Məhkəmə qərarları › İş №2-1(105)-40/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-40/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-40/2022 27.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı açar sözlər: yaşa görə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı “1992-2004-cü illərdə AR Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində işlədiyi iş dövrlərinin sosial sığorta stajı hesab edilərək 65 yaşı tamam olan tarixdən yəni, 18 dekabr 2020-ci ildən yaşa görə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(118)-684/2021 saylı qərarından İddiaçı verdiyi apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “1992-2004-cü illərdə AR Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində işlədiyi iş dövrlərinin sosial sığorta stajı hesab edilərək 65 yaşı tamam olan tarixdən yəni, 18 dekabr 2020-ci ildən yaşa görə əmək pensiyası verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə kollegiyasının qərardadına əsasən Azərbaycan Respublikası ƏƏSMNnin tabeliyində DSMF-nin Abşeron-Xızı regional filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının prosessual hüquq varisi kimi cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

İddiaçının əsaslandırması:

3. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1955-ci ildə anadan olmuş, 01.09.1973-31.07.1977-ci illərdə Sumqayıt Politexnik Texnikomunda təhsil almış, 12.11.1974-16.06.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 28 iyul 1975ci ildə Sumqayıt 1 saylı İEM-də başlamış, 03.12.1977-06.03.1978-ci illərdə Sumqayıt Kauçuk Sintez zavodunda, 06.05.1978 - 04.05.1981-ci illərdə Sumqayıt şəhər Daxili İşlər İdarəsinin Müəssisədənkənar Mühafizə İdarəsində və daha sonralar 17 saylı Texniki Peşə Məktəbində, 2 saylı Trestin 21 saylı Tikinti İdarəsində, sonra isə 02.01.2004-cü il tarixinə qədər 24 saylı Tikinti İdarəsində işləmişdir. Ümumi iş stajı 31 ildir. 65 yaşı tamam olan tarixdə, yəni 18 dekabr 2020-ci ildə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini AR-nın ƏƏSMN-i yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə təqdim etmiş, lakin cavabdeh ayrı-ayrı vaxtlarda 3 dəfə müraciətindən imtina etmişdir. 09.07.2020-ci ildə **********3 saylı imtina məktubunda cavabdeh bildirmişdir ki, “əmək pensiyası təyini üçün tələb olunan 25 il sosial sığorta stajınıza qarşı 24 il 04 ay sığorta stajı və tələb olunan sığorta kapitalınız 28800,00 manata qarşı fərdi hesabınızda 18037,19 manat olması səbəbindən müraciətinə imtina edilmişdir”. İkinci imtina 27.09.2020-ci ildə **********2 saylı cavabda göstərilir ki, “təqdim edilmiş əmək kitabçasında 1992-2004-cü illərin yoxlanması zəruriliyi yaranmış, sorğuya cavab gəldikdən sonra hüququnuza yenidən baxılacaqdır”. Üçüncü imtina 18.01.2021-ci ildə **********8 saylı imtina məktubunda isə göstərilir ki, “Sizin 25 il sığorta stajınıza qarşı, 11 il 11 ay sığorta stajınız olduğundan pensiya təyini qanuna ziddir. Həmçinin bildirilir ki, 21.01.1987-ci il tarixdən 02.01.2004-cü il tarixədək əmək kitabçasında qeyd olunan sığorta stajının yoxlanması mümkün olmamışdır”. Beləliklə cavabdeh bir-birinə zidd olan imtina məktubları ilə ona yaşa görə əmək pensiyasına çıxmağına əsassız olaraq imkan verməmişdir. Cavabdehin imtinasını aşağıda qeyd edilənlərə görə əsassız hesab edir. Belə ki, yuxarıda qeyd etdiyi kimi onun 31 il əmək stajı var və bunu ona məxsus ИT-İ № ******* və ИT-İ № ******* saylı əmək kitabçaları təsdiq edir. 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanuna görə vətəndaşların təhsil dövrü (peşə məktəbi, texnikom, institut və s.) is stajı hesab edilir. Həmçinin AR-sı Dövlət Arxivinin Sumqayıt Filialının 22.10.2020-ci il tarixli 508 saylı arxiv arayışı ilə təsdiq edilir ki, o, 01.08.1973-cü il tarixli əmrlə Texnikoma qəbul edilmiş və 31.07.1977-ci ildə həmin məktəbi bitirmişdir. Ona məxsus H3 № ******* saylı hərbi biletə görə 12.11.1974-16.06.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Cavabdehin imtina məktubunda qeyd etdiyi illərdə, yəni 1992-2004-cü illərdə o, Sumqayıt şəhərində fəaliyyət göstərən AR-nın Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində (suvaqçı-rəngsaz, üzləyici) işləmişdir. İşlədiyi 24 saylı Tikinti İdarəsi dövlət müəssisəsi kimi fəaliyyət göstərmişdir. AR ƏM-nin 87.1-ci maddəsinə görə “İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab olunur”. “Əmək pensiyaları haqqında ” qanuna əsasən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 3.1.1-ci bəndinə görə “Əmək pensiyaları haqqında” qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin qaydaların 4.2.7-ci bəndinə görə “Pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01.01.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanmasını həyata keçirir”. Qaydaların qeyd olunan bəndi yalnız qeyri-dövlət müəssisələrində çalışanlara şamil edilməlidir. O, isə yuxarıda qeyd edildiyi kimi dövlət müəssisəsində işləmiş və bütün iş stajı dövlət müəssisələrinə aiddir. Hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə görə “65 yaşına çatmış kişilərin və 62 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır”. Beləliklə, qanunun tələbinə görə onun 01.01.2006-cı il tarixinə qədər 25 ildən artıq sosial sığorta stajını olduğuna görə əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinin 2-ci hissəsinə görə 65 yaşı tamam olan tarixdə yaşa görə əmək pensiyası hüququ vardır.

Cavabdehin etirazları:

4. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı inzibati icraatı apardıqdan sonra, iddiaçının 1992-2004-cü illərdə işlədiyini iddia etdiyi müəssisələrlə bağlı arxiv sənədlərinin qarşılıqlı yoxlamasının, yəni iddiaçının işə girmə və çıxma əmrlərinin əmək kitabçasındakı qeydlərlə uyğunluğunun, iddiaçının əmək haqqı alıb-almaması və iddiaçının həmin müəssisələrdə faktiki işləyib-işləməməsi barədə məlumatların yoxlanılmasının mümkün olmaması səbəbindən, onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra, İddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında həmin illərə dair qeydlərin əmək kitabçasında mövcud olduğu üçün, sosial sığorta stajına əlavə edilməsini əsaslandırır. Hesab edirlər ki, iddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə müvafiq olaraq 08.06.2020-ci ildə yaranmış olsa da, 01.06.2006-cı ilə qədər işlədiyi dövrün öz təsdiqini tapması üçün əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları da mövcud olmalıdır. Lakin inzibati icraat zamanı iddiaçının işlədiyini iddia etdiyi müəssisələrlə bağlı araşdırma aparılmış və müvafiq sənədlərin qarşılıqlı yoxlamasını həyata keçirmək mümkün olmamışdır. Hazırkı məhkəmə araşdırması zamanı iddiaçının işlədiyini iddia etdiyi müəssisələrlə bağlı əlavə sorğular verilmiş və həmin sorğular cavablandırıldıqdan sonra, etiraza əlavə məhkəməyə təqdim olunacaq. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(118)-684/2021 saylı qərarı ilə (hakim İ.R.Quliyev) iddianın rədd edilməsi qərara alınmışdır.

6. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(118)-684/2021 saylı qərarının ləğv edilməklə onun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı 1992-2004-cü illərdə Azərbaycan Respublikası Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində işlədiyi iş dövrlərinin sosial sığorta stajı hesab edilərək 65 yaşı tamam olan tarixdən, yəni 18.12.2020-ci ildən yaşa görə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələblərinin tam təmin edilməsi barədə yeni məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

7. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuş, 1992-2004-cü illərdə Azərbaycan Respublikası Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində fəhlə işləmiş və bu əmək kitabçası, arxiv məktubu, şahid Telman Əliyevin ərizəsi və sair sübutlarla tam sübuta yetirilir. Əmək pensiyası almaqla əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, ərizəsi rədd olunmaqla ona bildirilmişdir ki, tələb olunan ümumi iş stajınız olmadığına görə yaşa görə əmək pensiyası hüququ yoxdur, əmək pensiyası təyin edilməsi qanuna ziddir. Məhkəmənin qərarını ona görə əsassız hesab edir ki, əmək kitabçası var, həmçinin işləməsini təsdiq edən sənədləri, qanuni qüvvədə olan sənədləri və sairə rəsmi sənədləri məhkəməyə təqdim etmişdir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz təqdim edilərək göstərilmişdir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə düzgün araşdırma aparmış və hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununu 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1.Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa əsasən müəyyən olunur. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, şəxsin 01.01.2006-cı ilə qədər işlədiyi dövrün öz təsdiqini tapması üçün əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları da mövcud olmalıdır. Bundan əlavə olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinə görə, Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci - nissələrinə müvafiq olaraq hesablanır. Lakin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 22 aprel 2021-ci il tarixli 52 nömrəli məktubunda bildirilir ki, Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt Filialına təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 22 aprel 2021-ci il tarixli 52 nömrəli məktubunda bildirilir ki, Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsinin hüquqi varisi olan “Sumqayıt Tikinti Quraşdırma ASC”nin də arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt Filialına təhvil verilməmişdir. Məhkəmə araşdırması zamanı müəssisənin keçmiş mühasibi vəzifəsində işləyən şahid olaraq dindirilən X3 ifadəsində bildirmişdir ki, o, İddiaçı şəxsən tanıyır, müəssisənin 1991-ci ilə qədər olan sənədləri Dövlət Arxivinə təhvil verilsə də, 1991-ci ildən sonra heç bir sənəd Dövlət Arxivinə mühafizə üçün verilməmişdir. Həmçinin, 2014-cü ildən sonra müəssisənin bütün sənədləri məhv olmuşdur. Şahid ifadələrindən də müəyyən olunur ki, müəssisənin keçmiş mühasibi ilə İddiaçı arasında şəxsi münasibətlər mövcuddur və bu əmək kitabçasındakı qeydlərin etibarlılığına əsaslı şübhə yaradan haldır. Əlavə olaraq, müəssisənin heç bir arxiv sənədinin mövcud olmaması səbəbindən, iddiaçının həmin müəssisədə işləyib əmək haqqı alması, həmin əmək haqqından sosial sığorta haqları ödəməsi faktlarını müəyyən etmək mümkün olmamışdır. c) məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətində qeyd edilən hüquqi mövqeyini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməklə 18 dekabr 2020-ci ildən yaşa görə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini, cavabdehin ayrı-ayrı vaxtlarda 3 dəfə müraciətindən imtina etməsinin əsassız olmasını, birinci instansiya məhkəməsi də əsassız olaraq işlədiyi müddətlərin nəzərə almayaraq iddia tələbini təmin etmədiyindən qərarın ləğv edilməsini, əmək kitabçasında olan qeydlərin nəzərə alınaraq iddia tələbinin təmin olunması barədə apellyasiya şikayətinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı inzibati icraatı apardıqdan sonra, iddiaçının 1992-2004-cü illərdə işlədiyini iddia etdiyi müəssisələrlə bağlı arxiv sənədlərinin qarşılıqlı yoxlamasının, yəni iddiaçının işə girmə və çıxma əmrlərinin əmək kitabçasındakı qeydlərlə uyğunluğunun, iddiaçının əmək haqqı alıb-almaması və iddiaçının həmin müəssisələrdə faktiki işləyib-işləməməsi barədə məlumatların yoxlanılmasının mümkün olmaması səbəbindən, onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra, İddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında həmin illərə dair qeydlərin əmək kitabçasında mövcud olduğu üçün, sosial sığorta stajına əlavə edilməsini əsaslandırır. İddiaçının əmək kitabçasında qeyd edilən 1992-2004-cü illərdə işlədiyini iddia etdiyi müəssisələrlə bağlı sorğular edilmiş, hər hansı arxiv sənədləri müəyyən edilməmişdir. Sovet İttifaqı dağıldıqdan sonra möhürlər əllərə keçmişdir. Belə ki, müəssisənin keçmiş mühasibi ilə iddiaçı arasında şəxsi münasibətlər mövcuddur və həmin şəxsi münasibətlər əmək kitabçasındakı qeydlərə əsaslı şübhələrə yaradır. Qarşılıqlı yoxlama keçirilməsi barədə filiala sorğu göndərilmiş, həmçinin telefon vasitəsi ilə də əlaqə saxlanılmışdır. Filialın əməkdaşı "xxxx" ASC-də əvvəllər işləmiş mühasiblə əlaqə saxlanıldığını bildirmiş, lakin mühasibin bildirməsinə görə 2014-cü ildən sonra müəssisənin sənədləri yandırılıb, ona görə də heç bir sənəd müəyyən edə bilməmişlər. Həmçinin filialın əməkdaşı ona bildirmişdir ki, müəssisə hal hazırda fəaliyyət göstərmir. Bu barədə filiala göndərilən xidməti məktub və filial tərəfindən verilən sorğuya cavab məktubu məhkəmə kollegiyasına təqdim edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

Tədbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

12. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

13. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

14. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

19. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

20. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

21. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

22. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

23. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

24. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

25. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

26. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

27. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

28. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

29. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 149, Vİİ bənd. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

30. “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. (-).

3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir Maddə. 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. (-). Maddə 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Maddə. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Maddə 4.1.3. Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. (-). Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

32. 2006-cı ilədək qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti;... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”-”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

34. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixlı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə kecirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.3. Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hazırkı qərarın 11-23-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

36. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi İddiaçı aid arxiv sənədlərindən və ona məxsus əmək kitabçasında qeyd olunan məlumatlara əsasən sonuncu 01.09.1973-cü il tarixdən 20.03.1977-ci il tarixədək Sumqayıt Politexnik Texnikomunda oxumuş və həmin müddət daxilində 12.11.1974-dən 16.06.1975-ci ilədək hərbi xidmətdə olmuş (3 il 6 ay 20 gün), 25.04.1977-ci ildən 19.09.1977-ci il tarixədək (4 ay 25 gün), 03.12.1977-ci il tarixdən 06.03.1978-ci il tarixədək (3 ay 03 gün), 01.02.1978ci ildən 13.01.1987-ci il tarixədək (8 il 11 ay 13 gün), 21.01.1987-ci ildən 02.01.2004-cü il tarixədək (16 il 11 ay 11 gün) əmək fəaliyyəti olmuş və bunlar ümumilkdə 30 il 01 ay 12 gün (3 il 6 ay 20 gün + 4 ay 25 gün + 3 ay 03 gün + 8 il 11 ay 13 gün + 16 il 11 ay 11 gün = 30 il 01 ay 12 gün) təşkil edir. - İşdə olan 01.09.2020-ci il və 22.10.2020-ci il tarixli Dövlət Arxivinin Sumqayıt filialının arayışlarından görünür ki, İddiaçı Sumqayıt Politexnik Texnikomunda təhsil alması eyni zamanda 12.11.1974-cü ildən 16.06.1975-ci ilədək həqiqi hərbi xidmətdə olduqdan sonra texnikomda təhsilini davam etdirməsi əmrlər və hərbi biletindəki qeydlərlə təsdiq edilir(i.v.8-12, 82).

37. Məhkəmə kollegiyasının iclasında o da müəyyən olundu ki, iddiaçının adına tərtib edilmiş iki əmək kitabçası onunla bağlı olmuşdur ki, İddiaçı texnikomda oxuyan zaman 28.07.1975-ci ildən 26.02.1976-cı il (ИT-İ № ******* saylı əmək kitabçası) tarixinədək, həmçinin 01.02.1978-ci il tarixdən əsas iş yeri olan 17 saylı orta texniki peşə məktəbində işləməklə 06.05.1978-ci il tarixdən 14.03.1980-cı il tarixədək və 01.04.1980-cı il tarixdən 04.05.1981-ci il tarixlərinədək (ИT-İ № ******* saylı əmək kitabçasındakı qeydlərə əsasən) gecə növbəsinə aid işlərdə işləmişdir. Ona görə də ikinci iş yeri kimi gecə növbəsinə aid olan həmin müddətlər iddiaçının sığorta stajına nəzərə alınmır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçalarında işlədiyi illərin cəmi olan 30 il 01 ay 12 gün, əmək fəaliyyətinə başlamaya qədər təhsil aldığı texnikomdakı təhsil müddəti, həmçinin hərbi xidmət ili ilə birlikdə 25 ildən artıq təşkil etdiyindən iddiaçının hazırkı qərarın 7-ci bəndində öz əksini tapan apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməli, cavabdehin etirazında əks olunan yanaşmanı isə aşağıda göstərilənlərə əsasən kollegiya əsassız hesab edir.

39. Belə ki, cavabdeh imtinasında İddiaçı məxsus əmək kitabçasında 1992-2004-cü illərin qarşılıqlı yoxlanılmasının mümkün olmamasını onunla əsaslandırmışdır ki, Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsinin arxiv sənədləri, həmçinin Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsinin hüquqi varisi olan “Sumqayıt Tikinti Quraşdırma ASC-nin” də arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmişdir.

40. Kollegiya qeyd edir ki, İddiaçı məxsus ИT-İ № ******* saylı əmək kitabçasının 8-9cu səhifələrində olan qeydlərdən görünür ki: - Sıra nömrəsi 13. 02.01.1989-cu il tarixdə Tikinti Nazirliyinin 2 saylı Trestinin 21 saylı Tikinti İdarəsindən həmin Trestin 24 saylı Tikinti İdarəsinə köçürülməsilə bağlı işdən azad edilmişdir. - Sıra nömrəsi 14. Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsi. 02.01.1989-cu ildən Tikinti Nazirliyinin 2 saylı Trestinin 21 saylı Tikinti İdarəsindən köçürüldüyündən 4-cü dərəcəli rəngsaz-suvaqçı kimi işə qəbul edilsin. ИT-İ № ******* saylı əmək kitabçasının 9-10-cu səhifələrdəki qeydlərdə: - iddiaçıya ixtisas və dərəcə verilməsi, həmçinin 24 saylı Tikinti İdarəsinin adının dəyişdirilərək 01.01.1996-cı ildən Sumqayıt “Sənayekommunaltikinti” birliyinin 1 saylı filialı kimi fəaliyyət göstəmiş, daha sonra 06.07.2000-ci ildən isə “Sumqayıt Tikinti Quraşdırma- 2 ASC-i kimi adlanması və 02.01.2004-cü ildə iddiaçının işdən azad olunması barədə qeydlər öz əksini tapmışdır.

41. İş materialında olan, birinci instansiya məhkəməsinin 02.04.2021-ci il tarixli sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 19.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" ASC-i 26.07.2000-ci ildə dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicilərinin uşot-baza məlumatlarına əsasən cəmiyyətin fəaliyyəti 29.05.2012-ci il tarixdən 01.06.2012-ci il tarixədək, 02.06.2012-ci il tarixdən 01.07.2012-ci il tarixədək, 24.05.2013-cü il tarixdən 01.06.2013-cü il tarixədək, 11.09.2013-cü il tarixdən 10.09.2015-ci il tarixədək, 23.11.2018-ci il tarixdən 23.11.2019-cu il tarixədək və 27.12.2019-cu il tarixdən 27.12.2022-ci il tarixədək dayandırılmışdır(i.v.38-39).

42. Məhkəmə kollegiyasının "xxxx" ASC-yə ünvanladığı 14.10.2021-ci il tarixli sorğuda “İddiaçı əmək kitabçasında qeyd edilən 21.01.1987-ci ildən 02.01.2004-cü il tarixədək olan müddətə dair arxiv sənədlərin surətinin məhkəməyə təqdim edilməsi” istənilmiş və sorğuya alınan 30.11.2021-ci il tarixli cavabdan görünür ki, adı çəkilən müəssisə 2017-ci ildə onlara verilərkən heç bir arxiv sənədləri olmadığından sorğuya cavab verilməsi mümkün deyildir.

43. Məhkəmə kollegiyasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə etdiyi 21.12.2021-ci il tarixli sorğuya alınan 06.01.2022-ci il tarixli cavabdan görünür ki, "xxxx" ASC-i 26.07.2000-ci il tarixində D-3093 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Əlavə olaraq o da bildirilir ki, "xxxx" ASC-i ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Sumqayıt “Sənayekommunaltikinti” birliyinin 1 saylı filialının bazasında yaradılmış və onun hüquqi varisidir.

44. Göründüyü kimi, İddiaçı əmək kitabçasında işlənilmiş qeydlərin həqiqiliyini müəyyən etmək üçün məhkəmə kollegiyası tərəfindən bütün lazımi tədbirlər görülmüş və Dövlət Vergi Xidmətindən alınan cavabdakı qeyd edilənlərlə iddiaçının əmək kitabçasında öz əksini tapan qeydlərin uyğun gəlməsi onu deməyə əsas verir ki, iddiaçı adı çəkilən təşkilatlarda işləməklə əmək kitabçasında aparılan qeydlər həqiqəti əks etdirir.

45. Cavabdeh İdarənin etirazlarında vurğulanan iddiaçının işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi barədə dəlililə əlaqədar kollegiya qeyd edir ki, iddiaçının müraciətinə cavab olaraq DSMF-nin 1 saylı regional ərazi filialının 14.12.2021-ci il tarixli **********8 saylı məktubundan görünür ki, 01.01.1991-ci il tarixdən 02.01.2004-cü il tarixədək olan dövr ərzində Sumqayıt şəhər şöbəsinə təqdim edilmiş 1- DSMF hesabatlarına əsasən sosial sığorta haqlarının ödənişləri məlumatlarına görə 21 saylı Tikinti İdarəsi 1991-1992-ci illərdə, 24 saylı Tikinti İdarəsi 1991-1996-cı illərdə, 2 saylı Trest 1996-1999-cu illərdə, Azərsənayetikinti SC-nin 2 saylı müəssisəsi 1999-2004-cü illərdə məcburi dövlət sosial sığorta haqları əsasən kəsrlərlə ödənilmiş (ödənişlər cədvəldə göstərilir), Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 487 nömrəli Fərmanına uyğun olaraq 2003-cü il 01 noyabr tarixinə olan borc silinmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılan halları ilə müəyyən etdiyi kimi hazırda qüvvədə olan, hazırkı qərarın 29-34-cü bəndlərində istinad edilən qanunvericiliyə əsasən iddiaçıya yaşa görə əmək pensiya təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur ki, həmin sığorta stajı iddiaçının əmək kitabçasında olan hazırkı qərarın 36-cı bəndində istinad edilən hallarla, habelə hazırkı qərarın 40-43-cü bəndlərində istinad edilən rəsmi sənədlərlə əmək kitabçasındakı qeydlərin üst-üstə düşməsilə təsdiq edilir. Yəni, iddiaçı 02.01.1989-cu il tarixədək işlədiyi Tikinti Nazirliyinin 2 saylı Trestinin 21 saylı Tikinti İdarəsindən həmin Trestin 24 saylı Tikinti İdarəsinə köçürülməsilə bağlı işdən azad edilmiş, 02.01.1989-cu ildən Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində işləmiş, sonradan həmin İdarə "xxxx" Dövlət Şirkətinin Sumqayıt “Sənayekommunaltikinti” birliyinin 1 saylı filialı adlandırılmış, daha sonra sonuncu İdarənin bazasında "xxxx" ASC-i yaradılmış və "xxxx" ASC-i ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Sumqayıt “Sənayekommunaltikinti” birliyinin 1 saylı filialının hüquqi varisi olmuşdur. İddiaçı 02.01.2004-cü ildə "xxxx" ASC-dən işdən azad olunmuşdur. Həmçinin, o da müəyyən olunur ki, "xxxx" ASC-i 29.05.2012-ci il tarixədək fəaliyyət göstərmiş, bundan sonrakı tarixlərdə müxtəlif müddətlərdə fəaliyyətini dayandırmışdır. İddiaçının əmək kitabçasında göstərilən qeydlərə dair arxiv sənədlərinin bir-birilə əvəzlənən idarələrdə qorunub saxlanılmaması iddiaçının məsuliyyətinə aid deyildir.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə əldə olunaraq əlaqəli şəkildə tədqiq edilmiş sənədlərə əsasən cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, həmçinin birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmaması səbəbindən apellyasiya şikayətinin əsaslı olması qənaətinə gəlinir və işin yuxarıda qeyd edilən hallarına əsasən bu nəticəyə gəlinir ki, apellyasiya şikayəti təmin edilməklə Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(118)-684/2021 saylı qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(118)-684/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı “1992-2004-cü illərdə AR Tikinti Nazirliyinin 2 saylı Trestinin 24 saylı Tikinti İdarəsində işlədiyi iş dövrlərinin sosial sığorta stajı hesab edilərək 65 yaşı tamam olan tarixdən yəni, 18 dekabr 2020-ci ildən yaşa görə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı 18 dekabr 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının üzərinə qöyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar