Məhkəmə qərarları › İş №2-1(105)-4/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-4/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-4/2023 27.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X8 cavabdeh Qusar rayonunun Qusar Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, X35 qızının katibliyi, İddiaçının nümayəndəsi X6, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X9,üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdeh Qusar bələdiyyəsinə qarşı cavabdehin üçüncü şəxs X14 0,0275 hektar torpaq sahəsinin satılmasına dair 30 mart 2018-ci il tarixli 03 saylı qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(085)-1850/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qusar şəhəri, F.Musayev küçəsi, ev 86 ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə 29 aprel 2011-ci il tarixli, MA seriyalı, ******* saylı, **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

2. Evə dair tərtib edilmiş texniki pasporta əsasən, fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə 0.06 ha, faktiki sahə 0.0875 ha təşkil etməklə zəbt sahəsi 0.0275 ha göstərilmişdir.

3. X15 (eyni zamanda üçüncü şəxsin əri) ilə X24 arasında həmin fərdi yaşayış evinə dair mülki məhkəmə icraatı qaydasında mübahisə olmuş, Qusar rayon məhkəməsinin 11 may 2007-ci il tarixli, 2-125/2007-ci il tarixli qətnaməsi ilə R.Paşayevin iddiası təmin edilərək vəsiyyət edən X19 tərəfindən cavabdeh X20 evin vəsiyyət edilməsinə dair 21 fevral 1995-ci il tarixli 28-2 vəsiyyətnamə və X16 adına ünvan 3 saylı evə verilmiş 14 iyun 1997-ci il tarixli 85 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008- ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2008-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi X20 ünvan 3 saylı evə verilmiş 14 iyun 1997- ci il tarixli 85 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

4. Bundan sonra X4 rayon məhkəməsində iddia qaldıraraq, ünvan 3 saylı evə dair X17 adına Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 12 iyun 1997-ci il tarixdə verilərək 2V-1-86 saylı reyestrdə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Qusar şəhəri, F.Musayev küçəsindəki 86 saylı evə dair X17 adına verilmiş 14 iyun 1997-ci il tarixli 85 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsini xahiş etmiş, məhkəmənin 01 oktyabr 2009-cu il tarixli, 2(029)- 386/2009 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə 02 noyabr 2009-cu il tarixdə qanuni qüvvəsini almışdır.

5. 31 iyul 2014-cü il tarixdə notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X15 mülkiyyətində olan Qusar şəhəri, F.Musayev küçəsi, ev 86 ünvanında yerləşən fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini iddiaçı X18 bağışlamışdır.

6. X5 Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Qusar şəhəri, F.Musayev küçəsi, ev 86 ünvanında yaşadığını və 5 ildən çox yaşayış yeri üzrə qeydiyyatda olduğunu təsdiq edən arayış təqdim edərək, fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinə ehtiyacı olduğunu bildirmişdir.

7. Qusar rayon Qusar bələdiyyəsinin 30 mart 2018-ci il tarixli 03 saylı qərarı ilə S.Paşayevanın Qusar şəhəri, F.Musayev küçəsi, ev 86 ünvanında yaşadığını və 5 ildən çox yaşayış yeri üzrə qeydiyyatda olduğunu nəzərə alaraq yaşayış evinin tikintisi məqsədilə 275 kv.m (0.0275 ha) torpaq sahəsi hərrac və müsabiqə keçirilmədən sonuncuya satılmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

8. İddiaçı cavabdehə qarşı cavabdehin üçüncü şəxs X14 0.0275 hektar torpaq sahəsinin satılmasına dair 30 mart 2018-ci il tarixli 03 saylı qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum babası X7 tərəfindən 1946-1947-ci illərdə ünvan 2 ünvanda 0.0875 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Torpaq sahəsinin 0.06 hektarı mərhum babasının qanuni istifadəsində olmuş, qalan 0.0275 hektar torpaq sahəsindən isə 1946-cı ildən faktiki olaraq onun tərəfindən istifadə edilmişdir. İddiaçının babası M.Paşayev 1988-ci ildə vəfat edəndən sonra yaşayış evi və torpaq sahəsindən 1995-ci ildə vəfat etmiş mərhum nənəsi X11 mülkiyyətində olmaqla, onunla atası X15 tərəfindən istifadə olunmuşdur. 1995-ci ildə nənəsi A.Paşayeva vəfat edəndən sonra fərdi yaşayış evi, evin həyətyanı torpaq sahəsi ilə birlikdə atası Rafik Paşayevin istifadəsində olmuş, xx.xx.2011-ci il tarixindən isə fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi ilə birlikdə atası R.Paşayevin adına dövlət qeydiyyatına alınmış və MA seriyalı ******* saylı çıxarışa əsasən onun mülkiyyətində olmuşdur. 31 iyul 2014-cü il tarixində atası R.Paşayev tərəfindən fərdi yaşayış evi və onun yerləşdiyi həyətyanı torpaq sahəsi həmin tarixdə aralarında bağlanmış “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən iddiaçıya bağışlanmış və həmin tarixdən də əmlak iddiaçının sahibliyinə keçmişdir. 2019-cu ilin may ayında iddiaçıya məlum olmuşdur ki, 1946-cı ildən ailəsinin istifadələrində olan 0.0275 ha torpaq sahəsi Qusar bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 03 saylı iclasının qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 2017-ci ildə vəfat etmiş qardaşı Paşayev Kamranın arvadı X2. Lakin qərarın surəti bu vaxta kimi iddiaçıya verilməmişdir. S.Paşayevaya satılmış torpaq sahəsi 1946-cı ildən başlayaraq 72 ildən artıqdır nəsillikcə onların istifadələrindədir, torpaq sahəsindən istifadə etməsi ilə əlaqədar onlara heç kim tərəfindən etiraz edilməmişdir. Həmin torpaq sahəsi, sahibliyində olan 0.06 ha torpaq sahəsinə bitişikdir, onun heç bir yola çıxışı yoxdur, torpaq sahələri vahiddir, hər hansı bir qaydada ayrılıqda naturada müəyyən edilməmişdir. Qeyd olunduğu kimi, bələdiyyə tərəfindən satılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Göstərilən torpaq sahəsində hər hansı tikili obyektinin tikintisinə icazə verilə bilməz. Ona görə bələdiyyə tərəfindən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün satılması qeyri-qanunidir. S.Paşayeva tərəfindən torpaq sahəsi Qusar bələdiyyəsini aldatmaq yolu ilə satın alınmışdır. Belə ki, onun tərəfindən bələdiyyəyə məhkəmə qaydasında ləğv edilmiş, fərdi yaşayış evinin iddiaçının mərhum qardaşı Kamran Paşayevin mülkiyyətində olmasını təsdiq edən, reyestr nömrəsi 85 olan 14/Vİ-1997-ci il tarixli qeydiyyat vəsiqəsi təqdim edilmişdir. Həmin qeydiyyat vəsiqəsi mərhum qardaşı K.Paşayev tərəfindən, saxta yolla mərhum nənəsi Aynisə Paşayevanın adından tərtib edilmiş vəsiyyətnamə əsasında əldə edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən alınmışdır. Qusar rayon məhkəməsinin 11 may 2007-ci il tarixli 2-125/2007 saylı və 01 oktyabr 2009-cu il tarixli 2(029)-386/2009 saylı qətnamələri ilə 21 fevral 1995-ci il tarixli 28-2 saylı vəsiyyətnamə, həmin vəsiyyətnamə əsasında verilmiş 12 iyun 1997-ci il tarixli 2V-1-86 saylı reyestrdə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Kamran Paşayevin adına verilmiş 14 iyun 1997-ci il tarixli 85 saylı qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Halhazırda üçüncü şəxs və onun ailə üzvləri ünvan 3 ünvanda iddiaçının sahibliyində olan evdə qeydiyyatdadırlar, ancaq onlar ailəsinin üzvləri deyildir. Onlar iddiaçının evində, qeyd edildiyi kimi, mərhum qardaşı K.Paşayev tərəfindən saxta yollarla əldə edilmiş qeydiyyat vəsiqəsi əsasında qeydiyyata alınmışlar. Həmin qeydiyyat vəsiqəsi ləğv ediləndən sonra onların iddiaçının evindən istifadə etmələri üçün heç bir qanuni əsası qalmamışdır. Belə ki, X34 Paşayeva ilə 1986-cı ildə evlənəndən sonra həmin ildə qeyd olunan evdən köçmüş və yalnız K.Paşayev tərəfindən saxta qeydiyyat vəsiqəsi əldə ediləndən sonra, onun əsasında iddiaçının evinə köçərək orada qeydiyyata alınmışdır. 10.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1850/2019 saylı, 30 oktyabr 2019cu il tarixli qərardadı ilə X21 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

11. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1850/2019 saylı, 25 dekabr 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. 12.Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, cavabdehin 30 mart 2018-ci il tarixli 3 saylı qərarı qanuni əsaslarla qəbul edilmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi cavabdehin mülkiyyətində olmuş və həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq üçüncü şəxsə satılmışdır. Bundan başqa, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin ona məxsus olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. 13.Məhkəmənin həmin qərarından iddiaçı apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş etmişdir. 14.Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-227/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1850/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin olunmaqla Qusar rayonu Qusar X1 0.0275 hektar torpaq sahəsinin satılmasına dair 30 mart 2018-ci il tarixli 03 saylı qərarı ləğv edilmişdir. 15.Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. 16.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 66/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2020-ci il tarixli 2-1(105)-227/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 17.Ali məhkəmə hesab etmişdir ki, istinad edilən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddəsinin qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması barədə dispozisiya şərtinin ödənilməsi qənaətinə gəlmək üçün yetərli sübutlar olmamış, bu halın müəyyən olunması istiqamətində ətraflı araşdırma aparılmamışdır. Hazırkı işdə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik olması, iddiaçının ondan faktiki istifadə etməsi, torpaq sahələrinin bir hasar daxilində olması qeyd edilən dispozisiya şərtinin ödənilməsi, yəni qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkünsüzlüyü qənaətinə gəlməyə əsas verə bilməz. Odur ki, təkrar apelyasiya baxışı zamanı qeyd edilən halın müəyyən edilməsi istiqamətində araşdırma aparılmalı, bu məqsədlə mütəxəssis və ya ekspert rəyinin alınması məsələsi müzakirə edilməlidir.

Apellyasiya şikayətinin dəlilləri:

18.İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən vahid torpaq sahəsindən üçüncü şəxs Paşayeva Sevdaya satılmış 275 kv.metr torpaq sahəsinin hansı əsaslarla müəyyən edilərək ayrılması aydın deyildir. Torpaq sahəsi mərhum babası tərəfindən hasara alınmışdı, hal-hazırda da torpaq sahəsi vahid torpaq sahəsi kimi hasardadır. Üçüncü şəxsin torpaq sahələrinin ayrı-ayrı yerlərdə olması və hasara alınmaması haqqında məhkəmədə verdiyi izahat yalandır, həqiqətə uyğun deyildir. Həmin hal apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktla da təsdiq olunur. Qeyd olunduğu kimi bələdiyyə tərəfindən satılmış torpaq sahəsi yaşayış evinin tikintisi üçün satılmışdır. Göstərilən torpaq sahəsində hər hansı tikinti obyektinin inşasına icazə verilə bilməz. Torpaq sahəsindən yalnız F.Musayev küçəsinə çıxış vardır. Torpaq sahəsinin F.Musayev küçəsinə tərəf olan hissəsində küçə boyu valideyninin mülkiyyətində olmuş, hal-hazırda sahibliyində olan tikililər yerləşir. Hal-hazırda istifadəsində olan torpaq sahəsindən yola çıxışı olan 275 kv. metr torpaq sahəsinin ayrılması qeyri-mümkündür. Üçüncü şəxsin mübahisələndirilən torpaq sahəsində 35 il yaşamasına dair məhkəməyə verdiyi izahat yalandır, həqiqətə uyğun deyildir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. 20.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarınındəyişdirilmədən saxlanılmasını xahiş etdi. 21.Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarınındəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

22."Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə,"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1 Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2 Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3 Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4 Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23.Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmalıdır.

24. Belə ki, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən, bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşutəsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. 25.Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. 26.Lakin hazırkı işdə üçüncü şəxsə satılan torpaq sahəsi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsi olduğu halda, cavabdeh torpaq sahəsinin üçüncü şəxsə satılması barədə qərarı qəbul etməklə yuxarıda adıçəkilən Əsasnamənin tələblərinə riayət etməmişdir. 27.Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 5 saylı Layihə Tədqiqat İdarəsi tərəfindən ayrılmış torpaq sahəsinə dair tərtib edimiş planda “xüsusi qeydlər” başlığı ilə qeyd olunmuşdur ki, ərazi hasarlanıb, (...) torpaq sahəsi baza məlumatlarına əsasən **********54-10301 saylı çıxarışın zəbt sahəsidir. Plandan da görünür ki, **********54-10301 saylı çıxarışla (Qusar şəhəri, F.Musayev küçəsi, ev 86 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ əsasında X6 adına qeydiyyata alınmış nömrə) ayrılmış torpaq sahələri bir-birinə bitişik, vahid ərazidir. 28.Yuxarıda istinad olunan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Qanunun 16.4-cü maddəsinə əsasən isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. 29.Beləliklə iki halda torpaq sahəsi onun geri qaytarılmasının mümkün olmaması əsası ilə onu istifadə edən şəxsin mülkiyyətinə verilə bilər: 1) sahə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilmiş olmalıdır və 2) sahə üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən ölçüdə istifadə edilmiş olmalıdır. 30.Hazırki işdə də qanunda göstərilmiş ikinci hal mövcuddur. İddiaçının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddələrinə istinadla mübahisələndirilən sahənin geri qaytarılması mümkün olmayan sahə olduğu halından çıxış etməklə mübahisəli torpaq sahəsi ilə bağlı bələdiyyə qərarını mübahisələndirmək hüququ vardır, çünki onun həmin torpaq sahəsi ilə bağlı gözlənilən mülkiyyət hüququ vardır. 31.Belə ki, işə təkrar apellyasiya qaydasında baxılarkən Ali Məhkəmənin qərarında qeyd edilən halların araşdırılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/5446 saylı ekspert rəyində müvafiq mütəxəssis rəyinə istinad edilməklə göstərilmişdir ki, 29 aprel 2011-ci il tarixli, MA seriyalı, ******* saylı, **********54- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X12 məxsus torpaq sahəsinin koordinatları ilə faktiki istifadədə olan torpaq sahəsi üst-üstə düşür. Qusar bələdiyyəsinin 30 mart 2018-ci il tarixli, 03 saylı qərarı ilə X3 olduğu 0.0275 ha torpaq sahəsi X12 məxsus 0,06 ha torpaq sahəsi ilə bir hasar daxilində olduğundan faktiki olaraq həm X15, həm də X21 tərəfindən istifadə olunur. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bitişikdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi və mübahisəli torpaq sahəsi bir hasar daxilindədir. 32.Eyni zamanda təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim oılunmuş Qusar Bələdiyyəsinin mühəndisi tərəfindən tərtib edilmiş Qusar şəhərinin yerquruluşu planından çıxarışdan da görünür ki, S.Paşayevaya satılmış 0.0275 ha torpaq sahəsinin ayrıca olaraq küçəyə çıxışı yoxdur və həmin torpaq sahəsi R.Paşayevə məxsus (İddiaçı bağışlanmış) 0,06 ha torpaq sahəsi ilə bir hasar daxilindədir. Mübahisəli 0.0275 ha torpaq sahəsinə yalnız R.Paşayevə məxsus (İddiaçı bağışlanmış) 0,06 ha torpaq sahəsindən keçməklə getmək, istifadə etmək mümkündür. Qeyd edilən hal iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş fotoşəkillərlə də müəyyən olunmuşdur 33.Beləliklə təkrar apellyasiya baxışı zamanı da müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətinə qanuni əsaslarla keçmiş 0.06 ha torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahədir. Tədqiq edilmiş sübutlar həmin qeyri-qanuni istifadə edilən torpaq sahəsinin bələdiyyəyə geri qaytarılmasının mümkünsüzlüyü qənaətinə gəlməyə kifayət edir. Yuxarıda istinad olunan normaya əsasən isə artıq istifadə olunan sahə, həmin əraziyə bitişik olan onu istifadə edən şəxsin mülkiyyətinə verilir. 34.Bundan əlavə əvvəlki məhkəmə baxış iclasları zamanı cavabdehin nümayəndəsiin verdiyi izahatla da müəyyən edilmişdir ki, üçüncü şəxs S.Paşayeva ona torpaq sahəsinin ayrılmasına dair ərizə ilə cavabdeh inzibati orqana müraciət edərkən, mübahisəsi gedən fərdi yaşayış evi və torpaq sahəsinin mərhum həyat yoldaşının mülkiyyətində olmasını təsdiq edən qeydiyyat vəsiqəsini ərizəsinə əlavə etmişdir ki, yuxarıda qeyd edildiyi kimi həmin qeydiyyat vəsiqəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən ləğv edilmişdir. 35.Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, bələdiyyənin xx.xx.2018-ci il tarixli 03 saylı qərarı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.

36. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. 37.“İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 38.İPM-nin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. 39.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Qusar Bələdiyyəsinin torpaq sahəsinin satılması barədə xx.xx.2018-ci il tarixli 03 saylı qərarı yuxarıda sadalanan maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz əlverişsiz inzibati aktdır və belə akt hər bir halda ləğv olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. 40.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2-1(085)- 1850/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunsun. Qusar rayonu Qusar X1 0,0275 hektar torpaq sahəsinin satılmasına dair 30 mart 2018-ci il tarixli 03 saylı qərarı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar