Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-401/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Pirəkəşkül- Qobustan bələdiyyəsinin 03 iyun 2005-ci il tarixli, 17 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Pirəkəşkül kəndindən ona ayrılmış 0.10 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2-1(118)-193/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Pirəkəşkül-Qobustan bələdiyyəsinin 03 iyun 2005-ci il tarixli, 17 nömrəli qərarı ilə Pirəkəşkül kəndində yerləşən 0,10 ha ölçüdə olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmışdır.
2. Torpaq sahəsinin ayrılması barədə qərarın qəbul edilməsindən əvvəl keçmiş DTXK-nın Abşeron rayon şöbəsi ilə razılaşdırılmışdır. Bundan başqa, Pirəkəşkül kəndi ərazisindən ayrılmış 0,10 ha ölçüdə olan torpaq sahəsi barədə yerquruluşu planından çıxarışda onun koordinatları da göstərilmişdir. İddiaçı tərəfindən torpağın dəyəri tam olaraq bələdiyyəyə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsi naturada mərz nişanları qoyulmaqla iddiaçıya təhvil verilmişdir və hal-hazırda ondan istifadə edir.
3. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Pirəkəşkül-Qobustan bələdiyyəsinin 03 iyun 2005-ci il tarixli 17 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Pirəkəşkül kəndindən ona ayrılmış 0.10 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi məqsədi ilə bütün lazımi sənədləri əlavə etməklə cavabdehə müraciət etmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək, 0,10 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtina etmişdir.
5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Pirəkeşkül bələdiyyəsi tərəfindən 0,10 ha torpaq sahəsinin 03 iyun 2005-ci il tarixdə, 17 nömrəli qərarla ayrıldığı halda, alğı-satqı aktının, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada aparılmadığı aşkar edilmişdir. Bundan başqa, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Pirəkeşkül bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı qaydaları”na Əlavədə torpaqların alğı-satqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativhüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə “Torpaqların alğı-satqısı qaydaları”na Əlavədən “Torpaqların alğı-satqısına dair akt” çıxarılmışdır.
6. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2-1(118)-193/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim Vəfa Əzizova)
7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
13. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
14. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Maddə 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
19. Hazırki işin hallarından görünür ki, Abşeron rayonu Pirəkəşkül Bələdiyyə sədrinin 03.06.2005-ci il tarixli sərəncamına əsasən 0,10 ha torpaq sahəsi İddiaçı satılmışdır. 25.09.2006-cı il tarixli 88 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Pirəkəşkül bələdiyyəsinin hesabına 165 manat torpaq pulu ödənilmişdir.
20. 03.06.2005-ci il tarixli Pirəkəşkül bələdiyyəsinin sədri tərəfindən imzalanmış aktdan görünür ki, fərdi yaşayış evlərinin tikintisi məqsədilə iddiaçıya 0.10 ha torpaq sahəsi təhvil verilmişdir.
21. Pirəkəşkül bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı məxsus 0.10 ha torpaq sahəsinə dair tərtib edilmişdir.
22. Cavabdehin iddiaçıya ünvanladığı imtina bildirişindən görünür ki, aparılan araşdırma zamanı Pirəkeşkül bələdiyyəsi tərəfindən 0,10 ha torpaq sahəsinin 03 iyun 2005-ci il tarixdə, 17 nömrəli qərarla ayrıldığı halda, alğı-satqı aktının, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin hazırkı ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada aparılmadığı aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Pirəkeşkül bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmişdir.
23. Məhkəmə sorğusuna əsasən Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 12.01.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsinə etiraz edilməmişdir.
24. Cavabdehin iddiaçının mülkiyyət hüququnu qeydə almaqdan imtina əsası və apellyasiya şikayətinin eyni dəlili - alğı-satqı aktının hazırkı ərizəyə əlavə edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyənin mülkiyyətində olan torpağı torpaqların alğı-satqı qaydalarına uyğun olaraq iddiaçıya ayırması, satış qiymətinə görə dəyərinin banka ödənilməsi barədə göstəriş verməsi, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın dəyərinin ödənilməsi özü-özlüyündə alğı-satqının mövcudluğunu ehtiva edir. Alğı-satqı aktının tərtib edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilməməli, onun məsuliyyətinə və mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya səbəb olmamalıdır.
25. Texniki sənəd olan Abşeron rayonu Pirəkəşkül bələdiyyəsinin yerquruluşu planından çıxarışının hansı hüquq norması baxımdan qanunamüvafiq qaydada təsdiq edilməməsi ilə bağlı isə cavabdeh hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir.
26. Müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, (səh.50) Abşeron Rayon İcra Hakimiyyəti iddiaçıya ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsinə etiraz etmir.
27. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin, ləğv edilmiş DT və XK-nın rayon şöbəsinin rəyinin ərizəyə əlavə edilməməsi mülkiyyət hüququnun qeydə alınmaması üçün əsas deyil.
28. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasını əsaslandırdığı hallar iddiaçıya ayrılmış həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz. Odur ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir.
31. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2-1(118)-193/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.