Məhkəmə qərarları › İş №2-1(105)-404/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-404/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-404/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və yerləşdiyi 800 kv.m torpaq sahəsinin vahid əmlak kimi mərhum atası X4 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1032/2019 saylı 11 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı Orucova (Ağayeva) Məlahət Qasım qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74cü məhəllə, 105 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və yerləşdiyi 800 kv.m torpaq sahəsinin vahid əmlak kimi mərhum atası X4 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 18 aprel 2019-cu il tarixli, **********70 saylı məktubu ilə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 105 saylı fərdi yaşayış evinin torpaq sahəsi fərdi ev tikintisi üçün 12 sentyabr 1958-ci ildə Sumqayıt şəhər X7 İcraiyyə Komitəsi tərəfindən protokoldan çıxarışla və 15 noyabr 1958-ci il tarixli müqavilə əsasında 800 kv.m olmaqla X2 istifadəsinə ayrılmışdır. İddiaçının mərhum atası X8 1961-ci ildə bu fərdi yaşayış evinin torpaq sahəsini 800 kv.m ölçüdə həmin şəxsdən pulunu ödəməklə almışdır. 1962-ci ildə bu ünvanda atası tərəfindən 1 mərtəbəli, üç otaqlı fərdi yaşayış evi tikilmişdir. Həmin ildən də atası həyat yoldaşı X5 ilə bu ünvana köçərək yaşamışlar. xx.xx.1972-ci ildə Orucova (Ağayeva) Məlahət Qasım qızı anadan olmuş, bu evdə böyümüş, 15.09.1999-cu ildə ailə həyatı qurmuş və hal-hazırda bu ünvanda ailə üzvləri ilə yaşayır. 1987-ci ildə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 105 saylı fərdi yaşayış evinə müvafiq aidiyyatı orqanlar tərəfindən texniki pasport və ev dəftəri verilmiş və iddiaçı və ailəsi onun ailə üzvləri kimi pasport qeydiyyatına alınmışdır. Hal-hazırda atasının istifadəsi və sahibliyində olmuş bu evdə iki övladı və anası X5 yaşayır və pasport qeydiyyatındadırlar. Atası, X8 28 iyun 2001-ci ildə vəfat etmişdir. Halhazırda atasının qanun üzrə vərəsələri - həyat yoldaşı X5, Orucova (Ağayeva) Məlahət Qasım qızıdır. Mərhum atası sağ olarkən evin adına sənədləşdirilməsi üçün bir neçə dəfə aidiyyatı orqanlara müraciət etmiş, lakin üzrlü səbəblərdən fərdi yaşayış evinin sənədləşdirilməsini həyata keçirə bilməmişdir. Hal-hazırda bu fərdi yaşayış evini iddiaçı atasının adına sənədləşdirərək çıxarış almaq istəyir. Bununla əlaqədar fərdi yaşayış evinin və torpaq sahəsinin vərəsəlik qaydasında ailə üzvlərindən birinin adına keçirilməsi üçün aidiyyatı üzrə notariat orqanına müraciət etmiş lakin, notariat orqanı fərdi yaşayış evi və torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmədiyini əsas götürərək xahişlərini təmin etməmişdir. Bundan sonra, yaşadıqları və faktiki olaraq vərəsəliyi qəbul etdikləri fərdi yaşayış evinin və torpaq sahəsinin mərhum atası X4 adına qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsələr də cavabdeh orqan imtina cavabı vermişdir ki, fərdi yaşayış evinin və torpaq sahəsinin mərhumun adına qeydiyyata alınması üçün hər hansı hüquq müəyyənedici sənədlər ərizəyə əlavə olunmamışdır. Hansıki, fərdi yaşayış evinə dair Sumqayıt şəhər XDS-nin İK-nin TİB tərəfindən fərdi yaşayış evinə X4 adına 1987-ci il tarixli texniki pasport və həmin tarixli ev dəftəri əlavə olunmuşdur. 1962-ci ildən bu günə kimi, heç kim tərəfindən onlara bu fərdi yaşayış evinə və torpaq sahəsinə dair irad və etiraz bildirilməmişdir. Bundan əlavə də Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü maddəsinə əsasən kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar və sənədlərin siyahısının 2.4-cü maddəsinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda hüquqmüəyyənedici sənəd hesab edilmişdir. Göründüyü kimi, qeyd edilən Fərmanla “yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda” və 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxil edilmişdir. Bu sənədlərin iddiaçının mərhum atasına verilməsini işə əlavə olunan həyətyanı torpaq sahəsinin ölçüsü göstərilməklə verilən texniki pasport və işə əlavə etdiyi təsərrüfatbaşına kitabda qeydiyyat aparılması barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayış təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü və sənədlərin siyahısının 2.4-cü maddəsinin normaları iddiaçının atasına məxsus bu evin və torpaq sahəsinin qeydiyyata alınmasını təmin etmişdir. Cavabdeh iddia tələbinə dair etirazında göstərmişdir ki, iddiaçı Orucova (Ağayeva) Məlahət Qasım qızının etibarnamə üzrə nümayəndəsi Məmmədov Vüsal Qara oğlu Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllədə yerləşən, mərhum X6 məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi barədə ərizə ilə 05 aprel 2019-cu il tarixdə Cavabdehnə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq Məmmədov Vüsal Qara oğluna bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Lakin araşdırmalar zamanı 1987-ci ilin mart ayında verilmiş texniki pasporta əsasən mərhum X6 aid olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Həmçinin, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2-1(085)-461/2019 saylı qərardadı ilə (hakim-Vəfa Əzizova) İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 105 saylı ünvanda yerləşən fərdi yaşayışş evinin və evin yerləşdiyi 800 kv.metr torpaq sahəsinin vahid əmlak kimi iddiaçının adına özəlləşdirilməsi, mülkiyyət hüqununun qeydə alınması və dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunan çatışmazlıqlar aradan qaldırılaraq yenidən müraciət ediləcəyi halda müraciətinə qanunla müəyyən edilmiş qaydada yenidən baxılacağı Məmmədov Vüsal Qara oğluna bildirilmiş və bu barədə ona 18 aprel 2019-cu il tarixli **********70 qeydiyyat nömrəli cavab göndərilmişdir. Hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də, iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1032/2019 saylı, 11 dekabr 2019cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim İsmayıl Quliyev) Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-168/2020 saylı, 28 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi Hökümə Babayeva, hakimlər Fərmayıl Zeynallı və Zaur Məmmədov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 1032/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin olunmamışdır. Qərardan iddiaçı Orucova (Ağayeva) Məlahət Qasım qızı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-134/2021 saylı, 31 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-168/2020 saylı, 28 avqust 2020ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh apelyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını həyata keçirən cavabdeh idarə bir xidmət orqanıdır və qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə ərizəçinin sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü idarə tərəfindən araşdırılır. Lakin, iddiaçı tərəfindən idarəyə təqdim edilmiş, habelə idarənin arxivində olan sənədlərdə göstərilən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyat alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birinin mövcud olması görünmədiyindən iddiaçının mərhum atası X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə iddiaçı Orucova (Ağayeva) Məlahət Qasım qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1032/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nörməli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri) İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. İşdən görünür ki, iddiaçı atası tərəfindən əldə edilmiş torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evinin mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı Qanunun 22.2-ci maddəsinin şərtləri baxımından uğurlu iddia tələbi irəli sürməmişdir. Həmin norma vərəsəyə daşınmaz əmlakın ölmüş valideynin adına qeydiyyata alınması barədə çıxarışın deyil, əmlakın ölmüş valideynə məxsus olması haqqında arayışın verilməsini nəzərdə tutur. Qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası, iddiaçıya hüquqi yardım edərək, iddia tələbini dəqiqləşdirməyi təklif etmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nomrəli Qərarının 16-cı bəndində göstərilmişdir ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi ünvana hüquqi yardım göstərilməsinə dair məktub göndərsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Halbuki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1032/2019 saylı, 11 dekabr 2019cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və yerləşdiyi 800 kv.m torpaq sahəsinin vahid əmlak kimi mərhum atası X4 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar