Məhkəmə qərarları › İş №2-1(105)-40/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-40/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-40/2024 07.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: mənzilə dair paylı mülkiyyət hüququnun qeydiyyata alınması və həmin paya dair çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil üzərində iddiaçının 2/5 (beşdə iki) hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paya dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-286/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilkin iddia ərizəsi və X3 İddiaçı qarşı “əmlak və borc” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə ilkin iddianın qismən təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş "xxxx" MTK tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən və 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzilə dair pay hüquqlarının 3/5 hissədə X3, 2/5 hissədə İddiaçı olmaqla müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə və X3 Mustafayeva Zahid Mustafa oğluna qarşı “əmlak və borc” tələbinə dair qarşılıqlı idda ərizəsinin rədd edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(105)-2404/2020 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2020- ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı R.N.Ağayevanın verdiyi apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2098/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(105)-2404/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MTK ilə X8 arasında bağlanmış 27 may 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən və 47 saylı mənzil "xxxx" MTK tərəfindən X1. "xxxx" MTK-nın möhürü ilə təsdiqlənmiş “Maliyyə arayışı”nın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 5-ci giriş, 6-cı mərtəbə, ümumi sahəsi 54.5 kv.m olan, 1 (bir) otaqlı mənzilin pay dəyəri payçı 29.975 (iyirmi doqquz min doqquz yüz yetmiş beş) manat tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ların təsdiq olunmuş surətlərindən görünür ki, "xxxx" MTK-ya məxsus Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən binada daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmış mənzillər vardır. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 24 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54.5 kv.m təşkil edən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ərizəyə əlavə etdilmiş məhkəmə aktları ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə hər hansı bir öhdəlik qoyulmamış və müvafiq məhkəmə işi üzrə İdarə tərəf qismində işə cəlb edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi xx.xx.2006-cı il tarixdə, 0206-S26-3291 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin xx.xx.2019-cu il tarixli protokoluna əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yenidən təşkil nəticəsində çevrilmişdir və onun hüquqi varisidir. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hal-hazırda fəaliyyəti aktivdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil üzərində X3 3/5 (beşdə üç) hissədə payının, onun isə 2/5 (beşdə iki) hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paylara dair hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil üzərində X3 3/5 hissədə payının, onun 2/5 (beşdə iki) hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paya dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 229/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə onun cavabdeh X5 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə” dair iddiası qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş, "xxxx" MTK tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzilə dair pay hüquqları 3/5 hissədə X3, 2/5 hissədə isə onun olmaqla müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-229/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2404/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2404/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2098/2021 saylı qərarı ilə təmin edilməmişdir. Hal-hazırda Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzilə dair pay hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış verilmir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinizi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin 24 dekabr 2021-ci il tarixli cavab məktubunda o da qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-229/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2404/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2098/2021 saylı qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə hər hansı bir öhdəlik qoyulmamış və müvafiq məhkəmə işi üzrə İdarə tərəf qismində işə cəlb edilməmişdir. Lakin yuxarıda qeyd olunan məhkəmə qərarlarından da görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzillə bağlı pay haqqı tam olaraq ödənilmiş və buna görə də həmin mənzil üzərində X3 3/5 hissədə, iddiaçının isə 2/5 hissədə payı müəyyən edilmişdir. Buna görə də Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, 27 may 2014-cü il tarixli müqavilə ilə cavabdeh tərəfindən alınmış ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil üzərində X3 3/5 hissədə, iddiaçının isə 2/5 hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54.5 kv.m təşkil edən mənzil üzərində X3 5/3(beşdə üç) hissədə və iddiaçının 5/2 (beşdə iki) hissədə paylarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar xx.xx.2021-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54.5 kv.m təşkil edən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ərizəyə əlavə etdilmiş məhkəmə aktları ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə hər hansı bir öhdəlik qoyulmamış və müvafiq məhkəmə işi üzrə İdarə tərəf qismində işə cəlb edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) nəzərdə tutulmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-286/2023 nömrəli qərarı ilə “İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54,5 kv.m təşkil edən mənzil üzərində 2/5 (beşdə iki) hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paya dair hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Sumqayıt İnzibati Məhkəməsinin 1(118)-286/2023 saylı 09 fevral 2023-cü il tarixli qərardadı ilə iddia tələbi müvafiq əmlakın üzərində X3 3/5 hissədə payının daşınma zəmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paya dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın gətirdiyi formal tələblər İddiaçı daşınmaz əmlakda əmələ gəlmiş mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi üçün əsas deyil. Belə ki, işin araşdırılan hallarından məlum olmuşdur ki, qeyd olunan mənzil 27 may 2014-cü il tarixli müqavilə ilə iddiaçının keçmiş həyat yoldaşı X8 tərəfindən birgə nikah dövründə alınmışdır və iş materiallarında olan maliyyə arayışı ilə də görünür ki, mənzilin pay dəyəri payçı X8 tərəfindən tam ödənilmişdir. İddiaçının həmin mənzilə olan 2/5 payını təsdiq edən artıq qüvvəyə minmiş və icraya yönəlmiş məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təşkilatın imtinasında gətirdiyi arqumenti əsassız olur. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilat qanunla ona həvalə edilmiş öhdəliklərin yerinə yetirilməsindən imtina edir. Bu isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54.5 kv.m təşkil edən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayonda tikilmiş yaşayış binasında yerləşən 47 saylı, ümumi sahəsi 54.5 kv.m təşkil edən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə müraciət olunan zaman müvafiq mənzilə dair qanunvericiliklə nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizəyə əlavə etdilmiş məhkəmə aktları ilə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə hər hansı bir öhdəlik qoyulmamış və müvafiq məhkəmə işi üzrə İdarə tərəf qismində işə cəlb edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq mənzilə dair qanunvericiliklə tələb olunan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədən, müvafiq ünvanda texniki inventarlaşdırma işləri aparılmadan, həmin mənzilin 2/5 hissədə payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paya dair hüquqların dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı qərar qəbul edilməsi, maddi və prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozulmuş, sözügedən qərar tam və düzgün əsaslandırılmamış və nəticədə hər hansı mötəbər sübut olmadan qanunsuz olaraq iddiaçının tələblərinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi idarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən mənzil sahəsi bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyrimötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X8 izahat verərək, öz izahatında onun da istədiyinin məhz mənzilə dair çıxarışın alınması olduğunu, mənzilin bir hissəsinə dair çıxarış verilməsinin mümkün olmadığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);.... Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. Maddə 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi mənzil üzərində iddiaçının 2/5 (beşdə iki) hissədə payına dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin paya dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, məhkəmə aktı ilə bağlı mülki iş üzrə onlar tərəf olmamış,qanunvericilikdə dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2020ci il tarixli, 2(060)-229/2020 saylı qətnaməsi ilə sözügedən mənzil üzərində iddiaçının 2/5 hissədə, üçüncü şəxsin 3/5 hissədə pay hüquqları müəyyən edilmiş, həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. İş materiallarından görünür ki, "xxxx" MTK tərəfindən iddiaçıya həmin mənzilə dair ikinci hüquqi sənəd verməklə bağlı hüquqlarının olmaması bildirilmişdir. İş materiallarından görünür ki, "xxxx" MTK ilə üçüncü şəxs X8 arasında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən MTK tərəfindən müvafiq ünvanda yerləşən bir otaqlı ümumi sahəsi 54,5 kv.m olan mənzilin tikilib ona təhvil verilməsini, X8 tərəfindən isə mənzilin haqqının (29975 manat) ödənilməsi öhdəliyi götürülmüşdür. Həmçinin, iş materiallarında olan maliyyə arayışının məzmunundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur, bu binanın 5-ci giriş, 6-cı mərtəbəsində ümumi sahəsi 54,5 kv.m olan 1 otaqlı mənzilin pay dəyəri payçı X8 tərəfindən tam ödənilmişdir,MTK-ya borcu yoxdur. Həmçinin, iş materiallarından görünür ki, "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binaları barədə məlumat daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmişdir, MTK-nın ayrı-ayrı üzvlərinin adına ayrılmış mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin yaşayış binalarının istismarına dair sənədlər mövcud olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdhe inzibati orqan iddiaçı tərəfindən həmin mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarından çıxarış təqdim edilmədiyindən, hüququn qeydiyyata alınmasından imtina etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən . Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Bundan əlavə, daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin tələbinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) həmin yaşayış sahəsi üzərində hüququn yaranması və qeydiyyatı üçün əsas hesab edilir. Qeyd edilən normanın dispoztiv şərtlərindən görünür ki, ümumi yığıncağın qərarı özlüyündə deyil, məhz mənzilə dair pay haqqının payçı tərəfindən tam ödənilməsi tələb olunur. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını müqayisəli təhlil etməklə, onu qeyd edir ki, mənzil-tikini kooperativinin ümumi yığıncağının qərarının mahiyyəti məhz kooperativ üzvinə yaşayış sahəsinin verilməsi halını müəyyən edir, yalnız həmin mənzilin dəyəri kooperativin üzvi tərəfindən tam ödənilməsi halı onun mənzilə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab edilir. Başqa sözlə desək,mənzil-tikinti kooperativi tərəfindən üzvinə yaşayış sahəsi verilməsi və buna dair ümumi yığıncağın qərarının olması halı həmin şəxsin yaşayış sahəsinə dair mülkiyyət hüququnun əldə edilməsinə səbəb olmur. Bunun üçün şəxs tərəfindən mənzilin pay haqqının tam öədnilməsi tələb olunur. Məhz qanunvericiliyin qeyd edilən normalarının dispoztiv şərtlərində mənzil-tikinti kooperativ üzvinin mənzilə dair pay haqqının tam ödədikdə, onun həmin mənzilə dair mülkiyyət hüququ əldə etməsi qeyd etmişdir. İndiki halda həmin mənzilin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında iddaçı və üçüncü şəxs tərəfindən birgə nikah dövründə əldə edilməsi və mənzil üzərində onların əmlak pay hüquqları müəyyən edilmişdir. Həmin mənzilə dair pay haqqı payçı tərəfindən tam ödənilmişdir. Mənzil faktiki onların istifadəsindədir. Cavabdeh tərəfindən həmin halları təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Deməli, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən sözügedən mənzilə dair mülkiyyət hüququ yaranmışdır və əmlaka dair paylar artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edildiyindən onların paylı mülkiyyət hüququ mövcud olmuşdur. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq MTK tərəfindən bağlanılmış müqavilə əsasında sözügedən mənzilin X5 (payçı) təhvil verilməsi öhdəliyini götürülmüş, payçı isə həmin mənzilin dəyərinin ödənilməsini öhdəlik götürmüşdür. Faktiki olaraq həmin mənzil təhvil verilmiş, onların faktiki istifadəsindədir. İndiki halda cavabdeh tərəfindən təqdim edilməsi tələb olunan sənəd məhz yaşayış sahəsinin verilməsinə dair mənzil-tikinti kooperativinin ümumi yığıncağının qərarı olmuşdur. Məhkəmə araşdırması zamanı həmin sənədin müvafiq MTK tərəfindən təqdim edilməsi ilə bağlı sorğular ünvanlansa da, MTK tərəfindən həmin sənədin təqdim edilməsi təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzilə dair pay haqqı tam ödənildiyindən, bu hal isə yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsi üçün əsas hesab edildiyindən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilə dair pay hüquqları müəyyən edildiyindən, iddiaçının ona aid pay hissədə artıq mülkiyyət hüququ yarandığından, mövcud olan hüququn dövlət qeydiyyatından məhz ümumi yığıncağın qərarının təqdim edilməməsi halına istinad edilməklə imtina edilməsi formal xarakter daşımışdır. Başqa sözlə desək, işin qeyd olunan müəyyən edilmiş halları aşkar olduğu halda, cavabdeh tərəfindən iddiaçının təqsiri ilə əhatə olunmayan əsasa istinad edilməklə, yaranmış (artıq mövcud olan) hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunması iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Bu hal isə özlüyündə qanunvericiliyin norma və prinsiplərinin, ən əsası mütənasiblik prinsipinin mahiyyətinə ziddir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına və qanunvericilik normasının tələbinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-286/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar