Məhkəmə qərarları › İş №2-1(105)-402/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-402/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-402/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X19 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ayrıca çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(118)-727/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdeh)15 yanvar 2021-ci il tarixli ərizə ilə müraciət edərək, Qusar şəhəri, Səməd Vurğun küçəsində yerləşən 35 saylı fərdi yaşayış evinin 1 otaq 51.8 kv.metr olan sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış paylı mülkiyyət hüququna dair çıxarışda və texniki pasportda düzəliş edilərək ayrıca çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 21 yanvar 2021-ci il tarixli, **********91 saylı məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəyə əlavə olunmuş dövlət reyestrindən çıxarış fərdi yaşayış evinə aiddir və qeyd olunan 51,8 kv.metr 1 otaq fərdi yaşayış evinin tərkib hissəsidir. Bildirilmişdir ki, fərdi yaşayış evinin otaqlar üzrə bölünməsi mümkün olmadığı üçün ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 03 fevral 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar şəhəri, Səməd Vurğun küçəsi ünvanında yerləşən 35 saylı fərdi yaşayış evinin 51.8 kv.m ölçüdə olan 1 otağı üzərində daşınmaz əmlakın dövlət reyestrində 02 noyabr 2020-ci ildə qeydə alınmış paylı mülkiyyət hüququna dair çıxarışda və texniki pasportda düzəliş edilərək ona ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qusar şəhəri, Səməd Vurğun küçəsi 35 saylı evdə yerləşən fərdi yaşayış evinin sahəsi 51,8 kv m olan 1 otaqlı mənzilini əldə etmişdir. Lakin daşınmaz əmlakın dövlət reyestrində həmin ev üzərində onunla bərabər 9 nəfərin mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı mülkiyyətçisi olduğu bir otaqlı mənzilə dair ayrıca çıxarış almaq üçün cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh özünün 21 yanvar 2021-ci il tarixli məktubu ilə onun müraciətini təmin etməkdən imtina etmiş və imtinaya səbəb kimi “fərdi yaşayış evinin otaqlar üzrə bölünməsinin mümkün olmadığını” göstərmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, vətəndaş İddiaçı müraciəti ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəyə əlavə olunmuş dövlət reyestrindən verilmiş çıxarış fərdi yaşayış evinə aiddir. Ərizədə qeyd olunan sahəsi 51.8 kv m olan 1 otaq fərdi yaşayış evinin tərkib hissəsidir. Bundan əlavə fərdi yaşayış evini otaqlar üzrə bölünməsi mümkün olmadığı üçün ərizənin icrasını Ərazi İdarəsi tərəfindən təmin etmək mümkün olmamışdır. İddia ərizəsində göstərilən, bölünməsi və naturada ayrılması nəzərdə tutulan fərdi yaşayış evinin 51.8 kv m hissəsi (1 otaq) bir dam örtüyü altında yerləşən vahid yaşayış tikilinin tərkib hissəsidir və müstəqil şəkildə naturada ayrılaraq həmin hissəyə mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması mümkün deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(118)-727/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Həmin qərardan narazi qalan iddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(118)-727/2021 saylı qərarının ləğv edilməsini və iş üzrə iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətində iddia ərizəsində sadaladığı halları təkrar qeyd etmiş və əlavə olaraq göstərmişdir ki, AR MM-nin 226.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzəktamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır”. Həmin Məcəllənin 226.2-ci maddəsinə görə “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir”. Adı çəkilən hüquq normalarından da məlumdur ki, iddiaçı həmin 35 saylı fərdi evdə yaşayanların mənzil üzərində hüquqlarını pozmur, mənzildən istifadələrinə maneçilik etmir. Buna görə də şəxsən ona məxsus ümumi ölçüsü 51,8 kv.m olan 1 otaq üzərində sahiblik, ondan istifadə və ona dair sərəncam hüququ vardır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və birinci instansiyanın qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu öz qərarında onunla əsaslandırmışdır ki, iddiaçının sahibi olduğu otaq fərdi yaşayış evinin tərkib hissəsi olduğundan və ayrıca yaşayış sahəsi təşkil etmədiyindən iddia tələbinin təmin edilməsi üçün qanuni əsası mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının şifahi sorğusuna əsasən Qusar rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələrinə dair notariat işindən görünür ki, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 901,6 kv.metr sahəsi olan fərdi yaşayış evi və 0.0872 ha torpaq sahəsi 23 oktyabr 2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında X9 adına daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ №0885504 saylı, 30 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X15 həmin fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 1-ci mərtəbə 51,8 kv.metr, 1 otaqdan ibarət hissəni İddiaçı satmışdır. Eləcə də iş materiallarına əlavə edilən 29 və 30 sentyabr 2020-ci il tarixli alqı-satqı müqavilələrindən görünür ki, X15 həmin fərdi fərdi yaşayış evinin ayrı-ayrı hissələrini eyni qaydada X11, X10, X16, X12, X13, X20, X15 və X1. Belə ki, **********14-10301 nömrəli reyestrdən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 51.8 kv m ibarət bir otağı daşınmaz əmlakın dövlət reyetsrində iddiaçının adına, 51,8 kv.metr hissəsi X5 adına, 65,3 kv.metr hissəsi X4 adına, 2-ci mərtəbədə yerləşən 50,9 kv.metrdən ibarət bir otağı X6 adına, 65,2 kv.metrdən ibarət iki otağı X7 adına, 51,8 kv.metrdən ibarət bir otağı və 82.1 kv.metrdən ibarət 3 otağı X8 adına, 50,9 kv.metr hissəsi X14 adına, 348,8 kv.metr hissəsi X9 adına və 83,0 kv.metr hissəsi X2 adına paylı mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsinə əsasən, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.(13.2) Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.(13.3) Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir.(13.4) Hazırkı işin hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının apelyasiya şikayətində bildirdiyi kimi çoxmənzilli yaşayış binası deyil, vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşən fərdi yaşayış evi olmuş və iddiaçıya həmin evin sahəsi 51.8 kv m olan otağı satılmışdır. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçının adına verilmiş dövlət reyestrindən çıxarışa əsasən, həmin fərdi yaşayış evi 9 nəfərin, o cümlədən iddiaçının adına paylı mülkiyyət hüququ əsasənda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq isə kollegiya qeyd edir ki, sözügedən daşınmaz əmlak çoxmənzilli yaşayış binası deyil, fərdi yaşayış evi olduğundan hazırkı mübahisə Mülki Məcəllənin 226-cı maddəsi ilə deyil, 220-ci maddəsində nəzərdə tutulan maddi hüquq normaları ilə tənzimlənir. Belə ki, Mülki Məcəllənin 226-cı maddəsi yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyir. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətində olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsinin təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə müvafiq olaraq əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli fərmanı ilə təsdiq edilmiş «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsviri»nin 2.7-ci bəndinə görə daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda, çıxarış hər bir mülkiyyətçiyə təqdim olunur. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının adına paylı mülkiyyət əsasında qeydə alınan 51.8 kv m hissədən ibarət otaq(pay) fərdi yaşayış evinin tərkib hissəsi olduğundan və həmin pay naturada ayrılmadığından həmin hissəyə iddiaçının adəna ayrıca çıxarışın verilməsində cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka ayrıca çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Bütün yuxarıda göstərilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(118)-727/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar