Məhkəmə qərarları › İş №2-1(105)-401/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-401/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-401/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3rşı JN-0041 KOD 30316038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 41A nömrəli planşetində göstərilən koordinatlar üzrə 3499.99 kv m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2- 1(118)-242/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Quba rayon Aqrar İslahat Komissiyasının 1 fevral 1999-cu il tarixli 115 nömrəli qərarına əsasən 1.56 ha torpaq sahəsi İddiaçı1 və ailə üzvləri İddiaçı3, İddiaçı2 Tahir qızına, İddiaçı6, İddiaçı4 və İddiaçı5 ayrılmışdır. Həmin qərar əsasında iddiaçıya və ailə üzvlərinə JN-0041 KOD 30316038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Dövlət aktında 1.56 ha torpaq sahəsi dörd planşetdə göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaçı və ailə üzvləri İddiaçı3, İddiaçı2 Tahir qızına, İddiaçı6, İddiaçı4 və İddiaçı5 0,3499 ha, 0,1 ha və 0,76 ha torpaq sahələrinə dair müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********97 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli **********99 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli **********00 reyestr nömrəli çıxarışlar verilmişdir. İddiaçı yerdə qalan 0.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh həmin müraciətə cavab olaraq 41A nömrəli planşetində göstərilən 0.35 ha torpaq sahəsinin natirada faktiki istifadə yerinin torpaqların elektron kadastr uçotu informasuya sistemində göstərilən torpaq sahəsindən fərqləndiyini və həmin sistemdə başqa nömrə ilə öz əksini tapdığını bildirərək imtina bildirişi vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı1 ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvlərinə JN-0041 KOD 30316038 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na əsasən mülkiyyətlərinə verilmiş 1,56 ha torpağın 0,041 A planşetdə olan 1,11 ha torpağa çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və onun ailə üzvlərinə JN-0041 KOD 30316038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş 1,56 ha torpaq sahəsindən yerdə qalan (0,3499 ha, 0,1 ha və 0,76 ha hissəyə çıxarış verildiyindən) 0,3501 ha hissəyə faktiki yerləşdiyi yerə görə mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Barlı kəndi ərazisində yerləşən 1,56 ha topraq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçıya və onun ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 1 fevral 1999-cu il tarixli 115 nömrəli qərarı ilə ayrılmış və torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-0041 KOD 30316038 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. İddiaçı müvafiq torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və topraq sahəsinin plan və ölçü sənədinin hazırlanması üçün cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət etmiş və həmin daşınmaz əmlaka dair sənədləri təqdim etmişdir. Dövlət aktında göstərilən 3 planşet torpaq sahələri üzərində mülkiyyət hüququ qeydə alınsa da, yerdə qalan 0,35 ha torpaq sahəsi barəsində imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı1 ona aid olan müvafiq torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və topraq sahəsinin plan və ölçü sənədinin hazırlanması üçün cavabdeh orqana müraciət etmiş, lakin iddiaçıya məxsus torpaq sahəsinin iddia tələbində əks olunun 0,35 ha hissəninin naturada faktiki istifadə yerinin torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilən torpaq sahəsindən fərqli olması və həmin torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində başqa nömrə ilə qeyd olunduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibari Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-679/2024 nömrəli qərardadı ilə İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6 və İddiaçı4 birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(118)-242/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların birgə mülkiyyətində olmasına, torpaq sahəsinin qanuni əsaslarla onlara ayrılaraq dövlət aktının mövcud olmasına və baza məlumatlarında əks olunmasına baxmayaraq naturada digər şəxslər tərəfindən istifadə olunması, habelə həmin halı təsdiq edəcək sübutların cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməməsi iddiaçıların gözlənilən mülkiyyət hüquqlarının pozulması ilə nəticələnər. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, JN-0041 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktının 41A nömrəli planşetində göstərilən 0.35 ha torpaq sahəsinin naturada faktiki istifadə yeri torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilən torpaq sahəsindən fərqlidir. Bundan əlavə həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində başqa nömrə ilə öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-49708/2023 nömrəli məktubla imtina olunmuşdur. İddiaçının adına olan aktda göstərilən 0,35 ha hissəsi DWJ məlumatlarında və torpaqların elektron kadastr uçotu informasiya sistemində əks olunmuş, lakin iddiaçı həmin yerdən yox, fərqli ərazidən istifadə edir. Faktiki istifadə olunan torpaq sahəsi digər dövlət aktı ilə üst-üstə düşür. Lakin məhkəmə tərəfindən həmin dövlət aktını araşdırmadan və mülkiyyətçilərini cəlb etmədən, faktiki istifadə vəziyyətdə üst-üstə düşən həmin aktın ləğv olunubolunmamasına münasibət bildirmədən, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı1 (digər iddiaçıların nümayəndəsi) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN0041 KOD30316038 nömrəli dövlət aktında 41A nömrəli planşetində göstərilən koordinatlar üzrə 3499,99 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya şikayəti təmin edilməməli, eyni zamanda iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırkı iş üzrə iddia tələbi JN0041 KOD30316038 nömrəli dövlət aktında 41A nömrəli planşetində göstərilən koordinatlar üzrə 3499,99 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarış, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iki dəlillə əsaslandırmışdır : 1) Həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində başqa nömrə ilə öz əksini tapmışdır; 2) İddiaçının adına olan aktda göstərilən 0,35 ha hissəsi DWJ məlumatlarında və torpaqların elektron kadastr uçotu informasiya sistemində əks olunmuş, lakin iddiaçı həmin yerdən yox, fərqli ərazidən istifadə edir. Faktiki istifadə olunan torpaq sahəsi digər dövlət aktı ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşsa da, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəzlənmişdir. JN-0041 KOD 30316038 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”ndan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 1 fevral 1999-cu il tarixli 115 nömrəli qərarı ilə Quba rayonu Barlı kəndi ərazisində yerləşən 1,56 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı1 və onun ailə üzvləri digər iddiaçılar İddiaçı2 (arvadı), İddiaçı3, İddiaçı5, İddiaçı6 və İddiaçı4 (övladları) mülkiyyətinə verilmişdir. İddiaçılara məxsus ümumi sahəsi 1,56 hektar olan torpaq sahəsinin ayrı-ayrı hissələri üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim olunmuşdur. Belə ki, torpaq sahəsinin 0,3499 hektar hissəsi üzrə xx.xx.2023-cü il tarixli **********97 nömrəli çıxarış və A № 992845 plan-ölçü sənədi, 0,1 hektar hissəsi üzrə xx.xx.2023-cü il tarixli **********99 nömrəli çıxarış və A № 992585 plan-ölçü sənədi, habelə 0,76 hektar hissəsi üzrə xx.xx.2023-cü il tarixli **********00 nömrəli çıxarış və A № 992762 plan-çıxarış sənədi mövcuddur. İşin müəyyən edilmiş hallarından görünür ki, JN-0041 KOD 30316038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının sənədi üzrə iddiaçılar ayrılmış ümumi sahəsi 1,56 ha torpaq sahəsinin 0,3501 ha hissəsinə aid torpaq sahəsinə dair hüquq isə qeydiyyata alınmamışdır. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi faktiki olaraq qonşu torpaq sahələri və yol ilə həmsərhəddir. Torpaq sahəsinin müayinəsi zamanı qonşu torpaq sahələri ilə heç bir mübahisəli hal qeydə alınmamışdır. Dövlət Aktına əsasən mülkiyyətə verilmiş 1,56 ha torpağın 0,041A planşetində torpaq sahəsi 1,11 ha deyil 0,3499 ha olaraq göstərilmiş və çıxarış verilmişdir. Həmçinin, 0,76 ha və 0,10 ha torpaq sahəsinə dair də çıxarışlar verilsə də, 0,35 ha torpaq sahəsinə dair çıxarış verilməmişdir. Dövlət Aktının 41B planşetində göstərilən 0,35 ha torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində öz əksini tapsa da iddiaçı və ailə üzvləri tərəfindən naturada istifadə olunmadığından çıxarış verilməmişdir. Həmin torpaq sahəsi qeyri-müəyyən şəxslər tərəfindən istifadə olunur. İş materiallarına əlavə edilmiş müayinə aktında da 41B planşetində göstərilən 0,35 hektar torpaq sahəsinin baza xəritə məlumatlarında əks olunması mübahisələndirilməyən hal kimi qeyd edilmişdir. Bununla belə, iddiaçılar mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin göstərilən 0,35 hektar hissəsi istisna olmaqla qalan sahələr üzrə çıxarışlar əldə etmiş, mübahisəli 0,35 hektar sahə üzrə isə mülkiyyət hüquqlarını rəsmiləşdirə bilməmişlər. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən tərtib edilmiş mübahisəli torpaq sahəsinə dair arayışdan görünür ki, JN0041 KOD30316038 nömrəli dövlət aktında 41B nömrəli planşetində göstərilən 0.3501 ha torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində öz əksini tapsa da, iddiaçı və ailə üzvləri tərəfindən naturada (yerdə) faktiki olaraq istifadə olunmadığından və iddiaçı tərəfindən həmin torpaq sahəsinin müəyyənləşdirilməsi mümkün olmamış, sözügedən mübahisəli torpaq sahəsi qeyrimüəyyən şəxslər tərəfindən istifadə olunur. Kollegiya mübahisəli torpaq sahəsinin iddiaçılar tərəfindən istifadə olunmaması dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək JN0041 KOD30316038 nömrəli dövlət aktında 41A nömrəli planşetində göstərilən koordinatlar üzrə 3499,99 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Belə ki, mübahisəli torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərlə iddiaçılara məxsus olduğu və onların birgə mülkiyyət hüququnun yarandığı təsdiq olunduğu halda, bu hüququn faktiki həyata keçirilməsi mümkün olmamış, torpaq sahəsinin naturada qeyrimüəyyən şəxslər tərəfindən istifadə olunması, iddiaçıların məsuliyyətinə səbəb ola bilməz və mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilməz. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Odur ki, kollegiya, bu baxımdan, cavabdehin dəlillərini əsassız hesab edir Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunvericilik normasının tələbinə zidd olmaqla, iddiaçıya münasibətdə mülkiyyət hüququndan əsassız olaraq məhdudlaşdırılmasına səbəb olduğundan, etiraz və şikayətin dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, indiki halda torpaq sahəsi naturada mövcuddur, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər hazırda qüvvədə olmaqla, həmin sənədlərin ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir, iddiaçıların dövlət aktında göstərilən koordinatlar üzrə mülkiyyət hüququnun qeydə alınmasını istisna edən hər hansı əsas mövcud deyildir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(118)-242/2025 nömrəli qərarı dəyişdirilsin, iddia təmin edilsin. JN0041 KOD30316038 nömrəli Dövlət aktında 41A nömrəli planşetində göstərilən koordinatlar üzrə 3499,99 kv m torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6 və İddiaçı4 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinn verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar