Məhkəmə qərarları › İş №2-1(105)-401/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-401/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-401/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4287/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin 3-17-1/2-A-148358/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina cavabını almışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1983-cü il tarixdə Sumqayıt “Azərkimya” İstehsalat Birliyində fəhlə kimi işə girmiş, xx.xx.1983 tarixdən “Azərkimya” İB-nin keçmiş “X3” zavodunun civə üsulu ilə xlor və kaustik soda istehsalatında avadanlığın təmiri üzrə 3-cü dərəcəli mexaniki xidmət çilingər peşəsində işləmiş, 23.03. 1984-cü il tarixdə buradan hərbi xidmətə getmişdir. Hərbi xidməti başa vurub xx.xx.1986-cı ildə öz işinə qayıdıb xx.xx.1989-cu il tarixinə kimi tam iş günü ilə zavodun diafraqma üsulu ilə xlor və kaustik soda istehsalatının ammonyak soyuqluq sexində təmirçi çilingər peşəsində işləmiş, 25 noyabr 1991-ci il tarixdən 18 dekabr 1995-ci il tarixinə kimi tam iş günü “Azərkimya” İB-nin keçmiş “X3” zavodunun sulfanolun qurudulması və yarımkompozisiya sexində təmir üzrə usta vəzifəsində işləmiş, xx.xx.1996-cı il tarixdən 01 mart 2002-ci il tarixinə kimi tam iş günü “Azərkimya” İB-nin keçmiş “X3” zavodunun sulfanolun qurudulması və yarımkompozisiya sexində təmirçi çilingər vəzifəsində işləmiş, xx.xx.2002-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatı ixtisara düşdüyü üçün zavodunun işdən azad edilmişdir. xx.xx.2006-cı ildən 16 iyul 2014-cü il tarixinə kimi tam iş günü “Azərkimya” İBnin “Etilen-Polietilen” zavodunun piroqazın və suyun hazırlanması sahəsində təmirçi çilingər peşəsində işləmiş, hazırda da fasiləsiz olaraq bu zavodda 6-cı dərəcəli çilingər kimi çalışır. Göründüyü kimi həddi-büluğa çatar-çatmaz Azərkimya İB-nin insan səhəti üçün zərərli olan sexlərində işləmiş, axşamlar təhsilini artırmaqla fəhlədən ustaya qədər bu kimya zavodunda əmək yolu keçmiş və hazırkı işi də insan səhəti üçün zərərli olan sexdədir. 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim etdilən sənədlərə əsasən, İddiaçı ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 25 ildən az (13 il 9 ay 17 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1983- xx.xx.1984-cÜ il, xx.xx.1986-xx.xx.1997-ci İl, xx.xx.1997-xx.xx.1997-ci il və xx.xx.2002- xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirilir ki, “Azərkimya” İB-nin İddiaçı dair xx.xx.2023-cü il tarixli 161 nömrəli arayışında xx.xx.1997-xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində iddiaçının ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) iddiaçının yuxarıda qeyd edilən ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti iş stajına daxil etmək mümkün deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il, 2-1(102)-1597/2023 nömrəli qərarının 38-41-ci bəndlərində göstərilmişdir ki, iddiaçının 1997-1999-cu illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqım saxlamadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. 1999-2005-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşma, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır. Yuxarıda qeyd edilən mübahisələndirilən dövrü sosial sığorta stajına daxil edilsə belə İddiaçı ümumi iş stajı 01 yanvar 2006-cı il tarixədək 25 ildən az olacaqdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4287/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr xx.xx.2006cı ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahıya uyğun olaraq 12 il 6 ay az iş stajına malikdir və eyni zamanda iddiaçının ümumi iş stajı isə 25 ildən də az təşkil edir. İş materiallarından göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək həm xüsusi, həmdə ümumi stajı qanunvericiliyin tələblərini ödəmir. Belə olan halda iddiaçıya nə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərini, nə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını tətbiq etmək olmur. Belə olan halda iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1983-cü ildən Sumqayıt "Azərkimya" İB-nin insan səthi üçün ən çox zərərli zavodlarında işləyir, tam bu günə qədər 37 ildir bu zavodlarda çalışmaqla səhətinə kifayət qədər ziyanlar vurmuşdur. Əslində güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxmağı üçün tələb olunan 12,5 il staj 3 dəfə artıqlaması ilə ortadadır. Hərbi xidmətimlə birlikdə 37 il əmək stajıda var. Məhkəmə bu mühüm faktı nəzərə alıb iddianı təmin etməli idi. Məhkəmənin gəldiyi nəticə formal cəhətdən qanuni olsada, ancaq təqaüdə çıxmaqla bağlı xx.xx.2006-cı ildə qəbul edilmiş yeni qanun (qayda) özü tam deyil, qüsurludur. İnsan səhəti üçün zərərli olan işlərdə insanın uzun müddət işləyə bilməməsi və yaxud işləyərsə səhətində problemlər yarana biləcəyi kimi hallar tibbi nöqteyi nəzərdən diqqətə alınmalı, qanunvericilikdə bu halı tənzimləyəcək bənd olmalıydı. Bu gün faktiki olaraq 59 yaşın içindədir. 37 ildə səhəti üçün zərərli olan işlərdə çalışaraq bir sıra xəstəliklər qazanmışdır. Bu zavodlarda işini davam etdirməklə səhətinin dahada ağırlaşacağıda gözləniləndir. Belə olan tərzdə, bu halları tənzimləyən qanun olmadıqda, onda qanunun humanistlik prinsiplərinə söykənilməli və yaxud analoji hüquq normaları tətbiq olunmalıdı. İnsan səhəti üçün zərəli sexlərdə 37 il çalışmağına məhkəmə tərəfindən haqq-ədalətlə yanaşılmalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ..... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrindəvəbirləşmələrindəolmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktora nturada və klinik ordinaturada təhsil müddəti .... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq eidlmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (13 il 9 ay 17 gün (xx.xx.1984- xx.xx.1986-cı il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1997-ci il, xx.xx.1997- xx.xx.1997-ci il və xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. “Azərkimya” İB-nin iddiçıya dair xx.xx.2023-cü il tarixli 161 nömrəli arayışında xx.xx.1997-xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən ödənişsiz məzuniyyətdə olduğunuz, işləmədi müddəti iddiaçının iş stajınıza daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş,xx.xx.2022-ci ildə 57 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı 37 ildən artıq ümumi iş satjına malik olduğunu qeyd edərək, hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh isə iddiaçının təqdim etdiyi sənədlər əsasında 13 il 9 ay 17 gün ümumi iş stajının olduğunu, xx.xx.2006-cı ilədək olan dövrlərdən xx.xx.1997-xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx.2001-ci il tarixlər arasındakı dövrlərdə isə ödənişsiz məzuniyyətdə olduğundan, nəzərə alınmadığına istinad edərək, iddia tələbinə etiraz etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının qanunla tələb olunan xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi iş satjına malik olması şərti ödənilmir. Belə ki, əmək kitabçasında əks olunmuş qeydlərin məzmunundan görünür ki, iddiaçının xx.xx.2006-cı ilə qədər olan dövr üzrə işlədiyi dövrlər kimi xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə kimi, xx.xx.1984-xx.xx.1986-ci il hərbi xidmətdə olduğu dövr, xx.xx.1986-cı ildən xx.xx.1994-cü ilə kimi,xx.xx.1995-ci ildən xx.xx.2002-ci ilə kimi olan dövrlər əks olunmuşdur. Göründüyü kimi həmin dövrlərin hər birini nəzərə aldıqda belə iddiaçının malik olduğu ümumi iş stajı qanunla tələb olunan 25 il iş stajından az olur. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin həmin əsasla imtinası qanunauyğun olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iddiaçının şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçının 2006-cı ildən sonrakı dövrlərdə və hazırda da işləməsi halı müəyyən edilsə də, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla, 60 yaşı tamam olmadığından, digər əsaslarla (60 yaşı tamam olduğu vaxtdan) pensiya təyin edilməsi ilə bağlı iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin verilməsinə dair hüquqi yardım edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4287/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar