Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-400/2020 17.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X8 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 1 saylı regional ərazi filialına qarşı “ona 64 yaşı tamam olan tarixdən, yəni xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-557/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 64 yaşı tamam olan tarixdən, yəni xx.xx.2019cu ildən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci ildə anadan olmuş, 1970- 1974-cü illərdə X4 Texnikumunda təhsil almışdır. xx.xx.1974-cü ildə "Üzvi-sintez” zavodunda işə qəbul edilmiş, hərbi xidmətə çağırıldığı üçün xx.xx.1974-cü ildə işdən azad edilmiş, noyabr 1974-noyabr 1976-cı illərdə X9 hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra, yəni xx.xx.1977-ci ildə yenidən “Sumqayıt Üzvi- sintez” zavoduna işə qəbul edilmiş, həmin müəssisədə xx.xx.1980-ci ilə qədər işləmişdir. xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Sumqayıt Kompressorlar zavodunda işləmiş, xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilə qədər köçürmə yolu ilə Sumqayıt şəhər X1 işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilə qədər “Uğur” Kiçik müəssisəsində işləmişdir. xx.xx.2018-ci ildən hal-hazıra qədər “Lider-Ayta” Mənzil Tikinti Kooperativində işləyir. Ümumi iş stajı 26 ildir. 64 yaşı tamam olan tarixdən yəni, xx.xx.2019-cu ildə yaşa görə pensiya təyin edilməsi ilə əlaqədar olaraq sənədlərini Sumqayıt “Asan xidmət” Mərkəzinə təqdim etmişdir. AR ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsi xx.xx.2020-ci il tarixli məktubu ilə ona pensiya təyinatından imtina etmişdir. Səbəb kimi ərizəyə əmək kitabçasının əlavə edilmədiyini bildirmişdir. O cavabdehin imtinası ilə razılaşmır. Belə ki, onun yuxarıda adı qeyd olunan müəssisələrdə işlədiyini həmin müəssisələr tərəfindən verilmiş arayışlar təsdiq edir. Həmçinin Sumqayıt “Kimya- Texnologiya” Texnikumunda 1970-1974-cü illərdə təhsil almağını AR Dövlət X2 xx.xx.2019-cu il tarixli, 236 saylı arayışı təsdiq edir. Onun noyabr 1974- noyabr 1976-cı illərdə hərbi xidmətdə olmağı faktını Sumqayıt Hərbi Komissarlığı tərəfindən verilmiş H3 № ******* saylı Hərbi bilet təsdiq edir. Qeyd olunan faktlara istinad edərək hesab edir ki, cavabdehin iddiası əsassızdır və ona 64 yaşı tamam olan tarixdən yəni, xx xxxxx 2019-cu ildən yaşa görə pensiya təyin edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-557/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı təqdim etdiyi arayışlarda qeyd olunan müddətləri, əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrləri, hərbi xidmət dövrü və əyani təhsil aldığı dövrləri sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Apelyasiya şikayətinin dəlilləri. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsininqərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşdə olan seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İşdə olan arxiv arayışlarından, hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, iddiaçı müxtəlif idarələrdə müxtəlif vəzifələrdə işləmiş, həqiqi hərbi xidmətdə olmuşdur. Həmçinin əmək kitabçasında İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək “Uğur” kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Lakin həmin şöbə tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi əmək kitabçasının iddiaçı tərəfindən şöbəyə təqdim edilməməsi göstərilmişdir. İş materiallarından görünür ki, işə apelyasiya instansiya məhkəməsində baxılarkən, “Uğur” kiçik müəssisəsinin xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək qeydiyyatda olması və fəaliyyət göstərməsi barədə məlumatın və sənədlərin əslinin və ya təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu göndərilmişdir. Sorğuya Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda “Uğur” kiçik müəssisəsinin fəaliyyəti barədə məlumat və sənədlər təqdim edilməsi üçün Dövlət qeydiyyat nömrəsi və ya VÖEN məlumatlarının təqdim olunmasının zəruruiliyi qeyd olunmuş (həmin məlumatlar iddiaçı tərəfindən təqdim edilməmiş və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyənləşdirilməsi mümkün olmamışdır); Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda “Uğur” kiçik müəssisəsinin arxiv sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi; Azərbaycan Respublikasının Milli X7 filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda “Uğur” kiçik müəssisəsinin arxiv sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmədiyi bildirilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bu zaman İddiaçı müxtəlif illərdə- 1970- 1974-cü illərdə X4 Texnikomunda təhsil almasına, xx.xx.1974-cü ildə "Sumqayıt Üzvi-sintez” zavodunda işə qəbul edilməsinə, xx.xx.1974-cü ildə işdən azad edilməsinə, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmasına, hərbi xidmətdən sonra, yəni xx.xx.1977-ci ildə yenidən “Sumqayıt Üzvi- sintez” zavoduna işə qəbul edilməsinə, həmin müəssisədə xx.xx.1980-ci ilə qədər işləməsinə, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Sumqayıt Kompressorlar zavodunda, xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilə qədər köçürmə yolu ilə Sumqayıt şəhər X1, xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilə qədər “Uğur” Kiçik müəssisəsində və xx.xx.2018-ci ildən hal-hazıra qədər “Lider-Ayta” Mənzil Tikinti Kooperativində əmək kitabçasında qeyd olunan müəssisələrdə işləməsinə, iddiaçının işlədiyi müddədlərin, təhsil aldığı və hərbi xidmət keçdiyi illərin hesablanıb sosial sığorta stajına daxil edilməli olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, kollegiya iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək “Uğur” kiçik müəssisəsində işləməsi barədə əmək kitabçasında olan qeydə və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı bildirir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AZərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda dövlət pensiya təminatı hüququna malikdirlər. Həmin Qanunun əmək pensiyası hüququ olan şəxslər adlanan 3-cü maddəsinin “a” bəndində isə göstərilirdi ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunasığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun pensiyaların ödənilməsi üçün vəsait adlanan 10-cu maddəsində isə göstərilirdi ki, bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları; Kollegiya qeyd edir ki, heç də qanunvericiliyin birmənalı mövqeyi bundan ibarət deyil ki, xx.xx.2006-cı il tarixə qədər işçinin əmək kitabçasında aparılmış bütün qeydlər onun sığorta stajı kimi nəzərə alınmalıdır. Əksinə, bu halı qanunvericilk sosial sığorta ayırmaları ilə məhdudlaşdırmışdır. xx.xx.2006-cı il tarixdən fərdi uçot sisteminə keçildiyindən qeyd edilən tarixdən fərdi qaydada hansı işçiyə nə qədər sosial sığorta ayırmalarının ödənilməsini müəyyənləşdirmək mükündür. Qeyd edilən tarixədək bunu fərdi qaydada müəyyənləşdirmək mümkün olmasa da, mövcud mübahisə üzrə iddiaçının əmək kitabçasında işləməsi qeyd edildiyi xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək “Uğur” kiçik müəssisəsi nəinki sosial sığorta ayırmaları ödəməmiş, heç sığortaedən kimi qeydiyyata durmamış, ümumiyyətlə məhkəmə araşdırması zamanı belə bir hüquqi şəxs barədə müvafiq dövlət orqanlarında hər hansı bir məlumat aşkarlanmamışdır. Belə olan halda isə formal olaraq yalnız əmək kitabçasında qeydə əsaslanaraq, qeyd edilən illərin sosial sığorta stajı kimi nəzərə alınması qanuni hesab edilə bilməz. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2017-ci ilin iyul ayının 1-dən qüvvədə olan 7-ci maddəsinə əsasən iddiaçının azı 25 il sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı iddiasının əsaslılığı ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-557/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Elman Əhmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2-1(105)-400/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-400/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver