Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-400/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xaçmaz rayon Uzunoba Bələdiyyəsinə qarşı (Açar sözlər: qərarın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Xaçmaz rayon Uzunoba Bələdiyyəsinə qarşı “Uzunoba Bələdiyyəsinin 01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3269/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1321/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Yataqoba kəndində yerləşən 3,0 ha torpaq sahəsi (kənd təsərrüfatı təyinatlı) xx.xx.2018-ci il tarixdən xx.xx.2067-ci il tarixədək 49 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Xaçmaz rayon Uzunoba bələdiyyəsinin 01 saylı, 30 noyabr 2022-ci il tarixli qərarına əsasən iddiaçıdan 620 manat məbləğində pulun cavabdehin xeyrinə tutulması qərara alınmışdır. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında Qərarına əsasən borclu barəsində məcburi icra tədbirləri görülmüşdür. Ödəniş qəbzlərinə əsasən iddiaçı tərəfindən 165 manat, 165 manat, 200 manat, 200 manat olmaqla, ümumilikdə, 730 manat ödəniş edilmişdir. 19 dekabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdeh tərəfindən 3 ha torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi, iddiaçı tərəfindən illik 165 manat icarə haqqının ödənilməsi müəyyən edilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçıya xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikasının X2 Xaçmaz rayon Uzunoba bələdiyyəsinə göndərdiyi məktuba müvafiq olaraq həmin bələdiyyənin 03 avqust 2020-ci il tarixli 10 saylı protokoluna əsasən iddiaçının icarəsində olan 3,0 ha torpaq sahəsinə görə illik icarə haqqı 1 ha üçün 150 manat müəyyən edilmişdir. Poçt qəbzinə əsasən həmin məlumat iddiaçıya göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Uzunoba bələdiyyəsinin 01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin İcra məmurunun icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, icra sənədi üzrə ondan 620 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Xaçmaz rayonunun Uzunoba bələdiyyəsinin xeyrinə ödənilməlidir. Qərar onun ünvanına daxil olduqdan sonra rəsmi ərizə ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək xahiş etmişdir ki, icarə haqları tərəfindən bələdiyyənin hesabına ödənildiyinə görə Uzunoba bələdiyyəsinin 02/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı icra edilmədən Uzunoba bələdiyyəsinə qaytarılsın. Lakin ona izah edilmişdir ki, bununla əlaqədar məhkəməyə müraciət etməlidir. O bələdiyyənin qeyd olunan qərarının ləğv edilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə rəsmi olaraq şikayət ərizəsi ilə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)- 1321/2023 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş və aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Xaçmaz rayonu, Uzunoba bələdiyyəsi ilə onun arasında 19 dekabr 2018-ci il tarixdə notarial qaydada təsdiqlənmiş icarə müqaviləsinə əsasən o, Xaçmaz rayonu, Yataq-Oba kəndi ərazisində yerləşən 3,0 ha torpaq sahəsini uzun müddətli icarəyə almışdır. İcarə haqqı illik 165 manat müəyyən edilmişdir. Torpaq sahəsinin illik icarə haqqı Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 007243 saylı AM seriyalı şəhadətnaməsində də göstərilmişdir. İcarə müqaviləsi qanuni əsaslarla bağlandığından qeyd olunan torpaq sahəsi xx.xx.2067-ci il tarixədək onun xeyrinə yüklü edilmiş və ona xx.xx.2019-cu il tarixli, **********85 reyestr nömrəli çıxarış verilmişdir. İcarəyə aldığı torpaq sahəsindən təyinatına görə istifadə edir, illik icarə haqları tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Hazırda Xaçmaz rayonu Uzunoba bələdiyyəsinin sədri 30 noyabr 2022-ci il tarixli, 01 nömrəli qərarla Xaçmaz rayon İcra və Probasiya şöbəsinə müvafiq qaydada müraciət edərək ondan ödənilməmiş 620 manat icarə haqqının məcburi olaraq tutularaq Uzunoba bələdiyyəsinin hesabına ödənilməsini tələb etmişdir. Halbuki torpaq sahəsini icarəyə aldığı müddətdən sonra xx.xx.2021-ci il tarixli, EAÇ/9 seriyalı, 404591 saylı qəbzlə 165 manat, xx.xx.2020- ci il tarixli, ********* saylı mədaxil qəbzi ilə 200 manat, xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzi ilə 200 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzi ilə 165 manat, cəmi 730 (yeddi yüz otuz) manat icarə haqqı onun tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Torpaq sahəsi 4 ildir ki, onun icarəsindədir və ötən müddət ərzində icarə haqqını artıqlaması ilə bələdiyyənin hesabına ödəmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Xaçmaz rayon Uzunoba bələdiyyəsi ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiqlənmiş icarə müqaviləsinə əsasən Xaçmaz rayonunun Yataqoba kəndi ərazisində 3,0 ha torpaq sahəsini uzunmüddətli icarəyə almışdır və icarə haqqı illik 165 manat müəyyən edilmişdir. Habelə, Xaçmaz rayonu Uzunoba bələdiyyəsi müqavilə üzrə tərəf olan İddiaçı ödənilməmiş 620 manat icarə haqqının məcburi olaraq tutularaq Uzunoba bələdiyyəsinin hesabına ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Uzunoba bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 09/9-114 saylı məktubda göstərilir ki, “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən torpaq sahələri barəsində əqdlər bağlandıqda, torpaqların qiyməti bazar qiyməti ilə, lakin normativ qiymətindən az olmayaraq müəyyən edilir. Məktuba əlavə olunmuş normativ qiymətlərdə illik icarə haqqının məbləği manatla göstərilmişdir. Bununla əlaqədar Uzunoba bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iclası keçirilmiş və digər icarəçilər kimi icarəçi İddiaçı icarəsində olan 3,0 ha torpaq sahəsinə illik icarə haqqı hər bir hektar üçün 150 manat müəyyən olunmuşdur (protokolun surəti əlavə olunmuşdur). İddiaçıya bu barədə məlumat verilsə də iclasda iştirak etməmiş, lakin sonradan bələdiyyəyə gəldikdə ona bu barədə məlumat verilmişdir. Həmçinin, bələdiyyə tərəfindən 3 dəfə: xx.xx.2021-ci il tarixli 33 saylı, xx.xx.2021-ci il tarixli 103 saylı, xx.xx.2021-ci il tarixli 127 saylı xəbərdarlıq məktubları göndərilmişdir. İddiaçı iddia ərizəsində torpaq sahəsini icarəyə aldığı müddətdən sonra xx.xx.2021-ci il tarixdə 165 manat (qəbz 404591), xx.xx.2020-ci il tarixdə 200 manat (qəbz 6********), xx.xx.2020-ci il tarixdə 200 manat (qəbz 6********), xx.xx.2022-ci il tarixdə 165 manat (qəbz 9********), cəmi 730 manat icarə haqqı ödəmişdir. 2020-ci ildən etibarən icarə haqqı 3,0 ha torpaq sahəsinə görə 450 manat olduğundan, 3 il ərzində icarə haqqı 1350 manat təşkil edir. 730 manat həmin məbləğdən çıxıldıqda 620 manat ödənilməmiş icarə haqqı qalır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3269/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Xaçmaz rayon Uzunoba bələdiyyəsi arasında 19 dekabr 2018-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən 3 ha torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi, iddiaçı tərəfindən illik 165 manat icarə haqqının ödənilməsi barədə razılıq əldə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Uzunoba bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 09/9-114 saylı məktubda göstərilmişdir ki, Xaçmaz rayon Uzunoba bələdiyyəsinin icarədə olan torpaq sahələrinin icarə haqlarının real bazar qiymətindən xeyli aşağı olması məlum olmuşdur. “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında” Əsasnamənin 3cü bəndinə əsasən torpaq sahələri barəsində əqdlər bağlandıqda, torpaqların qiyməti bazar qiyməti ilə, lakin normativ qiymətindən az olmayaraq müəyyən edilir. Belə ki, bununla əlaqədar olaraq Xaçmaz rayon Uzunoba bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iclası keçirilmiş və iclas barədə bildiriş göndərilsə də, iddiaçı həmin iclasda iştirak etməmişdir. Həmin iclasla verilən qərara əsasən iddiaçının icarəsində olan torpaq sahəsinə görə illik icarə haqqı hər hektar üçün 150 manat olmaqla, ümumilikdə 450 manat müəyyən edilmişdir. Həmin qayda təkcə iddiaçıya münasibətdə olmamaqla, digər icarəçilərə də istifadələrində olan torpaq sahəsinin ölçüsünə görə hesablanmışdır. İddiaçı 2020-ci ilin sentyabr və noyabr ayında 200 manat olmaqla, ümumilikdə, 400 manat məbləğində, 2021-ci ilin sentyabr ayında 165 manat məbləğində, 2022ci ilin sentyabr ayında isə yenidən 165 manat məbləğində ödəniş etmişdir. Yəni, 730 manat məbləğində pulu bələdiyyənin hesabına köçürmüşdür. Lakin onun 2020-ci il üzrə 50 manat (450- 400=50), 2021-ci il üzrə 285 manat (450-165=285) və 2022-ci il üzrə 285 manat (450- 165=285) məbləğində ödənilməmiş borcu qalmışdır. Bu barədə iddiaçıya xəbərdarlıq göndərilməsinə baxmayaraq iddiaçı tərəfindən müvafiq borc bələdiyyənin hesabına köçürülməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 tövsiyə məktubu əsas götürülməli, bələdiyyə ərazisindəki kənd təsərrüfatı icarə torpaq sahələrinin mövcud bazar qiymətlərinə uyğun icarə haqları tənzimlənməlidir. Belə ki, torpağın real bazar normalarına uyğunlaşdırılmış qiyməti bələdiyyənin iclasında müzakirə edilərək səs çoxluğu ilə qəbul edilmişdir. Həmin qərar bələdiyyənin ərazisində yaşayan və icarəsində torpaq sahəsi olan bütün şəxslərə tətbiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Xaçmaz rayon Uzunoba bələdiyyəsinin 01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi əsassızdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, torpağın real bazar normalarına uyğunlaşdırılmış qiyməti bələdiyyənin iclasında müzakirə edilərək səs çoxluğu ilə qəbul edilmişdir. Həmin qərar bələdiyyənin ərazisində yaşayan və icarəsində torpaq sahəsi olan bütün şəxslərə tətbiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Xaçmaz rayon Uzunoba bələdiyyəsinin 01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi əsassızdır”. Qərardan da göründüyü kimi məhkəmə Azərbaycan Respublikası Ədliyyə Naziri iyinin X2 tövsiyə məktubunu əsas götürmüşdür. Əvvəla, adından da göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 xx.xx.2020-ci il tarixli, 09/9-114 saylı məktubu tövsiyə xarakterlidir. İkincisi, qeyd olunan tövsiyə xarakterli məktubda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən torpaq sahələri barəsində əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə, lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir. Göründüyü kimi burada torpaq sahələri barəsində əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə tənzimlənməsi nəzərdə tutulur. Başqa sözlə torpaq sahəsini özgəninkiləşdirilməsi zamanı bu hal nəzərə alınmalıdır. Digər tərəfdən icarə müqaviləsi 2018-ci ildə bağlandığı halda xx.xx.2020-ci il tarixli, 09/9-114 nömrəli tövsiyə xarakterli məktubun geriyə qüvvəsi ola bilməz. Üçüncüsü, qeyd olunan tövsiyə xarakterli məktubda X3 təklif edir ki, hazırki məktub bələdiyyə iclasının müzakirəsinə çıxarılsın. Uzunoba bələdiyyəsinin mülkiyyətinə aid bazar qiymətindən aşağı qiymətə icarədə olan aşağıda göstərilən, o cümlədən siyahıda olmayan digər icarədə olan torpaq sahələrinin icarə haqlarının qarşılıqlı razılaşma əsasında hazırki qiymətlərə uzlaşdırılması üçün bələdiyyə qərarı əsasında icarəçilərə müraciət olunsun, razılaşma olmadıqda isə məhkəmədə iddia qaldırılsın. Uzunoba bələdiyyəsi məktubu iclasın müzakirəsinə çıxarılıb-çıxarmaması ona məlum deyil, iclasa dəvət olunmamışdır. Digər tərəfdən Uzunoba bələdiyyəsi məhkəmədə iddia qaldırmaq əvəzinə birbaşa özbaşına olaraq icarə haqqını qaldırmışdır ki, bu da məhkəmənin özünün istinad etdiyi tövsiyə xarakterli məktuba ziddir.Göründüyü kimi məhkəmənin gəldiyi nəticə əsaslı və qanuni deyildir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
5. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər.
6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Azərbaycan Resublikası Mülki Məcəlləsinin: Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 710. Torpaq icarəsi haqqı 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Torpaq icarəsi müqaviləsi İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: ... icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; .....müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası;.... Maddə 14.İcarə haqqı Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun: 5.1. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir.... “”İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 6.1. Aşağıdakılar icra sənədləri sayılır: ...6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Maddə 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Maddə 87.1. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilir. Maddə 87.2. Bələdiyyələrin tələbin icraya yönəldilməsi haqqında qərarında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan müvafiq məlumatlar əks olunmalı və həmin qərar bələdiyyənin inzibati aktı ilə birlikdə icra qurumuna göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçı barəsində torpaq icarəsi ilə əlaqdar olaraq icarə haqqının bələdiyyənin hesabına ödənilməsinə dair məcburi icra tədbirinin görülüməsi üçün müvafiq icra və probasiya orqanına müraciət edilməsi və icarə haqqının məcburi qaydada tutlaraq bələdiyyənin hesabına ödənilməsi barədə müvafiq bələdiyyə tərəfindən qəbul edilmiş 30 noyabr 2022-ci il tarixli 01 nömrəli qərarının ləğv edilməsi təşkil edir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 19 dekabr 2018-ci il tarixli icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən icarəyəverən qimsində Xaçmaz rayonu Uzunoba vələdiyyəsi (cavabdeh), icarəçi qismində İddiaçı (iddiaçı), müqavilənin predmeti qismində ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 3 ha olan torpaq sahəsi çıxış etmişdir. Belə ki, həmin müqvailəyə əsasən icarəyə verən bələdiyyə müqvailənin predmeti qismində çıxış edən torpaq sahəsini icarəçiyə icarəyəyə verməyi, icarəşi isə şərtləşdirilmiş qaydada və məbləğdə (illik 165 manat) icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, iş materiallarından görünür ki, qeyd edilən əmlaka dair icarə hüququ qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsinin mülkiyyətçisi qismində cavabdeh çıxış edir, habelə cavabdeh bələdiyyə orqanı iddiaçının icarə müqaviləsi üzrə 620 manat icarə haqqı üzrə borcunun yaranması halına istinad edərək, həmin borcun məcburi qaydada tutularaq bələdiyyənin hesabına ödənilməsi ilə bağlı mübahisə predmeti olan qərarı qəbul etmişdir.Həmin borcun yaranmasının əsası kimi də 2020-ci il tarixdən illik icarə haqqının məbləğinin 3 ha torpaq sahəsinə görə 450 manat olduğunu, 3 il ərzində ödənilməli olan icarə haqqı məbləğinin 1350 manat olduğunu, iddiaçı tərəfindən ödənilmiş 730 manat məbləğində pul vəsaiti çıxıldıqdan sonra 620 manat icarə haqqı borcunun yaranması halına istinad etmişdir. Göründüyü kimi, indiki halda tərəflər arasında yaranmış mübahisəli hüquq münaisbəti məhz onlar arasında bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri kimi çıxış etmişdir. Qeyd edilən hüquq münasibətləri isə xüsusi hüququn nizamasalma predmetinə aiddir, publik hüquqla tənzim olunmur, mülki hüquq münaisbətləri üzrə tərəflər bərabərhüquqlu subyekt kimi çıxış edirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.2-ci bəndində qeyd edilmişdir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barsində qəbul edilmiş müvafiq qərar iddiaçının məhz icarə müqaviləsi üzrə ödənilməsini öhdəsinə götürdüyü icarə haqqının ödənilməməsi ilə bağlı hallarla əsaslandırılmış, "İnzibati icraat haqqında" Qanunun 87-ci maddəsinə istinad edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir, habelə icra icraatı məhz icra sənədi əsasında həyata keçirilir. İcra haqqında qanunvericilik normasında hansı sənədlərin icra sənədi sayılması imperative norma kimi qeyd edilmişdir. Həmin normaya əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədi hesab edilir. Həmçinin, inzibati icraat haqqında qanunvericilik normasının tələbinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Eyni zamanda qeyd edilməlidir ki, qeyd olunan qanunvericilik normalarının dispozitiv şərtlərinə əsasən bələdiyyənin məhz qəbul etdiyi inzibati katın məcburi icrasını tələb etmək səlahiyyəti vardır. Qeyd olunan hüquq normalarının tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda cavabdeh bələdiyyə tərəfindən məhz icarə müqvailsindən irəli gələn icarə haqqı borcunun tutulması ilə bağlı məcburi icra tədbirinin görürlməsi barədə qərar qəbul edildiyindən, icarə müqaviləsi üzrə öhdəliklər mülki hüquqi tənzimetmənin predmeti qismində çıxış etdiyindən, bələdiyyənin məhz inibzati aktın məcburi qaydada icrasını tələb etmək səlahiyyəti olduğundan, onun tərəfindən “İnzibati icraat haqqında” Qanunun 87-ci maddəsinə istinad etməklə, icarə haqqı borcunun məcburi icraya yönəldilməsi barədə qəbul etdiyi qərarı qanunsuz olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd edilən iddia tələbini irəli sürməkdə haqlı olmuş, habelə apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, bununla da gəldiyi nəticə işin hallarına uyğun olmamış, iddiaçının şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdehə icarə müqaviləsi üzrə öhdəliklərin icra edilib-edilməməsi məsələsi ilə bağlı hüquqlarının pozulduğunu ehtimal etdiyi halda, bununla bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3269/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Xaçmaz rayonu Uzunoba Bələdiyyəsi tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Hesablanmış və qanunla müəyyən edilmiş vaxtında ödənilməyən icarə haqlarına görə icra tədbirlərinin tətbiqi üçün Xaçmaz rayonu İcra və Probasiya Şöbəsinə müraciət edilməsi barədə” 01/2022 nömrəli 30 noyabr 2022-ci il tarixli Qərarı ləğv edisin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.