Məhkəmə qərarları › İş №2-1(105)-40/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-40/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-40/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2-1(118)-616/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh 23 oktyabr 2019-cu il tarixli, **********21 saylı məktubla iddiaçıya imtina cavabı verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1 bəndinə əsasən, qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı yalnız əmək kitabçası əsasında müəyyən edildiyindən həmin dövrlərin əmək stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Həmçinin, 2019-cu ilin yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.1-ci maddəsinə əsasən bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 01.01.2006-cı ilədək olan sığorta stajı 25 il hesablanır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından bu Qanunun 22-1.2.1-ci maddəsi ona şamil edilmir. Verilən cavab ilə razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq, onun 1972-ci ildən 25.10.1974-cü ilə kimi “xxxx” ASC-də, 19.11.1974-cü ildən 06.12.1976-cı ilə kimi həqiqi hərbi xidmətdə olmağı, 12.01.1977-ci ildən 20.08.1980-ci ilə kimi “xxxx” ASC-də təmirçi çilingər, 23.01.1981-ci ildən 20.12.1993-cü ilə kimi Abşeron X1 üzümçülük sovxozunun 5 saylı briqadada fəhlə vəzifəsində, 03.01.1994-cü il tarixdən 04.06.1998-ci il tarixədək “xxxx” ASC-də işlədiyi dövrün sosial sığorta stajı kimi təsdiq edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Ağdam şəhərində anadan olmuş, Əmək fəaliyyətinə 1970-ci ildə indiki “xxxx” ASC-də başlamış və 25.10.1974-cü il tarixədək həmin müəssisədə işləmişdir. 19.11.1974-cü il tarixdən 06.12.1976-cı il tarixədək həqiqi hərbi xidmət keçmiş, hərbi xidmətdən qayıdaraq elə həmin müəssisədə 12.11.1977-ci il tarixdən 20.08.1980-ci ilə kimi təmirçi-çilingər işləmişdir. Bu barədə də “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 saylı Təmir-Tikinti- Quraşdırma İdarəsinin təqdim etdiyi 16 saylı 27.05.2019-cu il tarixli arayış mövcuddur. 23.01.1981-ci ildə 17 №li əmrlə Abşeron X1 üzümçülük sovxozunun 5 №li briqadada fəhlə vəzifəsinə işə qəbul olunmuş və 20.12.1993-cü ilə kimi həmin yerdə işləmişdir. Bu barədə Abşeron rayon Dövlət Arxivinin təqdim etdiyi 15.05.2019-cu il tarixli F-620 №li arayış mövcuddur. Bundan başqa 03.01.1994-cü il tarixdən 04.06.1998-ci il tarixədək “xxxx” ASC-də işləmiş və bu barədə “xxxx” ASC-nin 15.05.2019-cu il tarixli 05-K №li arayışı var. Ona məxsus əmək kitabçasını itirmişdir. Cəhd etsə də əmək kitabçasını bərpa etdirməyə müvəffəq ola bilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2-1(118)-616/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Abşeron rayon Dövlət Arxivinin təqdim etdiyi 15.05.2019-cu il tarixli F-620 №-li arayışında, “Azmənzilsənayetikintitəmir” Birliyinin 1№li Təmir-Tikinti-Quraşdırma İdarəsinin 54№li 08.06.2020-ci il tarixli arayışında, “xxxx” ASC tərəfindən verilmiş 05-12 nömrəli, 15.05.2019-cu il tarixli arayışında və hərbi xidmət keçdiyi müddətləri sosial sığorta stajına daxil edilərək ona 01.06.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.(hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2-1(118)-616/2020 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2-1(105)-376/2020 saylı qərardadı ilə cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini iddiaya imtina ilə eyni məzmunda əsaslandırmış, Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2-1(118)-616/2020 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apelyasiya şikayətinin rədd edilməsi, eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 04.01.1972-ci ildən 28.11.1974-cü ilə, 12.01.1977-ci ildən 20.08.1980-ci ilə kimi 8 saylı Təmir Tikinti İdarəsində, 23.01.1981-ci ildən 20.12.1993-cü ilə kimi Abşeron X1 üzümçülük sovxozunun 5 saylı briqadasında, 03.01.1994-cü il tarixdən 04.06.1998-ci il tarixədək “xxxx” ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin hallarından görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən edilmiş (64) yaş həddinə çatmış, 25 ildən artıq sığorta stajı olduğunu nəzərə alaraq pensiyanın təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının işlədiyi müddətin əmək kitabçasında qeyd edilmədiyini, eləcə də, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığını əsas tutaraq, iddiaçıya pensiyanın təyinindən imtina edilmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin (TTQİ) 8 saylı 12 aprel 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 04.01.1972-ci ildən 28.11.1974-cü ilə kimi işləmiş, 29.11.1974-cü ildən 06.12.1976-cı ilə qədər hərbi xidmətdə olmuş və 12.01.1977ci ildən 20.08.1980-ci il tarixədək 8 saylı Təmir Tikinti İdarəsində çilingər-quraşdırıcı vəzifəsində işləmişdir. 8 saylı Təmir Tikinti İdarəsi 21.12.1990-cı il tarixdən “Azmənzilsənayetikintitəmir” Birliyinə birləşmişdir və 1 saylı TTQİ adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarının 15 may 2019-cu il tarixli, 05-K saylı arayışından görünür ki, İddiaçı həqiqətən 03.01.1994-cü il tarixdən 04.06.1998-ci il tarixədək “xxxx” Dövlət Şirkətinin 518 saylı Tikinti Quraşdırma Qatarında qaynaqçı işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 saylı 16.07.1998-ci il tarixli sərəncamı ilə “xxxx” Dövlət Şirkəti “xxxx” X6 Cəmiyyətinə çevrilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin 15 may 2019-cu il tarixli, F-620 saylı arxiv arayışından görünür ki, Abşeron X1 üzümçülük sovxozu direktorunun 23 yanvar 1981-ci il tarixli 17 saylı əmri ilə İddiaçı sovxozun 5 saylı briqadasına fəhlə qəbul edilmişdir. Saray üzümçülük sovxozu direktorunun 20 dekabr 1993-cü il tarixli 86 saylı əmri ilə işdən azad edilmişdir. Beləliklə işin mübahisə edilən məqamı yuxarıda qeyd edilən arayışlarda göstərilən dövrlərin sığorta stajına daxil edilməsidir. Zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “b” və “q” bəndlərinə görə iş yerindən verilmiş və arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Eləcə də, 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə iş yerindən verilmiş və arxiv idarəsinin arayışı işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin (TTQİ) 8 saylı 12 aprel 2021-ci il tarixli, “xxxx” ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarının 15 may 2019-cu il tarixli, 05-K saylı və Abşeron rayon Dövlət Arxivinin 15 may 2019-cu il tarixli, F-620 nömrəli arayışında göstərilən illərin iddiaçının sığorta stajı kimi nəzərə alınmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyasında işin halları araşdırılarkən cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi “xxxx” ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarının 15 may 2019-cu il tarixli, 05-K saylı və Abşeron rayon Dövlət Arxivinin 15 may 2019-cu il tarixli, F- 620 nömrəli arayışında qeyd edilən illərdə iddiaçının həqiqətən də işləməsinin mötəbərliyini mübahisələndirməsə də, 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsi tərəfindəen verilmiş arayışlardakı məlumatlarda ziddiyyətlər olduğundan, yazılı vəsatət təqdim edərək, iddiaçının həmin müəssisədəki əmək fəaliyyəti ilə bağlı sənədlərin tələb edilərək baxış keçirilməsini xahiş etmişdir. Odur ki, kollegiya tərəfindən “Azmənzilsənayetikintitəmir Birliyi”nin tərkibində 1 saylı xxxx Quraşdırma İdarəsinə sorğu verilərək işin hərtərəfli, tam və obyektiv araşdırmanın aparılması məqsədilə “Azmənzilsənayetikintitəmir Birliyi”nin tərkibində 1 saylı xxxx Quraşdırma İdarəsinin 1970 və 1980-ci illər üzrə əmrlər kitabının əslinin məhkəmə kollegiyasına təqdim edilməsi, eyni zamanda iddiaçının işlədiyi illər üzrə ödənilmiş əmək haqqı cədvəllərindən çıxarışın və digər sənədlərin əsli tələb edilmişdir. Təqdim edilmiş sənədlərə tərəflərin iştirakı ilə kollegiyanın iclasında baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: 1) 8 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 1972-ci il üzrə əmək haqqının ödənilməsinə dair cədvələ əsasən, iddiaçı çilingər vəzifəsində işləmiş və 1972-ci ilin yanvar ayından etibarən ilin sonuna kimi hər ay əmək haqqı almışdır. 2) Analoji qaydada 1973-ci il üzrə əmək haqqının ödənilməsinə dair cədvəldən görünür ki, iddiaçı 1973-cü il ilin yanvar ayından etibarən ilin sonuna kimi həmin idarədə işləmiş və hər ay əmək haqqı almışdır. 3) 1974-cü ilə aid əmək haqqı cədvəlini arxivdə aşkar etmək mümkün olmasa da, 8 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin ixtisas komissiyasının 5 saylı, 28 noyabr 1974-cü il tarixli protokolundan görünür ki, həmin dövrdə idarədə 3-cü dərəcəli montajçı çilingər işləyən İddiaçı 4-cü dərəcəni almaq məqsədilə keçirilmiş imtahanda iştirak etmiş, verilən suallara müsbət cavab vermişdir. Lakin işdən də göründüyü kimi hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edildiyindən, yeni dərəcə verilən işçilərin siyahısında iddiaçının adı qeyd edilməmişdir. 4) 1977, 1978 və 1979-cu illərə əmək haqqının ödənilməsinə dair cədvəllərdən də, iddiaçının həqiqətən də, 8 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin işləməsi və aybaay əmək haqqı alması sübuta yetirilmişdir. 5) 1980-ci il üzrə əmək haqqının ödənilməsinə dair cədvəldən isə görünür ki, iddiaçı 1980-ci il ilin yanvar ayından avqust ayına kimi işləmiş və əmək haqqı almış, avqust ayından sonrakı qrafalarda işdən azad edilməsinə dair qeyd aparılmışdır. Beləliklə, iddiaçının 04.01.1972-ci ildən 28.11.1974-cü ilə kimi, 12.01.1977-ci ildən 20.08.1980-ci il tarixədək 8 saylı Təmir Tikinti İdarəsində çilingər-quraşdırıcı vəzifəsində işləməsi iş yerindən verilmiş arayışla yanaşı, müəssisənin arxivində saxlanılan və kollegiya tərəfindən baxış keçirilən sənədlərlə tam olaraq sübuta yetirilmişdir. Qeyd edilən illərin əmək kitabçası ilə təsdiq olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. İşdə olan hərbi biletin surətindən görünür ki, iddiaçı 29.11.1974-06.12.1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə, müəyyən edildi ki, iddiaçı 8 saylı Təmir Tikinti İdarəsində 06 il 06 ay, Saray Üzümçülük sovxozunda 12 il 11 ay, “xxxx” ASC-də 4 il 05 ay işləmişdir. Beləliklə də, iddiaçının hərbi xidmətdə olduğu və işlədiyi illəri cəmlədikdə iddiaçının (06 il 06 ay +12 il 11 ay+4 il 05 ay+02 il=25 il 10 ay) ildən çox sığorta stajı yaranmış olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, ona yaşa görə pensiya təyini üçün 25 ildən artıq sosial sığorta stajına malik olduğundan, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə nəzərə alınmaqla Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2-1(118)-616/2020 saylı qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2-1(118)-616/2020 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 04.01.1972-ci ildən 28.11.1974-cü ilə və 12.01.1977-ci ildən 20.08.1980-ci ilə kimi 8 saylı Təmir Tikinti İdarəsində, 23.01.1981-ci ildən 20.12.1993-cü ilə kimi Abşeron X1 Üzümçülük sovxozunun 5 saylı briqadasında, 03.01.1994-cü il tarixdən 04.06.1998-ci il tarixədək “xxxx” ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, iddiaçıya 64 yaşı tamam olduğu , yəni 01.06.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar