Məhkəmə qərarları › İş №2-1(105)-40/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-40/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-40/2023 24.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X13 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)- 174/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 noyabr 1991-ci il tarixli 251 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün Cavabdeh2 ayrılmış və o, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir.

2. Həmin qərara əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 23732 qeydiyyat nömrəli, 229 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

3. Qeydiyyat vəsiqəsi əsasında fərdi yaşayış evi Cavabdeh2 tərəfindən 05 iyul 2002-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı özgəninkiləşdirilmişdir.

4. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 noyabr 1991-ci il tarixli 251 nömrəli qərarına əsasən 0,10 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2009-ci il tarixli, **********38 reyestr nömrəli çıxarışla qeydiyyata alınmışdır.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0,10 torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

6. Cavabdeh daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 05 iyul 2021-ci il tarixli bildirişdə Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Abşeron rayon XDS İK-nın 11 noyabr 1991-ci il tarixli 251 nömrəli qərarı əsasında daşınmaz əmlakın dövlət reyesterində mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyinin aşkar edildiyi göstərilmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş **********38 reyestr nömrəli çıxarışın ləğv olunması və ona sözügedən 0.10 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcmini azaldaraq, Cavabdeh2 adına verilmiş 12 dekabr 2009-cu il tarixli **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi barəsində qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixdə Xırdalan şəhər sakini Cavabdeh2 alğı-satqı müqaviləsi əsasında 1000 m2 torpaq sahəsinin içərisində 1 (bir) otaqlı mənzil almış və müqavilədə ona o dövrün pulu ilə 75.175.000 (yetmiş beş milyon yüz yetmiş beş min) manat pul ödəmiş və həmin vaxt evin və torpağın texniki pasportunu və çıxarışını almışdır. Evə və torpaq sahəsinə yeni çıxarışın alınması üçün 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə məlum olmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il 251 nömrəli qərarı ilə Cavabdeh2 ayrılmış və xx.xx.2009-cu il tarixli **********38 reyestr nömrəli çıxarışla onun adına rəsmiləşdirilmişdir. İddiaçı ailəsilə birlikdə 2002-ci ildən həmin evdə yaşayır və evi, torpaq sahəsini qanuni yolla əldə etmişdir. Lakin cavabdeh təşkilat bunlara əhəmiyyət verməyərək, əslində Cavabdeh2 Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən digər torpaq sahəsinin sözügedən torpaq sahəsi ilə eyniləşdirməklə onun sahibliyində olan torpaq sahəsinin onun adına rəsmiləşdirməklə mülkiyyət hüququnun pozulmasına səbəb olan hüquqi akt qəbul etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi Cavabdeh2 ayrılmışdır. Xırdalan şəhəri, 22ci məhəllədə yerləşən 0,10 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair Cavabdeh2 23732 qeydiyyat nömrəli, 2279 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra həmin qeydiyyat vəsiqəsi əsasında fərdi yaşayış evi Cavabdeh2 tərəfindən 05 iyul 2002-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı özgəninkiləşdirilmişdir. Belə ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarına əsasən 0,10 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2009-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışla qeydiyyata alınmışdır. Bundan sonra xx.xx.2013-cü il tarixli ayrı-ayrı alğı-satqı müqavilələrinə əsasən Cavabdeh2, X1, X8. X16 tərəfindən 0,10 ha torpaq sahəsi ümumilikdə 0,40 ha torpaq sahəsi X9 özgəninkiləşdirilmisdir, X4 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixində sözügedən alğısatqı müqavilələrinə əsasən **********30 reyestr nömrəli 0,40 ha torpaq sahəsinə çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1625/2021 nömrəli qərardadı ilə Cavabdeh2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-174/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilərək, Cavabdeh2 adına verilmiş 12 dekabr 2009-cu il tarixli **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

13. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron ravon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi Cavabdeh2 ayrılmışdır. Xırdalan səhəri, 22-ci məhəllədə yerləşən 0,10 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair Cavabdeh2 oglu 23732 qeydiyyat nömrəli, 2279 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra həmin qeydiyyat vəsiqəsi əsasında fərdi yaşayış evi Cavabdeh2 tərəfindən 05 iyul 2002-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı özgəninkiləşdirilmişdir. Belə ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarına əsasən 0,10 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2009-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışla qeydiyyata alınmışdır. Bundan sonra, xx.xx.2013-cü il tarixli ayrı-ayrı alğı-satqı müqavilələrinə əsasən Cavabdeh2, X2, X15 oglu, X16 tərəfindən 0,10 ha torpaq sahəsi ümumilikdə 0.40 ha torpaq sahəsi halında X9 özgəninkiləşdirilmisdir. X4 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixində sözügedən alğısatqı müqavilələrinə əsasən **********30 reyestr nömrəli 0,40 ha torpaq sahəsinə çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin sözügedən qərarı ilə **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qovulmuşdur, lakin nəzərə alınmamışdır ki, həmin reyestr nömrəli çıxarış artıq mövcud deyil. Torpaq sahəsi yuxarıda adları qeyd olunan şəxslər tərəfindən 0,40 ha şəklində birləşdirilərək X4 mülkiyyətinə özgəninkiləşdirilmişdir. X11 tərəfindən 0,40 ha torpaq sahəsi bölünərək 0,30 ha hissəsi X12 özgəninkiləşdirilmiş (**********481), hazırda X4 mülkiyyətində **********47 reyestr nömrəli çıxarışa əsasən 0,10 ha torpaq sahəsi mövcuddur. Məhkəmə tərəfindən işin halları tam və ətraflı araşdırılmamışdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X19 apellyasiya şikayətinin təmin edilməməsini, məhkəmə kollegiyasının 15 may 2023-cü il tarixli iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.

18. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər Cavabdeh2 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi;

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;

Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (...)

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı:

1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” :

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ...2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; ...2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir.

28. Əvvala, məhkəmə kollegiyası iddia ərizəsinə dəqiqləşmə barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikas İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

29. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

30. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

31. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

32. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir, cavabdehin imtinasının, habelə etirazının və apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarına əsasən 0,10 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2009-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışla qeydiyyata alınmışdır. Bundan sonra xx.xx.2013-cü il tarixli ayrı-ayrı alğı-satqı müqavilələrinə əsasən Cavabdeh2, X1, X8. X16 tərəfindən 0,10 ha torpaq sahəsi ümumilikdə 0,40 ha torpaq sahəsi X9 özgəninkiləşdirilmisdir, X4 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixində sözügedən alğısatqı müqavilələrinə əsasən **********30 reyestr nömrəli 0,40 ha torpaq sahəsinə çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

33. Cavabdehin imtinasının dəlillərinin araşdırılması ilə əlaqədar məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsinin, cavabdeh inzibati orqanın texniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun yerquruluşu üzrə mühəndisi X5 iştirakları ilə mübahisəli torpaq sahəsinə 24 yanvar 2023-cü il tarixdə yerli baxış keçirilmişdir.

34. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini tələb etdiyi torpaq sahəsi ona məxsus fərdi yaşayış evinə aid torpaq sahəsi olmaqla onun koordinatları Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-174/2022 nömrəli qərarı ilə ləğv edilməsi qərara alınmış üçüncü şəxs Cavabdeh2 adına verilmiş çıxarışda əks olunmuş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Belə ki, mütəxəssis tərəfindən müvafiq torpaq sahələrinin döngə nöqtələrinin koordinatları yerində müəyyən edildikdən və müvafiq koordinatlar GPS aparatına daxil edilərək ölçmə işləri aparılarkən qeyd edilən torpaq sahələrinin nə faktiki yerləşməsi ilə, nə də sənəd üzrə koordinatlara əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir.

35. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı 18 aprel 2023cü il tarixli, 3-21-3-32/2-4033/2023 nömrəli məktubda da qeyd edilmişdir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilmiş və a. Cavabdeh2 adına fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli, 251 nömrəli qərarı ilə verilmiş, sonradan 05 iyul 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı özgəninkiləşdirilmiş, 23732 qeydiyyat nömrəli, 2279 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin, b. Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarın əsasən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********99 reyestr nömrəli, 04 may 2010-cu il tarixli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olmuş (halhazırda daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********47 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan) Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin döngə koordinatları yerində müəyyən edilmiş; c. 23732 qeydiyyat nömrəli, 2279 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********99 reyestr nömrəli, 04 may 2010-cu il tarixli çıxarışa əasən Cavabdeh2 mülkiyyətində olmuş (hal-hazırda daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********47 reyestr nömrəli çıxarışa əasən X4 mülkiyyətində olan) Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.10 torpaq sahəsi ilə nə faktiki yerləşməsi ilə, nə də sənəd üzrə koordinatlara əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir.

36. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdehin imtinası qanunazidd və onun hüququnun pozulmasına səbəb olmuşdur.

37. Halbuki, Abşeron ravon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün Cavabdeh2 ayrılmış 0,10 ha torpaq sahəsi, onun mülkiyyətində olan və sonradan xx.xx.2002-ci il tarixdə iddiaçıya satdığı Xırdalan səhəri, 22-ci məhəllədə yerləşən həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə aid olmuşdur. Cavabdeh2 adına torpaq sahəsinə dair verilmiş xx.xx.2009-cu il tarixli **********38 reyestr nömrəsi olan çıxarışda göstərilmiş torpaq sahəsi, iddiaçıya məxsus evin həyətyanı sahəsi kimi göstərilmiş mübahisəli 0.10 ha torpaq sahəsi ilə eyni torpaq sahəsi deyil.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdr. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, həmin fərdi yaşayış evinə dair tərtib edilmiş və təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir. Yerində müayinə zamanı həmin torpaq sahəsinin üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-174/2022 nömrəli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi Cavabdeh1 üzərinə qoyulmalıdır.

40. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-174/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi Cavabdeh1 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar