Məhkəmə qərarları › İş №2-1(105)-400/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-400/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-400/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Səyyad Ağaəli oğlu Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, İddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı 21 yanvar 1993-cü ildən 01 oktyabr 2005-ci il tarixədək keçmiş “Azərsutikinti” Konserninin 30 nömtəli Tikitni Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)-346/2021 saylı qərarından iddiaçı tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 yanvar 1993-cü ildən 01 oktyabr 2005-ci il tarixədək keçmiş “Azərsutikinti” Konserninin 30 nömtəli Tikitni Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1955-ci il təvəllüdlüdür. 05 dekabr 1974-ci ildən 10 noyabr 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 01 dekabr 1972-ci il tarixdə başlamış və 01 oktyabr 2005-ci il tarixədək müxtəlif yerlərdə işləmişdir. Müəssisə Quba rayonunda yerləşmişdir.1997-2005-ci illərdə idarənin fəaiyyəti dayandığından əmək haqqı verilməmişdir. Əmək pensiyasını almaq üçün yaş həddinə çatdığından ona əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialın amüraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Belə ki, cavabdeh hesab etmişdir ki, 1997-ci ildən 2005-ci ilədək “Tikinti Quraşdırma İdarəsindən əmək haqqı almadığına görə həmin dövr onun sosial sığorta stajına daxil edilə bilməz. İddiaçı iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 04.05.2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yetərli sosial sığorta stajına malik olmaması və 01.01.2006-cı il tarixdən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması aşkarlanmış və şəxsə imtina məktubu göndərilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində 01.12.1972-ci il tarixdən “Tikinti Quraşdırma İdarəsi”ndə işləməyə başladığı və 01.10.2005-ci il tarixədək orada işləməyə davam etdiyi bildirilsə də, əmək kitabçasına əsasən o həmin illərdə müxtəlif müəssisələrdə müvafiq vəzifələrdə çalışmışdır. Əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix (gün, ay, il) göstərilməmiş və bu məlumatlar işçi tərəfindən onun şəxsi imzası ilə təsdiq edilməmişdir. Eləcə də, əmək kitabçasının birinci səhifəsi ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. İddiaçının əmək kitabçasında 25.04.1993-cü ildə üçüncü dərəcə üzrə betonçu vəzifəsinə qəbul olunduğu “Meliorator” kiçik müəssisədən işdən azad edilmə tarixi (gün, ay, il) göstərilməmişdir. Həmçinin əmək kitabçası 1993-cü illərdəki işə qəbul və işdən azad edilmə qeydləri kiril əlifbası ilə yazılmış, halbuki idarənin möhürü latın qrafikası ilə yazılmışdır. Bunlarla yanaşı, iddiaçının 01.10.1993-01.10.2005-ci il tarixədək işlədiyi Azərsutikinti konserninin 30 nömrəli Təmir-Tikinti İdarəsinə işə qəbulolma və işdən azadedilmə tarixlərində bir sıra qanunsuz hallar aşkar edilmişdir. Belə ki, işə daxil olma tarixi göstərilsə də, bu qeydləri aparmağa əsas verən əmək müqaviləsi, əmr, sərəncam tarixi (gün, ay, il) göstərilməmişdir. Eləcə də işdən azad olunma tarixinin 01.10.2005-ci il, yəni ilin sonlarına doğru olmasına baxmayaraq 1k nömrəli əmrlə qeyd edilməsi şübhə yaratmağa əsas verir. İşə əlavə olunmuş arxiv arayışında da 1993-2005-ci il tarixədək iddiaçının qazandığı əmək haqları öz əksini tapmışdır. Arayışdan da göründüyü kimi, şəxs yalnız 1993-cü ilin oktyabr, noyabr və dekabr aylarında, 1994, 1995-ci illərdə, 1996-cı ilin oktyabr, noyabr, dekabr ayları üzrə, 1997-ci ilin yanvar-iyun aylarında və 2003-cü illərdə əmək haqqı almışdır. Bütün bunlara əsasən iddiaçının kifayət qədər sosial sığorta stajı mövcud olmadığından yaşa görə əmək pensiyası təyin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)-346/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçının həqiqətən 30 saylı Tikiııli quraşdırma idarəsində işləməyi faktının müəyyən ediliməsi mümkün olmamışdır. Əmək kitabçasında 30 saylı tikinti quraşdırma idarəsində işə qəbul və işdən azad edilmə barədə qeydlər edilmiş, bu müəssisənin möhürü vurulmuşdur. Məhkəmə işlədiyi müəssisədə əmək haqqı almadığını qeyd etmişdir. Bununla bağlı bildirir ki, 2007-ci ilə kimi işlədiyi müddət sığorta stajı kimi hesablanır. Məhkəmə tərəfindən 2007-ci ilə kimi qüvvədə olan X4 Azərbaycan Respublikasının Qanunu tətbiq edilməli olduğu halda, yeni qanun tətbiq edilmişdir. Bundan başqa o işçi olmuşdur. Vəzifəsi işə vaxtlı-vaxtında gedib-gəlmək, işləmək olmuşdur. Əmək kitabçasında səhv olması, tarixin göstərilınəməsində heç bir günahı yoxdur. İndi pensiya yaşına çatmışdır. Bu vaxta kimi gözləmişdir ki, ona pensiya veriləcək. Pensiya yaşına çatdıqda isə əvvəlcə DSMF tərəfindən, hazırda isə məhkəmə tərəfindən formal mülahizələrə əsaslanaraq pensiya almaq hüququmdan məhrum edilmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçını, onun vəkilini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)-346/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan : AZE 0******* seriaylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 29.07.2020ci il tarixli 779 saylı arxiv arayışından görünür ki, İddiaçı 01.11.1972-ci il tarixdən 05.05.1973-cü il tarixədək, 20.06.1977-ci il tarixdən 09.10.1978-ci il tarixədək, 08.09.1979cu il tarixdən 13.10.1984-cü il tarixədək Nizami adına qoyunçuluq sovxozunda, 13.10.1984-cü il tarixdən 24.10.1986-cı il tarixədək Jdanov adına meyvəçilik sovxozunda, 22.10.1986-cı il tarixdən 30.03.1989-cu il tarixədək X2 Təsərrüfatında, 09.09.1993-cü il tarixdən 01.10.2005-ci il tarixədək 30 saylı Tikinti Quraşdırma İdarəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 780 saylı 29.07.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1972-ci ilin dekabr ayından başlayaraq 1974-1976-cı və 1993, 1996-cı illər istisna olmaqla 1998-ci ilədək əmək haqqı almışdır. 1998-2005-ci illərdə əmək haqqı alması barədə qrafalar boşdur. 2003-cü ilin dekabr ayında ümumi olaraq 177026 manat aldığı qeyd edilmişdir. İddiaçı aid ИТ-İ № ******* əmək kitabçasından görünür ki, o, 01.11.1972-ci ildə əmək fəaliyyətinə başlamış və 01.10.2005-ci ilədək müxtəlif işlərdə və vəzifələrdə işləmişdir. НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 12.11.1974-10.11.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialı tərəfindən verilmiş 26.08.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının iş stajını təsdiq edən sənədlərdə 1993-cü ildən 2005-ci ilə kimi 30 nömrəli TQİ-də işləməsi qeyd edilmişdir. 05.06.2020-ci il tarixli 494 nömrəli arxiv arayışına əsasən isə onun 1997-ci ildən 2005-ci ilə kimi əmək haqqı almadığı müəyyən edilmiş, ona görə də həmin dövrün sığorta stajı kimi hesablanması mümkün olmamışdır. Təqdim edilən iş stajını təsdiq edən sənədlərə əsasən 25 il sığorta stajı yaranmadığından yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onun 1997-ci ildən 2005-ci ilə kimi əmək haqqı almadığı müəyyən edilmiş, ona görə də həmin dövrün sığorta stajı kimi hesablanmasından imtina edilmişdir. Qeyd olunan qərar ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, İddiaçı tələb olunan yaş həddinə çatsa da, onun 25 il sığorta stajına malik olması, yəni 1993- 2005-cı illərdə həqiqətən də 30 saylı Tikinti-Quraşdırma İdarəsində işləməsi faktının yoxlanılması mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «X4» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Qanunun 30.1-ci maddəsinə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən maddənin “Qeyd” hissəsinə göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006- cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. “X4” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” 3.1.1-ci bəndinə əsasən “X4” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin İnzibati kollegiyasının əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-523/2020 saylı 17 iyun 2020-ci il tarixli, 2-1(102)- 1944/2020 saylı 28 oktyabr 2020- ci il tarixli və 2-1(102)-404/2021 saylı 3 mart 2021-ci il tarixli qərarlarında “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə istinad edərək 1 yanvar 2006-cı ilədək olan iş dövrü əmək kitabçası ilə təsdiq olunduğuna görə şəxsin sığorta stajına daxil edilməsinin və pensiya hüququnun yaranmasının zəruriliyi bildirilmişdir. Məhkəmə kollegiyası həmçinin cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, əmək kitabçasından başqa, iddiaçının əmək fəaliyyətini təsdiq edən arxiv arayışları iş materiallarına əlavə edilmiş və həmin arayışlardakı məlumatlar əmək kitabçası ilə üst-üstə düşməklə bir-birini tamamlayır. Yuxarıda qeyd edilən qanunvericilik aktlarına görə əmək kitabçası və iş yerindən verilən arayışlar sığorta stajının müəyyən edilməsi üçün əsasdır. Odur ki, mübahisə olunan iş stajı iddiaçının əmək kitabçası və arxiv arayışları ilə təsdiq olunduğundan həmin dövrlər iddiaçının sığorta stajına daxil etməklə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. Müəssisənin fəaliyyət göstərməməsi isə iddiaçının gözlənilən pensiya hüququnun pozulmasına, əsassız olaraq həmin dövrün sosial-sığorta stajına daxil edilməməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən dövrlər üzrə işlədiyi vaxtlar (18 il, 1 ay, 8 gün) və 1997-ci ildən 2005-ci ilə kimi olan dövrlər toplandıqda qanunun tələb etdiyi kimi, 25 il işlədiyi müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının tam ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)-346/2021 saylı qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)-346/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı 21 yanvar 1993-cü ildən 01 oktyabr 2005-ci il tarixədək keçmiş “Azərsutikinti” Konserninin 30 nömtəli Tikitni Quraşdırma İdarəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar