Məhkəmə qərarları › İş №2-1(105)-4/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-4/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-4/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə2, Nümayəndə3 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixə olan 1.840.027,32 manat artıq ödəməsinin İddiaçı ASC-yə qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-1376/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşdən görünür ki, İddiaçı ASC tərəfindən vergi orqanına artıq ödəmənin qaytarılması barədə xx.xx.2018-ci, xx.xx.2018-ci və xx.xx.2021-ci il tarixlərdə müraciətlər edilmişdir.

2. Həmçinin İddiaçı ASC-nin Dövlət Vergi Xidmətinə etdiyi xx.xx.2021-ci il tarixli müraciəti artıq ödənilmiş 1.124799.470000002 manatın geri qaytarılması, xx.xx.2021-ci il tarixli müraciəti isə artıq ödəmənin sosial sığorta borcu ilə əvəzləşdirilməsi ilə bağlı olmuşdur.

3. Qeyd olunan 1.840.027,32 manat artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı müraciətinə imtina cavabı aldıqdan sonra İddiaçı ASC xx.xx.2021-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının xx.xx.2021-ci il tarixə olan 1.840.027 manat 32 qəpik artıq ödəməsinin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə bağlı "xxxx" ASC Aqrarkredit Səhmdar Kredit Təşkilatının idarə edilməsinə verilmişdir. Həmin səbəbdən "xxxx" ASCnin bütün əmlakları yenidən qiymətləndirilərək, Sumqayıt İnzibati-İqtisadi Məkəməsinin 06 oktyabr 2016-cı il tarixli 2-2(85)-1607/2016 saylı qətnaməsinə əsasən Aqrarkredit Səhmdar Kredit Təşkilatına verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 saylı Fərmanının 2-ci hissəsinə əsasən Aqrarkredit Səhmdar Kredit Təşkilatı tərəfindən 23 iyul 2018-ci il tarixdə akt əsasında "xxxx" ASCyə məxsus bütün əmlaklar yeni yaradılmış Azərbaycan Sənayə Korperasiyası Açıq Səhmdar Cəmiyyətinə verilmişdir. Həmin tarixdən "xxxx" ASC-nin fəaliyyəti tam dayanmışdır. Göstərilən dövrdən işçilərin əmək haqları, istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabları və əmək haqqında hesablanmış sosial-sığorta haqlarının ödənilməsi mümükün olmamışdır. Göstərilən dövrdə "xxxx" ASC-nin Dövlət büdcəsinə xx.xx.2018-ci il tarixə 2.028.401,51 manat artıq ödəməsi olub. xx.xx.2018-ci il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət olunaraq, xahiş edilib ki, artıq ödəməni qaytarsınlar, qaytarılacaq vəsait əmək haqqı və sosial sığorta borcunun ödənilməsinə xərclənəcək. xx.xx.2018-ci il tarixdə təkrarən Vergilər Nazirliyinə müraciət olunub, Vergi Məcəlləsinin 24.0.10-cu maddəsinə əsasən artıq ödəmənin qaytarılması barədə tədbir görmək vergi orqanının vəzifəsidir. Vergi Məcəlləmin 87.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində artıq ödəmə vergi ödəyicisinə qaytarılmalıdır, lakin 2 saylı Ərazi Vergilər İdarəsi müraciətlərin heç birinə əhəmiyyət verməyib. Hal-hazırda 2 saylı Ərazi Vergilər İdarəsi Dövlət Sosial Müdafiə Fonduna olan 926.918,58 manat borcu və borca əlavə olaraq, ona hesablanmış 306.066,29 manat faiz borcunu tələb edir. Göstərilən sosial sığorta borcunun əvəzləşdirilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət olunub, lakin artıq ödəmə ilə sosial sığorta borcunun əvəzləşdirilməsinin mümkün olmadığı bildirilib. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin günahı ucbatından sosial sığorta borca əlavə olaraq 306.066,29 manat faiz heablanıb. Əgər artıq ödəmə vaxtında "xxxx" ASC-yə qaytarılsa idi, işçilərin əmək haqları, son haqq-hesabları və sosial sığorta üzrə DSMF-yə olan borclar tam şəkildə ödənilmiş olardı.

6. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən vergi orqanına artıq ödəmənin qaytarılması barədə xx.xx.2018-ci, xx.xx.2018ci və xx.xx.2021-ci il tarixlərdə müraciətlər edilmişdir. Həmin müraciətlərə vergi orqanında baxılaraq “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının büdcədən qaytarılmasından imtina barədə” xx.xx.2018-ci il tarixli **********923700 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktubda vergi orqanına təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə formasında artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının büdcədən qaytarılması və digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qutardıqdan sonra 5 il ərzində düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin, və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququna malik olduğu bildirilmişdir. Eyni zamanda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının büdcədən qaytarılması və digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən şəxsi hesab vərəqəsi üzrə yaranmış ******* manat artıq ödəmədən 758753 manatının yaranma tarixindən 5 il müddətin keçdiyi bildirilmişdir. İddia ərizənizdə qeyd edilən artıq ödəmənin qaytarılması ilə bağlı tələb etmə müddəti keçdiyi üçün artıq ödənilmiş vergi məbləğinin qaytarılması haqqında tələb əsassızdır.

7. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-1376/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia tələbi qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən artıq ödənilmiş 298.339,51 manat pulun geri qaytarılması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1.840.027,32 manat artıq ödənilmiş vasaitin geri qaytarılması ilə bağlı müraciətinə imtina cavabı aldıqdan sonra İddiaçı ASC xx.xx.2021-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən iddiaçının cavabdeh təşkilata xx.xx.2021-ci il tarixli müraciətindən geriyə 5 il hesablandıqda 298.339,51 manat artıq ödəməsinin olması müəyyən edilmişdir. İddia tələbində göstərilən yerdə qalan məbləğin tələb etmə müddəti keçdiyinə görə bu hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsində göstərilmiş 5 illik müddəti kəsici müddətdir və həmin müddət keçdikdən sonra tələb etmə müddəti itirilir. Ona görə də məhkəmə hesab etmişdir ki, 298.339,51 manat pulun tələb etmə müddəti keçmədiyinə görə həmin vəsait İddiaçı ASC-yə geri qaytarılmalıdır.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Vergi Məcəlləsinin 85.3, 85.4-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir.

11. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddianı qaldırılması üçün ASC-nin iddia müddəti ötməmişdir. Belə ki, ASC-nin artıq ödənilmiş vəsaitin mövcudluğundan təhvil-təslim aktını imzalanarkən məlumatı olub. Qanunla iddia müddəti şəxsin öz hüquqlarının nə vaxt pozulduğunu bildiyi vaxtdan hesablanır. Bu kriterya əsas götürülərsə, tələb etmə müddətinin keçmədiyi məlum olur. Vergi Məcəlləsinin 85.5-ci maddəsi əsas gətirilərək iddia müddətinin bitdiyi göstərilir, yəni hesabat dövrü qurtardıqdan sonra. "xxxx" ASC son hesabatları 11 və xx/xx.2020-ci il tarixlərdə ƏDV və mənfəət vergisi bəyannəmələrini vermişdir. Eyni zamanda 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə təqdim etdiyi sənədlərdə göstərilən müddətin ötmədiyini və 1.840.027,32 manat artıq ödəmə məbləğinin hal-hazırda olduğunu öz imza və möhürləri ilə təsdiq etmişdir. Göstərilən 1.840.027,32 manat artıq ödəmədən, 298.339,51 manat qaytarılmaya qərarın hansı əsasla hesablandığı məlum deyil və heç bir qanunvericiliyə əsaslanmır.

12. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi qərardan apellyasiya şikayəti verərək, qərarın təmin edilən hissədə ləğv edilməsini xahiş etmişdir.

13. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən vergi orqanına artıq ödəmənin qaytarılması barədə xx.xx.2021-ci il tarixlərdə müraciətlər edilmişdir. Həmin müraciətlərə vergi orqanında baxılaraq “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının büdcədən qaytarılmasından imtina barədə” xx.xx.2021-ci il tarixli **********530900 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktubda vergi orqanına təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə formasında artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının büdcədən qaytarılması və digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququna malik olduğu bildirilmişdir. Eyni zamanda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının büdcədən qaytarılması və digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən vergi ödəyicisinin ərizəsində qeyd edilən məbləğə tələb etmə müddəti keçdiyi üçün artıq ödənilmiş vergi məbləğinin qaytarılması haqqında müraciətinin əsassız hesab edilərək nəzərə alınmaması bildirilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixə olan 1.840.027,32 manat artıq ödəməsinin iddiaçıya qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixə olan 1.840.027,32 manat artıq ödəməsinin iddiaçıya qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Vergi Məcəlləsi:

17. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.

18. Maddə 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir.

19. Maddə 85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü, 38.7.4- 1-ci və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir.

20. Maddə 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

21. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

22. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. Maddə 108. Prosessual xərclər 108.1. Prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərardadları ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

28. Əvvala, məhkəmə kollegiyası iddia ərizəsinə dəqiqləşmə barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikas İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

29. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

30. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

31. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(10)-463/2023 nömrəli qərardadı ilə İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixədək son 5 il ərzində dövlət büdcəsinə artıq ödəmənin hansı məbləğdə olmasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixdən əvvəlki 5 (beş) il ərzində dövlət büdcəsinə artıq ödəmə məbləği nə qədər təşkil edir?

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6672 nömrəli, xx.xx.2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixdən əvvəlki 5 il ərzində dövlət büdcəsinə artıq ödəmə məbləğinin 1.840.027,32 manat məbləğində olduğu qeyd edilmişdir. Yəni, xx.xx.2021-ci il tarixədək artıq ödəmə məbləğinin 1.840.027,32 manat təşkil etməsi müəyyən olunur.

34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(10)-463/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixdən əvvəlki tarixə tələb etmə müddəti ötməmiş artıq ödəmə məbləği nə qədər təşkil edir?

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8938 nömrəli, xx.xx.2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki, İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixədək olan dövr üzrə cəmiyyətin şəxsi hesab vərəqəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərinə əsasən müddəti ötmüş artıq ödəmə məbləği müəyyən edilməmişdir. Yəni, şəxsi hesab vərəqəsində göstərildiyi kimi xx.xx.2021-ci il tarixdən əvvəlki tarixə "xxxx" ASC-nin 1.840.027,32 manat məbləğində artıq ödəməsi olmuşdur.

36. Qeyd edilən rəyi vermiş ekspert Toğrul Cəfərli məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şəxsi hesab vərəqəsində olan 1.840.027,32 manat artıq ödəmənin tərkib hissəsi və artıq ödəmə şəxsi hesab vərəqəsində olan ödənişlər və hesablamalara görə yaranmışdır və tərkib hissəsinin nələrdən yarandığı barədə bir söz deyə bilmir, bu məlumatlar şəxsi hesab vərəqəsində vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şəxsi hesab vərəqəsində olan artıq ödəmə məbləği 2008-ci ildən yaranmağa başlamışdır. Şəxsi hesab vərəqəsində xx.xx.2020-ci il tarixdə vergi orqanı tərəfindən hesablamalar aparıldığına görə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şəxsi hesab vərəqəsində 1.840.027,32 manat artıq ödəmənin tələbetmə müddəti ötməmişdir. 1.840.027,32 artıq ödəminin tərkibində əvəzləşmədən, azalmadan və ödənişlərdən yaranan məbləğlərin ayrı-ayrılıqda nə qədər olması və hansı tarixlərdən yaranması ilə bağlı məlumat verə bilmir.

37. Ekspert rəyində qoyulmuş suala əsaslandırılmış cavab verilmədiyindən, sualdan kənara çıxılaraq hüquqi məsələyə qiymət verildiyindən, 2008-ci ildən 2021-ci ilədək iddiaçı tərəfindən dövlət büdcəsinə artıq ödəmənin olub-olmamasının, artıq ödəmənin olduğu təqdirdə hansı tarixdən və hansı əsaslardan yaranmasının müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında 2008-ci ildən 2021-ci ilədək olan dövrlər üzrə hər il üçün ayrılıqda İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmənin olub-olmaması, əgər artıq ödəmə olmuşdursa hansı tarixdə və hansı əsaslardan (kameral və səyyar vergi yoxlaması, operativ vergi nəzarəti tədbirləri nəticəsində vergilərin hesablanması, dürüstləşmə və s.) yaranması sualı qoyulmuşdur.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3840 nömrəli, xx.xx.2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki: - Birinci sual üzrə: 2008-ci il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 506.694,9 manat təşkil etmişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır: xx.xx.2007-ci il tarixə - əsas borc üzrə qalıq 61.113,96 manat. Faiz üzrə qalıq 40.452,62 manat təşkil etmişdir, xx.xx.2008-xx.xx.2008-ci il dövrü ərzində vergilər üzrə hesablanmışdır- 63496,38 manat, faiz hesablanmışdır - 3743,83 manat, azalma - 556.590,19 manat, ödəniş - 118.911,5 manat. - İkinci sual üzrə: 2009-cu il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 914.959,67 manat təşkil etmişdir. xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır: xx.xx.2008-ci il tarixə - artıq ödəmə 506.694,9 manat. xx.xx.2009-xx.xx.2009-cu il dövrü ərzində vergilər üzrə hesablanmışdır- 35.387,89 manat, azalma - 443.609,96 manat, ödəniş - 42,7 manat. - Üçüncü sual üzrə: 2010-cu il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 1.285.285,39 manat təşkil etmişdir. xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır: xx.xx.2009-cu il tarixə - artıq ödəmə 914.959,67 manat. xx.xx.2010-xx.xx.2010-cu il dövrü ərzində vergilər üzrə hesablanmışdır- 23.403,08 manat, azalma - 393.577,0 manat, ödəniş - 151,82 manat. - Dördüncü sual üzrə: 2011-ci il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 1.367.064,79 manat təşkil etmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır: xx.xx.2010-cu il tarixə - artıq ödəmə 1.285.285,39 manat. – xx.xx.2011-xx.xx.2011-ci il dövrü ərzində vergilər üzrə hesablanmışdır – 140.283,11 manat, azalma – 221.112,8 manat ödəniş – 949,74 manat. - Beşinci sual üzrə: 2012-ci il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 2.351.649,07 manat təşkil etmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır: xx.xx.2011 -ci il tarixə - artıq ödəmə 1.367.064,79 manat. xx.xx.2012-xx.xx.2012-ci il dövrü ərzində vergilər üzrə hesablanmışdır- 212.193,25 manat, azalma - 1.195.707,44 manat, ödəniş - 1070,0 manat. - Altıncı sual üzrə: 2013-cü il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 3.047.437,6 manat təşkil etmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır: xx.xx.2012-ci il tarixə - artıq ödəmə 2.351.649,07 manat. xx.xx.2013-xx.xx.2013-cü il dövrü ərzində vergilər üzrə hesablanmışdır- 383.601,26 manat, azalma - 915.175,4 manat, ödəniş - 164.214,5 manat. - Yeddinci sual üzrə: 2014-cü il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 2.592.184,8 manat təşkil etmişdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır: xx.xx.2013-cü il tarixə - artıq ödəmə 3.047.437,6 manat. xx.xx.2014-xx.xx.2014-cü il dövrü ərzində vergilər üzrə hesablanmışdır- 939.769,38 manat, azalma - 179.501,9 manat, ödəniş - 305.014,7 manat. - Səkkizinci sual üzrə: 2015-ci il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 2.411.298,79 manat təşkil etmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır: xx.xx.2014-cü il tarixə - artıq ödəmə 2.592.184,8 manat. xx.xx.2015-xx.xx.2015-ci il dövrü ərzində vergilər üzrə hesablanmışdır- 417.860,0 manat, azalma - 155.974,0 manat, ödəniş - 81.000,0 manat. - Doqquzuncu sual üzrə: 2016-cı il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 2.066.794,15 manat təşkil etmişdir. xx.xx.2016-ci il tarixdən xx.xx.2016-ci il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır. xx.xx.2015-ci il tarixə - artıq ödəmə 2.411.298,79 manat. xx.xx.2016- xx.xx.2016-cı il dövrü ərzində vergilər üzrə hesablanmışdır- 431.407,94 manat, azalma - 84237,7 manat, ödəniş - 2665,6 manat. - Onuncu sual üzrə: 2017-ci il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 2.143.702,4 manat təşkil etmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır: xx.xx.2016-cı il tarixə - artıq ödəmə 2.066.794,15 manat. xx.xx.2017-xx.xx.2017-cı il dövrü ərzində vergilər üzrə hesablanmışdır- 169.747,54 manat, azalma - 246.651,8 manat, ödəniş - 4,0 manat. - On birinci sual üzrə: 2018-ci il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 1.869.592,92 manat təşkil etmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır: xx.xx.2017-ci il tarixə - artıq ödəmə 2.143.702,4 manat. xx.xx.2018-xx.xx.2018-cı il dövrü ərzində vergilər üzrə hesablanmışdır- 441.313,29 manat, azalma - 167.203,8 manat, ödəniş - 0,0 manat. - On ikinci sual üzrə: 2019-cu il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 1.871.176,06 manat təşkil etmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır: xx.xx.2018-ci il tarixə - artıq ödəmə 1.869.592,92 manat. xx.xx.2019-xx.xx.2019-cu il dövrü ərzində vergilər üzrə hesablanmışdır- 33.759,68 manat, azalma - 35.342,82 manat, ödəniş - 0,0 manat. - On üçüncü sual üzrə: 2020-ci il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 1.840.027,32 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır: xx.xx.2019-cu il tarixə - artıq ödəmə 1.871.176,06 manat. xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində vergilər üzrə hesablanmışdır- 31.148,74 manat, azalma - 0,0 manat, ödəniş - 0,0 manat. - On dördüncü sual üzrə: 2021-ci il üzrə İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödəmə 1.840.027,32 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə yaranmış artıq ödəmə aşağıda qeyd olunan əsaslardan yaranmışdır: xx.xx.2020-ci il tarixə - artıq ödəmə 1.840.027,32 manat. xx.xx.2021-xx.xx.2021-ci il dövrü ərzində vergilər üzrə hesablanmışdır- 40,0 manat.

39. Ekspert Məmmədov Zaur Zakir oğlu məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında bildirmişdir ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində artıq ödənilmiş məbləği müəyyən etmək üçün əlavə ekspertiza təyin edilməlidir. 1.840.027 manat artıq ödənilmiş məbləğə xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində olan ödəmələrin daxil olub-olmamasını hesablamaq çətinlik yaradır, çünki bu riyazi hesablama qaydasında silsilə formasında olduğu üçün ayrılıqda konkret dövr üzrə hesablanmalıdır. Əvvəlki illəri də hesabladıqları üçün Dövlət Vergi Xidməti təəfindən verilmiş cədvəl ilə ekspert rəyində artıq ödəmə məbləğində fərq vardır. Belə ki, tərəflərindən başlanğıc olaraq hesablama 2008-ci ildən başlanaraq aparılmışdır və növbəti illər hesablanmış məbləğin üzərinə gəlmək və ya çıxılmaq yolu ilə hesaba daxil edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

41. Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir.

42. Həmin Məcəllənin 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir.

43. Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən, bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

44. Göründüyü kimi vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, 5 il müddətində məhdudiyyət yalnız artıq ödənilmiş verginin qaytarılması və əvəzləşdirilməsi ilə bağlıdır. Lakin bir vergi növü üzrə ödənişin həmin növ vergi üzrə hesablamada nəzərə alınmasını, yəni bir vergi növü üzrə artıq ödənilmiş vergi məbləğinin həmin vergi növü üzrə sonrakı (gələcəkdə yaranacaq) öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini məhdudlaşdırmır. Vergi ödəyicisi müddət məhdudiyyəti qoyulmadan istənilən zaman bir vergi növü üzrə vergi öhdəliyi yaranarsa, hesablanan məbləğ həmin vergi növü üzrə artıq ödənilən məbləğ hesabına nəzərə alınmalıdır. Məhdudiyyət yalnız 5 ildən sonra artıq ödənilmiş verginin geri alınmasına və digər vergi növü ilə əvəz edilməsinə tətbiq edilir. Çünki artıq ödənilən vəsait vergi ödəyicisinin büdcə hesabında vergi ödəyicisinə məxsus olan vəsaitidir.

46. İşdən görünür ki, məhkəmə kollegiyası tərəfindən İddiaçı ASC tərəfindən xx.xx.2013-cü il tarixədək dövlət büdcəsinə artıq ödəmə məbləğinin nə qədər olması, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək məhz həmin illərə görə (o cümlədən, hər il üzrə ayrı-ayrılıqda göstərilməklə) dövlət büdcəsinə artıq ödəmə məbləğinin nə qədər olması və əgər artıq ödəmə olmuşdursa hansı tarixdə və hansı əsaslardan (kameral və səyyar vergi yoxlaması, operativ vergi nəzarəti tədbirləri nəticəsində vergilərin hesablanması, dürüstləşmə və s.) yaranması, vergi ödəyicisi tərəfindən aparılan ödəmələr, vergi orqanı tərəfindən aparılan hesablamalar və azalmalar barədə ətraflı məlumatın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir.

47. Həmin sorğuya əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli **********497200 nömrəli məktubla İddiaçı ASC-nin xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək tələb edilən məlumatları cədvəl şəklində məhkəməyə göndərilmişdir.

48. Həmin cədvəldən görünür ki, İddiaçı ASC-nin xx.xx.2013-cü il tarixədək tələb etmə müddəti bitməyən artıq ödəmə məbləği 2.947.089,92 manat olmuşdur. xx.xx.2013xx.xx.2013-cü il tarixədək dövrdə 3.047.437,60 manat, 2014-cü ildə 2.592.184,80 manat, 2015-ci ildə 2.411.298,79 manat, 2016-cı ildə 2.066.794,15 manat, 2017-ci ildə 2.134.365,55 manat, 2018-ci ildə 1.219.793,39 manat, 2019-cu ildə 773.104,30 manat, 2020-ci ildə 536.130,31 manat, 2021-ci ildə isə 449.227,01 manat tələb etmə müddəti bitməyən artıq ödəmələri mövcud olmuşdur.

49. Cədvəldən həmçinin görünür ki, 2018-ci il tarixə artıq ödəmənin məbləği 1.869.592,92 manat olmuş, həmin məbləğdən 649.799,53 manatın tələb etmə müddəti ötmüşdür. 2019-2021-ci illər üçün isə artıq ödəmənin 35.342,82 manat və 40 manat olduğu göstərilmişdir.

50. Ekspert rəylərinə əsasən xx.xx.2013-cü il tarixədək olan tələb etmə müddəti ötən artıq ödəmənin və həmin tarixdən sonrakı dövr ərzində yaranan artıq ödəmənin məbləğlərinin müəyyən olunması mümkün olmadığından, məhkəmə kollegiyası vergi orqanının təqdim etdiyi göstərilən cədvəldəki məlumatları əsas götürür və hesab edir ki, iddiaçının cavabdeh inzibati orqana artıq ödəmənin qaytarılması barədə ilkin olaraq müraciəti xx.xx.2018-ci il tarixdə olduğundan, iddia tələbi həmin tarixdə mövcud olmuş tələb etmə müddəti ötməyən 1.219.793,39 manat artıq ödəmənin və sonradan yaranmış 35.382,82 manat (35.342,82+40) artıq ödəmənin, cəmi 1.255.176,21 manat artıq ödəmənin qaytarılması hissəsində əsaslıdır.

51. Göstərilənlərə və sadalanan qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və iş üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-1376/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən artıq ödənilmiş 1.255.176,21 manatın geri qaytarılması barədə rəy verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 (altı yüz) manatın 300 (üç yüz) manatı iddiaçıdan, 300 (üç yüz) manatı isə cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-1376/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən artıq ödənilmiş 1.255.176,21 manatın geri qaytarılması barədə rəy verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 (altı yüz) manatın 300 (üç yüz) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 300 (üç yüz) manatı isə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar