Məhkəmə qərarları › İş №2-1(105)-399/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-399/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-399/2021 24.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı vəkili Vəkil və üçüncü şəxs Bədəlov Ədalət Ağaməhəmməd oğlunun iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı X1, X17 oğlunun, X3, X4 və Bədəlov Ədalət Ağaməhəmməd oğlunun ünvan 1ən 39 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-881/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X1, X17 oğlunun, X3, X4 və Bədəlov Ədalət Ağaməhəmməd oğlunun ünvan 1ən 39 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1ən 39 saylı mənzil Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış və elə həmin ildə də onun tərəfindən özəlləşdirilmişdir. 1998-ci ildən onun xüsusi mülkiyyətindədir. Üçüncü şəxs qismində cəlb edilmiş Bədəlov Ədalət Ağaməhəmməd oğlu onun qardaşı, digər üçüncü şəxslər isə sonuncunun ailə üzvləridir. 2003-cü ildə qardaşı Ədalət yaranmış müəyyən problemlərlə əlaqədar iddiaçının mənzilinə qeydiyyata düşmüşdür. Onların qeydiyyatı tamamilə formal xarakter daşıyır. Belə ki, onlar faktiki olaraq başqa ünvanda yaşayırlar. Üçüncü şəxslər onun mənzilindən qeydiyyatdan çıxmaqdan imtina etmirlər, lakin başqa yerə qeydiyyata düşə bilmədikləri üçün hazırda qeydiyyatdan çıxa bilmirlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-881/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim Vəfa Əzizova) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin qeydiyyatda qalması mənzil hüquqlarını pozduğuna görə iddiaçı onların qeydiyyatdan çıxarılması üçün inzibati məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə iddiasını mənzildən istifadə hüququnun itirilməsi və ya xitam verilməsinə dair iddiaların mülki hüquq münasibətlərindən yarandığından inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid etməyərək iddia ərizəsini təmin etməmişdir. Lakin çıxarılan qərar qanuna zidd və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli Plenumunun Qərarına əsasən, mülkiyyətçi mülkiyyətində olan mənzildə faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına inzibati orqanın qərarı əsasında xitam verilə bilər. Həmin qərarın 2-ci bəndində də qeyd olunmuşdur ki, həmin şəxsləri qeydiyyatdan çıxararkən ilkin olaraq adiyyatı üzrə inzibati orqana müraciət etməli, həmin orqan tərəfindən imtina edildikdə məhkəmə bununla bağlı inzibati məhkəmə icraatı qaydasında baxaraq qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.08.2020-ci il tarixli Plenumunun Qərarına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Həmin qərarın 2-ci bəndinə əsasən, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Bədəlov Ədalət Ağaməhəmməd oğlu izahatında bildirdi ki, X5, X17 oğlu, X9 və X10 onun ailə üzvləridirlər. Onlar ünvan 1ən 39 saylı mənzildə qeydiyyatda olsalar da, heç vaxt yaşamamışlar. İddia tələbinin təmin edilməsinə etiraz etmir. Başqa ünvana qeydiyyata düşəcəkləri təqdirdə, ünvan 1ən 39 saylı mənzildən qeydiyyatdan çıxmağa razıdırlar. İş üzrə üçüncü şəxslər X2, X17 oğluna, X6 və X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilməklə apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia ilə ümumi məhkəməyə müraciət etməli, daha sonra inzibati orqan – Sumqayıt şəhər Polis İdarəsi həmin şəxsləri qeydiyyatdan çıxarmaqdan imtina etdiyi təqdirdə onun hərəkətləri ilə bağlı inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxarılmasına qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. İş materiallarında olan Sumqayıt şəhər texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51 saylı evin 39 saylı mənzili şəxsi mülkiyyət hüququ əsasında 02.04.1997-ci il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X8 11 saylı Mənzil Kommunal Sahəsinin 368 nömrəli, 17.02.2020-ci il tarixli arayışından görünür ki, cavabdehlər 2003-cü ildə mübahisəli mənzilə qeydiyyata alınmışdırlar. İş materiallarında olan sahə ustası S.Süleymanova, qonşular İ.Baxışova və G.Məhərrəmova tərəfindən tərtib edilmiş və 11 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş 19.02.2020-ci il tarixli 38 nömrəli aktdan görünür ki, 17-ci mikrorayon, ev 51, mənzil 39-da X5, X17 oğlu, X9, X10, Bədəlov Ədalət Ağaməhəmməd oğlu, X11, X13, X14 bu ünvanda heç vaxt yaşamayıblar, hal-hazırda da yaşamırlar. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi 1 və 3-cü məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 12.07.2021-ci il tarixli 513 nömrəli arayışdan müəyyən olunur ki, X5, X17 oğlu, X9, X10 və Bədəlov Ədalət Ağaməhəmməd oğlu Sumqayıt şəhəri, X19 4-cü məhəllədə 2010-cu ildən qeydiyyatsız yaşayırlar. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51 saylı evin 39 saylı mənzil ilə bağlı üçüncü şəxslərlə hüquq münasibətləri 2003-cü ildən sonra yarandığından, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən istifadə hüququnun olub-olmasına münasibət bildirilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinsə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir... Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan müəyyən edilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. Hazırkı işin hallarından görünür ki, üçüncü şəxslərlə iddiaçı arasında yaşayış binasının tərkib hissəsində istifadə hüququnun əmələ gəlməsi üçün notarial qaydada təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Bundan əlavə, işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən olunmuşdur ki, üçüncü şəxslər formal olaraq mənzildə qeydiyyatdadırlar və həmin mənzildə yaşamamışlar. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin mübahisəli mənzilin yaşayış sahəsinə istifadə hüquqları yaranmamışdır. Birinci instansiya məhkəməsi, üçüncü şəxslərin mənzildən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsinin olmamasına istinad etsə də, yuxarıda qeyd olunduğu kimi, üçüncü şəxslərin həmin mənzildən istifadə hüquqlarının olmadığı müəyyən edilir. Belə olan halda, iddiaçı düzgün olaraq hazırkı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Konstitusiya Məhkəməsi Plenumu hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti baxımından hesab etmişdir ki, mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə hər hansı əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması qaydasının qanunverici tərəfindən təkmilləşdirilməsi məqsədəmüvafiqdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər; Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan üçüncü şəxslərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bildiyindən və cavabdeh inzibati orqan üçüncü şəxsləri qeydiyyatdan çıxarmaqdan imtina etdiyindən, onların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-881/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməli, X1, X17 oğlunun, X3, X4 və Bədəlov Ədalət Ağaməhəmməd oğlunun ünvan 1ən 39 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-881/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. X1, X17 oğlunun, X3, X4 və Bədəlov Ədalət Ağaməhəmməd oğlunun ünvan 1ən 39 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar