Məhkəmə qərarları › İş №2-1(105)-399/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-399/2023

27.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-399/2023 27.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı JN 363F Kod 30329068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilən, Quba rayon, Təngəaltı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-3020/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN-363F kod-30329068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun 4-Ə-1690 saylı xx.xx.2005-ci il tarixli alqısatqı müqaviləsinə əsasən İddiaçı Quba rayonu, Təngəaltı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etmişdir. Quba rayon İHB-nin 31.05. 2011-ci il tarixli sərəncamından görünür ki, İddiaçı Quba rayonu, Təngəaltı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. X10 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Quba rayon Notariat Kontorunun 1992-ci ildən sonrakı dövr üçün sənədləri arxivə təhvil verilməmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma nəticəsində JN-363F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin tərəfindən verilmiş 1xx.xx.2022-ci il tarixli cavab məktubundan görünürki, Quba rayon dövlət notariat ofisində 30 dekabr 2005-ci il tarixdə 4Ə-1690 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. İddiaçının müraciətinə cavab olaraq DƏDKR-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi qeyd olunan JN-236F (kod-********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəııadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəntəçəkınə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmadığından, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmadığından imtina cavabı vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Quba rayon dövlət notariat ofisində 30 dekabr 2005-ci il tarixdə 4Ə- 1690 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 adına Quba rayonu, Təngəaltı kəndidə 0.12 ha torpaq sahəsinə dair JN-363F KOD 30329068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilmiş və həmin şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçməmiş, cizgisi bazada öz əksini tapmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin müayinə aktından görünür ki, Quba rayonu Təngəaltı kəndində yerləşən JN 363F kod 30329068 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən İddiaçı məxsus 0.12 ha torpaq sahəsində ölçü işləri aparılmışdır. JN 393F nömrəli kod 30329068 “Torpağa Mülkiyyət Hüququna Dair şəhadətnamə” elektron baza məlumatlarında və X2 Uçotu informasiya sistemində öz əksini tapmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı sözügedən JN-363F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilən, Quba rayon, Təngəaltı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdə Quba rayon Dövlət Notariat Kontorunda 4-Ə-1690 saylı alqı-satqı müqaviləsi bağlayaraq Quba rayonu, Təngəaltı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etmişdir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-363F KOD 30329068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə qeyd-şərtsiz təsdiqlənir. Bundan başqa Quba Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən qeyd olunan torpaq sahəsində ona fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə №154 nömrəli xx.xx.2011-ci il tarixli Sərəncam qəbul edilmişdir. Yuxarıda qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, müraciəti Ərazi İdarəsi tərəfindən mümkünsüz hesab edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi JN-236F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" Ərazi idarəsi tərəfindən araşdırılmışdır. Həmin şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəntəçəkınə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır.Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində oları torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-3020/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilən alqı-satqı müqavilədəki məlumatların həqiqiliyi, yəni 0.12 ha torpaq sahəsinin mülkiyyətçisi tərəfindən iddiaçıya satılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, torpaq sahəsinə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda iddiaçı torpaq sahəsinin notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı tam qanunsuz və əsassız çıxarılmışdır. Belə ki, məhkəmə imtinanın səbəbi kimi təqdim edilmiş şəhadətnamənin müvafiq təhvil vermə kitablarında və elektron məlumat bazasında aşkar edilməməsini əsas gətirmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə özlüyündə rəsmi sənəd kimi hüquqi qüvvəsi vardır. Belə ki, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimatın 24-cü bəndinə əsasan sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Belə ki, hazırki şəhadətnamə tam hüquqi qüvvəyə malik rəsmi sənəd hesab edilir və müvafiq təhvilvermə kitablarında və elekteron məlumat bazasında aşkar edilməməsi dövlət orqanının məsuliyyətsizliyi nəticəsində yaranan problemlərdir. Ümumiyyətlə dövlət orqanı tərəfindən verilən rəsmi sənədin mötəbərliyinin yenidən dövlət orqanı tərəfindən araşdırılması absurddur və vətəndaşın hüquqları dövlət orqanının səlahiyyətində olan işlərin məsuliyyətsiz işçilik nəticəsində yalnış yerinə yetirilməsinə görə məhdudlaşdırılmamalıdır. Bundan əlavə xx.xx.2023-cü il tarixli 2-1(118)- 3020/2022-saylı Sumqayıt İnzibati Məhkəməsinin qərarından göründüyü kimi, cavabdehin məhkəməyə ünvanladığı etirazda və eyni zamanda məhkəmə araşdırmaları zamanı JN-236F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmaması qeyd olunmuşdur. Lakin şəhadətnamənin nömrəsi JN-236F deyil, JN-363F-dir. Həm cavabdeh tərəfindən, həm də məhkəmə tərəfindən yalnış şəhadətnamə araşdırılmışdır və sübut kimi istifadə oluna bilməz. Həm 154 saylı xx.xx.2011-ci il tarixli Quba Rayon İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə, həm də, iş materiallarında olan "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə (2 rəsmi sənəd) Quba rayon notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixli 4-ə-1690 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin mövcudluğunun təsdiqlənməsinə baxmayaraq Dövlət Notariat Arxivinə verilmiş sorğuya alınmış cavabdan Quba rayon notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixli 4-Ə-1690 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin və müvafiq reyestr kitabının arxivə təhvil verilmədiyinin müəyyən edilməsi müqavilədəki məlumatların doğruluğunun öz təsdiqini tapmadığı qənaətinə gəlinməsinə səbəb olmuşdur. İki rəsmi sənədlə notarial qaydada bağlanan alğı-satqı müqaviləsinin mövcudluğunun təsdiqinə görə Quba rayon notariat kontoru tərəfindən edilmiş alqı-satqı müqaviləsinin və müvafiq reyestr kitabının arxivə təhvil verilməməsi bu müqavilənin əslində olmaması görüntüsünü yaratmamalıdır. Müqavilənin arxivə təhvil verilməməsi Quba rayon notariat kontoru tərəfindən yerinə yetirilmiş məsuliyyətsiz işin nəticəsidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;..8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən iddiaçıya verilmiş 0,12 ha torpaq sahəsi üzrərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan imtina əsası kimi “Torpağın Mülkiyyətə verilməsinə dair“ Şəhadətnamənin müvafiq qeydiyyat kitabında qeydə alınmaması, elektron baza məlumatlarında olan xəritədə öz əksini tapmaması halına istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Quba rayonu Dövlət Notariat Kontorunun 30 dekabr 2005-ci il tarixli 4-ə-1690 saylı alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş JN-363F KOD 30329068 Torpağın Mülkiyyətə verilməsinə dair“ Şəhadətnamə ilə iddiaçının mülkiyyətinə Quba rayonu, Təngəaltı kəndi ərazisində 0,12 ha torpaq sahəsi verilmişdir. Həmçinin, iş materiallarında olan torpaq sahəsinin müyainə aktının və ortofoto görüntüsünün məzmunundan görünür ki, həmin torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir, başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsinə dair heç bir hal qeyd edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla, həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq şəhadətnamə və alqı-satqı müqvailəsi yuxarıda istinad edilən qnaunvericilik normalarının tələbinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və dövlət qeydiyytana alınması üçün əsas qismində çıxış etdiyindən, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yaranmışdır. Məhkəmə kollegiyası cavabdehin imtina əsasları ilə bağlı qeyd edir ki, müvafiq torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi əsası qismində çıxış edən göstərilən Şəhadətnamənin arxiv nüsxəsi cavabdeh inzibati orqanda aşkar edilsə də, cavabdeh həmin şəhadətnamənin müvafiq qeydiyyat kitabında qeydə alınmaması halına istinad edərək, sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, həmin Şəhadətnamənin qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat kitabında qeydə alınması halı iddiaçının öhdəlik daşıdığı hal kimi deyil, məhz Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq şöbəsinin səlahiyyətinin icrası ilə bağlı olan hal kimi ortaya çıxmışdır. Göründüyü kimi, müvafiq sənədin qeydiyyat kitabında qeydə alınmaması iddiaçının təqisiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi mövcud olmamışdır. Belə olan halda isə cavabdeh inzibati orqanın müvafiq inzibati orqanın öz səlahiyyətlərini lazimi qaydada icra etməməsinin nəticəsi kimi çıxış edən bir hala istinad edilməklə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi halı onun hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda bilər ki, bu hal özlüyündə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinə, bütövlükdə inzibati icraatın mahiyyətinə ziddir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçıya müvafiq torpaq sahəsinin verilməsinə dair Şəhadətnamənin tərtib edilməsinin əsası qismində məhz Quba rayonu Dövlət Notariat Kontorunun 30 dekabr 2005-ci il tarixli 4-ə-1690 saylı alqı-satqı müqaviləsi çıxış etmişdir. Həmçinin, iş materiallarında olan Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, qeyd edilən müqvailə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Bununla bağlı da məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əks olunduğu reyestr kitabının arxivə təhvil verilməsi iddiaçının öhdəlik daşıdığı hal kimi çıxış etməmiş, bu hal məhz müvafiq notariat ofsinin səlahiyyətinə aid olmuşdur. Göründüyü kimi, qeyd edilən hal da iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi mövcud olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, müvafiq dövlət qurumunun öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının mövcud hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmamış, iddiaçı isə qeyd edilən iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmamış, cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi halın müvafiq inzibati orqanın səlahiyyətinin lazimi qaydada icrası ilə bağlı olub-olmaması, nəticə etibarilə iddiaçının təqsiri ilə əhatə olunub-olunmaması və onun məsuliyyət daşıdığı hal kimi çıxış edib-etməməsi halı işin halları (iddiaçının mülkiyyət hüququnun yaranmasına və məhdudlaşdırılmasına təsiri, torpaq sahəsinin naturada mövcud olması, iddiaçının faktiki istifadəsində olması və digər) baxımından, habelə qanunvericiliyin norma və prinsipləri baxımından təhlil etməmiş, qeyd edilən əsasın formal olaraq ortaya çıxması halına diqqət yetirməmiş, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-3020/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. JN-363F KOD30329068 “Torpağın Mülkiyyət verilməsinə dair Şəhadətnamə” əsasında İddiaçı mülkiyyətinə verilmiş Quba rayon, Təngəaltı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar