazırda qüvvədədir və hər hansı məhkəmədə mübahisələndirilməmişdir. Göründüyü kimi, iddiaçının təhsil haqqı ödəmək öhdəliyi, könüllü olaraq bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən yaranmış, ADPU Quba filialının və ya Elm və Təhsil Nazirliyinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna dair hallar müəyyən edilməmişdir. İddiaçının dövlət büdcəsinin vəsaiti hesabına təhsil almaq hüququ xx.xx.2023-cü il tarixdə vəsiqəni əldə etdikdən sonrakı dövrə yaranmış və ali təhsil müəssisəsi bundan sonrakı illər üçün onu təhsil haqqını ödəməkdən azad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tələbənin təhsil haqqını ödəməkdən azad olunması üçün məcburi köçkün vəsiqəsinin olması imperativdir. İddiaçının isə təhsil aldığı iki il ərzində məcburi köçkün statusunu təsdiq edən vəsiqəsi olmamışdır. Birinci instansiya məhkəməsi ödənilmiş bir tədris ili üçün vəsaitin geri qaytarılması qənaətinə gələrkən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-68/2-1997/2024 nömrəli məktubuna istinad etməklə, səhvə yol vermişdir. Çünki, məktubda məcburi köçkün statusu olan təhsilalanların ödədikləri təhsil haqqının geri qaytarılmasına dair təcrübənin olması qeyd olunmayıb, təhsil haqqının qaytarılması məsələsinə baxıldığı yazılmışdır. Həmin cavab məktubunda - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-68/2-1997/2024 nömrəli məktubunda göstərilir ki, sorğuya əsasən “2021/2022-ci tədris ilində ali təhsilin bakalavriyat səviyyəsinə qəbul haqqında” ADPU Quba filialanın xx.xx.2023-cü il tarixli 2/103 nömrəli əmri məhkəməyə təqdim edilir. Mövcud təcrübəyə əsasən məcburi köçkün statusu olan təhsilalanlar tərəfindən həmin statusu təsdiq edən sənədlərin oxuduğu təhsil müəssisəsinə sonrakı illərdə təqdim edildiyi hallarda onların əvvəlki bir tədris ili üçün ödədikləri təhsil haqqının qaytarılması məsələsinə baxılır. Bununla bağlı məhkəmə kollegiyasına cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Agentliyin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı 3-29-68/2-1997/2024 nömrəli məktubunda - “mövcud təcrübəyə əsasən məcburi köçkün statusu olan təhsilalanlar tərəfindən həmin statusu təsdiq edən sənədlərin oxuduğu təhsil müəssisəsinə sonrakı illərdə təqdim edildiyi hallarda onların əvvəlki bir tədris ili üçün ödədikləri təhsil haqqının qaytarılması məsələsinə baxılır” qeyd olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bildirir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 avqust 2021-ci İl tarixli MlHO/11-2-2021-29 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən güzəştli kateqoriyadan olan tələbələrin ödədikləri təhsil haqlarının geri qaytarılması üçün təqaüdün ödənilməsi mexanizminin nəzərdə tutulmadığı bildirilmişdir. Eyni zamanda, güzəştli kateqoriyadan olan tələbələrin ödədikləri təhsil haqlarının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən geri qaytarılması halları da aşkar olunmamışdır. Bundan əlavə, hər il oktyabrın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunan siyahıya əsasən güzəştlə təhsil alan tələbələr üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Müvafiq statusu olmadığı üçün məlumatların verilmədiyini, həmin maliyyə İllərinin bağlandığını, sonradan formalaşmış öhdəliklərin əvvəlki maliyyə illəri üzrə geriyə doğru dəyişdirilməsinin qeyri-mümkünlüyünü, adambaşına maliyyələşdirilmənin müvafiq çərçivəsində iddia olunan illərdə şəxsin güzəşt statusu olmadığı üçün prosedurların həyata keçirilmədiyini, dolayısı ilə qeyd olunan maliyyə illərində bu məqsəd üçün maliyyə ayrılmadığını nəzərə alaraq müraciətdə qeyd olunan tələblərin təmin olunması qeyrimümkündür. Qeyd etmək istəyir ki, yuxarıda göstərilən qrupa aid edilən təhsil alanların məcburi köçkün statusu olması faktım təsdiq edən zəruri sənədləri aidiyyəti üzrə təhsil müəssisəsinə təqdim etdiyi təqdirdə mövcud qanunvericiliyə uyğun olaraq təhsil ödənişindən azad edilir. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını tam araşdırmadan, yalnız Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-68/2-1997/2024 nömrəli məktubuna istinad etməklə iddianı qismən təmin etməsi əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-3431/2024 nömrəli qərarı qismən - “iddianın təmin edilmiş” hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “İddiaçı Dövlət Pedoqoji Universitetinin Quba Filialında təhsil aldığı 2022/2023-cü tədris ili üzrə ödəmiş olduğu təhsil haqqının geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması” hissəsində iddia rədd edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar