Məhkəmə qərarları › İş №2-1(105)-404/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-404/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-404/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər X5 adına X1rşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Milli Elmlər X5 adına X2 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər X5 adına X1rşı “X2 baş direktoru tərəfindən ona verilmiş 09.09.2021-ci il tarixli, 163 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinin ləğv edilməsi və ayrı-seçkiliyə yol verdiyinə görə Əmək Məcəllənin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-1191/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər X5 adına X1rşı X2 baş direktoru tərəfindən ona verilmiş 09.09.2021-ci il tarixli, 163 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehini ləğv edilməsi və ayrı-seçkiliyə yol verdiyinə görə Əmək Məcəllənin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 baş direktoru X6 09 sentyabr 2021-ci il tarixində, 163 saylı əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndini əsas tutub ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət” vermişdir. ŞAR-ın baş direktorunun ona verdiyi “sonuncu xəbərdarlıqla şiddətli töhmət” cəzasını guya iş yerimi icazəsiz olaraq tərk edib məhkəməyə, polisə və digər yerlərə getməyilə, habelə 01.09.2021-ci il və 02.09.2021-ci il tarixlərdə guya bütün iş günü işə gəlməməyilə əsaslandırmışdır. Bundan əlavə əmrə əsas kimi əlavə edilmiş “Komissiyanın aktı”, “məsul şəxsin təqdimatı”, “şöbə müdirinin müraciəti” adlı sənədlərdən isə xəbərsizdir. İddiaçı 2021-ci ilin iyul ayının 17-də həftənin şənbə günü X8 getmiş, şənbə günü isə ŞAR-da qeyri-iş günüdür. Məhkəməyə isə işlədiyi şöbənin müdiri Canməmməd Rüstəmovdan verdiyi iddia tələbinə görə Abşeron Rayon Məhkəməsinin bildirişi əsasında 26 avqust 2021-ci il tarixdə özünün müraciətinə aid hazırlıq iclasına getmiş, bu barədə o ŞAR-ın rəhbərliyinə qabaqcadan məlumat versə də onlar bunu danırlar. Həmin gün şöbə müdiri Canməmməd Rüstəmov da məhkəməyə gəlmiş, amma ona hər hansı cəza verilməmişdir. Şöbə müdiri C.N.Rüstəmovun təqsiri ucbatından onunla iddiaçının arasında məhkəmə mübahisəsi yaranıbsa, ŞAR-ın baş direktoru C.N.Rüstəmovun tərəfini tutub onu müdafiə etməməlidir. Digər tərəfdən iddiaçı 1938-ci il təvəllüdlüdür, 84 yaşı var. AMEA rəhbərliyinin qərarı ilə koronavirus pandemiyasına görə AMEA-nın Elmi Tədqiqat müəssisələrində çalışan yaşı 65-dən yuxarı olan əməkdaşların mümkün qədər iş yerinə getməməsi tövsiyyə edilmişdir. Buna baxmayaraq o, hər gün iş yerinə qısa müddətli olsa da gedir. Əslində AMEA rəhbərliyinin məlum tövsiyyə xarakterli qərarına görə işə getməyə bilərdi. Əgər AMEA rəhbərliyinin qərarı dəyişibsə və ya ləğv olunubsa, onun bundan xəbəri yoxdur, bu barədə ŞAR-ın “Elanlar” lövhəsində heç bir məlumat yerləşdirilməmişdir. Digər tərəfdən isə iddiaçı 01-02 sentyabrda ŞAR-ın Yusif Məmmədəliyev qəsəbəsində yerləşən inzibati binasında həmin vaxtlar qəsəbədəki evlərdə yaranmış su çatışmazlığı probleminə aid Ağsaqqallar Şurasında müzakirələr aparmış, yəni həmin vaxtlarda da iş yerində olmuş, 2021-ci ilin 01-02 sentyabrında iş yerində olmağı faktı ŞAR-ın digər elmi əməkdaşları Z.Səmədov, AMEA-nın müxbir üzvü, professor Ə.S.Quliyev, baş elmi işçi, elmlər doktoru S.H.Məmmədov və digər işçilər təsdiq edə bilərlər. İddiaçı ŞAR-da “Ağsaqqallar və Veteranlar” Şurasının sədri olduğuna görə ŞAR-da belə yığıncaqlara rəhbərlik edir, bundan başqa, son illərdə ŞAR-ın baş direktoru Namiq Cəlilov ona nəinki rəsmi xəbərdarlıq, töhmət, şiddətli töhmət, heç şifahi xəbərdarlıq da etməmişdir. Belə olan halda ona qarşı yaşının bu vaxtında birdən-birə sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinin çox qərəzli olmasını bildirir. Hesab edir ki, ŞAR-ın baş direktoru N.S.Cəlilovun intizam qaydasında əməkdaşları əsassız olaraq ciddi cəzalandırması haqsızlıqdır. Bu zaman işçilər arasında ayrı-seçkiliyin edilməsi isə daha pis haqsızlıqdır və özbaşınalıqdır. Ona qarşı edilmiş belə haqsızlıq və özbaşınalıq onu işdən azad etmək üçün əvvəlcədən qurulmuş plandır. Buna görə də, AMEA-nın Həmkarlar İttifaqına rəsmi ərizə ilə müraciət etmiş, AMEA Həmkarlar İttifaqının sədrinin ona göndərdiyi 065/10-75 saylı, 27 dekabr 2021-ci il tarixli məktubun 2-ci səhifəsində yazılanlardan görünür ki, ŞAR-ın baş direktorunun ona verdiyi sonuncu xəbərdarlıqla şiddətli töhmət formasında inzibati tənbehin məqsədəmüvafiq olmadığı qeyd edilmişdir.

3. Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-1191/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov)

4. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bundan əvvəl Şamaxı Rayon Məhkəməsinə eyni iddia tələbi ilə müraciət etmişdir. İş üzrə Sumqayıt İnzibati Məhkəməsinin qərarının 2-ci səhifəsində yazılmışdır ki, guya cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı dövlət qulluqçusu statusuna malik olmadığına görə bu iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində yox, Şamaxı Rayon Məhkəməsində baxılmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin qərardadında cavabdehin nümayəndəsinin adından bu yazılanlar hamısı yalandır. Belə ki, cavabdehin nümayəndəsi Paşa Əhmədov orada əleyhinə heç nə danışmamışdır, sadəcə olaraq iclasda iştirak etmişdir. Göründüyü kimi Sumqayıt İnzibati Məhkəməsi öz fikirlərini cavabdehin nümayəndəsinin sözləri ilə saxta formada qərardadda yazmışdır. Onun iddiaçı kimi dövlət qulluqçusu olmağı vacib deyil, bu çox səhv yanaşmadır. Sumqayıt İnzibati Məhkəməsinin bu qərardadının 3-cü səhifəsində Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına istinadlar və həmin qərarın təfsiri düzgün açıqlanmamışdır. İş üzrə məhkəmənin mövqeyinə görə guya onun Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməyinə hüquqi ixtiyarı yoxdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Milli Elmlər X5 adına X2 nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Maddə 7. Dövlət orqanı anlayışı 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.

Maddə 14. Dövlət qulluqçusu

14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti

2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə.

Maddə 35. İddianın mümkünlüyü

35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Maddə 80. Məhkəmə qərardadları

80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır...

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat

87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Hazırki işin hallarından görünür ki, X2 baş direktoru tərəfindən İddiaçı barəsində 09.09.2021-ci il tarixli, 163 nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi tətbiq edilmişdir. İddiaçı həmin inzibati tənbehin qanunsuz olduğu qənaətinə gələrək, Sumqayıt İnzibati Məhkəməsinə hazırkı iddia ərizəsinə ilə müraciət etmişdir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində əksini tapmışdır. İnzibati icraat çərçivəsində inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara baxıla bilər. Hazırkı işdən isə görünür ki, iddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin aparıcı elmi işçisi olmaqla dövlət qulluqçusu statusuna malik deyil, cavabdeh isə inzibati orqan deyil. Belə olan halda, tərəflər arasında mövcud mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

15. “İnzibati məhkəmə içraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxüd, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadı əsaslıdır və birinci instansiya məhkəməsi iddiaçıya hazırkı iddia tələbi ilə bağlı cavabdehin olduğu yer üzrə rayon məhkəməsinə müraciət etmək hüququnun olması barədə izah vermişdir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)-1191/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar