Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-403/2022 07.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxslər X5 oğlu və X6 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(118)-266/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 6 ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 01 sentyabr 2021-ci il tarixli, **********949 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, yaranmış zərurətlə əlaqədar olaraq, yaşayış sahəsinin dövlət mənzil fonduna aid olubolmaması, sözügedən yaşayış sahəsinin dövlət qeydiyyatına alınmasına münasibət bildirilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə 25 iyun 2021-ci il tarixli **********44 nömrəli sorğu ünvanlanmış və sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən yaşayış sahəsinə dair arxiv sənədləri aşkar edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Verilən cavab ilə razılaşmayan iddiaçı DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkməyə müaciət edərək, ünvan 6 ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. xx.xx.1976-cı ildən xx.xx.2012-ci il tarixinə qədər “Üzvi Sintez” zavodunda işləmişdir. Bunu ona məxsus NT-1 seriyalı ******* saylı əmək kitabçası, “Üzvi-Sintez” İB-nin xx.xx.2021-ci il tarixli 17 saylı “Azərkimya” İB-nin xx.xx.2021-ci il tarixli məktubu təsdiq edir. "Üzvi-Sintez” zavodunda işlədiyi zaman mənzil növbəsində dayanmış və ona “Üzvi-Sintez” İB-nin X2 Komitəsi və Mənzil Məişət Komissiyasının xx.xx.1990-cı il tarixli, 6 saylı Protokoluna əsasən ünvan 2 ünvanında mənzil ayrılmış və bu xx.xx.1990-cı il tarixli 58/132 saylı orderlə təsdiqlənmişdir. Qeyd edilən faktı xx.xx.1990-cı il tarixli, 58/132 saylı order, yuxarıda adı qeyd edilən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli arayışlar təsdiq edir. Qeyd edilən sənədlər təsdiq edir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 38A/44 saylı evin, 34-cü mənzili iddiçıya verilmişdir və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Sumqayıt 6 saylı Mənzil-Kommunal Sahəsinin 574 saylı xx.xx.2021-ci il tarixli, 2 №-li forma arayışına görə mənzildə 4 nəfər qeydiyyatda olmaqla yaşayır. Mənzilin sahibi kimi o, həmin mənzildə xx.xx.2010-cu ildən qeydiyyatda olmaqla yaşayır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq iddiaçı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə ərizə ilə müraciət etmiş, lakin, imtina cavabı almışdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edilən sənədlər təsdiq edir ki, ünvan 4 Sumqayıt “Üzvi Sintez” İB-nin Müdriyyətinin, HİK-nin, Mənzil-Məişət Komissiyasının xx.xx.1990-cı il tarixli 6 saylı protokolu əsasında iddiaçıya verilmişdir (58/132 saylı Order). xx.xx.1982-ci ildə qəbul edilmiş və xx.xx.2009-cu il tarixinə kimi qüvvədə olmuş AR- nın Mənzil Məcəlləsinin 33-cü maddəsinə görə “Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar iş yerində....uçota götürülür”. “AR-da Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə görə mənzilin özəlləşməsi üçün razılıq ərizəsi, 2 №-li forma-arayış, mənzil sahəsinin orderi olduğu halda mənzillər özəlləşdirilir. Bu sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(118)-1840/2021 nömrəli qərardadı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(118)-266/2022 nömrəli qərardadı ilə X5 oğlu, X6 oğlu və Hüseynov Məhəmməd Gülməmməd oğlu inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(118)-266/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının ünvan 6 ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim İ.Quliyev). Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, mənzilin dövlət mənzil fonduna aid olması məhkəmə tərəfindən araşdırılmamış, bununla bağlı aidiyyatı dövlət orqanlarına sorğu verilməmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş və nəticə olaraq iddianın təmin edilməsi haqqında qanunsuz və əsassız qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Üçüncü şəxslər Hüseynov Məhəmməd Gülməmməd oğlu və Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikasından mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (qüvvədən düşmüş): Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; (-). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; (-). Mənzil Məcəlləsi: Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “İnzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.2012-ci ilə qədər “Üzvi Sintez” zavodunda işləmişdir. xx.xx.1990-cı il tarixli 58/132 nömrəli orderə əsasən ünvan 3 ünvanında yerləşən 34 saylı mənzil Hüseynova (Rəşidova) Solmaz Rəşid qızının adına qeydiyyata alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti mənzilin özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir (Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli 6 saylı rəyi). Habelə notarial qaydada təsdiq edilmiş ərizələrə müvafiq olaraq X5 oğlu, X6 oğlu, Hüseynov Məhəmməd Gülməmməd oğlu sözügedən mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişdirlər. İddiaçıya mənzilin verilməsinə əsas olmuş order hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Bundan əlavə, həmin tarixdən mənzilin iddiaçının və onun ailə üzvlərinin istifadəsində olması və mənzillə bağlı digər şəxslərlə hər hansı bir mübahisənin olması müəyyən olunmur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olmasını sübut edir və iddiaçıya müvafiq çıxarışın verilməməsi onun mülkiyyət hüququnu pozur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı mübahisənin predmetini cavabdehin ünvan 3 ünvanında yerləşən 34 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı mənzil üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. İddiaçıya məxsus NT-1 seriyalı ******* saylı əmək kitabçasından görünür ki, o, xx.xx.1976-cı ildən xx.xx.2012-ci il tarixinə qədər “Üzvi Sintez” zavodunda işləmişdir. İş materiallarında olan AR SSR KTN Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 58/132 nömrəli orderə əsasən “Üzvi-Sintez” X1 Həmkarlar İttifaqı Komitəsi və Mənzil Məişət Komissiyasının xx.xx.1990-cı il tarixli, 6 saylı protokol qərarı ilə ünvan 6 ünvanında yerləşən 34 saylı mənzil Rəşidova (Hüseynova) Solmaz Rəşid qızına verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 263 nömrəli sərəncamına əsasən AR Dövlət Neft Şirkətinin «Azərikimya» İB-nin zavodlarının balansında olan bina və tikililər Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. AR Dövlət Neft Şirkətinin 03 sentyabr 2010-cu il tarixli, 88 s saylı sərəncamı ilə Sumqayıt şəhərində yerləşən və bu sərəncamın əlavəsində göstərilən bina və tikililər «Azərikimya» İstehsalat Birliyinin balansından çıxarılmışdır. Sərəncamə əlavə edilən «Azərikimya» İBnin balansından Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansına verilən bina və tikililərin siyahısından görünür ki, “Üzvi Sintez” zavodu üzrə 2-ci mikrorayonda yerləşən 38A/44 saylı 36 mənzilli yaşayış binası cədvəlin 14-cü bəndində qeyd olunmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16 sentyabr 2010-cu il tarixli 153 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 263 s nömrəli sərəncamı ilə AR Dövlət Neft Şirkətinin «Azərikimya» İB-nin zavodlarının balansında olan bina və tikililərin Sumqayıt Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal X3 Birliyinin balansına qəbul edilməsi qərara alınmışdır. Beləliklə, iddiaçıya “Üzvi-Sintez” İstehsalat Birliyi tərəfindən 1990-cı il tarixində ünvan 6 ünvanında yerləşən 34 saylı mənzil ayrılmış və bununla bağlı iddiaçıya xx.xx.1990-cı il tarixli 58/132 nömrəli order verilmiş, daha sonra həmin mənzilin yerləşdiyi bina «Azərikimya» İB-nin balansından çıxarılaraq Sumqayıt Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal X3 Birliyinin balansına qəbul edilmişdir. Cavabdehin imtina məktubu, iddia ərizəsi etiraz və apellyasiya şikayətinin dəlilləri yaşayış sahəsinə dair arxiv sənədlərinin arxivdə aşkar edilməməsidir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, SOCAR “Azərkimya” İstehsalat Birliyi cavabdehə ünvanladığı 26 may 2021-ci il tarixli, SOCAR**********10210033B00029 nömrəli məktubda bildirmişdir ki, “Üzvi-Sintez” İB-nin işçisi Hüseynova (Rəşidova) Solmaz Rəşid qızının adına verilmiş ünvan 6-də, 34 nömrəli mənzilin ayrılması haqqında Birliyin Müdiriyyəti, Həmkarlar İttifaqı Komitəsi və Mənzil-məişət Komissiyasının xx.xx.1990-cı il tarixli, 6 saylı Protokolu aşkar edilməmişdir. Lakin, S. Hüseynova xx.xx.1976-cı ildən xx.xx.2012-ci il tarixinə qədər “Üzvi Sintez” İB-də işləmiş, ona sözügedən ünvanda sahəsi 30,2 kv.m olan 2 otaqlı mənzil ayrılmış və həmin mənzildə həqiqətən ailə üzvləri birgə qeydiyyatdadırlar. Həmçinin, Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsi “Azərkimya” X4 İttifaqı Komitəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 17 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.2012-ci il tarixinə qədər “Üzvi Sintez” zavodunda işləmişdir. Bunu onun NT-1 seriyalı ******* saylı əmək kitabçası təsdiq edir. Ona “Üzvi Sintez” İB-nin Müdiriyyəti, Həmkarlar İttifaqı Komitəsi və Mənzil-məişət Komissiyasının xx.xx.1990-cı il tarixli, 6 saylı Protokoluna əsasən ünvan 4 ünvanında mənzil ayrılmışdır və bu 58-132 saylı orderdə qeyd olunmuşdur. İddiaçı göstərilən ünvanda qeydiyyatdadır. Araşdırma zamanı Mənzil-məişət Komissiyasında İddiaçı qeyd olunan ünvanda otaq ayrılması haqqında protokol aşkar edilmədi. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 574 saylı Forma- 2 arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən 34 saylı mənzilin sahibi İddiaçı olmaqla, mənzildə İddiaçı, X5 oğlu, X6 oğlu və Hüseynov Məhəmməd Gülməmməd oğlu daimi qeydiyyatdadır. İşdə olan notarial qaydada təsdiq edilmiş 03 mart 2021-ci il tarixli, **********504, **********481, **********503 saylı ərizələrdən görünür ki, müvafiq olaraq X5 oğlu, X6 oğlu və Hüseynov Məhəmməd Gülməmməd oğlu ünvan 3 ünvanında yerləşən 34 saylı mənzilin iddiaçının adına özəlləşməsinə etiraz etməmişlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: 1) mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin, müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; 2) mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); 3) mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu (Qanunun 8-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan şəxslərin razılıq ərizələri və 2 №-li formada arayış da əlavə edilməklə) mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Hazırkı işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının cavabdehə müraciət ərizəsinə (1) mənzili özəlləşdirməyə razılığı barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxsin ərizəsi, (2) mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və (3) mənzil sahəsinin orderi əlavə olunmuşdur. Həmin sənədlər iş materiallarına da əlavə edilmişdir. Həmçinin, qanunverici xüsusi olaraq qeyd etmişdir ki, mənzili özəlləşdirmək üçün müraciət etmiş şəxsdən göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədlərə malik olduğundan, həmçinin, həmin binada yerləşən sözügedən mənzillər Qanunun 8-ci maddəsində göstərilən sənədlər əsasında özəlləşdirildiyindən iddiaçı hazırkı tələblə məhkəmə müraciət etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.11-ci maddə). Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsində də nəzərdə tutulmuşdur. Bunda başqa, cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq qeyd etmişdir ki, mənzilin dövlət mənzil fonduna aid olması məhkəmə tərəfindən araşdırılmamış, bununla bağlı aidiyyatı dövlət orqanlarına sorğu verilməmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmişdir. Kollegiya cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(118)-1840/2021 nömrəli qərardadına əsasən, Sumqayıt şəhər İcra Hakimiyyəti inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Belə ki, üçüncü şəxsin birinci instansiya məhkəməsinə təqdim edilən xx.xx.2022-ci il tarixli 6 saylı rəyindən görünür ki, mübahisə predmeti olan, yaşayış sahəsi 30,2 kv.m 2 otaqlı ünvan 6 ünvanında yerləşən 34 saylı mənzil ictimai mənzil fonduna aid olmuş, “Üzvi Sintez" zavodunun xx.xx.1990-cı il tarixli 6 saylı protokoluna əsasən həmin müəssisənin işçisi iddiaçi İddiaçı adına mənzilə dair xx.xx.1990-cı il tarixli 58/132 saylı order verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 153 saylı sərəncamı ilə "Azərkimya" İstehsalat Birliyinin zavodlarının balansında olan 26 yataqxana və 9 yaşayış evi (cəmi 35 bina), o cümlədən, 2-ci mikrorayonda yerləşən 38a/44 saylı yaşayış binası Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir. Beləliklə, mənzilə dair order “Üzvi Sintez" zavodu tərəfindən verildiyindən mübahisə predmeti olan 34 saylı mənzilə dair şöbənin arxivində hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Hazırda mübahisəli mənzildə iddiaçı da daxil olmaqla 4 nəfər (özü, əri və 2 oğlu) qeydiyyatdadır. Qeyd edilənlərə əsasən İcra Hakimiyyəti iddia tələbinə baxılmasını məhkəmənin mülahizəsinə vermişdir. Beləliklə, işin hallarından görünür ki, mübahisəli mənzil ictimai mənzil fonduna aid olmaqla qanuni əsaslarla iddiaçıya ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinası əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(118)-266/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-403/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-403/2022
07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver