Məhkəmə qərarları › İş №2-1(105)-402/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-402/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-402/2025 10.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Çernobıl AES-də iştirak nəticəsində vəfat etmiş Nəsib Allahverdiyevin hüquqi varisi kimi uçota alınaraq mənzillə təmin olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(118)-919/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçının mərhum atası X3 1989-cu ildə Sumqayıt Boru Prokat (BTZ) zavodda işlə təmin edildikdən sonra 1986-cı ildə baş vermiş Çernobıl qəzası ilə bağlı olaraq işlədiyi zavoddan həmin X7 Stansiyasına aparılmışdır. İşdə olan “Ölüm haqqında şəhadətnamə”də iddiaçının mərhum atası X1 xx.xx.1994cü il tarixdə kəskin ürək damar çatışmazlığından vəfat etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya göndərilmiş 28 noyabr 2022-ci il tarixli **********4 nömrəli cavab məktubunda Çernobıl AES-də baş vermiş qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin siyahısında iddiaçının mərhum atasının adınının qeyd edilmədiyi bildirilmişdir. İddiaçı ərizə ilə müraciət edərək Çernobil AES-də iştirakı nəticəsində vəfat etmiş atası Nəsib Allahverdiyevin hüquqi varisi kimi uçota alınaraq mənzillə təmin olunmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 10 aprel 2023-cü il tarixli, 5-6/1-Ə-91-068/2023 nömrəli məktuba əsasən onun ərizəsinin icrasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Çernobil AES-də iştirakı nəticəsində vəfat etmiş atası Nəsib Allahverdiyevin hüquqi varisi kimi uçota alınaraq mənzillə təmin olunması öhdəliyinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X3 1989-cu ildə Ukraynananın Çernobıl şəhərində baş vermiş qəza ilə bağlı işlədiyi zavoddan X7 Stansiyasına aparılmış və xidmətin icrası zamanı ağır xətəliyə düçar olmuş, daha sonra isə Sumqayıt şəhərinə gətirilmiş, Sumqayıt Şəhər Təcili və X5 Xəstəxanasının Travmatologiya şöbəsində müalicə olunarkən Çernobıl AES-də aldığı zədələrin təsirindən xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı İddiaçı atası X2 Cernobil əlili kimi şəhər icra hakimiyyətində mənzil uçotuna alınmadığı müəyyən olunmuşdur. AR Nаzirlаr Kabinetinin xx.xx.2019-сu il tarixli 322 saylı qərarına əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri (təmsilçiləri) üçün yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi mümkün olduğu halda saxlanılır. Göründüyü kimi mənzil uçotunda olan imtiyazlı şəxs vəfat etdiyi halda növbə onun ailə üzvləri üçün yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi mümkün olduğu halda saxlanılır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(118)-919/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İmran Burcayev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında iddiaçının mərhum atasının əlilliyinin olması müəyyən edilmir. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göründüyü kimi iddiaçı mərhum atasının əlillik statusunun olmasını sübut edə bilməmişdir. Bundan əlavə iddiaçının mərhum atasının yaşayış yeri üzrə mənzil uçotu olmadığı da müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin məktubunda da qeyd olunmuşdur ki, Sumqayıt Şəhər İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş siyahıda mərhum X2 Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər siyahısında adı qeyd edilməmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə iddiaçı tərəfindən riayət edilməmiş və bu əsasla da cavabdeh orqan imtina verməkdə haqlı olmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun atası Çernobıl AES qəzasının aradan qaldırılması ilə əlaqədar iş yerindən Ukraynaya ezam olunmuş və orada olarkən düçar olduğu ağır xəstəlik səbəbindən dünyasını dəyişmişdir və bu səbbəbli əlaqə də onun mənzil növbəsinə götürülməsinə əsas vermiş, lakin atası vəfat etdiyi ücün bu hüquqdan istifadə etmək onun vərəsələrinə, o cümlədən də ona məxsus olmuşdur. Lakin məhkəmə bu halı nəzərə almamış və qarşı tərəfin mövqeyi ilə razılaşmışdır. b) Cavabdehin apellyasiya şikayətinə dair etirazının dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzil növbəsi üçün uçota alınması tələbi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iş N- (118)-919/2025 saylı qərarı ilə təmin edilməmişdir. Aparılmış araşdırma zamanı İddiaçı atası X2 Cernobıl əlil kimi şəhər İcra Hakimiyyətində mənzil uçotuna alınmadığı müəyyən olunmuşdur. AR Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 322 saylı Qərarına əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri (təmsilçiləri) üçün yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi mümkün olduğu halda saxlanılır. Göründüyü kimi mənzil uçotunda olan imtiyazlı şəxs vəfat etdiyi halda növbə onun ailə üzvləri üçün yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi mümkün olduğu halda saxlanılır. Qeyd edilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsinə qarşı etiraz olunur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və lakin məhkəməyə ünvanlqana etiraz ərizəsində nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiyası Maddə 43.2: Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə: 60.2: Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir (Analoji norma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-ci maddəsində də qeyd olunmuşdur). “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı 2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddiaçı mərhum atası X2 1989-cu ildə Sumqayıt Boru Prokat Zavodunda işlədiyi dövrdə, 1986-cı ildə baş vermiş X7 Stansiyasındakı qəzanın nəticələrinin ləğvi ilə bağlı olaraq həmin əraziyə ezam olunduğunu, həmin ezamiyyətin mərhumun səhhətinə mənfi təsir göstərdiyini, orada xəstəliyə düçar olduğunu, nəticədə onun 1994-cü ildə vəfat etdiyini bildirərək, özünün mərhumun ailə üzvü kimi mənzillə təmin edilməsi tələbi ilə müraciət etmiş, lakin müraciətinə imtina cavabı verilmişdir. İddiaçının müraciətindən imtina edilməsinə dair Sumqayıt Şəhər İcra Hakimiyyətinin cavab məktubundan görünür ki, mərhum X2 nə əlillik statusu mövcud olmuşdur, nə də mənzil növbəsində imtiyazlı şəxs qismində uçota alınmışdır. İddiaçı iddia ərizəsində, eyni zamanda apellyasiya şikayətində mərhum atasının Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi zamanı aldığı zədələr nəticəsində vəfat etdiyini və buna görə də əlillik statusu verilməli olduğunu irəli sürsə də, bu iddianı sübuta yetirən heç bir hüquqi sənəd (məsələn, əlillik dərəcəsinin müəyyən olunmasına dair tibbiarayış, müvafiq komissiyanın qərarı və s.) təqdim etməmişdir. Əksinə, təqdim olunmuş ölüm haqqında şəhadətnamədə ölüm səbəbi “kəskin ürək-damar çatışmazlığı” kimi göstərilmişdir və bu, konkret olaraq Çernobıl hadisəsi ilə səbəbli-nəticə əlaqəsi olan bir səbəb kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarına əsaslanaraq qeyd edir ki, mənzil növbəsinə dayanan və vəfat edən imtiyazlı şəxsin hüququ, yalnız o halda ailə üzvlərinə ötürülə bilər ki, həmin şəxs yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış olsun və bu imtiyaz hüququnu təsdiq edən sənədlər mövcud olsun. İş üzrə cavabdeh tərəfindən təqdim olunmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin məktubunda da açıq şəkildə bildirilmişdir ki, mərhum X2 adı Çernobıl AES qəzasının nəticələrinin ləğvi ilə əlaqədar əlillik statusu verilmiş şəxslərin siyahısında mövcud deyil və o, mənzil növbəsində də qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, əgər iddiaçı özünün yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmasını tələb edirsə, bu halda həmin hüququn yaranması üçün tələb olunan bütün hüquqi və faktiki halların mövcudluğunu o sübuta yetirməlidir. Hazırkı iş üzrə isə iddiaçı mərhum atasının əlillik statusunun olduğunu, mərhum atasının mənzil növbəsində olduğunu və vəfat etmiş şəxsin ailə üzvü kimi mənzil növbəsinə qəbul olunma hüququ üçün zəruri olan faktiki və hüquqi şərtləri sübut edə bilməmişdir. Bunlarla yanaşı, qeyd edilməlidir ki, təkcə Çernobıl AES ərazisinə ezam olunma faktı, həmin şəxsin avtomatik olaraq imtiyazlı şəxs kimi tanınmasına, əlillik statusu almasına və ya mənzil hüququna malik olmasına əsas vermir. Bu cür hüquqlar yalnız qanunvericiliklə müəyyən olunmuş hallarda, aidiyyəti dövlət orqanlarının qərarları və təsdiqedici sənədləri əsasında verilir. Odur ki, kollegiya sadalanan qanunvericilik aktlarını təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunan normalara əsasən cavabdeh orqan tərəfindən iddiaçının mənzillə təmin edilməsindən imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(118)-919/2025 nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar