Məhkəmə qərarları › İş №2-1(105)-401/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-401/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-401/2021 24.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X2 və X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunma tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-264/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş işdən çıxarılması barədə əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin ********** №-li 27.07.2020-ci il tarixli əmrinə əsasən 29.07.2020-ci il tarixdən 2000-dən çox dövlət qulluğunda olan işçilərin, o cümlədən də İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxma barədə əmr verilərkən bir çox qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 912 №-li, 30.12.2019-cu il tarixli Fərmanının 7.5-ci hissəsinə əsasən Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti publik hüquqi şəxsə çevrilmişdir. Həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən qeyd olunan təşkilatlarda işləyən işçiləri, bu Fərmanın 1.4-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunması ilə bağlı tədbirlər görülməsi ilə əlaqədar Fərman qəbul etmişdir. Nazirlik Fərmandan irəli gələn öhdəliyi yerinə yetirməyərək işçiləri aldadılaraq ərizələri alınmış və işdən azad olunmuş 2000-dən çox işçilərin sırasında iddiaçını da qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63.1-ci maddəsinə görə müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Nazirlik işçilərin müvafiq işlə təmin olunması ilə əlaqədar verdiyi Fərmana diqqətsiz yanaşmış, müddətsiz əmək müqavilələrinə xitam verilmiş işçilərlə razılaşmadan 600 manat aylıq əmək haqqı göstərilməklə əmək müqavilələri hazırlanmışdır. Həmin müqavilələrin müddəti 14.11.2020-ci il tarixədək olmaqla, işçilər ştat cədvəlində göstərilməmişdir. Ştat cədvəlində göstərilmədən hansı hesabdan işçilərə əmək haqqı verilməsi də müəmmalıdır. Cənab nazirin 27.07.2020-ci il tarixində verdiyi ********** №-li əmrinədək fondun və yerli şöbələrdə işləyən işçilərin vəzifələri dövlət qulluğuna aid edilmişdir. Fondun idarə heyətinin sədri Himalay Məmişovun məktubu şöbəyə daxil olmuşdur. Həmin məktubda 23-24 iyul 2020-ci il tarixlərdə işçilərin (baş işçilər istisna olmaqla) yoxlanılması bildirilmişdir, həmin qiymətləndirmə şöbədə fondun işçilərinə əvvəlcədən hazırlayıb gətirdikdə suallar əsasında keçirilmiş və işçilər tərəfindən doldurulmuş vərəqələr DSMF-yə aparılaraq, orada cavablar qiymətləndirilmişdir. Bu da qiymətləndirmənin ədalətli olmasına şübhə yaradır. Həmin qiymətləndirmə 29.07.2020-ci il tarixədək dövlət qulluğunda olan işçilər üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə zidd keçirilmişdir. Həmin Qanunun 30.1.1-ci maddəsində göstərilir: “İnzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir”. İddiaçı keçirilən qiymətləndirmədə 30-31 iyul 2020-ci il tarixlərdə xəstə olduğuna görə bülletendə olduğu üçün iştirak etməmişdir. Lakin DSMF onu “C” variantına əsasən qiymətləndirmişdir. “0” balı toplamasını iddiaçı internetdən bilmişdir. Bu da DSMF-nin növbəti qanuna zidd hərəkətidir. DSMF bütün bu qanun pozuntularına ona görə yol vermişdir ki, işdən azad etdikləri işçilərə işdən çıxma müavinəti verilməsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63.3-cü maddəsi tətbiq olunmaqla işçilər işdən azad edilən işçilərin hüquqları pozulmuşdur. Prezidentin 9121 №-li, 30.12.2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar verilmiş 30.06.2020-ci il tarixli Fərmanında göstərilən tələblərə Nazirlik və DSMF tərəfindən əməl olunmamış, işdən çıxarılan işçilər sosial müdafiəsiz qalmış, bu gərgin karantin müddətində taleyin ümidinə buraxılmışlar. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən onun işdən çıxma əmrini və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsdən isə onunla birtərəfli qaydada bağlanmış əmək müqaviləsinin surətini ala bilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nazirlik 1 ay müddətinə gözləməli olduğu halda həmin müddəti gözləmədən, ərizəni düzgün qiymətləndirməyərək onu işdən azad etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ərizə ilə müraciət edərək öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və onun dövlət qulluğuna 29 iyul 2020-ci il tarixdən **********6 nömrəli əmrlə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. İşəgötürən göstərilən normada qeyd edilən hüququndan istifadə etməmiş və ərizə qeydə alınan gün İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Qeyd edilən tapşırığın icrası ilə bağlı həm Nazirlik tərəfindən, həm də Dövlət Sosial Müdafiə Fondu tərəfindən yeni yaradılmış qurumlarda işə qəbul olunmaqla bağlı İddiaçı öz arzusu ilə əmək müqaviləsinə xitam verilməsi və yeni yaradılmış müvafiq qurumda işlə təmin olunması ilə bağlı ərizə yazmışdır. Ərizəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020-ci il tarixli **********6 nömrəli əmri ilə Fondun Xaçmaz rayon xidmət nümayəndəliyində işlə təmin edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-264/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, öz arzusu ilə işdən azad olmağı barədə 27.07.2020-ci il tarixli, **********6 nömrəli əmr düzgün deyil. İşdən öz arzusu ilə çıxmaq barədə ərizə yazmamışdır. Bunun sübutu isə həmin ərizənin surətinin məhkəməyə təqdim olunmamasıdır. O, Prezidentin Fərmanına əsasən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə keçdiyi üçün “dövlət qulluğumu dayandırmaqla” (həmin Fərmanın 5.1ci hissəsində DSMF-nin dövlət qulluğundan çıxarılması göstərilir) müvafiq işlə təmin olunmağını xahiş etmişdir. Həmin ərizəni 29.07.2020-ci il tarixdə yazaraq Nazirliyin “email” hesabına göndərmişdir. Nazir isə onun işdən azad olmağı barədə əmri 27.07.2020-ci il tarixdə imzalayıb və 29.07.2020-ci il tarixdən minlərlə işçinin, o cümlədən də onun öz arzusu ilə işdən azad olmağı barədə əmr imzalayıb. Əgər Nazirlik onun ərizəsini “işdən çıxma” kimi qiymətləndirirsə ərizəni Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 1 ay müddətində gözləməli idi. Lakin Nazirlik bu maddəyə əməl etməmiş, əksinə absurd bir formada 29.06.2020-ci il tarixdə imzaladığı ərizəni Nazirin 27.06.2020-ci il tarixli əmrinə daxil edilmişdir. Həmin ərizədə Nazirliyin işçisi və 2(004)-7414/2020 №-li məhkəmə işində olduğu kimi nazirliyin nümayəndəsi kimi məhkəmə iclasında iştirak edən Elşad Əliyevin aldatma və təzyiq formasında telefon zənglərindən sonra yazmışdır. O, nazirin əmrini DSMF-nin Xaçmaz rayon şöbəsindəki komputerdə gördükdən sonra 19.08.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 1 ay keçməmiş ƏƏSMN-ə teleqram göndərərək imtina etmişdir. Nazirlik həmin teleqrama 31.08.2020-ci il tarixli. **********4 №-li şablon, onun teleqramına uyğun olmayan cavab verərək, ərizəni ləğv etməmişdir. ƏƏSMN-nin nümayəndəsi X5 onun işə bərpa tələbi ilə əlaqədar Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1263/2020 nömrəli məhkəmə işində qarşı tərəfin nümayəndəsi kimi iştirak edib. O, onun iddia tələbinə etiraz olaraq əlavə sənəd kimi təqdim etdiyi 2(004)-4414/2020 nömrəli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin və 2(103)-1830/2021 nömrəli Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının məhkəmə iclaslarında da ƏƏSMN-nin nümayəndəsi kimi çıxış etmişdir. Həmin məhkəmə iclaslarında iddiaçı X9 ərizələrində göstərmişdir ki, ona Elşad Əliyev zəng edərək “öz arzusu ilə işdən çıxarılması” barədə ərizə yazmasını tələb etmişdir. Bu hal isə Əmək Məcəlləsinə əsasən “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işçini aldatmaq, təzyiq göstərmək” kimi başa düşülməli idi. Lakin hər iki məhkəmə bu fakta əhəmiyyət verməyərək, analıq məzuniyyətində olan qadını işdən çıxarılmasını qanuni hesab etmişdir. Nazirlik onu 29.07.2020-ci il tarixdən işdən azad edərkən o, 20.07.2020-ci il tarixdən 31.07.2020-ci il tarixədək xəstə olduğu üçün bülletendə olmuşdur. X10 Rayon Xəstəxanasının 708317 nömrəli, 20.07.2020-ci il tarixli xəstəlik vərəqəsi də təsdiq edir və ona həmin müddət üçün xəstəlik müavinəti də hesablanıb ödənilib. Onun ƏƏSMN-dən iş istədiyi ərizəni nazirlik işdən çıxma ərizəsi kimi qiymətləndirdiyi üçün ********* nömrəli teleqramla ərizəsindən imtina etdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən işdən çıxarıldığı gün əmək qabiliyyətini müvəqqəti itirdiyi 20.07.2020-ci il tarixdən 31.07.2020-ci il tarixədək müddət ərzində olduğu kimi nazirlik onu işdən azad edə bilməzdi. Əmək Məcəlləsinin 79.3-cü maddəsinə əsasən (əlillərin birtərəfli qaydada işdən çıxarılması yol verilməzdir. O, 29.07.2020-ci il tarixində ƏƏSMN-nə göndərdiyi ərizəsindən 19.08.2020-ci il tarixində imtina etdiyi üçün rəhbərlik birtərəfli qaydada onu işdən azad edə bilməzdi. O, 2014-cü il tarixindən İİ qrup əlildir. Daimi ağrı sindromundan əziyyət çəkir. ƏƏSMN-nin nümayəndəsi bildirir ki, DSMF ləğv olunub. “Dövlət Sosial Müdafiə Fondu” yaranıb?! Belə olmuş olsa belə, Əmək Məcəlləsinin 63.1-ci maddəsində qeyd olunur: müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa, qalan bütün işçilərlə mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Nazirlik həmin maddənin şərtlərini tamamilə əks icra etmiş, müdir və müavini işdə saxlamış, digər işçilər aldadılaraq işdən çıxarılmışdır. Məhkəmə iclasında Nazirliyin nümayəndəsi bildirmişdir ki, DSMF ləğv olunub. Lakin bu haqda nə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı, nə də ƏƏSMN-nin nazirinin əmri var. Prezidentin 10777 №-li 31 avqust 2020-ci il tarixli Fərmanına əsasən DSMF publik hüquqi şəxsə keçib. Fərmanın 5.4-cü bəndi: “Bu Fərmanın 7.6-cı bəndində nəzərdə tutulan pulblik hüquqi şəxslərin təsisçilərinin “Publik şəxslər haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində göstərilən səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla Azərbaycan Respublikası ƏƏSMN həyata keçirir”. Dövlət Sosial Müdafiə Fondunun (publik hüquqi şəxs) nizamnaməsinin 1.2-ci bəndində göstərilir: “Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir”. 4.11.11-ci bənd “Bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən işçilərin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşmaqla qərar qəbul edilir”. Cənab E.Əliyev ştat ixtisarının işçilərin mənafeyinə zidd olduğu üçün işçiləri “öz arzuları ilə” işdən çıxardıqlarını bildirib. Çox absurd bir fikirdir, “ştat ixtisarı ilə” işdən çıxarılmalı işçilərə 2 il ərzində aylıq müavinət və işdən çıxma müavinəti verməmək üçün Nazirlik belə addım atmışdır. Cənab E.Əliyev onun Fond tərəfindən keçirilən qiymətləndirmədə iştirak etmədiyini işdən çıxmada səbəb kimi göstərib. O, birincisi 23-24 iyul 2020-ci il tarixlərində qiymətləndirmə keçirilərkən yuxarıda qeyd etdiyi kimi xəstə olmuşdur. İkincisi, qiymətləndirmə qeyri-qanuni keçirilib. Belə ki, Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 30.1-ci maddəsinə əsasən dövlət qulluqçularının qiymətləndirilməsi hər ilin axırında keçirilir və “əla, yaxşı, kafi və qeyri-kafi” qiymətləndirilir. 2019-cu il üçün şöbənin işçilərinin qiymətləndirilməsi artıq aparılmış, 2020-ci ildə başa çatmadığı üçün hansı qiymətləndirməni nazirlik keçirmişdir? 23-24 iyul 2020-ci il tarixlərində keçirilən qiymətləndirmənin məqsədi işçilərin bilik səviyyələrinin yoxlanılmasıdır, bunun nəticəsində işçilər işdən çıxarılmayacaq. Nazirliyin nümayəndəsi onun ali təhsili olmadığı üçün işdən azad olduğunu da səbəb kimi bildirmişdir. O, Bakı maliyyə kredit texnikumunun “sosial təminat sistemində hüquqşünaslıq və uçot” şöbəsini “sosial təminat sistemində hüquqşünası” ixtisası üzrə 1984-cü il tarixdə bitirdikdən sonra sosial təminat sistemində həmin tarixdən etibarən işləyir. Fondun nizamnaməsində işçilərə ali təhsil tələbi yoxdur. Ali təhsil tələbi yeni işçilərə şamil olunmalıdır. 17 iyul 2020-ci il tarixdə DSMF-nin onunla bağladığı əmək müqaviləsinə imza etməmişdir. Həmin müqavilədə onu ştatdankənar işçi kimi işə götürdükləri göstərilib. Azərbaycan Respublikası Əmək Məcəlləsində ştatdankənar işçi məfhumu yoxdur. Ştatdankənar işçiyə nazirlik hansı hesabdan əmək haqqı ödəyib? Əmək Məcəlləsinin tələblərinə uyğun olmadan tərtib edildiyi üçün həmin müqavilə etibarsızdır. Onun ƏƏSMN ilə müddətsiz əmək müqaviləsi olduğu halda, niyə o DSMF ilə Əmək Məcəlləsinə uyğun olmadan tərtib olunmuş 3 aylıq ştatdankənar işçi kimi müqaviləyə imza etməlidir? DSMF-nin Quba şəhərində yerləşən mərkəzində onlarla ştat vahidi, Xaçmaz şəhərində yerləşən nümayəndəliyində isə 6 ştat vahidi boşdur. Lakin Nazirlik və DSMF israrla həmin boş yerlərə işdən çıxarılmış işçiləri yerləşdirmək istəmir. Göründüyü kimi məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X5 və X3 apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ərizəsindən görünür ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək Dövlət Sosial Müdafiə fondunun Publik Hüquqi şəxsə çevrildiyi üçün işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsində məsləhətçi vəzifəsindən azad edilərək yeni qurumda müvafiq işlə təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********5 nömrəli əmrin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMFnin yerli bölmələrinin işçilərinin 2020-ci ilin 29 iyul tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilməsi, əmək müqaviləsinə xitam verilmiş dövlət qulluqçuları ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020-ci il tarixli **********6 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 4.11.11-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin “f” bəndinə və 51ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq bu əmrə əlavə olunan 1 nömrəli siyahıda adları qeyd edilən şəxslərin 2020-ci il 17 avqust tarixindən tərəflərin razılığı ilə 1 (bir) ay sınaq müddəti müəyyən edilməklə 3 (üç) ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Fond) regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə təyin edilməsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə və 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq bu əmrə əlavə olunan 2 nömrəli siyahıda adları qeyd edilən şəxslər 2020-ci il 17 avqust tarixindən tərəflərin razılığı ilə 3 (üç) ay müddətinə Fondun regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə təyin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinin işçilərinin dövlət qulluğuna xitam verilməsi barədə 27.07.2002-ci il tarixli **********6 nömrəli əmrdən çıxarışından görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin yerli bölmələrinin işçiləri 2020-ci ilin 29 iyul tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilməsi; müvafiq olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi; əmək müqaviləsinə xitam verilmiş İddiaçı ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı edilmiş xəbərdarlıq məktubundan görünür ki, onunla bağlanmış 14.08.2020-ci il tarixli əmək müqaviləsinin müddəti 14.11.2020-ci il tarixdə qurtardığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə həmin tarixdə xitam veriləcəyi və əmək qanunverciliyinin tələblərinə uyğun son haqqhesab aparılacağı bildirilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən, dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Həmin Fərmanın 7-ci hissəsində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirsinlər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir: Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun” Nizamnaməsi” nin 4.5.6-cı yarımbəndinə əsasən Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərara qəbul etmək səlahiyyəti X7 verilmişdir. Həmin Nizamnamənin 4.11.11-ci yarımbəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Fərmandan göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun işçilərinə münasibətdə özünün işəgötürən səlahiyyətlərini itirmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 2-ci hissəsi ləğv edilmiş “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 1.1-ci bəndində qeyd edilirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Publik hüquqi şəxs dedikdə dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilat nəzərədə tutulur “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı ərizə ilə işəgötürənə müraciət edərək onu öz arzusu ilə vəzifədən azad etməyi xahiş etmiş və 29.07.2020-ci il tarixdən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı öz arzusu ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etməklə bərabər, yeni yaradılmış müvafiq qurumda işlə təmin olunmağını da xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020-ci il tarixli əmri ilə Fondun Xaçmaz rayon xidmət nümayəndəliyində işlə təmin edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya həmin iş üzrə əmək haqları da ödənmişdir. Məhkəmə iclasında işin araşdırılmış halları ilə iddiaçının işdən azad edilmə barədə ərizənin cavabdeh tərəfin əməkdaşının aldatması və təzyiqi əsasında yazması müəyyən edilmədi və bu barədə məhkəməyə sübut təqdim edilmədi. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işdən azad edilməsi barədə ərizədə iddiaçı öz iradə ifadəsini aydın şəkildə göstərdiyindən və onun dövlət qulluğuna xitam verilməsi haqqında cavabdeh tərəfindən verilmiş əmr yuxarıda sadalanan qanunvericilik aktları normalarının tələblərinə uyğun olduğundan, apelyasiya şikayətinin dəlilləri iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-264/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar